Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycanın şəhid milli Qəhrəmanlarının və döyüşçülərinin valideynlərinə, ailə üzvlərinə, habelə hərbi qulluqçulara "Qızıl ulduz" medalları, "Azərbaycan bayrağı" ordenləri və "hərbi xidmətlərə görə" medallarının təqdim olunması mərasimində nitqi - Prezident İqamətgahı, 8 dekabr 1998-ci il


Hörmətli əsgərlər, zabitlər, generallar! Vətənin, torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş övladlarımızın valideynləri, ailə üzvləri! Mən sizin hamınızı yüksək mükafatların təqdim olunması münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, səadət və bütün işlərinizdə uğurlar arzulayıram. Torpaqlarımızın müdafiə edilməsində fərqlənmiş Azərbaycan Ordusu döyüşçülərinin böyük bir qrupuna, şəhid olanların ailə üzvlərinə, valideynlərinə bu gün Azərbaycan dövlətinin yüksək ordenləri və medalları təqdim olundu. Bu mərasim onu göstərir ki, müstəqil Azərbaycan dövləti hər bir vətəndaşının xidmətini qiymətləndirir. Əmin ola bilərsiniz ki, heç kəsin xidməti heç vaxt unudulmayacaqdır. İndi Azərbaycanda dövlətçilik də, ordu da möhkəmlənibdir. Ölkəmizin bütün təsisatları da yaranıbdır, o cümlədən Azərbaycanın ali mükafatları olan Milli Qəhrəman nişanları, ordenlər və medallar da yaranıbdır. Biz bununla Azərbaycanın dövlətçiliyini, müstəqilliyini bir daha nümayiş etdiririk.

Bu gün orden və medalları alan əsgərlər, zabitlər, generallar əminəm ki, onların xidmətlərinə verilən bu yüksək qiymətə cavab olaraq bundan sonra Vətənə, dövlətə daha da sədaqətlə xidmət edəcəklər və öz vəzifə borclarını ləyaqətlə yerinə yetirəcəklər. Vətən yolunda şəhid olanların qəhrəmanlıq nümunələri heç vaxt unudulmayacaqdır. Onlar bizim qəlbimizdə əbədi yaşayacaqlar. Onların valideynləri, ailə üzvləri əmin ola bilərlər ki, şəhid ailələrinə diqqət, qayğı Azərbaycan prezidenti tərəfindən daim göstəriləcəkdir. Əmin edirəm ki, bu diqqət, qayğı bundan sonra daha da artacaqdır. Bu gün biz burada Azərbaycan ordusunun bir dəstəsini görürük, eyni zamanda müstəqil Azərbaycanın bütün ordusunun bugünkü gününü görürük. Məmnuniyyətlə demək olar ki, son illərdə Azərbaycanda ordu quruculuğu işi uğurla həyata keçirilir. Azərbaycanda artıq mütəşəkkil ordu yaranmışdır. Orduda hərbi nizam-intizam hökm sürür. Orduda qanun-qayda yaranmışdır. Ordu günü-gündən inkişaf edir. Bu, Azərbaycan dövlətçiliyinin ən böyük nailiyyətlərindən biridir. Azərbaycanın Ordusu müstəqil dövlətimizin əsas dayağıdır. Azərbaycanın torpaqlarını, vətəni müdafiə etmək, ölkəmizin müstəqilliyini qoruyub saxlamaq bütün xalqımızın, dövlətin üzərinə düşür. Ancaq bu vəzifələri icra edən dövlət strukturlarından ən əhəmiyyətlisi, vacibi Azərbaycanın ordusudur. Azərbaycan ordusu ölkəmiz dövlət müstəqilliyini əldə edəndən sonra qısa bir zamanda ağır, çətin, şərəfli yol keçmişdir. Bu gün sizə təqdim olunan yüksək dövlət mükafatları və torpaq, Vətən yolunda şəhid olanlar Azərbaycan ordusunun şərəfli, uğurlu yol getməsini nümayiş etdirir. Eyni zamanda, keçmiş illərdə ordu quruculuğunda çox nöqsanlar da olmuş, səhvlər buraxılmışdır. Ordu quruculuğuna xəyanət də edilmiş, bu müqəddəs işə zərbələr də vurulmuşdur. Keçmişdə mövcud olan bütün bu nöqsanların, səhvlərin, cinayətlərin aradan qaldırılması, ləğv edilməsi sahəsində son illər ardıcıl işlər görülmüş və bunlar da öz nəticəsini vermişdir. İndi hər bir Azərbaycan vətəndaşı fəxr edə bilər, biz də fəxr edirik ki, Azərbaycanın artıq mütəşəkkil, güclü ordusu vardır, Azərbaycanın peşəkar və qabiliyyətli döyüş gücünə malik olan zabitlər korpusu vardır, Azərbaycan ordusunda vətənə, millətə, dövlətə sədaqətlə xidmət edən əsgərlərimiz vardır. Bunlar əldə olunan nailiyyətlərdir. Ancaq bu gün və gələcək günlər ordunun daha da möhkəmlənməsini, inkişaf etməsini tələb edir, zabitlərimizin öz bilik, peşəkarlıq səviyyəsini artırmasını, orduya yeni-yeni gənclərin cəlb olunmasını tələb edir. Bunlar bizim qarşımızda və xüsusən Azərbaycanın Silahlı Qüvvələri qarşısında duran əsas vəzifələrdir. Bu gün sizə yüksək dövlət mükafatlarını təqdim edərkən mən əmin olduğumu bildirmək istəyirəm ki, siz - Azərbaycanın Silahlı Qüvvələri, Ordusu, respublika Müdafiə Nazirliyinin rəhbərliyi bu vəzifələri dərk edirsiniz və onları sədaqətlə yerinə yetirəcəksiniz. Bugünkü bu görüş müxtəlif hissiyyatlar doğurur. Bir tərəfdən, hamımız qürur hissi keçiririk ki, Azərbaycan ordusunun dəyərli nümayəndələri döyüşlərdə göstərdikləri qəhrəmanlıq nümunələrinə görə dövlətin yüksək mükafatlarına layiq görülüblər və bu mükafatları bu gün alıblar. Bununla yanaşı, şübhəsiz, bu gün bizdə qəm, kədər hissi də vardır. Çünki biz döyüşlərdə çox qurbanlar, şəhidlər, itkilər vermişik. Şəhidlərin valideynləri, ailə üzvləri də bu gün bu salondadırlar. Mən onların hissiyyatları ilə şərikəm, övladlarının, ailə üzvlərinin itirilməsinə görə onlar qədər kədərlənirəm, eyni zamanda onlar qədər qürur hissi keçirirəm ki, şəhidlərimiz Vətən yolunda, müstəqil Azərbaycan yolunda, torpaqlarımızın müdafiəsi yolunda şəhid olublar. Biz şəhid valideynləri tərəfindən bu gün burada deyilən sözlərdə bu ifadələri eşitdik. Bu, məni çox həyəcanlandırdı.

Valideynlərin çoxu dedi, - biz övladımızı böyütmüşük ki, Vətəni müdafiə etsinlər. Onlar övladları Vətən yolunda şəhid olduqlarına görə iftixar hissi keçirirlər. Bu, həqiqətən böyük vətəndaşlıq, vətənpərvərlik nümunəsidir. Mən şəhid valideynlərinə, şəhid ailələrinin üzvlərinə bu sözlərə görə təşəkkür edirəm. Ancaq hamımız eyni zamanda sevinməliyik ki, biz Vətənimizi, torpağımızı, dövlətimizi qorumağa artıq qadirik. Əmin ola bilərsiniz ki, biz Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqların azad edilməsi uğrunda çalışırıq. Bildiyiniz kimi, 1994-cü ilin may ayında atəş dayandırılıbdır. Biz atəşkəs dövründə məsələnin sülh yolu ilə həll olunması üçün daha da çox imkanlar əldə etmişik. Biz bu imkanlardan istifadə etməyə çalışırıq. İnanın, əmin olun ki, biz bu məsələ ilə hər gün məşğul oluruq. Bu, təkcə sizin - Vətən yolunda şəhidlər vermiş Azərbaycan vətəndaşlarının, təkcə Azərbaycan Silahlı Qüvvələrində xidmət edənlərin arzusu deyildir. Bu, Azərbaycanın bütün vətəndaşlarının arzusudur. Bu, bizim hamımızın arzusudur. Bu, Azərbaycan dövlətinin, şəxsən mənim arzumdur. Ancaq biz təkcə arzu etməklə kifayətlənmirik. Biz əməli iş görürük, bu məsələ ilə hər gün məşğul oluruq. Mən bu gün bir daha bəyan edirəm ki, məsələnin sülh yolu ilə həll olunması üçün imkanlar vardır. Biz bu imkanlardan bundan sonra da istifadə etməyə çalışacağıq. Şübhə yoxdur ki, əgər bu imkanlar işğal olunmuş torpaqlarımızın azad olunmasına gətirib çıxarmasa, apardığımız danışıqlar bu nəticəni verməsə, biz hamımız birlikdə nəyin bahasına olursa-olsun, işğal edilmiş torpaqlarımızı azad edəcəyik, Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik, gedib şəhidlərimizin işğal olunmuş torpaqlarda qalan qəbirlərinin hamısını ziyarət edəcəyik. Biz bu günü hamımız birlikdə görəcəyik. Bunun üçün də bizim apardığımız işlərlə, yəni sülh danışıqları ilə yanaşı, ordu günü-gündən inkişaf etməlidir, öz döyüş qabiliyyətini yüksəltməlidir, güclü olmalıdır və işğal edilmiş torpaqların azad edilməsinə lazım gələn zaman qadir olmalıdır. Hesab edirəm ki, bunun üçün əsas yaranıbdır. Ancaq gərək bizim Silahlı Qüvvələr, Silahlı Qüvvələrin komandan heyəti, Müdafiə Nazirliyi və onun komandan heyəti, yerdə və mərkəzdə rəhbər vəzifəli şəxsləri öz məsuliyyətini həmişə dərk etsinlər, hiss etsinlər. Ordu hər gün inkişafda olmalıdır. Bir gün də fasilə vermək olmaz. İnanıram ki, artıq bizim ordumuz, Silahlı Qüvvələrimiz bu yolu tutublar və bu yolla da gedəcəklər. Bu gün məni burada sevindirən bir də odur ki, təltif olunanların çoxu vaxtilə mənim təşəbbüsümlə yaranmış orta hərbi məktəbdə 1970, 1971, 1972-ci illərlə təhsilə başlamış gənclərdir. O günlər, o illər haqqındakı xatirələr, deyilən sözlər məni həm sevindirdi, həm də coşdurdu. Mən o günləri xatırlayıram. İndi bu gün zabit, general rübtəsində, yüksək hərbi vəzifədə olan, müstəqil Azərbaycanın mükafatlarını alan insanlar o illər Naxçıvanski adına hərbi məktəbdə ilk addımlarını atırdılar. Mən o illəri heç vaxt unutmayacağam. Mən sevinirəm ki, o vaxt boyca da, yaşca da kiçik olan, amma hərbi xidmətə çox böyük həvəs göstərən və hərbi təhsil almaq üçün Naxçıvanski adına məktəbə gələnlər bu gün Azərbaycan Ordusunun komandan heyətinin əksəriyyətini təşkil edir. Bu həqiqətdir. Əgər o illər, 27-28 il bundan öncə belə bir məktəb yaranmasaydı və bizim gənclər hərbi təhsilə cəlb edilməsəydilər, bəlkə də indi ordumuzun mövcud zabit kadrları bu qədər olmazdı. Görülən işlərin bəhrəsini görmək böyük səadətdir. Mən bu gün bu xoşbəxtlik hissini keçirirəm. Mən buna çox sevinirəm, eyni zamanda hesab edirəm ki, bundan sonra biz bu işləri daha da sürətlə aparmalıyıq. İndi hərbi litsey adlanan Naxçıvanski adına hərbi məktəb öz fəaliyyətini daha da artırmalı, inkişaf etdirməlidir. Azərbaycanda yerləşən ali hərbi məktəblər, - "yerləşən" sözü keçmişə aiddir, - bu gün Azərbaycan Silahlı Qüvvələrinin ali məktəbləri gərək ölkəmizin ordusu üçün daha da yüksək səviyyəli zabit kadrları hazırlasınlar. Bu iş Müdafiə Nazirliyinin daim diqqət mərkəzində olmalıdır. Bu işlə ciddi məşğul olmaq lazımdır. Hər halda 28 il bundan əvvəl görülən işlərin nəticəsi göz qabağındadır. Biz gələcəyə baxmalıyıq. Həm bu günümüz, həm də gələcəyimiz üçün Azərbaycanda güclü, yüksək səviyyəli zabitlər yaratmalıyıq. Azərbaycanda zabitlər korpusu gərək böyüsün və inkişaf etsin. Azərbaycanın dövlət müstəqilliyi daim qorunmalıdır. Bunun üçün bizim yüksək səviyyəli peşəkar ordumuz və yüksək səviyyəli zabitlərimiz olmalıdır. Güman edirəm ki, zabitlərin əməyinə, xidmətinə Azərbaycan dövləti tərəfindən verilən yüksək qiymət və göstərilən qayğı onları daha da yaxşı işləməyə dəvət edir və Azərbaycan gənclərini də zabit peşəsinə yiyələnmək üçün həvəsləndirir. Mən hesab edirəm ki, Azərbaycan gəncləri Silahlı Qüvvələrdə xidmət etmək, vətəni qorumaq peşəsinə daha da həvəslə gəlməlidirlər. Müstəqil Azərbaycanda hər peşə şərəflidir, ancaq vətəni qorumaq peşəsi ən şərəfli peşədir. Bugünkü zabitlərin simasında onların keçdiyi həyat yolunun nə qədər maraqlı olduğunu görən gənclər vətəni qorumaq peşəsinə daha da çox qoşulmalıdırlar. Mən gəncləri bu peşəyə yiyələnməyə dəvət edirəm. Mən sizi bir daha ürəkdən təbrik edirəm. ... Məmnunam ki, bu gün sizinlə bu gözəl görüş keçirildi. Ümidvaram ki, bu görüş təkcə sizin üçün yox, Azərbaycanın Silahlı Qüvvələrində xidmət edən bütün əsgərlər, zabitlər üçün çox əhəmiyyətli bir görüşdür. Mən bu fürsətdən istifadə edib, Azərbaycanın Silahlı Qüvvələrində xidmət edən Azərbaycan övladlarına, səngərlərdə olan əsgərlərimizə, zabitlərimizə salamımı göndərirəm, öz hörmət və ehtiramı bəyan edirəm. Onlara və Azərbaycanın Silahlı Qüvvələrinə ölkəmizin torpaqlarının, müstəqilliyinin qorunmasında yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

Tarixi arayış