"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti Leonid Kuçmanın Bakının Nəsimi rayonu ərazisində müvəqqəti məskunlaşmış Zəngilan, Qubadlı və Cəbrayıl qaçqınları ilə görüşündə çıxışı" (27 iyul 1995-ci il) sənədinə tarixi arayış


Ukrayna ilə Azərbaycan müttəfiq dövlətlər hesab olunurlar. 1992-ci ildən etibarən Ukrayna ilə Azərbaycan arasında diplomatik əlaqələr mövcuddur. İki ölkə arasında yaranmış dostluq münasibətləri bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi, iqtisadi, ticarət, mədəni, humanitar və digər sahələrdə Ukrayna - Azərbaycan münasibətlərinin inkişafı yüksək səviyyədədir. Son illər ölkələr arasında iqtisadi əlaqələr sahəsində ciddi irəliləyiş qeydə alınıb.

Azərbaycanla Ukraynanın 2000 - 2009-cu illəri əhatə edən uzunmüddətli iqtisadi əməkdaşlıq proqramı mövcuddur. İndiyədək iki ölkə arasında 96 hüquqi sənəd imzalanıb. Ukrayna və Azərbaycan beynəlxalq təşkilatlar - MDB, AŞ, ATƏT, QİƏT, GUAM çərçivəsində də yaxından əməkdaşlıq edir, mövqelərinin eyni olduğunu nümayiş etdirirlər.

1995-ci ilin iyulunda Ukrayna Respublikasının Prezidenti Leonid Kuçmanın Azərbaycana rəsmi səfəri qarşılıqlı əlaqələrin hüquqi - normativ bazasının yaranmasında və münasibətlərin strateji səviyyəyə yüksəlməsində mühüm rol oynayıb. Onun Azərbaycan Prezidenti Heydər Əliyevlə təkbətək görüşündə iki dövlət arasında münasibətlərin inkişafına təkan verəcək məsələlər ətrafında müzakirələr aparılıb. İki dövlət başçısının görüşündə həmçinin, səfirliklərin açılması məsələsi də gündəmə gəlib. Məhz bu müzakirələrin nəticəsi olaraq 1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Ukraynadakı səfirlikləri fəaliyyətə başlayıb, beləliklə münasibətlərin inkişafı üçün əlavə stimul yaranıb.

Təkbətək danışıqlar başa çatdıqdan sonra Azərbaycanla Ukrayna arasında ticarət, iqtisadiyyat, nəqliyyat, sosial məsələlər haqqında Sazişlər, o cümlədən Birgə Kommunike imzalanıb.

Səfər çərçivəsində Heydər Əliyev və Leonid Kuçma Bakkondisioner İstehsalat Birliyində olublar, eləcə də Azərbaycandakı sənaye müəssisələrinin rəhbərləri və işgüzar dairələrinin nümayəndələri ilə və Bakının Nəsimi rayonunda müvəqqəti məskunlaşmış Zəngilan, Qubadlı və Cəbrayıl qaçqınları ilə görüşüblər.

Qaçqınlar qarşısındakı çıxışında Azərbaycan Prezidenti Heydər Əliyev beynəlxalq təşkilatlarda Ukraynanın həmişə Azərbaycanın mövqelərini dəstəklədiyini iştirakçıların diqqətinə çatdırıb. Heydər Əliyev atəşkəs rejiminin davam etməsinə baxmayaraq Azərbaycan torpaqlarının heç bir halda düşmən tapdağı altında qalmağına razı olmayacaqlarını bildirib: "Biz bu arzularla yaşayırıq və bu yolda da çalışırıq. Bu gunkü görüşdən istifadə edərək sizə bir daha söz verirəm və sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib torpaqlarımızın azad edilməsinə nail olacağıq. Sizi bu ağır, çətin şəraitdən çıxarmaq üçün respublikanın bütün imkanlarından istifadə olunur və bundan sonra da istifadə olunacaqdır".

1997 - ci il martın 24-25-də Azərbaycan Prezidenti Heydər Əliyevin Ukraynaya rəsmi səfəri zamanı isə Ukrayna ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin dərinləşməsi haqqında memorandum imzalanıb. Səfərin gedişində Heydər Əliyevə Ukraynanın ali mükafatı - "Yaroslav Mudrı" ordeni və Kiyevin Fəxri sakini diplomu təqdim edilib.

Ukraynada Azərbaycana olan böyük maraq və diqqətin əyani təzahürlərindən biri kimi 2000-ci il sentyabrın 1-də Kiyevdə Heydər Əliyev adına Sosial Elmlər İnstitutunun açılmasını göstərmək olar.

Ukraynada çoxsaylı Azərbaycan diasporu yaşayır və bu ölkənin ictimai - siyasi, iqtisadi və mədəni həyatında yaxından iştirak edir. İki ölkə arasında münasibətlərin inkişafı və yaxşılaşmasında bu amil də xüsusi rol oynayır.

Tarixi arayış 18 dekabr 2008-ci ildə tərtib edilib.