"Statoyl" Azərbaycanda


"Statoyl" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən karbohidrogen yataqlarının birgə işlənilməsinə cəhd göstərən ilk xarici neft şirkətlərindən biridir. Şirkətin əməkdaşları Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra Böyük Britaniyanın "Britiş Petrolium" şirkətinin nümayəndələri ilə birlikdə Xəzərin Azərbaycan sektorunda yerləşən bir neçə yatağın birgə işlənilməsi layihəsi ilə bağlı danışıqlara başlayıblar. Həmin danışıqlar iki il davam etdikdən sonra bu şirkətlərlə əməkdaşlığa digər xarici şirkətlər də qoşularaq 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi"ni imzalayıblar.

"Statoyl" dünyanın müxtəlif regionlardakı layihələri çərçivəsində gündə 1 milyon barrel neft çıxarır. Odur ki, dünyanın üçüncü iri xam neft satıcısı kimi də tanınır. Skandinaviyada isə neft məhsullarının ən iri pərakəndə satıcısıdır. Beynəlxalq neft və qaz hasilatında fəal iştirak edərək "Statoyl" 35-dən çox ölkədə bu sahədə iş aparır və təxminən 26 min əməkdaşı var. "Statoyl" bu günə kimi dünyanın müxtəlif ölkələrində uzunluğu 7000 kilometrdən çox olan sualtı boru magistralı salıb və onu istismar edir. Həmin enerji sistemi dünyada bu tip magistralların ən irisidir. Şirkətin qaz istehsalçısı və satıcısı kimi qazandığı nailiyyətlər daha təqdirəlayiqdir. Norveç qazının üçdə iki hissəsini Avropa istehsalçılarına bu şirkət satır. O, boru kəmərləri vasitəsilə Norveç və Əlcəzairdən təbii qazı Avropa ölkələrinə qədər nəql edir. Barents dənizindən İspaniyaya və ABŞ-a qazın ixracı ilə də "Statoyl" məşğul olur. Onun qaz biznesinə həmçinin Azərbaycandan təbii yanacağın Türkiyəyə, oradan da Avropanın müxtəlif ölkələrinə gələcəkdə ixracı daxildir. (http://www.azerbaijan.news.az/)

"Statoyl" 20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi"ndə pay alaraq Azərbaycan-Norveç iqtisadi münasibətlərinin əsasını qoyub. Müqavilənin imzalanması mərasimində iştirak etmək üçün Norveç dövləti sənaye və energetika nazirinin birinci müavini Qunnar Möntınin rəhbərlik etdiyi böyük nümayəndə heyəti Bakıda olub. Bu müqavilədə "Statoyl" şirkəti 8,71% pay alıb. Şirkət 2 il sonra Xəzərin Azərbaycan sektorunda yerləşən ən iri qaz yatağı sayılan "Şahdəniz"in hasilatın pay bölgüsü əsasında birgə işlənilməsində də 25,5% pay alaraq Azərbaycanla əməkdaşlığını daha da genişləndirib. 1998-ci ildə "Statoyl" şirkəti həmin sektorda yerləşən "Araz-Alov-Şərq" blokunun birgə işlənilməsində 15% paya sahib olub. Beləliklə, böyük məbləğdə xarici sərmayənin və neft sənayesində istifadə edilən ən yeni texnologiyanın Azərbaycana gətirilməsində və tətbiq edilməsində böyük xidmətləri olan məşhur "Statoyl" şirkəti ilə qarşılıqlı faydalı əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətli olub. Ümumiyyətlə, "Statoyl" neft şirkəti Azərbaycanın yeni neft strategiyası çərçivəsində ölkənin neft sənayesinə "bp"-dən sonra ən çox investisiya qoyan ikinci xarici şirkətdir. (http://www.socar.gov.az/)

Azərbaycan hökuməti və "Statoyl" rəhbərləri arasında yüksək səviyyəli görüşlər 1996-cı ildən başlayıb və bu günə qədər sürətlə inkişaf etməkdədir. 24-27 aprel 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev Norveç Krallığının Baş naziri xanım Brundtlandın dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. Prezident səfər dövründə Norveçin Oslo və Stavanger şəhərlərində olub. Azərbaycan Prezidenti Heydər Əliyevin "Statoyl" neft şirkətinin prezidenti Harl Norvinq və şirkətin digər səlahiyyətli əməkdaşları ilə yüksək səviyyəli görüşü xüsusi əhəmiyyət kəsb edib. Heydər Əliyevin Harl Norvinq ilə görüşündə Norveç Dövlət Neft Şirkəti ("Statoyl") ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında karbohidrogen ehtiyatlarının birgə işlənilməsi sahəsində əməkdaşlığın növbəti mərhələsini - Azərbaycanın karbohidrogen ehtiyatlarını dünya bazarına çatdıracaq neft (Bakı-Tbilisi-Ceyhan) və qaz (Bakı-Tbilisi-Ərzurum) kəmərlərinin inşasında da tərəfdaş kimi iştirak etməsini nəzərdə tutan sənəd imzalanıb. 2006-cı ilin iyulundan rəsmi istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisinə cəlb edilən maliyyə sponsorları arasında "Statoyl" 17,1%-lik paya malikdir. (http://www.bp.com/)

Şirkət rəhbərliyinin Azərbaycan Prezidenti Heydər Əliyev ilə növbəti görüşü 31 oktyabr 1997-ci ildə Bakıda, Prezident iqamətgahında olub. Görüşdə "Statoyl" şirkəti rəhbər şurasının sədri Kjel Kran və şirkətin icraçı şurasının prezidenti Harl Norvinq neft sənayesi sahəsində Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını bildiriblər. "Əsrin müqaviləsi" üzrə ilkin neftin əldə edilməsi ərəfəsinə təsadüf edən bu görüşdə qonaqlar iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni layihələrə malik olduqlarını da vurğulayıblar. Bunlardan "Statoyl" tərəfindən yeni elmi-laboratoriyanın istifadəyə verilməsi, "Şahdəniz" qaz yatağında "Şelf-5" qazma qurğusunun rekonstruksiyası, yeni investisiyaların tətbiqi danışıqlarda əsas müzakirə obyekti olub.

Şirkət rəhbərliyinin Azərbaycan Prezidenti Heydər Əliyev ilə daha bir görüşü 29 aprel 2000-ci ildə Bakıda Prezident iqamətgahında "Statoyl"un yeni təyin edilən prezidenti Olav Fyel ilə olub. Olav Fyel bu ‎vəzifəyə təyin edilənə qədər Norveçin nəhəng banklarından biri kimi tanınan "Post Bank"ın baş ‎direktoru vəzifəsində çalışıb. Tanışlıq xarakteri daşıyan bu görüşdə Azərbaycan Prezidenti Heydər Əliyev milli neft və qaz sənayesinin inkişafında, xarici ‎sərmayələrin cəlb edilməsi işində beynəlxalq əməkdaşlıqdan səmərəli istifadənin gələcəkdə həm ‎Norveç, o cümlədən "Statoyl", həm də Azərbaycan üçün əlverişli olacağını qeyd edib. Eyni zamanda görüş iştirakçıları ‎bu iki ölkənin Avropa miqyasında da əməkdaşlığı üçün perspektivlərin böyük olduğunu ‎vurğulayıblar. ‎

‎Dünyada mayeləşdirilmiş təbii qazın ixracı, qaz qurğularının işlədilməsi, boru ‎kəmərlərinin çəkilişi və s. sahələrdə zəngin təcrübə toplayıb. Avropada aparıcı qaz ‎təminatçısı kimi şöhrət tapan "Statoyl" Azərbaycanda qaz layihələrində daha geniş iştirak etmək imkanı qazanıb. Təsadüfü deyil ki, şirkət Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərinin kommersiya operatordur. ‎"Şahdəniz" qaz yatağının birgə işlənilməsi layihəsində şirkət 25,5% pay sahibidir. Həmin ‎yataqdan əldə edilən qaz artıq 2006-cı ilin sonlarından BTƏ kəməri vasitəsilə dünya bazarlarına ixrac edilməyə başlayıb. 1,3 milyard ABŞ dolları investisiya əsasında ərsəyə gələn kəmərin illik ötürmə qabiliyyəti 8-20 milyard kubmetrdir. Kəmərin tikintisinə sərf edilən vəsaitin 25,5%-i "Statoil"un payına düşüb. (http://www.socar.gov.az/)

Qeyd edilməlidir ki, 1994-cü ildən başlayaraq hər il Bakıda keçirilən "Xəzərneftqaz" beynəlxalq sərgisində "Statoyl" yüksək səviyyəli stendləri ilə, Norveç dövləti isə dövlət xadimləri və nazirləri səviyyəsində təmsil olunur.

Bir sıra humanitar layihələrin keçirilməsinə dəstəkçi olan "Statoyl" şirkəti Azərbaycanda ‎alimlərlə, ekoloqlarla, müəllim və tələbələrlə, mədəniyyət və incəsənət xadimləri ilə də möhkəm ‎əməkdaşlıq əlaqələri quraraq onlara bir çox tədbirlərin həyata keçirilməsində dəstək verir.‎

 
Tarixi arayış 12 iyul 2008-ci ildə tərtib edilib.