"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bolqarıstan Xalq Məclisində çıxışı" (Sofiya, 29 iyun 1995-ci il) sənədinə tarixi arayış


Bolqarıstan Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. Diplomatik münasibətlər isə həmin ilin iyununda yaradılıb.

İki tərəf arasında əməkdaşlıq münasibətləri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 29-30 iyun 1995-ci ildə Bolqarıstan Prezidenti Jelyu Jelevin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişlənib. Səfər zamanı Heydər Əliyev və Jelyu Jelev bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Heydər Əliyev səfərinin birinci günü həmin ölkənin parlamenti - Bolqarıstan Xalq Məclisində də olub.

Bolqarıstan parlamentində çıxışı zamanı Heydər Əliyev Ermənistanın Azərbaycana təcavüzü, Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verərək Bolqarıstanın da köməyinə ümid etdiyini bildirib: "...ümidvar olduğumu bildirmək istəyirəm ki, dünya dövlətləri, dünya ictimaiyyəti, o cümlədən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına daxil olan ölkə kimi Bolqarıstan da bu məsələlərin həllində Azərbaycana, bizim regionumuzda sülh yaranmasına kömək edəcəkdir".

1999-cu ilin dekabrında Bolqarıstan prezidenti Peter Stoyanov Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi üçün müvafiq sazişlər imzalanıb.

1998-ci ildən Bolqarıstan Azərbaycanla birlikdə Avrasiya nəqliyyat dəhlizi layihəsində (TRASECA) iştirak edir. Azərbaycan və Bolqarıstan həmçinin, regional təşkilat olan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq edir. Bolqarıstan tərəfi Azərbaycan neftinin Avropaya ötürülməsində iştirak etmək, həmçinin, onu idxal etmək niyyətindədir. (http://www.bizimasr.media-az.com/)

Azərbaycan və Bolqarıstan arasında tərəfdaşlığın ardıcıllığının və davamlılığının nümunəsi olaraq bu ölkənin prezidenti Georgi Pırvanov 2004-cü ilin oktyabrında Azərbaycana rəsmi səfər edib. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində yenidən hər iki ölkənin mövcud əlaqələri daha da inkişaf etdirmək və genişləndirmək niyyətləri ifadə olunub. Bu səfərdə tərəflər arasında birgə bəyannamə, iqtisadiyyat, nəqliyyat, səhiyyə sahələrində yeni sazişlər imzalanıb. İlham Əliyev Bolqarıstanın ATƏT-in o zamankı sədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində apardığı siyasətdən razı qaldığını bildirib. (http://www.bakutoday.net/)

Azərbaycan Prezidenti İlham Əliyev cavab olaraq 2005-ci ilin sentyabrında Bolqarıstana səfərə gedib. Həmin səfərdə də tərəflər göstərilən sahələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutan müxtəlif müqavilələr imzalayıblar. (http://www.azerbaijan.news.az/)

Bolqarıstanın sabiq prezidenti Jelyu Jelev Azərbaycanla münasibətlərini davam etdirərək dəfələrlə ölkəyə səfərə gəlib və dövlət başçısı Heydər Əliyevlə görüşüb. 2006-cı ilin sentyabrında o, Balkan siyasi klubunun rəhbəri kimi bir daha Azərbaycanda olaraq prezident İlham Əliyevlə görüşüb. (http://www.day.az/)

Bolqarıstan Prezidenti növbəti səfərlə Azərbaycana 2008-ci ilin martın 10-da gəlib. Səfər çərçivəsində iki prezident arasında iqtisadi, siyasi və mədəni əlaqələrlə bağlı məsələlər müzakirə olunub. Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında əlaqələrin yüksək olduğunu bildirib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Azərbaycan prezidenti bu münaqişənin həllində irəliləyişlərin olması üçün Avropanın işğalçı tərəfə Dağlıq Qarabağın heç zaman müstəqil olmayacağı və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağı ilə açıq mesaj verməli olduğunu bildirib. Görüş zamanı enerji məsələsi ilə bağlı da müzakirələr aparılıb. İlham Əliyev Azərbaycanın 2 trilyon kubmetr qaz ehtiyatının olduğunu və Avropa bazarında çox zəruri ölkəyə çevriləcəyini bildirib. Georgi Pırvanov isə yaxın zamanda Bakıda Qara və Xəzər dənizi regionları arasında enerji daşıyıcıları sahəsində əməkdaşlıqla bağlı konfrans keçiriləcəyini deyib. O, həmçinin, Avropanın enerji təminatı baxımından NABUCCO layihəsini də reallaşdırmağın vacibliyini bildirib.

Sonra Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə nümayəndə heyətinin geniş tərkibdə görüşü keçirilib. (http://www.mediaforum.az/)

Tarixi arayış 12 mart 2008-ci ildə yeniləşdirilib.