Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Norveç Krallığına rəsmi səfərin (24-27 aprel 1996-cı) iqtisadi aspektlərinə aid ümumi tarixi arayış


24-27 aprel 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev Norveç Krallığında ilk rəsmi səfərdə olub. Səfər Norveç Krallığının Baş naziri Quru Harlem Brundtlandın dəvətilə gerçəkləşib.Lüksemburq və Belçika səfərindən sonra Avropa Birliyinin məşhur neft ölkəsi olan Norveçə gələn Heydər Əliyev burada rəsmi və işgüzar dairələrin nümayəndələri ilə çoxsaylı görüşlər keçirib. Prezident Heydər Əliyevin rəsmi səfəri Norveçin paytaxtı Oslo və iri sənaye-maliyyə mərkəzi olan Stavanger şəhərlərində davam edib. Paytaxt Osloda Azərbaycan Prezidenti Heydər Əliyev Norveç Kralı V Harald, Bas Nazir Q.Brundtland, Norveç Stortinqinin (parlamentinin) sədri K.Qrendal, xarici islər naziri B.Qodal və Energetika və Sənaye Naziri Y.Stoltenberq ilə görüşüb danışıqlar aparıb. Bu danışıqlardan sonra "Azərbaycan və Norveç arasında dostluq və əməkdaşlıq haqqında saziş"in imzalanması mərasimi olub. Bu sənədin imzalanması ilə iki neft ölkəsi arasında münasibətlərin rəsmi hüquqi-diplomatik əsası qoyulub. Həmçinin rəsmi səfər zamanı iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında müstəsna əhəmiyyəti olan aşağıdakı sənədlər imzalanıb:

1. "Azərbaycan Respublikası və Norveç Krallığı arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlirlərə və kapitala görə vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında Konvensiya". Oslo, 24 aprel 1996

2. "Azərbaycan Respublikası Hökuməti və Norveç Sənaye və Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Memorandumun (21 noyabr 1994-cü ildə Bakıda imzalanan) həyata keçirilməsinə dair Protokol". (http://www.mfa.govaz/)

Bu sənədlərin hüquqi qüvvəyə minməsindən sonra iki ölkəni təmsil edən investorlar üçün olduqca əhəmiyyətli olan ikiqat vergiyə cəlb edilmə hallarına yol verməmək, gəlirlər ‎və kapitaldan istifadə azadlığı və vergilərin ödənilməsindən yayınmanın qarşısının alınmasında əməkdaşlıq məsələləri həll edildi. Həmin səfər çərçivəsində hər iki ölkənin müvafiq dövlət qurumları arasında sərmayəni dəstəkləmə və qarşılıqlı müdafiə haqqında razılaşdırılmış protokol isə Bakıda 25 sentyabr 1996-cı ildə imzalanıb. Bu sənəd isə investorların Azərbaycanda işgüzar fəaliyyətinin stimullaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Səfərin ikinci günü Heydər Əliyev Stavanger şəhərinə gəlib və "Statoyl" şirkətinin prezidenti Harl Norvinq ilə görüşüb. Azərbaycanın neft sənayesinin inkişafına iri investisiya yatırımları edən ("Əsrin müqaviləsi" sazişində "bp" şirkətindən sonra ikinci yer) bu şirkətin Azərbaycandakı perspektiv inkişafı müzakirə edilib. Sonra Norveç Dövlət Neft Şirkəti ("Statoyl") ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında karbohidrogen ehtiyatlarının birgə işlənilməsi sahəsində əməkdaşlığın növbəti mərhələsini nəzərdə tutan sənədlərin imzalanması mərasimi olub. Daha sonra adı çəkilən şirkətin təşəbbüsü ilə Azərbaycan Prezidenti Heydər Əliyev onu rəsmi səfərdə müşayiət edən nümayəndə heyəti ilə birlikdə Şimal dənizində "Statoy"la məxsus neft platformasına baş çəkib. Burada o, şirkətinin dənizdə neft sahilaltı sahəsində tətbiq etdiyi qabaqcıl texnologiya və təhlükəsiz iş rejimi ilə tanış olub. Günün sonunda "Statoyl" şirkətinin prezidenti adından Azərbaycan Prezidentinin şərəfinə ziyafət verilib.

26 aprel 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev "Statoyl" şirkətinin binasında norveçli iş adamları ilə görüşüb. "Statoyl" şirkətinin təşkil etdiyi tədbirdə Heydər Əliyev Azərbaycan iqtisadiyyatının potensial imkanları, ölkədəki iqtisadi islahatlar, xarici investorlar üçün yaradılan əlverişli işgüzar mühit və iki ölkə arasındakı iqtisadi əlaqələr haqqında geniş nitq söyləyib. Sonra Heydər Əliyev bu ölkədə fəaliyyət göstərən "Kverner" şirkətlərinin rəhbərləri ilə görüşüb.

Ümumi tarixi arayış 20 noyabr 2008-ci ildə tərtib edilib.