"BMT-nin 50 illik yubileyi ilə əlaqədar BMT Baş Məclisinin xüsusi təntənəli iclasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı" (Nyu York, 22 oktyabr 1995-ci il) sənədinə tarixi arayış


Azərbaycan və BMT münasibətlərinin genişləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycan Prezidenti Heydər Əliyevin ümumdünya təşkilatının Baş məclisindəki çıxışlarının böyük rolu olub. Heydər Əliyev Baş Məclisin ilk sessiyalarında dəfələrlə çıxış edib.

30 sentyabr 1994 - cü ildə Heydər Əliyev ilk dəfə BMT Baş Məclisinin iclasında nitq söyləyib. O, çıxışında Azərbaycan Respublikasının mövcud siyasi - iqtisadi vəziyyəti və dünya birliyinə münasibətdə siyasətinin prinsiplərini bəyan edib. Azərbaycan Prezidenti Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında geniş məlumat verərək bunun nəticəsində Azərbaycanın düşdüyü çox ağır vəziyyəti BMT üzvlərinə çatdırıb.

Heydər Əliyev həmin nitqində bir il sonra 50 illiyini keçirəcək BMT - nin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tədbirlər görməli olduğunu bildirib. Azərbaycan dövlət başçısı bu məsələdə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin əsas götürülməsinin vacib olduğunu deyib. O, Ermənistanın öz müqəddəratını təyinetmə hüququndan yararlanaraq Azərbaycanın ərazi bütövlüyünü pozmaq istəməsinin yolverilməz olduğunu söyləyib.

(Heydər Əliyev Azərbaycanı dünyaya tanıdır, Tərtibçilər - Nazim İbrahimov, İbrahim Şükürov, "Azərbaycan" nəşriyyatı, Bakı -1994, s. 156 -168)

22 oktyabr 1995 - ci ildə Heydər Əliyev BMT - nin 50 illiyi münasibətilə Baş Məclisdə ikinci çıxışında BMT - nin fəaliyyətinin dünya üçün əhəmiyyətli olduğunu deyib. Bununla bərabər o, Ermənistanın BMT qətnamələrini hələ də yerinə yetirmədiyini bir daha xatırladıb. Azərbaycan Prezidenti nitqinin sonunda təcavüzə qarşı çıxdığını və bir daha sülh tərəfdarı olduğunu bəyan edib: "Azərbaycan xalqının iradəsini ifadə edərək bəyan edirəm ki, biz yer kürəsinin hər hansı bir nöqtəsində və hər hansı bir formada təcavüzkarlığı pisləyirik. Biz sülh istəyirik. Biz bütün dünyada sülh istəyirik, bizim regionda siilh istəyirik, bütün qonşu dövlətlərlə sülh və mehriban münasibətlər istəyirik." 

BMT qətnamələrinin yerinə yetirilməsi təmin olunmasa da Ermənistan təcavüzünün nəticələrinin yüngülləşdirilməsi üçün bu təşkilat müvafiq humanitar fəaliyyət göstərib. Təcavüz nəticəsində öz yerlərindən zorla çıxarılmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin çətinliklərinin aradan qaldırılması üçün BMT - nin müxtəlif qurumları əhəmiyyətli yardım edib. BMT Azərbaycanla digər sahələrdə də əməkdaşlıq həyata keçirir və münasibətləri inkişaf etdirir.

BMT - nin 50 illiyi münasibətilə Bakıda qurumun təmsilçiliyinin iqamətgahının yerləşdiyi küçəyə "BMT - nin 50 illiyi" adı verilib. (http://www.un-az.org/) 

1996-cı ildə BMT Baş Assambleyası ATƏT-lə əməkdaşlığa dair qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyini təsdiqləyib. Bundan bir il sonra, 28 iyul 1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı təşkilatın yeni Baş katibi Kofi Annanla görüşüb. Annan Azərbaycan Prezidenti ilə söhbətində BMT-nin ölkənin ərazi bütövlüyünə tərəfdar olduğunu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Lissabon Zirvə görüşünün prinsipləri əsasında həllinin düzgünlüyünü bildirib.

1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyi Azərbaycanda yüksək səviyyədə qeyd edilib. Həmin il onun təşəbbüsü ilə ölkədə ölüm hökmü və mətbuat üzərində senzura ləğv olunub.

2000-ci ilin sentyabrında BMT-nin Minillik Zirvə Toplantısında iştirak edən Heydər Əliyev 150-dən çox dünya dövlətlərinin rəhbərlərinin iştirak etdiyi bu ümumdünya tədbirində də nitq söyləyib. O, yenidən Ermənistanın təcavüzünü, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dünyanın diqqətinə çatdırıb. Azərbaycan Prezidenti son dövrlərdə haqqında geniş müzakirələr aparılan BMT-də islahatlara ehtiyac olduğunu da deyib.

2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycan BMT-nin antiterror tədbirlərinə qoşulub.

Azərbaycan Prezidenti İlham Əliyev də BMT Baş Məclisinin 2003 (baş nazir olaraq) və 2004 - cü il sessiyalarında çıxış edib.

2003-cü ilin sentyabrında Azərbaycanın Baş naziri İlham Əliyev BMT Baş Assambleyasının növbəti sessiyasında çıxışı zamanı islahatlar məsələsini qaldıraraq beynəlxalq təşkilatın güc və nüfuzunun artırılması üçün onlara böyük ehtiyac olduğunu söyləyib. Bir il sonra, 2004-cü ilin sentyabrında Assambleyanın 59-cu sessiyasındakı nitqində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin hələ də yerinə yetirilmədiyini xatırladıb. İlham Əliyev BMT qərarlarının həyata keçirilməsi üçün səmərəli və təsirli mexanizmin əhəmiyyətini qeyd edib.

Azərbaycan-BMT əməkdaşlığında əlamətdar hadisələrdən biri Azərbaycanın 2006-cı ilin iyununda BMT-nin İnsan Hüquqları Şurasına üzv qəbul edilməsidir. 2006-cı ilin avqustunda isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterres Azərbaycana səfərə gəlib. Səfər zamanı o qaçqın və məcburi köçkünlərin düşərgələrinə baş çəkib və ölkə rəhbərliyi ilə görüşlər keçirib.

14 mart 2008-ci ildə BMT BA-nın 62-ci sessiyasında "Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyət" adlı qətnamə qəbul edilib. Qətnamədə Azərbaycanın işğal edilmiş bütün ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və danışıqsız çıxarılması tələb edilib. Sənəddə işğal olunmuş ərazilərdən qovulmuş əhalinin dədə-baba torpaqlarına qaytarılması və bunun üçün normal şəraitin yaradılması, həmçinin, onların təhlükəsizliyinin təmin edilməsinin vacibliyi xüsusi vurğulanıb. 

Tarixi arayış 30 iyul 2008-ci ildə yeniləşdirilib.