Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bp şirkətinin kəşfiyyat və istehsalat üzrə baş direktoru Dik Olverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü - Prezident sarayı, 24 may 2002-ci il


Azərbaycan Prezidenti Heydər Əliyev qonaqları səmimiyyətlə salamlayıb hal-əhval tutdu.

Səmimi qəbula görə Prezident Heydər Əliyevə minnətdarlıq edən cənab Dik Olver dövlətimizin başçısı ilə yenidən görüşmək imkanından şərəf duyduğunu vurğulayaraq dedi ki, 1990-cı illərin əvvəllərindən başlayaraq, xüsusilə də onun burada olmadığı son dörd il ərzində Azərbaycanda çox böyük dəyişikliklər baş vermişdir və bundan çox məmnunuq. Bizim üçün çox xoşdur Sizə məlumat verək ki, hazırda ilkin neft layihəsi çərçivəsində «Çıraq» platformasından gündə 140 min barrel, yəni 20 min ton neft hasil edirik. «Azəri», «Çıraq», «Günəşli» yataqlarının tammiqyaslı işlənilməsinin birinci fazası çərçivəsində də yüksək irəliləyişin şahidi oluruq. Planlaşdırmışdıq ki, bu günə qədər «Faza-1» layihəsinin tikinti işlərinin 20 faizini həyata keçirəcəyik. Məmnunluqla sizə deyirik ki, doğrudan da işlərin 20 faizi görülmüşdür.

Beləliklə, dörd ildən sonra Azərbaycanda olmaq mənim üçün çox xoşdur. Ötən illərə nəzər saldıqda görürəm ki, doğrudan da nailiyyətlərimiz böyükdür. İndi çox gözəl məqamdır ki, gələcək işlərimizin necə irəliləyəcəyinə bir daha nəzər salaq, məna verək.

Həmin gün Bakıda bp-nin biznes mərkəzinin açılacağını söyləyən qonaq ümidvar olduğunu bildirdi ki, bunun vasitəsilə bp və onun layihələrdəki tərəfdaşları gələcək tenderlərdə daha yaxşı, uğurla iştirak etməkdə Azərbaycan şirkətlərinə kömək göstərəcəklər. Ümumiyyətlə, biznes mərkəzi Azərbaycan iqtisadiyyatının inkişafı üçün mühüm rol oynayacaqdır. Gələn ay ərzində isə Azərbaycanda həyata keçirilən layihələr üzrə maliyyə vəsaiti ayrılması barədə qərarlar qəbul ediləcəkdir.

Təmsil etdiyi şirkətin Azərbaycanla əməkdaşlığının hər iki tərəf üçün faydalı olduğunu vurğulayan cənab Dik Olver dedi ki, Azərbaycanda həyata keçiriləcək iri layihələr çərçivəsində bp-nin qarşıdakı bir neçə ildə ayıracağı vəsait 1,5 milyard dollar olacaqdır. Bu layihələrin uğurla başa çatması nəticəsində Azərbaycan dünyada neft hasilatının 10 faizini verən ölkəyə çevriləcəkdir.

Dik Olver Prezident Heydər Əliyevin sahibkarlarla görüşlərini, ölkədə biznes mühitinin yaxşılaşdırılmasına qayğı göstərməsini yüksək qiymətləndirərək dedi ki, biz Sizin nitqinizdə səslənən bütün fikirləri həyata keçirmək baxımından işlər görəcək, gözəl biznes mühitinin yaradılmasına öz köməyimizi edəcəyik.

Azərbaycan Prezidenti Heydər Əliyev verilən məlumat üçün təşəkkür edərək dedi ki, mən bu işləri həmişə izləyirəm, çoxlarını bilirəm. Amma siz bütünlükdə həm görülən işlər, həm əldə olunan nailiyyətlər, həm də həyata keçiriləcək layihələr haqqında geniş məlumat verdiniz. Çox məmnunam ki, biz sizinlə çox səmərəli əməkdaşlıq edirik və bu əməkdaşlıq sınaqlardan keçibdir. Mən əminəm ki, bu, davam edəcəkdir. Dediyiniz layihələrin hamısını həyata keçirmək lazımdır. Mən bunları dəstəkləyirəm və istəyirəm ki, bunlar tez həyata keçirilsin.

«Azəri», «Çıraq», «Günəşli» yataqlarının irimiqyaslı işlənilməsinin birinci fazasına dair işlərin 20 faizinin görülməsi haqqında verdiyiniz məlumat məni çox sevindirdi. İndi 80 faizi qalıb, onu da tezliklə həyata keçirmək lazımdır. Biz Bakı–Ceyhan layihəsinin tezliklə inşasına başlanması üçün çalışırıq və bunu istəyirik.

Mən Amerika Prezidenti cənab Buşun Rusiya Prezidenti cənab Putin ilə görüşündən sonra bir neçə dəqiqə mətbuat konfransına qulaq asdım. Cənab Buş Bakı–Ceyhan layihəsini də dilinə gətirdi. Yəni bildirdi ki, bu barədə Prezident Putin ilə danışıqlar aparıbdır. «Şahdəniz» layihəsinə dair işləri də sürətləndirmək lazımdır.