Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Respublikasının Prezidenti Leonid Kuçma ilə birgə mətbuat konfransında bəyanatı - Kiyev, Mariya Sarayı, 25 mart 1997-ci il


Çox hörmətli Leonid Daniloviç!

Möhtərəm xanımlar və cənablar!

Ukraynaya rəsmi səfərim başa çatır və indi hava limanına getməyə hazırlaşarkən mən bu səfərin baş tutduğuna, olduqca əlverişli şəraitdə, dostluq, yoldaşlıq şəraitində keçdiyinə, dövlətlərarası münasibətlərimizlə, ölkələrimiz və dövlətlərimiz arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı bir çox məsələləri birlikdə müzakirə və bu məsələlər barəsində qərarlar qəbul etdiyimizə görə böyük məmnunluq hissi keçirirəm. Hörmətli Leonid Daniloviç, fürsətdən istifadə edərək, dəvətinizə görə, qonaqpərvərliyə görə, mənə və mənimlə gəlmiş bütün Azərbaycan nümayəndələrinə göstərdiyiniz xoş hisslərinizə görə, getdiyimiz hər yerdə əhatə olunduğumuz səmimi, həqiqətən mehriban mühitə görə Sizə bir daha təşəkkürümü bildirirəm.

Leonid Daniloviç, mənə göstərdiyiniz yüksək şərəfə görə, diqqət və qayğıya görə, bununla yanaşı, Ukraynanın ali ordeni - Yaroslav Mudrı ordeni ilə təltif olunduğuma görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Beləliklə, mən Azərbaycana Ukrayna mükafatı ilə qayıdıram. Mən bu mükafatı münasibətlərimizin daha da dərinləşməsini və genişlənməsini ifadə edən son dərəcə mühüm amil kimi qiymətləndirirəm.

Leonid Daniloviç, 1995-ci ildə Siz Azərbaycana səfər etdiniz, indi isə mən cavab səfərinə gəlmişəm. Sizə üz tutaraq xahiş edirəm ki, Azərbaycan Respublikasına bir daha səfər etməyi planlaşdırasınız. Mən Sizin səfərinizi səbirsizliklə gözləyəcəyəm və düşünürəm ki, Siz elə ilk imkan düşən kimi onu həyata keçirəcəksiniz. 1995-ci ildə Bakıda da, bu günlərdə Kiyevdə də çox işlər görülməsinə, çox sənədlər hazırlanıb imzalanmasına baxmayaraq, hələ çox şey edilməlidir ki, strateji tərəfdaşlıq xarakteri daşıyan sənəd Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında dünən imzaladığımız bəyannamə həyata keçirilsin. Bu, bizim üzərimizə çox böyük vəzifələr qoyur, buna görə də sonrakı görüşlərə ehtiyac var. Bununla əlaqədar olaraq mən Sizi Azərbaycana rəsmi səfərə gəlməyə dəvət edirəm.

Ukraynanın və Kiyev şəhərinin bütün nümayəndələri ilə görüşlərdən aldığım ən xoş təəssüratlar barədə danışmağı lazım bilirəm. Nadir qoruq, Ukrayna xalqının qədim tarixinin, qədim mədəniyyətinin nadir abidəsi olan Kiyev Peçexa lavrası ilə tanışlıq mənə böyük təsir bağışladı. Şadam ki, bu tarix abidəsi ilə yenidən tanış ola bildim. Bu gün Kiyev Bələdiyyə İdarəsinə getməyimə və Kiyevin fəxri qonağı adına layiq görülməyimə şadam. Kiyevin fəxri qonağı adına layiq görüldüyüm üçün təşəkkür edirəm. Görüşlərimizin yekunları və imzalanmış sənədlər barəsində Leonid Daniloviçin dedikləri ilə tamamilə razıyam. Bəyan edirəm ki, söhbətlər zamanı və ikitərəfli münasibətlərə, MDB, Avropa təhlükəsizliyi çərçivəsində, bütün beynəlxalq təşkilat və strukturlarda əməkdaşlığımıza aid məsələlərin müzakirəsi zamanı biz fikir və baxışlarımızın, mövqe və münasibətlərimizin tamamilə uyğun gəldiyini aşkara çıxardıq. Mənim üçün böyük əhəmiyyət kəsb edən başlıca məsələ bundan ibarətdir ki,

Ukrayna iqtisadi bazar islahatları aparılması, demokratik dövlət quruculuğu, hüquqi cəmiyyət yaradılması yolu ilə gedir, öz dövlət müstəqilliyini qətiyyətlə qoruyub müdafiə edir. Biz də bu yolla gedirik, bütün bunlar ölkəmizdo də həyata keçirilir və Azərbaycanın dövlət müstəqilliyi bizdən ötrü ən mühüm tarixi nailiyyətdir və biz bu nailiyyəti bundan sonra da qoruyacağıq.

Leonid Daniloviç, Sizə, Kiyevdəki, Ukrayna torpağındakı bütün dostlarımıza bir daha təşəkkür edirəm. Təbii ki, bizi dünən və bu gün müşayiət etmiş, indi də bizimlə olan mətbuata da təşəkkürümü bildirirəm. Sağ olun.

Sual: Hörmətli prezidentlər, siz MDB-nin Zirvə toplantısı ərəfəsində birliyin perspektivlərini necə qiymətləndirirsiniz? Sual Leonid Daniloviçədir: Siz Rusiya hərbi texnikasının Ermənistana əvəzsiz və gizli olaraq göndərildiyi barədə Rusiyanın müdafiə naziri İqor Rodionovun təsdiqlədiyi faktı necə qiymətləndirirsiniz?

Leonid Kuçma:  Belə düşünürəm ki, martın 28-də keçiriləcək MDB-nin Zirvə toplantısının nəticələrindən görüş keçirildikdən sonra danışmaq olar. Lakin biz belə bir ümidlə gedirik ki, dünənki və gələcək MDB barəsində öz sözümüzü deyə biləcəyik.

Zənnimcə, MDB-nin mövcud olduğu indiki forma ona daxil olan tərəflərdən heç birini, ölkələrdən heç birini qane edə bilməz. Biz, hər şeydən əvvəl, bu strukturu bərabərhüquqlu tərəflərin birliyi kimi görmək istəyirik. Elə bilirik ki, burada hər bir ölkə ərazisinin həcmindən və əhalisinin sayından asılı olmayaraq eyni səsə malik olsun.

İkinci suala - o isə həqiqətən çox mürəkkəbdir, - gəldikdə, mən Azərbaycana səfər zamanı qaçqınların məskunlaşdığı yerləri görmək imkanına malik oldum. Deməliyəm ki, bütün bunlara ürək ağrısı, sarsıntı və təəssüf hissləri keçirmədən baxmaq olmaz. Axı adamlar əslində hər şeylərini itirmişlər, onların gələcəyi bu gün çox problematik və qeyri-müəyyəndir. Buna görə də mən bunu əsas tuturam ki, bütün tərəflər Təhlükəsizlik Şurasının qərarlarına ciddi əməl etməlidirlər. Bu qərarlarda açıq-aydın yazılmışdır ki, nə kimi işlər görmək lazımdır. Mən öz tərəfimdən, xarici işlər və müdafiə nazirliklərinə tapşırıram ki, həmin məsələni əlavə olaraq öyrənsinlər və bu problem barəsində rəsmi fikir hazırlasınlar.

Heydər Əliyev:  Vaxtınızı almamaq üçün demək istəyirəm ki, Leonid Daniloviç Kuçmanın MDB barəsində söylədiyinin hamısı ilə tam razıyam. Mən də bu fikirdəyəm ki, birliyimiz demokratik, səmərəli olmalı və beynəlxalq standartlara cavab verməli, bütün üzvlərinin bərabərhüquqlu iştirakını təmin etməlidir. Təəssüf ki, buna nail olmaq hələlik mümkün olmayıbdır. Bununla belə, hesab edirəm ki, bu, real surətdə mümkündür. Bundan ötrü lazımi şərait yaratmaq, MDB-nin fəaliyyətinin daha da təkmilləşdirilməsi mexanizmlərini müəyyənləşdirmək gərəkdir. Yəqin ki, biz bu fikirləri martın 28-də deyəcəyik. Ümid etmək istərdim ki, dövlət rəhbərlərinin görüşündən sonra birliyin fəaliyyəti əsaslı surətdə yaxşılaşmağa başlayacaqdır.

Sual: Suallarım hər iki prezidentədir: Neft dəhlizi yaradılmasının həyata keçirilməsində Ukrayna və Azərbaycanın planlarına hər hansı üçüncü tərəf, xüsusən Rusiya mane ola bilərmi? Siz Belarusda baş verən hadisələri necə şərh edərdiniz?

Heydər Əliyev:  Bilirsinizmi, bizə çox şeydə mane olmağa çalışırlar. 1994-cü il sentyabrın 20-də biz Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənməsi haqqında ilk iri müqavilə imzaladıqda çox etirazlar, narazılıqlar və müxtəlif cür uydurma əngəllər oldu. Onlar bu gün də mövcuddur, lakin onların heç bir əsası yoxdur. Biz müstəqil dövlət kimi öz hüququmuzdan istifadə edərək,onda da tamamilə qanunauyğun hərəkət etdik və bu gün də düz hərəkət edirik. Odur ki, mane olmaq istəyəcəklər, amma zənnimcə, bunu bacarmayacaqlar.

Belarusda hadisələrə gəldikdə, mənim bu barədə çox az məlumatım var. Eşitdiklərim və mənə məlum olanlar ancaq televiziya ilə gördüklərimdən ibarətdir. Lakin orda baş verən bütün hadisələr mənim üçün anlaşıqlı deyildir, dumanlıdır. Həqiqətən, orada nələr baş verir? Bəlkə bu barədə Leonid Daniloviç danışsın?

Leonid Kuçma:  Birinci sual ilə əlaqədar mən Heydər Əliyeviçlə tam razıyam. Belə konkret nöqteyi-nəzərə görə minnətdaram. Buna bir neçə kəlmə əlavə edib demək istərdim ki, baxır, Rusiya hansı mənafeləri əsas tutacaq çar Rusiyasının mənafelərini, yoxsa müasir demokratik dövlətin mənafelərini. Axı biz görürük ki, indi Rusiyada neft hasilatı gündən-günə azalır və tezliklə onun təkcə özündə deyil, kənarda da əlavə neft mənbələrinə ehtiyacı ola bilər. Bəs belə isə nə üçün Rusiya hər yerdə öz dostu elan etdiyi qonşularına mane olur? Sağlam düşüncə müasir dünyada hər yerdə və hər şeydə qalib gəlməlidir.

O ki qaldı Belarusa, orada baş verən bəzi son hadisələr mənə dumanlı görünür. Lakin mən həmişə bunu əsas tuturam ki, hər bir xalq öz ölkəsinin inkişaf yolunu seçmək hüququna malikdir. Bir sözlə, sağlıq olsun, görərik.

Sual: Sualım cənab Kuçmayadır: Ermənistan bəyan edir ki, Ukrayna Azərbaycana silah və hərbi texnika göndərmişdir. Bu bəyanata sizin münasibətiniz necədir? İkinci sual hər iki prezidentədir: Siz Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında Ukraynanın iştirakı məsələsini müzakirə etdinizmi, əgər etdinizsə, onda bu iştirak hansı formada olacaqdır?

Heydər Əliyev:  Hesab edirəm ki, mən birinci suala cavab verə bilərəm və əgər lazım gələrsə, Leonid Daniloviç olavə edər. Ukraynadan Azərbaycana gizli yolla heç bir silah göndərilməyib. Bu gün sizin qarşınızda, bütün dünya qarşısında bəyan edirəm ki, biz atəşkəs haqqında saziş imzaladığımız - bu, 1994-cü il mayın 12-də olub, - vaxtdan bəri Azərbaycan heç yerdən bir dənə də silah almayıb. Rusiya Müdafiə Nazirliyinin səhih məlumatına cavab olaraq Yerevanda söylənilmiş fikirlər ağ yalandır, uydurma və böhtandır. Mən bunu qəti şəkildə deyirəm. Hesab edirəm ki, Leonid Daniloviç də belə deyəcəkdir.

Leonid Kuçma:  Mən bunu tesdiq etməyə bilmərəm, çünki, bu doğrudur. Həmin müddətdə silah göndərilməsindən heç söhbət də getməmişdir.

Heydər Əliyev:  O k i qaldı Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında Ukraynanın iştirakı məsələsinə, biz onu Leonid Daniloviçlə müzakirə etdik, çünki bu, bizim üçün müstəsna əhəmiyyətli məsələdir. Qafqazda sabitlik məsələsi isə Ukrayna üçün, şübhəsiz, böyük əhəmiyyətə malikdir, axı Ukrayna Qafqaza coğrafi cəhətdən çox yaxındır və onunla bütün digər əlamətlərlə bağlıdır. Bundan başqa, hiss edirəm ki, Ukrayna, xüsusən onun prezidenti hörmətli Leonid Daniloviç çox böyük maraq göstərirlər ki, ölkələr sülh və əmin-amanlıq şəraitində yaşasınlar. Buna görə də biz bu məsələni müzakirə etdik və yekdil fikirdə olduq ki, Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılması haqqında, yəni dincliklə tənzimləmənin prinsipləri - Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək özünüidarə statusu və Dağlıq Qarabağın bütün əhalisi üçün təhlükəsizliyə təminat verilməsi prinsipləri haqqında Lissabon bəyanatı sülhə nail olmaqdan ötrü yaxşı əsasdır. Biz məsələni bax, bu ruhda müzakirə etdik.

Leonid Kuçma:  Azərbaycanın ərazi bütövlüyünə ciddi əməl edilməsinin zəruriliyindən başqa, bizim ayrı nöqteyi-nəzərimiz olmamışdır və yoxdur. Biz bunu əsas tutmuşuq və ATƏT-in Lissabon görüşündə də mövqeyimiz belə olmuşdur.

Sual: Hörmətli Heydər Əliyeviç, xahiş edirik, banknot fabriki ilə tanışlıqdan aldığınız təəssüratı bölüşəsiniz və izah edəsiniz ki, Azərbaycan tərəfinin bu müəssisəyə marağına səbəb nədir?

Heydər Əliyev: Sualınızın axırıncı hissəsinə dərhal cavab verəcəyəm. Mən hətta bilmirdim ki, Kiyevdə belə bir fabrik var. Buna görə də məndə ona bu cür yüksək maraq yox idi. Lakin buraya səfərimin proqramını mənə təqdim etdikdə və proqramda bu fabrikə getmək nəzərdə tutulduğunu gördükdə mən onunla çox maraqlandım və oraya böyük həvəslə getdim. Deməliyəm ki, fabrik mənə çox güclü təsir bağışladı. Bu müəssisə müasir texnologiya, texnika quraşdırılmış və beynəlxalq standartlara cavab verən yüksək keyfıyyətli məhsul buraxmağa qadir böyük bir kompleksdir. Çox şadam ki, Ukrayna belə müəssisəyə malikdir və qısa bir müddətdə bu cür istehsalat, özü də fəaliyyətini genişləndirmək üçün böyük perspektivləri olan istehsalat yarada bilmişdir. Bu, təsərrüfat iqtisadi baxımdan belədir, dövlət baxımından, siyasi nöqteyi-nəzərdən isə, hesab edirəm ki, bu, Ukraynanın dövlət müstəqilliyinin mühüm atributudur. Ukrayna böyük ölkədir, böyük potensiala malikdir və öz qiymətli kağızlarını özü yaratmaq iqtidarındadır. O, belə də edir. Bu, Ukraynanın müstəqilliyinin rəmzidir. Mən bunu fabrikdə dedim və indi də deyirəm. Bununla yanaşı, mən Ukrayna Milli Bankının prezidentindən xahiş etdim ki, o, Azərbaycan Milli Bankının prezidenti ilə görüşsün. Biz bunu mütləq edəcəyik ki, o banknot fabriki ilə tanış ola bilsin. Ola bilsin ki, biz onun xidmətlərindən istifadə edəcəyik.

Sual: Sualım Leonid Daniloviçədir: Bu gün Ukraynanın kütləvi informasiya vasitələri xəbər vermişdir ki, iki layihəni - Transqafqaz nəqliyyat dəhlizinə dair və Xəzər neftinin Ukrayna ərazisi ilə Avropaya nəql olunmasına dair layihələri maliyyələşdirmək xahişi ilə Avropa Yenidənqurma və İnkişaf Bankına Ukrayna, Azərbaycan və Gürcüstan prezidentlərinin ümumi müraciətinin layihəsi Sizin danışıqlarınız zamanı razılaşdırdmalıdır. Belə bir müraciət həqiqətən mövcuddurmu, əgər mövcuddursa, onun layihəsi hazırdırmı?

Leonid Kuçma: Bu məsələ ilk dəfə qaldırılmır. Ukrayna tərəfi bunu əsas tutur ki, əgər Xəzər neftinin Avropaya göndərilməsi üçün dəhliz qəti şəkildə müəyyən edilərsə, onda Avropa Yenidənqurma və İnkişaf Bankına üç prezidentin bu cür müraciət imzalaması məqsədəuyğun olar. Bu, bütün nöqteyi-nəzərlərdən əsaslandırılmışdır. Lakin onu əlavə olaraq öyrənmək lazımdır. Biz Heydər Əliyeviçlə bu barədə razılığa gəlmişik və yaxın vaxtlarda Ukrayna-Azərbaycan birgə komissiyası onun üzərində işləyəcəkdir.

Sual: Leonid Daniloviç, Ukrayna nə dərəcədə ümid bəsləyə bilər ki, gələcəkdə Azərbaycan nefti Rusiyadan neft idxalına alternativ ola bilər? Heydər Əliyeviç, Siz Dağlıq Qarabağ "prezidenfinin Ermənistan baş naziri təyin olunmasını necə şərh edirsiniz?

Leonid Kuçma: Siz gərək bağışlayasınız, özgənin cibinə baxmaq yaxşı deyil. Mən bilən, Xəzərdə neftin kəşf edilmiş ehtiyatları təkcə Ukraynaya deyil, başqa ölkələrə də neft göndərilməsinin çox ciddi alternativ mənbəyidir. Biz bu regionun inkişafında bütün baxımlardan maraqlıyıq. Odur ki, bu neft Ukraynaya Rusiya nefti ilə paralel surətdə gələ bilər.

Heydər Əliyev: Dağlıq Qarabağın erməni icmasının lideri Robert Koçaryanın Ermənistan baş naziri təyin edilməsini biz mənfi və anlaşılmaz fakt kimi qiymətİəndiririk. Dağlıq Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir. Ermənistan tərəfindən təcavüz nəticəsində Dağlıq Qarabağı, eləcə də onun ətrafındakı Azərbaycan torpaqlarını Ermənistan silahlı birləşmələri işğal etmişlər. Bu işğalda, bu qanlı müharibədə Koçaryan da fəal iştirak etmiş, fəal rol oynamışdır. O, son illərdə Dağlıq Qarabağın erməni icmasına başçılıq edir və ya qondarma "Dağlıq Qarabağ Respublikası"nın üzdəniraq "prezidenti" adlanır. Bu, normal anlayışlara və adicə beynəlxalq hüquq normalarına heç cür uyğun gəlmir. Buna görə də bu təyinat bizim tərəfimizdən əsla qəbul edilə bilməz və müvafıq orqanlarımız bu məsələyə münasibətimizi bildirmişlər.

Sual: Sual hər iki prezidentədir: Siz Avropada adi silahlı qüvvələr haqqında müqaviləyə dair məsələni müzakirə etdinizmi və XXI əsrdə Avropa təhlükəsizliyinin modeli, sizcə, necə olmalıdır?

Leonid Kuçma: Siz cinah məhdudiyyətlərinə dair sazişi nəzərdə tutursunuz? Bəli, müzakirə etdik. Mövqelərimiz indiki halda üst-üstə düşür. Bu problemin təkcə Azərbaycana və Ukraynaya deyil, həm də qonşularımıza, - mən Moldova və Gürcüstanı deyirəm, - aid olduğunu nəzərə alaraq, biz məsləhətləşmələri davam etdirmək qəti olaraq qərar qəbul etmək barədə razılığa gəldik.

Heydər Əliyev: Mən də bu fikirdəyəm. Biz bu məsələni müzakirə etdik və bu baxımdan fikirlərimiz uyğun gəlir. Biz bu məsələdə əvvəllər də eyni mövqe tuturduq, çünki o, təzə məsələ deyil və danışıqların bir neçə mərhələsində müzakirə olunmuşdur. Ukrayna ilə Azərbaycanın mövqeləri bu baxımdan tamamilə üst-üstə düşür. Bu dəfə də, Leonid Daniloviçlə mənim aramda fikir mübadiləsi zamanı həmin məsələ müzakirə mövzusu idi. Biz öz mövqeyimizi təsdiqlədik və belə bir qərara gəldik ki, Ukrayna ilə Azərbaycan arasında, Gürcüstanla və Moldova ilə məsləhətləşmələri davam etdirmək lazımdır. Axı bu, onlara da aiddir və bizim mövqelərimizə onların da mövqeləri yaxındır.

İkinci məsələyə - XXI əsrdə təhlükəsizlik modeli məsələsinə gəldikdə isə, yəqin ki, siz bilirsiniz, ATƏT-in Lissabon Zirvə görüşündə dövlət başçılarının bu barədə xüsusi qərarı qəbul olunmuşdur, biz bu qərara səs vermişik. Hesab edirəm ki, XXI əsrdə Avropa təhlükəsizliyi modeli haqqında sənəddə şərh olunmuş prinsiplər real və həyata keçirilə bilən prinsiplərdir. Biz bu prinsipləri dəstəkləyirik.

Leonid Kuçma: Mən bu məsələdə Heydər Əliyeviç ilə razıyam. Xüsusilə Avropaya aid olan bu problemin nə qədər mürəkkəb və məsuliyyətli problem olduğunu biz başa düşürük. Ona görə də ölkələrin bir-birinə yaxınlaşmaq üçün atdıqları addımı müsbət hadisə kimi qiymətləndirmək lazımdır. Mən Almaniyanın Çexiya ilə barışıq haqqında müqavilə imzalamasını nəzərdə tuturam, Macarıstan Rumıniya ilə müqavilə bağlamışdır, Ukrayna da, o cümlədən Rumıniya ilə müqavilə imzalamaq niyyətindədir. Mayda Polşa ilə də belə müqavilə imzalamağa hazırlaşırıq. Bir sözlə, bunların hamısı Avropa qitəsində təhlükəsizliyin gücləndirilməsinə yönəldilmişdir. Lakin hazırda elə bəlalar da var ki, biz bunlara əlac etməyin metodlarını hələ bilmirik. Bu, ilk növbədə separatizm bəlasıdır. Onun bütün səviyyələrdə, o cümlədən də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 50-ci sessiyası səviyyəsində pislənməsinə baxmayaraq, separatizm bəzən çox eybəcər formalarda güclənməkdə davam edir. Bu isə Avropanın və dünyanın bir çox nöqtələrində müşahidə olunan qeyri-sabitliyə gətirib çıxarır. Ona görə də ATƏT-in elan etdiyi prinsiplərin həyata keçirilməsinə çalışacağıq. Sağ olun.