"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropanın Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyətini qəbul edərkən söhbətindən" (10 dekabr 1999-cu il) sənədinə tarixi arayış


1994-cü ildə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresini təsis edib. Konqres Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci ildə qəbul edilmiş Nizamnamə Qətnaməsi əsasında fəaliyyət göstərir. Konqres Avropa Şurasının bütün üzv dövlətlərində yerli və regional demokratiyanın vəziyyətinə dair ölkələr üzrə mütəmadi hesabatlar hazırlayır, Avropa Yerli Özünüidarəetmə Xartiyasının yerinə yetirilməsinə nəzarət edir.

Yerli və Regional Hakimiyyətlər Konqresi şəhər və regionların illik forumlarının təşkili, bələdiyyə və regionlar ilə əməkdaşlıq üzrə interaktiv məlumat bazasının yaradılması və digər layihələrə maliyyə yardımı ayırır.

AYRHK - nın nəzdində yerli və regional hakimiyyətlər üçün Avropa Treninq Təşkilatları Şəbəkəsi (ENTO) fəaliyyət göstərir. Bu şəbəkə idarəetmə təcrübəsi və texniki imkanlar baxımından zəif inkişaf etmiş Mərkəzi və Şərqi Avropa dövlətlərinə ekspert yardımı və treninqlər təklif edir. ENTO şəbəkəsi yerli və regional hakimiyyətlərin təlim mərkəzləri arasında əməkdaşlığı təmin edir və milli təşkilatlara onların xaricdəki həmkarları ilə əlaqələrinin yaradılmasında yardım edir. (http://www.coe.az/)

Azərbaycanda ilk dəfə olaraq 1999-cu ilin dekabrında bələdiyyə seçkiləri keçirilməklə yerli özünüidarə orqanları yaradılıb. Bu, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu prosesinin bir hissəsi və vətəndaş cəmiyyətinin inkişafının keyfiyyətcə bir mərhələsi olub. Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi beynəlxalq təşkilatlarla, xarici ölkələrin dövlət və yerli ozünüidarə orqanları ilə məqsədyönlü əməkdaşlığın həyata keçirilməsini zəruri edib. Azərbaycan da Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi ilə əməkdaşlıq edərək bir sıra layihələrdə yaxından iştirak edir.(http://www.justice.gov.az/)

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1999-cu il dekabrın 10-da Azərbaycanda keçirilən bələdiyyə seçkilərini müşahidə etmək üçün gələn Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələrini qəbul edib. Nümayəndə heyətinin başçısı Alan Loydla söhbəti zamanı dövlət başçısı Azərbaycanda ilk dəfə keçirilən bələdiyyə seçkilərinin demokratiya yolunda mühüm addımlardan biri kimi dəyərləndirərək bu yolda Azərbaycanın Avropa təşkilatları ilə sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il iyunun 27-də Bakıda səfərdə olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Halvadan Skardı qəbul edib. Görüş zamanı Azərbaycanın müvafiq strukturları ilə Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi arasında əməkdaşlığın müxtəlif sahələri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Tarixi arayış 17 yanvar 2008-ci ildə tərtib edilib.