"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ‎‎"Lider" yarımdalma üzən qazma qurğusunun istismara buraxılması mərasiminin iştirakçılarına müraciəti" (Bakı, 24 iyul 2003-cü il) sənədinə tarixi arayış


24 iyul 2003-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin gəmi tərsanəsində Xəzərdə ən güclü yarımdalma üzən qazma qurğusu "Lider"in (DSS-20) istifadəyə verilməsi mərasimi olub. Mərasimdə Azərbaycanın hökumət və parlament üzvləri, diplomatik korpusun nümayəndələri, həmçinin ölkənin neft-qaz sektorunda işləyən xarici və yerli şirkətlərin rəhbərləri iştirak edib.

Mərasimi ARDNŞ-nin prezidenti Natiq Əliyev açıb. Sonra Azərbaycan prezidentinin köməkçisi Əli Əsədov dövlət başçısının mərasim iştirakçılarına təbrik məktubunu oxuyub.

Mərasim iştirakçılarına məktub göndərən Azərbaycan Prezidenti bunları qeyd edib: "Xəzər dənizində ən böyük və güclü olan bu qurğunun istismara verilməsi bütün neft sənayesi infrastrukturunun inkişafında keyfiyyətcə yeni mərhələdir. Texniki göstəricilərinə görə "Lider" Xəzərin istənilən dərinliyini fəth etməyə qadirdir".

Son illər istifadəyə verilən "Dədə Qorqud", "İstiqlal" qazma qurğuları və Bakıda yenidən inşa olunan "Qurtuluş" özüqalxan qazma qurğusu çox uğurla istismar edilir. Bunların köməyi ilə "Azəri", "Çıraq", "Günəşli", "Şahdəniz" yataqlarında və digər strukturlarda bir neçə kəşfiyyat quyusu qazılıb. Bu qurğuların ümumi dəyəri 700 milyon ABŞ dolları təşkil edir. Adları yuxarıda qeyd edilən üç qazma qurğusunun ‎istifadəyə verilmə ardıcıllığı belədir: "Dədə Qorqud" - 24 avqust 1996-cı il, "İstiqlal" - 2 ‎sentyabr 1998-ci il, "Qurtuluş" - 29 avqust 2000-ci il. Qeyd edək ki, hər üç qurğunun açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyev şəxsən iştirak edərək onların istismara verilməsinə xeyir-dua verib. Həmçinin, bu qurğuların adını da Heydər Əliyev qoyub.

Xəzərin Azərbaycan sektorunda dənizin suyun dərin hissələrində yerləşən "Alov", "Şərq", "Zəfər", "Məşəl", "Savalan" və digər kəşfiyyat blokları üzrə qazma işlərini sürətləndirmək üçün yeni qazma qurğusuna ehtiyac var idi. Bu məqsədlə "EksonMobil", "ŞevronTexaso", "KonokoFillips" və "Total" şirkətləri yeni qazma qurğusunun inşa edilməsi barədə qərar qəbul ediblər.

Qurğu ARDNŞ-nin, "LUKoyl" və "Keppel Fels" şirkətlərinin yaratdıqları "Kaspian Şhipyard Kompani" müştərək müəssisəsinin gərgin əməyi nəticəsində inşa edilib. Ümumi dəyəri 250 milyon dollar olan, müasir avadanlıqla təchiz olunmuş bu möhtəşəm qurğu dənizin 75 metrdən 1025 metrədək dərinliyində 9144 metrədək kəşfiyyat quyularının qazılmasına imkan verir. Qurğunun inşasına 2001-ci ilin avqustunda başlanıb və nəzərdə tutulduğundan 2 ay qabaq başa çatdırılıb. Onun inşasında iştirak edən mütəxəssislərin 80 faizi azərbaycanlılar olub.

Danimarkanın "Maersk Construction" şirkətinin yaxından iştirakı ilə inşa olunan Xəzər dənizindəki ən güclü yarımdalma üzən qazma qurğusunun tikintisinin başa çatması münasibətilə Azərbaycan Prezidenti Heydər Əliyevə Danimarkanın baş naziri Anders Foq Rasmussen, ABŞ prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Mən, "EksonMobil" şirkətinin icraçı vitse-prezidenti Tim Seyka və başqaları təbrik məktubları göndəriblər.

Qeyd edilməlidir ki, 2004-cü ildə "Lider" qazma qurğusuna Heydər Əliyevin adı verilib və bu nəhəng qurğu Xəzərin dərin qatlarında yerləşən neft və qaz yataqlarının istismarını uğurla davam etdirməkdədir. Həmin qurğunun köməkliyi ilə Xəzərin istənilən hissəsində ən dərin qatlarda yerləşən laylara nüfuz etmək mümkündür. Belə ki, ən dərin nöqtəsi 1024 metr olan Xəzərdə 1000 metr dərinlikdə qazma aparmaq imkanı Xəzəryanı ölkələrdən yalnız Azərbaycana məxsusdur. Heydər Əliyev adına qazma qurğusu hazırda Xəzərin Rusiya hissəsində, Dağıstan akvatoriyasında qazma işlərini həyata keçirir Qazma işlərinin həyata keçiriləcəyi nöqtələrin dərinliyi isə 450-500 metrdir. (http://www.azerbaijan.news.az/)

Tarixi arayış 16 dekabr 2008-ci ildə yeniləşdirilib.