Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının Milli Məclisinə müraciəti - Bakı şəhəri, 5 may 1998-ci il


1998-ci il may ayının 28-də xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyini təntənəli surətdə qeyd edəcək. Müstəqilliyimizin və dövlətçiliyimizin tarixində bu əlamətdar hadisə münasibətilə amnistiya verilməsini mümkün sayıram.

Məhkumlardan, onların valideynlərindən, yaxın qohumlarından daxil olan müraciətlərdən aydın olur ki, məhkum olunanlar törətdikləri əməllərdən səmimi peşmançılıq çəkir, islah olunduqlarını və qanunlara əməl edəcəklərini vəd edirlər. Amnistiya olunmaq üçün təklif edilən şəxslər arasında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş şəxslər, habelə həmin döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, 1990-cı il 20 Yanvar faciəsində xəsarət almış şəxslər və ya həmin hadisələrdə şəhid olmuş şəxslərin yaxın qohumları, Xocalı soyqırımına məruz qalmış şəxslər və onların yaxın qohumları, Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər vardır. Hesab edirəm ki, bu şəxslərə etimad göstərilib, onların azadlığa buraxılması, dövlətimizin humanist siyasətinin təzahürü kimi, insanlara böyük qayğının nümayişi olardı. Həm məhkumların, həm də dövlətin mənafelərinə uyğun olan bu amnistiya aktının vətəndaşlarımızın tezliklə cəmiyyətə qovuşmalarına, müstəqil dövlətimizin layiqli vətəndaşları olmalarına, onların qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə inanıram.

Amnistiya haqqında qərarın qəbul olunduğu təqdirdə cinayət məsuliyyətinə cəlb edilmiş və ya məhkəmə hökmü ilə məhkum edilmiş on mindən artıq insan tamamilə və ya qismən cəzadan azad olunacaqlar. Onlardan iki minə qədər şəxsin azadlıqdan məhrumetmə yerlərində azad edilməsi, əməyə mütləq cəlb edilməklə azadlıqdan məhrumetməyə şərti məhkum olunmuş üç minə qədər şəxsin isə xüsusi komendantlıqlardan azadlığa buraxılması və azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan azad olunması nəzərdə tutulur.

Milli Məclis belə bir amnistiya haqqında müvafiq qərar qəbul edərsə, bu, Azərbaycan dövlətinin humanistlik, insanpərvərlik və ədalət prinsiplərinə sadiq olduğunu bir daha nümayiş etdirəcək. Bütün bunları nəzərə alaraq Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi münasibətilə amnistiya haqqında qərar layihəsini Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq müzakirənizə təqdim edirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM