Ukrayna Prezidenti Leonid Kuçma ilə görüşdə söhbət - Kiyev, Mariya sarayı 30 noyabr 1999-cu il


Leonid Kuçma: Cənab prezident, dəvətimizi qəbul edib Ukraynaya gəldiyinizə, eləcə də mənim yenidən prezident seçilməyim üçün dəstəyinizə görə urəkdən minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Cənab Leonid Kuçma, yeni müddətə dost və qardaş Ukraynanın prezidenti seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edirəm, andiçmə mərasimində Sizin proqram xarakterli nitqinizdən, irəli sürdüyünüz siyasi və iqtisadi xətti mən çox bəyəndim. Sizə bu məsul fəaliyyətinizdə uğurlar arzulayıram. Biz bu görüş zamanı ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin və əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələləri bir daha nəzərdən keçirməliyik. Ölkələrimizi narahat edən məsələlər çoxdur. Azərbaycanın qarşılaşdığı ən ağır problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə aradan qaldırılması üçün bütün səylərin səfərbər olunmasının zəruriliyini Siz də vurğulayırsınız.

Leonid Kuçma: Bəli, bu məsələ bizi çox narahat edir. Mən əminəm ki, hər iki tərəf üçün maraq doğuran bir sıra digər məsələlər kimi, bu problem də öz həllini nəhayət ki, tapacaqdır.