Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Koreya Xalq Demokratik Respublikası səfirinin etimadnaməsini qəbul edərkən söhbətindən - 17 may 2001-ci il


Kim The Sam: Azərbaycan Respublikasının hörmətli prezidenti cənab Heydər Əliyev! KXDR Ali Xalq Məclisinin məni Azərbaycanda fövqəladə və səlahiyyətli səfir təyin etməsi ilə əlaqədar etimadnaməni zati-alinizə, Azərbaycan Respublikasının hörmətli prezidentinə təqdim etməyi özümə şərəf bilirəm.

Heydər Əliyev: Cənab səfir, mən Sizi Koreya Xalq Demokratik Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə təbrik edirəm, bu işdə Sizə uğurlar arzulayıram.

Ölkələrimiz arasında yaxşı, xoş, səmimi münasibətlər mövcuddur. Əminəm ki, səfir kimi Siz bu münasibətlərin inkişafına və möhkəmlənməsinə fəal kömək edəcəksiniz. Mən sizin ölkənizi yaxşı tanıyıram. 1985-ci ildə Sovetlər İttifaqının partiya-hökumət nümayəndə heyətinə başçılıq edərək, Koreya Əmək Partiyasının yaranmasının 40-cı ildönümü yubileyində olmuşam. Gözəl ölkədir, yaxşı xalqınız var: Mən sizin ölkənizdə bir neçə gün qaldım. Mərhum prezident Kim İr Senlə çoxlu söhbətimiz oldu. Şübhəsiz ki, hazırda ölkənizin başçısı olan cənab Kim Çen İrlə də görüşlərim və söhbətlərim oldu. Ölkənizə səfərdən aldığım çox xoş təəssüratları indiyədək saxlayıram.

Ona görə şadam ki, indi, müstəqil Azərbaycan Respublikasının prezidenti olduğum vaxtda mən Koreya Xalq Demokratik Respublikasının səfirini Azərbaycanda qəbul edirəm. Əmin ola bilərsiniz ki, bütün hakimiyyət orqanları ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsindən ötrü Sizin burada fəaliyyətiniz üçün lazım olan hər şeyi edəcəklər.

Sizi bir daha təbrik edir və uğurlar arzulayıram.

Kim The Sam: Azərbaycan Respublikasının hörmətli cənab prezidenti, sağ olun. Sizi əmin edirəm ki, Koreya Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi mühüm vəzifəni həyata keçirmək üçün var qüvvəmlə çalışacağam.

***

Kim The Sam: Bizim etimadnaməmizi qəbul etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən, hər şeydən öncə, Koreya Əmək Partiyasının baş katibi, Koreya Xalq Demokratik Respublikası Müdafiə Komitəsinin sədri, Koreya Xalq Ordusunun ali baş komandanı yoldaş Kim Çen İrin səmimi salamını zati-alinizə, Azərbaycan Respublikasının hörmətli prezidenti Heydər Əliyevə yetirmək istərdim.

Heydər Əliyev: Sağ olun. Mən bir daha məmnun olduğumu bildirirəm ki, Siz Koreya Xalq Demokratik Respublikasının Azərbaycanda səfiri funksiyalarını yerinə yetirəcəksiniz. Ölkələrimiz məsafəcə bir-birindən uzaq olsalar da, əməkdaşlığı, o cümlədən də iqtisadiyyat sahəsində əməkdaşlığı inkişaf etdirməyə çox böyük imkanlar var. Artıq dediyim kimi, ölkənizdə mənimlə mərhum Kim İr Sen arasında çox səmimi münasibətlər yarandı. Sonra o, Moskvaya gəldi, Moskvada da bizim görüşlərimiz oldu. Əlbəttə, cənab Kim Çen İr mənə çox xoş təsir bağışladı. Şadam ki, indi o, respublikanıza başçılıq edir və çox böyük insanın - Kim İr Senin işini sədaqətlə davam etdirir. Ölkənizin özünəməxsusluğunu, suverenliyini qoruyub saxlamaq üçün nə kimi çətinliklərdən keçdiyini bilirəm. İnanıram ki, artıq indi siz Koreya Xalq Demokratik Respublikasının inkişafı və tərəqqisi üçün hər cür imkanlara maliksiniz.

Xahiş edirəm, mənim atəşin salamımı və xoş, səmimi arzularımı cənab Kim Çen İrə çatdırasınız.

Kim The Sam: Azərbaycan Respublikasının hörmətli prezidentinin salamını böyük rəhbərimiz Kim Çer İr yoldaşa mütləq yetirəcəyəm. Mən Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri yoldaş Kim Yen Namın da salamını Sizə çatdırıram.

Heydər Əliyev: Sağ olun.

Kim The Sam: Mən Bakıya gəlmişəm və sizin xalqınızın Koreya xalqına böyük hörmətini duyuram. Biz hamımız, hökumətimiz və xalqımız arzu edir ki, Sizin müdrik rəhbərliyinizlə hökumətiniz və xalqınız öz müstəqilliyinin möhkəmlənməsi və iqtisadiyyatının inkişafı naminə böyük uğurlar qazansınlar. Xalqımız bunu müsbət qiymətləndirir ki, sizin hökumətiniz və xalqınız Dağlıq Qarabağ probleminin dincliklə həlli sahəsində böyük səylər göstərirlər. Arzum budur ki, hökumətiniz bu məsələni siyasi yolla və dincliklə həll etsin. Hazırda Kim Çen İr yoldaşın müdrik rəhbərliyi ilə xalqımız güclü və çiçəklənən dövlət qurmaq və konfederasiya yolu ilə ölkəni müstəqil surətdə, dincliklə birləşdirmək uğrunda mübarizə aparır.

Koreya Xalq Demokratik Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri olaraq, Sizi bir daha əmin edirəm ki, ölkələrimiz arasında münasibətlərin inkişafı üçün var qüvvəmlə çalışacağam. Mən də bu işdə Sizin köməyinizə və həmrəyliyinizə əminəm.

Sözümün sonunda Sizə möhkəm cansağlığı və məsul işinizdə böyük uğurlar və ailənizə səadət arzulayıram.

Heydər Əliyev: Sağ olun.

 
"Azərbaycan" qəzeti, 18 may 2001-ci il.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Tarixi arayış