Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq rəssamı Mikayıl Abdullayevə təbriki - Bakı şəhəri, 18 dekabr 1997-ci il


Hörmətli Mikayıl Abdullayev!

Sizi - Azərbaycanın təsviri sənətinin görkəmli nümayəndəsini anadan olma gününüz münasibətilə və rəssamlıq fəaliyyətinizin 60 illiyi ilə ürəkdən təbrik edirəm.

Siz Azərbaycan incəsənətinin inkişafında böyük xidmətləri olan mahir fırça ustasısınız. Müxtəlif janr və mövzularda yaratdığınız boyakarlıq və qrafika əsərləri sənət tariximizə əbədi daxil olmuşdur. 60 illik sənət yolunuz əslində ölkəmizin keçdiyi böyük bir dövrün canlı sənət salnaməsi hesab oluna bilər.

Azərbaycan təbiətinin gözəllikləri, Vətən övladlarının döyüş rəşadəti, torpağa, doğma yurda, əməyə, sənətə bağlılığı yaradıcılığınızın əsas qayəsini təşkil edir. Sizin hər bir təbiət tablonuz ölkəmizin müxtəlif guşələrini əks etdirən romantik bir sənət nümunəsidir. Böyük məhəbbətlə yaratdığınız portretlərdə siz təsvir etdiyiniz tarixi şəxsiyyətlərin və sadə insanların mənəvi aləminə nüfuz edərək onların xarakterlərini ustalıqla aça bilmisiniz.

Azərbaycan ədəbiyyatının incilərinə, xüsusilə xalqımızın əzəli mövzusu olan "Kitabi-Dədə Qorqud" dastanına çəkdiyiniz illüstrasiyalar klassik milli irsə bəslədiyiniz hörmət və sevgi hissinizi nümayiş etdirir. "Nizami" metrosuna verdiyiniz tərtibat, teatrdakı fəaliyyətiniz bunu bir də təsdiqləyir. Vətən eşqi, ana məhəbbəti, Azərbaycan qadınının səadəti sizin lirik lövhələrinizdə ustalıqla öz əksini tapıb. Böyük emosional təsir qüvvəsinə, milli koloritə, tərbiyəvi məzmuna malik əsərləriniz gənc nəslin formalaşmasında böyük rol oynamışdır. Sizin yorulmaz, məhsuldar fəaliyyətiniz daim Azərbaycan xalqına xidmət etmişdir.

Xarici ölkə mövzularında yaratdığınız rəsmlər silsiləsi ilə siz incəsənətimizə yeni üfüqlər açmısınız. Əsərləriniz dünyanın bir çox ölkələrində nümayiş etdirilərək sizə böyük şöhrət gətirmişdir. Xarici ölkələrdə fərdi sərgilər təşkil etmək Azərbaycan rəssamları içərisində öncə sizə müyəssər olmuşdur.

Yaradıcılığınız Dövlət mükafatına, müxtəlif orden və medallara və Beynəlxalq Nehru mükafatına layiq görülmüşdür. Ən böyük mükafatınız isə xalqımızın, sənətsevərlərin şəxsiyyətinizə, gözəl əsərlərinizə bəslədiyi böyük ehtiram və dərin məhəbbətdir.

İnanıram ki, siz zəngin təcrübənizdən və nadir fitri istedadınızdan istifadə edərək sənətinizin pərəstişkarlarını bundan sonra da yeni əsərlərlə sevindirəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.