Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinə təbriki - Bakı şəhəri, 8 oktyabr 1997-ci il


Hörmətli generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar, əsgərlər, matroslar!

Sizi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı bildirirəm.

Azərbaycanın suverenliyinin və dövlət müstəqilliyinin keşiyində duran Silahlı Qüvvələrimiz mövcud olduğu qısa vaxt ərzində ağır sınaqlarla qarşılaşsa da ruhdan düşməmiş, xalqımıza, dövlətimizə sədaqət nümayiş etdirmişdir. Silahlı Qüvvələrimiz Vətən torpaqlarının müdafiəsi və işğal olunmuş ərazilərimizin azad edilməsi, dövlət müstəqilliyimizin qorunması naminə itkilər versə də, gələcəyə daim ümidlə, inamla baxmışdır.

Bu bayram günündə şəhidlərimizin əziz xatirəsini bir daha yad edir, onların yaxınlarına, doğmalarına hörmət və ehtiramimi bildirirəm.

Bizim güclü ordumuz olmalıdır. Ona görə də hər biriniz öz məsuliyyətinizi dərk etməli, vətən, millət, müstəqil Azərbaycan qarşısında əsgəri borcunuzu şərəflə yerinə yetirməyə çalışmalısınız.

Biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə başa çatması üçün bütün imkanlarımızdan istifadə edirik. Lakin düşmən öz çirkin niyyətindən əl çəkməzsə, siz vətən torpağını qorumağa hər an hazır olmalısınız, bunun üçün də döyüş hazırlığınızı yüksəltməli, peşəkarlığınızı artırmalı, müasir hərbi texnikanın sirlərinə dərindən yiyələnməlisiniz.

Bilin ki, sizin hər birinizin arxanızda Azərbaycan dövləti və xalqı durmuşdur. Hərbi xidmətdə qazandığınız uğurlar Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm rol oynayır.

Hamınıza möhkəm cansağlığı, səadət, vətəni müdafiə etmək vəzifənizi yerinə yetirməkdə müvəffəqiyyətlər arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı.

Tarixi arayış

ORDU QURUCULUĞU