Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə nitqi - 11 avqust 2002-ci il


Naxçıvan Muxtar Respublikasının problemləri çoxdur. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan vaxtilə respublikamıza edilən qəsd nəticəsində - mən bunu dəfələrlə demişəm - Azərbaycanın əsas, böyük ərazisindən bir az ayrı düşübdür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan da Naxçıvan blokada şəraitindədir. İndi də belədir. Dəmir yolu rabitəsi kəsilib, qaz xətləri o vaxt kəsildi, elektrik xətləri kəsildi. Burada o vaxtdan işləyən adamların hamısı bunu xatırlayır. Onda mən də burada idim. Ancaq biz bunlardan o qədər də sarsılmadıq. Doğrudur, respublikanın əhalisi çox ağır vəziyyətə düşdü. Amma biz vəziyyətdən çıxış yollarını tezliklə axtarıb tapdıq. Türkiyədən, İrandan elektrik xətləri çəkdirdik, başqa işləri gördük. Xüsusən Bakı ilə Naxçıvan arasında hava yolunu daha da genişləndirdik. Eyni zamanda, İran ərazisindən avtomobil nəqliyyatının Naxçıvana və Naxçıvandan Azərbaycanın müxtəlif yerlərinə, o cümlədən Bakıya hərəkətini təmin edə bildik. 

Blokada şəraitinə baxmayaraq, son dövrdə, yəni təxminən 1994-1995-ci illərdən sonra Naxçıvanda sosial-iqtisadi inkişaf vardır. Muxtar Respublika, onun iqtisadiyyatı inkişaf edir, quruculuq işləri gedir. Naxçıvan şəhəri abadlaşıb, onun siması çox dəyişibdir. Naxçıvanın əskidən, keçmişdən çox gözəl, özünəməxsus siması var. Onun memarlıq abidələri, ümumiyyətlə, şəhər quruluşu var. Əgər insanlar onları öyrənə bilsələr, görərlər ki, Naxçıvanda hələ qədim zamanlardan şəhərin planlaşdırılması, küçələrin, evlərin, məhəllələrin yerləşdirilməsi xaotik olmayıb, çox əsaslı olubdur. Əksinə, bu xaotiklik bizim dövrümüzdə, xüsusən 1988-1989-cu illərdən sonrakı dövrdə olubdur. Amma keçmişi götürsək - mən o vaxt Naxçıvanda yaşayan adamlardan biriyəm - Naxçıvanın kücələri çox ağılla qurulmuşdu. Məsələn, Puşkin küçəsini götürsəniz, o, Əlixan məhəlləsindən başlayıb Şahab məhəlləsi qurtarana qədər uzanan prospekt kimi böyük küçədir. Amma onu kəsən küçələr də vardı. Bir neçə kücə onu perpendikulyar olaraq kəsirdi. Amma Əlixan məhəlləsindən Şahab məhəlləsinə gedən təkcə Puşkin küçəsi deyildi. Onunla paralel küçələr də vardı.

Memarlıq nöqteyi-nəzərindən 1930-40-cı illəri xatırlayarkən mən həmişə düşünürəm ki, vaxtilə şəhərin salınmasında, - baxmayaraq ki, o dövrdə nə Dövlət Plan Komitəsi vardı, nə də dövlət vardı, - Naxçıvanda şəhərsalma qanunlarına nə

qədər riayət olunubdur. 

1970-80-ci illərdə biz Naxçıvanda çox böyük inşaat, quruculuq işləri apardıq. Yeni mikrorayonlar salındı, yaşayış binaları, sənaye müəssisələri tikildi. Bu işlərin də hamısı müəyyən şəhərsalma qanunlarına uyğun olaraq görüldü. Yəni bununla onu demək istəyirəm ki, Naxçıvanda keçmişdən, kökündən hər şey düzgün qurulubdur. Ancaq müstəqillik dövründə keçid illəri çox ağır olmuşdur. 1991-ci ilin sentyabrında biz burada birlikdə işə başladıq. Amma o illər çox ağır illər idi. Ondan sonrakı dövrdə - 1993, 1994,1995-ci illərdə Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmək, iqtisadiyyatın tənəzzülünün, bir çox mənfi halların qarşısını almaq lazım idi. Biz bunları etdik. 

1995-1996-ci illərdən, ümumiyyətlə, Azərbaycanda inkişaf başladı. İndi inkişaf da çox yüksəkdir. Baxmayaraq ki, problemlərimiz var, amma biz çox yüksək göstəricilər əldə edirik. MDB dövlətləri ilə müqayisə etsək, onların bizim kimi problemləri yoxdur, bu ölkələrdən heç birinin ərazisinin bir qismi, təxminən 20 faizi işğal olunmayıbdır. Bu respublikaların heç birində 1 milyon qaçqın, çadırlarda yaşayan insanları yoxdur. Bəzilərində var, amma bunu heç müqayisə etmək mümkün deyildir. Bunlara baxmayaraq, Azərbaycanın iqtisadiyyatı hər il inkişaf edir. Bu ilin 7 ayı qurtarıbdır, 8-ci ayındayıq, büdcə yerinə yetirilir. Ümumi daxili məhsul 8-10 faiz, kənd təsərrüfatı istehsalı təxminən 8-10 faiz, sənaye istehsalı təxminən 5 faiz artıbdır. Mən təxmini deyirəm, bir az o yan, bu yan ola bilər, çünki bu, ilin axırında yekunlaşacaqdır. Özəlləşdirmə həyata keçirilir və biz onun nəticələrini görürük. Bunların hamısı Azərbaycanda böyük dəyişikliklər meydana gətiribdir. Naxçıvan da Azərbaycanın ayrılmaz hissəsi olaraq bu inkişaf yolu ilə gedir. Ancaq Naxçıvanın çətinliyi bir də ondan ibarətdir ki, Azərbaycanın başqa yerləri, xüsusən də paytaxtı ilə nəqliyyat-kommunikasiya əlaqələri, demək olar, çox ağır vəziyyətdədir. Mən indi dedim, biz müəyyən yollar tapmışıq. Ancaq insanların Naxçıvandan başqa yerlərə, xüsusən Bakıya, digər şəhərlərə getməsi, əsasən hava yolu vasitəsilə təmin olunur. Bilirsiniz ki, hava yolları ilə də gündə 5-6

təyyarə uçur. Elədirmi? 

Cahangir Əsgərov («Azərbaycan Hava Yolları»Dövlət Konserninin Baş direktoru): Cənab Prezident, hər gün 4-6 təyyarə uçur. 

Heydər Əliyev: Gündə 4-6 təyyarə uçur, insanlar bundan istifadə edirlər. Ancaq mən bunu deyəsən, keçən dəfə demişdim, bir də demək istəyirəm. Biz «Azərbaycan Hava Yolları» konserninə ildə 45 milyard manat subsidiya veririk. Bütün başqa reyslərdə uçuş qiyməti konsernin sərf etdiyi xərclərlə, başqa iqtisadi göstəricilərlə tənzimlənir. Amma burada da belə olsa, sizin təyyarə biletlərinin qiyməti iki dəfə artıq olacaq, elədirmi? 

Cahangir Əsgərov: 2-3 dəfə artıq olacaqdır. 

Heydər Əliyev: 2-3 dəfə artıq olacaqdır. Mən də buna imkan vermirəm. Çünki hesab edirəm ki, Naxçıvanda yaşayan insanların təyyarədən istifadəyə ehtiyacı bütün başqa yerlərdə yaşayan insanlara nisbətən çoxdur. Bizdə dəmir yolu nəqliyyatı indi çox yaxşı işləyir, özü də təkçə Azərbaycan ərazisində yox. Dəmir yolu vasitəsilə Rusiyaya, Ukraynaya, Belarusa gedirlər. Rusiya dedikdə, təkcə Moskva deyil, Rusiyanın başqa şəhərlərinə də gedirlər. İnsanlar bundan çox istifadə edirlər. 

Yaxud, avtomobil yolları açıqdır... Bakıdan avtomobilə minib Avropaya qədər gedə bilərsən. Amma Naxçıvanda bu imkanlar yoxdur. Ona görə də mən imkan verməmişəm ki, başqa uçuş reyslərindəki qiymətlər Naxçıvana da tətbiq olunsun.

Biz Naxçıvana yardım və konsernin iqtisadi vəziyyətini təmin etmək məqsədi ilə büdcədən ildə 45 milyard manat subsidiya veririk.
Bütün bu çətinliklərə baxmayaraq, Naxçıvanda inkişaf Azərbaycanın başqa bölgələrindən heç də aşağı səviyyədə deyil, bəlkə də yuxarıdır. Bu da çox sevindiricidir. Yenə də deyirəm, şəhər çox abadlaşıb, gözəlləşibdir. 

Dünən axşam saat 10 idi, çıxdım sizin parklara baxmağa, adam əlindən tərpənə bilmədim. Doğrudur, ola bilər insanların çoxu məni görən kimi toplaşmışdı. Amma, eyni zamanda, mən bilirəm ki, sizin parklarda insanlar axşamçağı, başqa istirahət vaxtları rahat dincəlirlər. Ancaq 1991-1992-ci illərdə, 1993-cü ildə mən də burada yaşayanda bunları düşünmək qətiyyən mümkün deyildi. İnsanlar küçəyə qətiyyən çıxa bilmirdilər. İndi bunları görmək sevindirici haldır. 

Naxçıvan inkişaf etməlidir. Muxtar Respublikanın 400 min nəfərə qədər əhalisi var. Əhalinin artımı da yaxşıdır və artmalıdır. Güman edirəm ki, əsl naxçıvanlılar Naxçıvanı qoyub heç yerə getməməlidirlər. Mən indi də deyirəm, əgər o vaxt Azərbaycanda elə ağır vəziyyət olmasaydı və orada mənə böyük ehtiyac olmasaydı, mən Naxçıvandan getməyəcəkdim. 1991-ci ildə mən Naxçıvana o məqsədlə gəlmişdim ki, ömrümün sonuna qədər burada yaşayım. Bu həqiqətdir. Keçmişdə burada atamın bir evi vardı - haradakı mən doğulmuşam, məndən sonrakı qardaşlarım doğulub, biz yaşamışıq, böyümüşük - həmin evin yerində mən özümə ev də tikməyə başladım. Əgər mən buradan getməli olsaydım, niyə ev tikirdim? Elə oldu ki, evi tikib təzəcə köçmüşdüm ki, buradan ayrıldım.

Yəni, demək istəyirəm ki, Naxçıvanı sevənlər Naxçıvanı buraxıb heç yerə getməməlidirlər. Buranın iqlimi çox gözəldir. Biz dünən gəlmişik, Bakıda da çox isti var, burada da. Hava çox istidir. Amma fərq nədədir? Burada hava qurudur, nəmlik yoxdur. Amma Bakıda bu son 10-15 gün ağır hava var. Ümumiyyətlə, təkçə indi deyil, Bakıda rütubət həmişə var. Naxçıvanda yaşayan, böyüyən adamlar çox sağlam olurlar. Eyni zamanda keyfiyyətlərinə görə çox yüksək səviyyədə olurlar. Bəziləri də deyirlər ki, naxçıvanlılar niyə belədirlər? Bu gözəl dağların ətəklərində yaşayan, bu sərt qayalarla bir yerdə yaşayan insan daha da möhkəmlənir, güclənir. Bu, təbii haldır. Kim istəyir belə olsun, naxçıvanlılar kimi olsun, qoy gəlib Naxçıvanda yaşasın. Bir sözlə - mən bunları təəssüratlarım altında deyirəm, sevinirəm ki, Naxçıvan çiçəklənir və bundan sonra da çiçəklənəcəkdir.

Mən çoxdan bu fikirdə idim ki, Naxçıvan hava limanını yenidən quraq, yəni yeni bir hava limanı tikək. Birincisi, gərək elə edək ki, təyyarələr buradan təkcə Bakıya, Gəncəyə yox, bir çox istiqamətlərə uçsun. İkincisi də, Naxçıvan öz coğrafi vəziyyətinə görə elə yer tutur ki, burada beynəlxalq standartlara uyğun hava limanının olması təkcə Naxçıvan üçün yox, bütün qonşu ölkələr üçün də çox əhəmiyyətli olacaqdır.

Bunları nəzərə alaraq mən belə bir qərara gəldim. «Azərbaycan Hava Yolları» Konserninin Baş direktoru Cahangir Əsgərova göstəriş verdim ki, o bu barədə lazımi mütəxəssislərlə hazırlıq görsün. Onlar hazırlıq görüblər, Bakıda mənə məruzə etdilər, Əsgərov mənə məruzə etdi. Bu gün biz bu işə başlayacağıq, siz də burada iştirak edəcəksiniz, sizsiz olmayacaqdır. Ona görə mən istədim ki, bu gün burada Cahangir Əsgərov məlumat versin. Mən bir də bu məlumatı dinləyim və siz də dinləyəsiniz. Baxaq görək, bəlkə məsləhətləriniz var, utanmayın, çəkinməyin, kimin fikri, məsləhəti olsa, desin. Ondan sonra mən bu hava limanının tikilməsi haqqında qərar qəbul edəcəyəm. İndi Əsgərova söz verirəm

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin  yekun nitqi 

Mən bu gün bizim görüşümüz başlayanda da dedim. Bir də demək istəyirəm ki, bu gün burada bu müşavirəni keçirməyimin məqsədi ondan ibarətdir ki, Naxçıvan hava limanını yenidən inşa edəcəyik. Orada olan bina, zolaqlar hamısı ləğv olunacaq, yeni bir şey yaranacaqdır. Təbiidir ki, bu, böyük hadisədir və bu, Naxçıvan üçün lazımdır. Ona görə də mən bunu nəzərə aldım. Mən konsernin Baş direktorunu dinləmişəm, hesab etdim ki, sizinlə bir yerdə ikinci dəfə də dinləyim

və fikirlərinizi öyrənim. 

Mən görürəm ki, siz bunu bəyənirsiniz. Elədirmi? Bəlkə istəmirsiniz? 

Vasif Talıbov: Bəli, istəyirik. 

Heydər Əliyev: Siz bunu bəyənirsiniz və Talıbovun dediyinə görə, təşəkkür edirsiniz. İndi siz bəyənsəniz də, bəyənməsəniz də mən bu qərarı qəbul etmişəm və bunu edəcəyəm. Əsgərov deyir ki, sentyabrın 1-dən işə başlanmalıdır. Mən buna ayrı baxacağam. Yəqin ki, bu razılığı verəcəyik. Çünki bütün başqa məsələlərə Bakıda bir də baxacağam. Sən söz verdin ki, 2003-cü ilin sonunda hava limanı tamam hazır vəziyyətdə təhvil veriləcəkdir. 

Cahangir Əsgərov: Bəli, tamam hazır vəziyyətdə istismara veriləcəkdir. 

Heydər Əliyev: Biz də birlikdə bunun açılışında iştirak edərik və Naxçıvanın beynəlxalq hava limanı olar. İndi Naxçıvana bizdə «TU-154» təyyarələri işləyir, sərnişinləri daşıyır. Ancaq mənim fikrim var ki, iki ədəd yeni «TU-154» təyyarəsi alaq. Mən bunu sənə bir dəfə demişəm. 

Cahangir Əsgərov: Bəli, cənab Prezident. 

Heydər Əliyev: Çünki indi istifadə olunan təyyarələr köhnəliblər. Bir də, ümumiyyətlə, gərək təyyarələrin sayını artıraq. Çünki gələcəkdə uçuşlar çox olacaqdır. Onun da xərci çoxdur. Biri 15 milyondur? 

Cahangir Əsgərov: Bəli, cənab Prezident. 

Heydər Əliyev: Təyyarənin biri 15 milyon dollardır. İndi bazar iqtisadiyyatıdır. Gərək bu pul qazanılsın ki, təyyarə ala bilsin. Amma bizim konsern qazandığı pulları aldığı kreditlərə, filana verir. Çünki Bakıda hava limanını tikmək üçün kredit götürmüşdük. «Boinq» təyyarələri almışıq, indi bir çox ölkələrə uçur. Bu da böyük bir hadisədir ki, sərnişinlərimiz artıq «Boinq» təyyarəsi ilə uçurlar. Bakıdakı hava limanı beynəlxalq hava limanıdır, onun binasını da görmüsünüz. Bəzən görürsən ki, dünyanın ən böyük şəhərlərində elə bir bina yoxdur. Bilirsiniz ki, 1981-ci ildə mən Azərbaycanda işləyəndə onun bütün layihəsini hazırlatmışdım və onun inşaatına başladım.

Moskvada mülki aviasiya naziri Buqayev var idi, biz bunu onların pulu, vəsaiti ilə tikirdik. Yadımdadır, bir neçə dəfə onu Bakıya gətirmişdim, həmin layihəyə, işin gedişinə baxmışdıq. Ancaq mən Azərbaycandan getdim. Qayıdıb gələndə gördüm, necə qoyub getmişəmsə, eləcə də qalıbdır. Burada da işləyəndə gedirdim, baxırdım, ürəyim yanırdı ki, niyə belədir? Ancaq bu işi başa çatdırmaq yenə mənə nəsib oldu. Mən onu etdim. İndi yenə də deyirəm, Azərbaycanın beynəlxalq hava

limanı var.

Ümumiyyətlə, hava limanı hər bir ölkənin giriş qapısıdır. İndi ölkələr arasındakı əsas nəqliyyat növü təyyarələrdir. Ona görə hava limanının səviyyəsi, o ölkəyə gələn yeni adama, yaxud dəfələrlə gələn adama göstərilən xidmət, o adamların rahat gəlib keçməsi həmin ölkə haqqında fikir yaradır. Mən çox məmnunam ki, bizim hava limanımız belə yüksək səviyyədə neçə ildir istismar olunur, yaxşı səviyyədədir. Amma mən bunun əsasını 1981-ci ildə qoymuşdum. 

İndi Naxçıvanda da beynəlxalq hava limanı yaradırıq. Yenə də deyirəm, təyyarələr köhnəlibdir. Amma siz onu vaxtında təmir edirsiniz.

Cahangir Əsgərov: Bəli, cənab Prezident, təhlükəsizliyi təmin edirik.

Heydər Əliyev: Təhlükəsizliyi təmin edin. Bilirsiniz, bu xətdə Allah eləməmiş, bir şey olsa, ondan sonra... Başa düşürsən?

Cahangir Əsgərov: Başa düşürəm.

Heydər Əliyev: Bu təkcə konsernə aid deyil, sizə də aiddir. Təkcə konserndən asılı deyil ki, hava limanında nə cür xidmət edirlər. Siz gərək orada xidmətin keyfiyyətini artırasınız. Xüsusən, indi orada iş gedəcəkdir. İş gedəndə çox adam cəlb ediləcəkdir. Yerli adamlar maksimum cəlb olunmalıdır.

Cahangir Əsgərov: Cənab Prezident, bizim layihələrlə görülən işlərə maksimum cəlb olunurlar.

Heydər Əliyev: Ancaq lazım olan mütəxəssislər kənardan gələcəkdir. Qalan hamısı yerli adamlar cəlb olunmalıdır ki, onlar üçün yeni iş yerləri açılsın. Amma belə bir

şəraitdə orada rejimi saxlamaq daha da çətin olacaqdır. Siz gərək bunu biləsiniz və lazımi tədbirlər görəsiniz. Beləliklə, yenə deyirəm, bu mənim planımda var. İndi hələ bunu fikirləşirəm, nə cür edək. Çünki vəsait tapmaq lazımdır ki, Naxçıvana işləməsi üçün iki ədəd «TU-154» təyyarəsi alaq. Bununla da Naxçıvan əhalisinin nəqliyyat tələbatını daha da yüksək səviyyədə ödəyək.

Demək, bu gün mən sizin yanınızda bu qərarı qəbul edirəm. Mən Bakıda, sadəcə, layihənin bəzi hissələrinə baxacağam, onun maliyyələşdirmə məsələsi barədə təkliflərə baxacağam. Çünki bunlar sizin işiniz deyil, bizim işimizdir. Bir halda ki, Əsgərov deyir sentyabrın 1-dən başlamaq lazımdır, demək, başlamaq lazımdır. Siz öz işlərinizi görün, nə lazımdırsa, bu günlərdə baxıb həll edəcəyik. Yaxşı, sağ olun. Hesab edirəm, bu gün böyük bir iş gördük.

Cahangir Əsgərov: Cənab Prezident, icazə verin hava limanının maketini Vasif müəllimə hədiyyə edim.

Heydər Əliyev: Bunu Vasif müəllimə hədiyyə ver, iş otağına qoysun və gündə ona baxsın. Sağ olun.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış