Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikası Ali Təhlükəsizlik Şurasının katibi Həsən Ruhaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbətindən - 20 iyul 2001-ci il


Hörmətli ağayi Ruhani!

Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmisiniz! Yəqin siz ilk dəfədir ki, Azərbaycana gəlirsiniz. Buna təəssüf edirəm. Çünki ölkələrimiz bir-birinə o qədər yaxındır ki, biz gərək bir-birimizi tez-tez ziyarət edək. Amma eyni zamanda məmnunam ki, siz vaxt tapıb Azərbaycana gəlmisiniz. Doğrudur, həm Gürcüstanı, həm Ermənistanı, həm də Azərbaycanı səfər proqramınıza salmısınız. Mən bundan məmnunam.

Mən bilirəm ki, siz bir neçə görüşlər keçirmisiniz. Doğrudur, öz ziyarətiniz üçün az vaxt nəzərdə tutmusunuz. Gərək bir az çox vaxt ayıraydınız ki, Azərbaycanla daha geniş tanış olaydınız. Bilmirəm, Ermənistanda, Gürcüstanda nə qədər olmusunuz.

Həsən Ruhani: Elə bu qədər.

Heydər Əliyev: Onda düz deyil, gərək bizdə o qədər olmasın. Birincisi, biz qonşuyuq, ikincisi müsəlmanıq. Ancaq eybi yoxdur, birinci səfərinizdə biz buna da qaneyik. Buyurun, sizi dinləyirəm.

Həsən Ruhani dedi: Hörmətli cənab prezident, məni və nümayəndə heyətimizi qəbul etdiyinizə, bu fürsəti yaratdığınıza görə Sizə böyük minnətdarlığımı və təşəkkürümü bildirirəm. Çox şadıq ki, dostumuz və qardaşımız olan ölkədəyik. Biz dost, qardaş Azərbaycan Respublikası ilə münasibətlərimizin inkişafına çox böyük əhəmiyyət veririk. Bizim möhkəm tarixi, mədəni əlaqələrimiz vardır. Biz münasibətlərimizin bugünkü səviyyəyə çatmasına sevinirik, lakin bu səviyyədə qalmasına razı deyilik.

Biz istərdik ki, mövcud olan geniş potensial imkanlarımızdan hərtərəfli istifadə edək. İran İslam Respublikası Azərbaycanla əlaqələrimizin səmimi, möhkəm və geniş olmasını istəyir.

Bu səfərimizdən məqsəd regiondakı bütün məsələlərin həll olunmasından və eyni zamanda ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsindən ibarətdir.

Biz Qafqazda, xüsusilə bu bölgədə əmin-amanlığın, sülhün bərqərar olmasına böyük əhəmiyyət veririk. Qafqaz ölkələri arasında Azərbaycan bizim üçün çox əhəmiyyətlidir. Bizim istər dənizdə, istərsə də quruda böyük sərhədimiz vardır. Xalqlarımız sərhədimizdən çox böyük sayda gediş-gəliş edirlər. Təkcə Naxçıvandan hər gün gediş-gəliş edənlərin sayı 4 min nəfərə yaxındır.

Azərbaycanın müstəqilliyinin ilk günlərindən xalqlarımız bunu çox sevinclə, bayramla qarşıladılar. Bu fürsətdən istifadə edərək, bu il Azərbaycan Respublikasının müstəqilliyinin on illiyi münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Ötən on il ərzində biz çalışırdıq ki, həm Azərbaycan xalqı, həm də Azərbaycan dövləti ilə geniş, gözəl münasibətlər quraq. O dövrdə, yəni Azərbaycanın müstəqilliyinin ilk günlərindəki, aylarındakı, illərindəki münasibətlərimiz bunu bir daha sübut edir.

Cənab prezident, Azərbaycanın müstəqilliyinin ilk günlərində Siz özünüz Naxçıvanda idiniz. Onda Siz şahid oldunuz ki, xalqlarımız nə qədər böyük həyəcan, sevinc içərisindədirlər. Əlbəttə, bu illər ərzində münasibətlərimizdə enişli-yoxuşlu dövrlər olubdur. Lakin böyük bir siyasi xadim olduğunuza görə biz Sizin təcrübənizə əsaslanaraq, münasibətlərimizdə yeni keyfiyyətli əlaqələr yaratmaq əzmindəyik.

Biz istərdik ki, xalqlarımız sərhəddən keçəndə sadələşdirilmiş şəraitdən istifadə edərək gediş-gəliş etsinlər. Biz ticarət sahəsində, eyni zamanda valyutanın dəyişdirilməsi sahəsində də yeni bir sazişin, sənədin imzalanmasına ehtiyac duyuruq. İmzalanacaq hər iki sənədin ilkin variantı İran tərəfindən Azərbaycana təqdim olunmuşdur. Əminik ki, Siz həmin sənədlərin imzalan-maq üçün hazırlanmasına müvafiq göstəriş verəcəksiniz. Biz ümidvarıq ki, Cənub-Şimal yolunun açılması, orada İranın iştirakı barədə Azərbaycan öz sözünü deyəcəkdir. Ümidvarıq ki, Siz bir sıra mühüm layihələrin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar və göstərişlər verəcəksiniz.

Biz Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün əlimizdən gələni etməyə hazır olduğumuzu bir daha bildiririk. Bilirik ki, bu məsələnin həll olunması üçün yeganə bir yol varsa, o da münaqişənin siyasi yolla həll edilməsidir. Əlbəttə, Minsk qrupu bu sahədə uzun müddətdir çalışır. Lakin əgər iki tərəf, yəni Azərbaycan və Ermənistan bu məsələnin həllində İran tərəfinin iştirak etməsinə razılıq versələr, onu istəsələr, biz də mövcud potensial imkanlardan istifadə etməyə hazırıq.

Xəzər dənizinin statusunun həll olunması məsələsi də bizim üçün çox əhəmiyyətlidir. Sözsüz ki, Xəzər dənizinin statusunun həll olunmasında beş sahilyanı ölkənin son, yekun fikirləri çox mühümdür. Lakin Xəzərlə bağlı məsələnin həll olunmasında İranla Azərbaycanın öz xüsusi çəkisi və yeri vardır. Biz ümidvarıq, nə qədər ki, 1921-ci və 1940-cı illərin sənədləri qüvvədədir, ümumi bir konsensusa gələnə kimi danışıqlarımızı, müzakirələrimizi davam etdirməliyik.

Hər iki ölkə, yəni Azərbaycanla İran İslam Konfransı Təşkilatının, EKO-nun, İKT Parlamentlərarası Qurumunun üzvləridir. Ümidvarıq və istərdik ki, adı çəkilən bütün bu təşkilatlarda, eləcə də digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız yaxşı davam etdirilsin.

Azərbaycanın qüdrətli, başının həmişə uca olması və çiçəklənməsi bizim istəyimiz və arzumuzdur.

Heydər Əliyev: Ağayi Ruhani, təşəkkür edirəm. Sizin dediyiniz sözlərlə bizim fikirlərimiz, amalımız arasında heç fərq yoxdur. Siz dediyiniz o sözləri mən Azərbaycan tərəfinin fikri, arzusu, istəyi kimi təkrar edə bilərəm. Amma iş bun-ların müştərək yerinə yetirilməsindədir.

Azərbaycan prezidenti kimi mən dəfələrlə qeyd etmişəm ki, İran dünyanın böyük, qüdrətli və çox qədim tarixə malik olan ölkələrindən biridir. İran xalqı dünya mədəniyyətinə, dünya sivilizasiyasına böyük töhfələr vermişdir. Bizim üçün, Azərbaycan üçün isə İran həm dostdur, həm qardaşdır, həm də qonşudur. Bunun da böyük tarixi var. İndi əgər siz Cənubi Qafqaz ölkələrini Gürcüstanı, Ermənistanı, Azərbaycanı götürsəniz, təbiidir ki, İranın onlarla da əlaqələrinin tarixi vardır, amma bu tarix o tarixə bənzəmir. Bizim tariximizin, əlaqələrimizin xüsusiyyəti ondan ibarətdir ki, dostluğumuzun, qardaşlığımızın dərin kökləri vardır. Bizi bir-birimizə bağlayan milli-mənəvi, dini ənənələrimiz vardır. Çoxəsrlik tariximizdə biz bu əsrlərin çox hissəsini bir yerdə olmuşuq. Biz bir dinə, eyni köklərə mənsubuq. Bizim adət-ənənələrimiz eynidir. Elə burada oturanlara baxıram, hamısı bir-birinə bənzəyir. Məsələn, burada sizə bənzəyən azərbaycanlılar nə qədərdir. Amma sizə bənzəyən bir erməni, gürcü tapa bilməzsiniz. Eləcə də sizin səfər yoldaşlarınızın hamısı haqqında bunu demək olar. Mən bunu ciddi deyirəm. Çünki bu, bizim bir kökdən olduğumuzu, genetik köklərimizin bir olduğunu göstərir. Ona görə Allah-təala bizə bu aqibəti veribdir. Allah-təala bizi həmişə bir olmağa dəvət edibdir, biz də bir olmuşuq. Müəyyən səbəblərdən, məsələn, XIX əsrin əvvəllərində biz İrandan ayrılmışıq. İran da Azərbaycandan ayrılıbdır. Bu ayrılıq dövründə də biz bir-birimizdən ayrılmamışıq, bir yerdə olmuşuq.

Siz dediniz ki, Azərbaycan müstəqilliyini əldə edəndə, sərhədlər açılanda insanlar bir-birinə qovuşanda nə qədər böyük ruh yüksəkliyi vardı və nə qədər böyük həsrətdən çıxdılar. O dövrü əks etdirən filmlər vardır. Filmdə göstərilir ki, sərhəddəki tikanlı məftillər götürülübdür. İran tərəfdə insanlar Arazın kənarında durublar, Azərbaycan tərəfdə isə Arazın kənarında duranlar ağlayırlar. İnsanlar özlərini suya atır, hətta qorxmurlar ki, boğulacaqlar. Buradan o tərəfə, oradan bu tərəfə keçirlər. Belə hisslər ancaq doğma adamlar arasın-da ola bilər.

Siz Azərbaycanda elə adam tapa bilməzsiniz ki, İranda onun qohumu olmasın. Eləcə də İranda. Amma iş burasındadır ki, sovet hakimiyyəti vaxtında bizim rəsmi idarələrdə anket doldururdular. Orada göstərilirdi ki, xarici ölkələrdə qohumun var, yoxsa yox. Hamı yazırdı ki, yoxdur. Çünki xarici ölkədə qohumu olan artıq nəzarət altına alınırdı və o, pis hesab olunurdu. Amma müstəqillik əldə olunandan sonra vaxtilə anketlərində "xaricdə qohumum yoxdur" yazanlar gedib xarici ölkədə 10-15 qohumu ilə görüşdülər.

Məsələn, bu 70 illik ayrılıq insanları bir-birindən ayırmayıbdır. Sizin ölkənizdə gözəl bir mahnı - "Ayrılıq" mahnısı var, onu bizdə də sevirlər. Xüsusən o illərdə, müstəqilliyin ilk illərində burada insanlar bu mahnını eşidəndə göz yaşı axıdırdılar. Bu barədə çox danışmaq olar. Ancaq sizin və mənim dediklərim eynidir: bizim böyük bir tarixi keçmişimiz, müştərək tarixi köklərimiz vardır. Biz bir dinə, adət-ənənəyə mənsub xalqlarıq. Ona görə də kimsə istəsə də, istəməsə də biz dost olmalıyıq. Bizim aramızdakı münasibət başqa ölkələrlə olan münasibətlərdən üstün olmalıdır.

Siz xatırlatdınız ki, müstəqilliyin ilk illərində mən Naxçıvanda idim. Həqiqətən belə idi. Naxçıvan hər tərəfdən bağlı idi. İnsanlar yaşamalı idilər. Ermənistan bizim sizinlə olan sərhədimizi işğal etmişdi. Naxçıvanın dəmir yolu əlaqəsi kəsilmişdi, avtomobil yolu yox idi, təyyarə də o qədər çox adam aparıb-gətirə bilmirdi. Naxçıvanda bizim iqtisadi vəziyyətimiz çox ağır idi. Mən xatırlayıram, o vaxt biz İrandan nə qədər yardımlar aldıq. Sizin hökumət məni Tehrana dəvət etdi. Gəldim, Naxçıvanla İran arasında bir neçə müqavilə imzaladıq. Düzdür, Bakıdakı hakimiyyət bunun əleyhinə idi. Deyirdilər ki, Naxçıvan müstəqil dövlət deyildir, bunu edə bilməz. Ancaq insanları yaşatmaq lazım idi. Biz elektrik xətti çəkdik, Naxçıvana elektrik enerjisi gəldi. İndiyə qədər də biz Naxçıvana elektrik enerjisini İrandan alırıq. Doğrudur, onda elektrik enerjisini pulsuz verirdiniz, amma indi pulunu alırsınız.

Həsən Ruhani: İndi Sizin vəziyyətiniz çox yaxşılaşıbdır.

Heydər Əliyev: Bizim, yoxsa sizin?

Həsən Ruhani: Sizin.

Mən indi Bakını sovet dövründə gördüyüm Bakı ilə müqayisə edirəm. Görürəm ki, şəhər çox-çox inkişaf edib. Bakı müqayisə olunmaz dərəcədə dəyişib, gözəlləşibdir.

Heydər Əliyev: Düzdür, amma bizim çadırlarda yaşayan bir milyon insanlarımız vardır. Siz çadırlarda yaşamağın nə demək olduğunu yaxşı bilirsiniz. İraqla İran müharibəsi zamanı siz nə qədər əziyyət çəkdiniz.

İndi Naxçıvana yaratdığınız şəraitə görə mən sizə təşəkkür edirəm. İnsanlar 24 saat ərzində, gecə-gündüz sərhəddən o tərəf-bu tərəfə keçə bilirlər. Culfa ilə Təbriz asında artıq dəmir yolu işləyir. Naxçıvandan camaat avtobuslarla Təbrizə, Tehrana yaxud Məşhədə qədər gedirlər. Ona görə də mən bununla əlaqədar sizə xüsusi təşəkkür edirəm.

Naxçıvan indiyə qədər blokada vəziyyətindədir. Azərbaycanla Naxçıvan arasında əlaqə saxlamağımızın yolu vardır. Birincisi təyyarədir, bir də İranın ərazisindən bizə yol vermisiniz, avtomobillərimiz gedib-gəlir. Əlbəttə ki, bunlar dostluğumuzun nümunələridir.

Ancaq siz doğru deyirsiniz. Bizim bu əlaqələrimizin səviyyəsi nə sizi qane edir,

də bizi. Deməli, ikimiz də çalışmalıyıq ki, əlaqələrimizin səviyyəsini yüksəldək düzdür, ticarət mübadilələrində İran gərək ki, birinci yerdədir. Elədir, yoxsa yox?

Əhəd Qəzai (İranın Azərbaycandakı səfiri): Hərdən birinci olur, hərdən ikinci.

Heydər Əliyev: Ola bilər, bir dəfə birinci, bir dəfə də ikinci olsun. Hər halda, beşinci deyildir. Bunun özü yaxşı göstəricidir. Amma bu azdır. Biz hələ çox işlər görməliyik. Bu işləri görmək üçün də təbildir ki, gərək Ermənistan -Azərbaycan münaqişəsi aradan götürülsün. Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarını gərək azad etsin. O cümlədən bizim sizinlə sərhədimizin 130 kilometri onların işğalı altındadır. Bilirəm ki, onlar orada olan bütün dəmir yolunu dağıdıblar. Bizim bir neçə layihələrimiz - Xudafərin layihəsi, başqa layihələr - vardır. Həmin layihələrin həyata keçirilməsi dayanmışdır. İndi gərək biz torpaqlarımızı azad edək və həmin layihələri həyata keçirək.

Şimal-Cənub dəmir yolu xətti çox əhəmiyyətlidir. Biz İran tərəfinə bunu bir neçə dəfə təklif etmişdik. Ancaq bu, təkcə bizdən asılı deyildir. Rusiyadan, bizdən və sizdən asılıdır. Mən məmnunam ki, Rusiya ilə sizin aranızda bu sahədə razılıq əldə olunubdur. Azərbaycan da burada tranzit ölkəsidir.

Rusiyanın nümayəndə heyəti bu məsələ ilə əlaqədar Azərbaycana gəlmişdi. Mən onlara dedim ki, biz buna yüz faiz razıyıq. Bilirsiniz ki, onlar hətta Astaradan Rəştə qədər dəmir yolunun tikilməsini öz üzərlərinə götürüblər. Ona görə də əgər siz bu müqaviləni Rusiya ilə tezləşdirə bilsəniz, biz buna hazırıq. Hesab edirəm ki, bu yol Avropa ilə nəinki İran, həm də cənub ölkələri, Hindistan, digər dövlətlər arasında da ən əlverişli, ən qısa, ən ucuz nəqliyyat xətti olacaqdır.

Bir neçə il bundan öncə belə xəbərlər gəlirdi ki, İran Ermənistan, Gürcüstan, Qara dəniz vasitəsilə Avropaya çıxmaq istəyir. Amma siz bilirsinizmi, bu, nə qədər çətindir. Çünki sizin sərhədinizdən, ərazinizdən Yerevana gedib çatmaq üçün nə qədər çətin və ağır yol var. O yolu mən yaxşı tanıyıram. Qış vaxtı o yol bəzi hallarda bağlı olur. Siz indi böyük vəsait qoyub Qacaranda böyük bir tunel düzəltmək istəyirsiniz. Bir də ondan sonra gedib Gürcüstanın limanından asılı olacaqsınız. Biz o limanın imkanlarını bilirik. Amma Avropadan yüklər dəmir yolu ilə Rusiyaya, Rusiyadan isə Azərbaycana, Azərbaycandan İrana, İrandan Hindistana, başqa ölkələrə gedəcək, böyük dəhliz yaranacaqdır. Ona görə mən hesab edirəm ki, siz bu məsələni bir az tezləşdirməlisiniz. Mən bilirəm, hər halda, Rusiya bunu istəyir.

Mən sizə təşəkkür edirəm ki, Ermənistan - Azərbaycan münaqişəsi başlanan gündən İran Azərbaycanın ərazi bütövlüyünü həmişə tanımışdır və Ermənistanı təcavüzkar kimi qiymətləndirmişdir. Amma iş burasındadır ki, Ermənistan özünü nə təcavüzkar hesab edir, nə də Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Bilirsiniz ki, biz 1994-cü ildə atəşi dayandırdıq. Yeddi ildir ki, biz münaqişəni sülh, danışıqlar yolu ilə həll etmək istəyirik. Torpaqlarımızın 20 faizi işğal altındadır. Orada Dağlıq Qarabağdan savayı, qalan torpaqlarda nə var idisə, hamısı dağıdılıbdır. Bunu siz bizdən yaxşı bilirsiniz. Çünki orada körpülər vardır. Sizin sərhəddən keçərək onlara baxmaq imkanınız vardır. Biz bilirik ki, orada bəzi ticarət əlaqələriniz də vardır.

Hesab edirik ki, məsələni sülh yolu ilə həll etmək lazımdır. Ancaq iş burasındadır ki, Ermənistan bu barədə konstruktiv mövqe tutmur. Ermənistan tələb edir ki, biz Dağlıq Qarabağa ya tamamilə müstəqillik statusu verək, ya da onu Ermənistana birləşdirək. Biz bununla razı ola bilmərik.

Siz öz ölkənizin təcrübəsini götürün. İraqla sərhəddə sizin torpaqlara hücum ediləndə, onlar zəbt olunanda neçə illər müharibə getdi, nə qədər şəhidlər verdiniz. Amma torpaqlarınızı qoruyub saxladınız.

Vaxtilə müxtəlif səbəblərdən Ermənistan Azərbaycanın torpaqlarını işğal etməyə nail olubdur, amma bu o demək deyil ki, biz torpaqlarımızı onlara verməliyik. Ona görə də biz həmişə demişik: İran bu barədə nə cür kömək edə bilərsə, biz belə köməkdən heç vaxt imtina etmirik.

Ermənistan ilə sizin çox yaxın əlaqələriniz var, dostluq əlaqələriniz var. Mən bilirəm ki, Ermənistanın iqtisadiyyatı İrandan asılıdır. Bir neçə il bundan öncə Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan bəyan etmişdi ki, əgər İran ilə iqtisadi əlaqələrimiz iki gün dayansa, Ermənistan boğulacaqdır.

Ona görə də sizin Ermənistana təsir etmək imkanınız var. Bəlkə də bütün başqa ölkələrdən fərqli olaraq, siz Ermənistana daha da çox təsir edə bilərsiniz. Ona görə mən xahiş edərdim ki, bu barədə düşünəsiniz. Sizinlə bu barədə əməkdaşlıq edə bilərik.

İndi siz dediniz ki, bizim ölkəmizi, Bakını gördünüz, çox yaxşıdır. Həqiqətən indi bu çətinliklərə, ağırlıqlara baxmayaraq, ölkəmizin iqtisadiyyatı inkişaf edir. Amma ərazimiz işğaldan azad olsa, təbiidir ki, bizim nailiyyətlərimiz daha da çox olacaqdır.

Məlumdur ki, Cənubi Qafqaz ölkələri içərisində Azərbaycanın xüsusi yeri var. Birincisi, Azərbaycan ərazisinə və əhalisinin sayına görə Ermənistandan iki, üç qat üstündür, Gürcüstandan da üstündür. İkincisi də, Azərbaycanın coğrafi-strateji vəziyyəti - Avropa ilə Asiya arasında dəhliz var, bu dəhlizdə Azərbaycanın xüsusi yeri var. Mən belə başa düşürəm ki, siz Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığınızı gücləndirmək istəyirsiniz və burada təhlükəsizliyin təmin olunmasın arzu edirsiniz. Belə olan halda gərək Azərbaycan ilə İran arasında əlaqələr xüsusi səviyyəyə qalxsın.

Xəzər dənizinin statusu haqqında dəfələrlə bəyan etmişik ki, biz bu məsələni beş Xəzəryanı ölkə arasında müzakirə edilib həll olunmasının tərəfdarıyıq. Çünki bilirsiniz ki, hələ 50 il bundan öncə, Sovetlər İttifaqı vaxtında Azərbaycan dənizdə, sahildən 100 kilometr uzaqda, Neft daşlarında dünyada ilk dəfə olaraq neft hasilatına başlayıbdır. Biz Xəzəri yaxşı tanıyırıq.

Həsən Ruhani: Bu, Sovet İttifaqının dövründə başlanmışdı?

Heydər Əliyev: Bəli. 50 il bundan öncə. 50 ildir ki, biz dənizdə neft edirik. İndi biz özümüz, hələ mən xarici şirkətləri demirəm, - neftin 70 faizini dənizdə hasil edirik, 30 faiz quruda çıxarılır. Bu sahədə bizim böyük təcrübəmiz var. Bir də ki, bizim alimlər, neftçilər, geoloqlar Xəzər dənizinin dibində olan neft və qaz yataqlarının öyrənməsi ilə 60-70 ildir məşğul olurlar. İndi biz Xəzər dənizindəki bəzi yataqlarda xarici şirkətlərlə iş aparırıq. İndi müqaviləmizdə sizin "OİK" şirkəti də iştirak edir. O cümlədən ən zəngin qaz yatağında, "Şahdəniz" yatağında "OİK" şirkətinin 10 faiz payı var. Bunların hamısı o illərdə, 50 il öncə bundan bizim alimlər tərəfindən kəşf olunmuş yataqlardır.

Xatirimdədir, 1994-cü ildə biz birinci müqaviləni imzalayanda mən çox çalışdım ki, İran da onda iştirak etsin. Bu, mümkün olmadı. Amma 1996-cı ildə biz "Şahdəniz" yatağı barəsində bir çox şirkətlər ilə müqavilə bağlayanda, mən özüm İranın həmin "OİK" şirkətini dartıb buraya gətirdim və ona 10 faiz pay verdik. Ona görə biz sizinlə əməkdaşlıq edirik.

Amma Xəzərin hüququ statusu müəyyən olunmalıdır. Dediyim kimi, bunu da beş ölkə etməlidir. Biz bu barədə hər bir danışıqlara hazırıq. Bir neçə dəfə Tehranda, bir neçə dəfə Aşqabadda, sonra Bakıda görüşlər keçirilmişdir. İndi deyirlər ki, oktyabr ayında Aşqabadda daha bir görüş olacaq. Bilmirəm, olacaq, ya olmayacaqdır. Ancaq bu məsələni birdən həll etmək mümkün deyildir. Çünki burada çox məsələlər var: Xəzərin mineral ehtiyatları, yəni neft, qaz, Xəzərin dibi, Xəzərin bioloji ehtiyatları, balıq, başqa şeylər, Xəzərdə gəmiçilik, Xəzərin ekologiyası. İndi hərə bir tərəfdən Xəzərdə balıq tutur, qara kürü artıq tükənir və bu, çox yerlərdə qanunsuz edilir, ayrı-ayrı şəxslər tərəfindən edilir. Amma məsələləri mərhələ-mərhələ həll etmək lazımdır. Birinci növbədə Xəzərin mineral ehtiyatlarının istifadə olunması barəsində eyni fikrə gəlmək lazımdır. Gəmiçilik, təbiidir, əhəmiyyət kəsb edir.

İki gün bundan öncə sizin Ənzəliyə gedən bir gəmi burada batırdı. Bizim dənizçilər onu xilas etdilər. O sizə yük, taxta və dəmir daşıyırdı. İndi onu sahilə gətiriblər bizim zavodda təmir edəcəklər. Elə bu da əməkdaşlığın bir nümunəsidir. Ona görə biz buna hazırıq.

Nəhayət, bizim dövlətlərimizin münasibətlərindən bir prinsip də olmalıdır. Bilirsiniz ki, Azərbaycan artıq dünyəvi dövlətdir.

Biz dünyəvi dövlətçilik yolu ilə gedirik və gedəcəyik. Biz bundan geriyə dönə bilmərik. Azərbaycan istiqlaliyyətini əldə edəndən sonra bizim Konstitusiyamızda yazılıbdır ki, Azərbaycanda vicdan azadlığı insanlar üçündür. 70 ildir din qadağan edilmişdi. Azərbaycanda cəmi 16 məscid var idi. Amma indi 236 məscid var. Yəni insanlar ibadət etmək istəyirlər, hər yerdə məscidlər var. Heç kəs heç bir şeyi qadağan etmir. Amma bizdə din dövlətdən ayrıdır. Biz bu yol ilə gedirik və gedəcəyik. Mən bunu sizə deyərək, istəyirəm ki, Azərbaycanın real. vəziyyətini biləsiniz. Ermənistan müsəlman ölkəsi deyil ki, siz onlarla dostluq edirsiniz. Biz müsəlmanıq, dinimizi də sevirik, ancaq biz dünyəvi yol ilə gedirik. Biz dünyanın bütün dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr yaradırıq. Çünki bu, müstəqil, gənc dövlət üçün öz torpaqlarının 20 faizi işğal olunmuş bir dövlət üçün çox lazımdır. Qeyd etdim ki, bizim İranla əlaqələrimiz xüsusi xarakter daşıyır. Eyni zamanda biz qarşılıqlı faydalı əməkdaşlıq edərək, bir ölkənin o biri ölkənin daxili işlərinə qarışmasının əleyhinəyik, buna etiraz edirik.

Mən çox məmnunam ki, siz Azərbaycanın ərazi bütövlüyünü tanıyırsınız və buna hörmət edirsiniz. Düzdür, sizdə işğal olunan yerlər yoxdur. Amma bu prinsip çox vacib prinsipdir. Biz də İranın ərazi bütövlüyünü tanıyırıq, vahid İranı tanıyırıq. İstəyirik ki, İran vahid, qüdrətli dövlət kimi inkişaf etsin. İndi hər ölkənin içərisində proseslər var. Biz bu proseslərin əziyyətini çəkirik. Amma istəyirik ki, siz bu əziyyəti çəkməyəsiniz. İran daha da güclənsin, ərazisi bütöv olsun, xalqı bütöv olsun.

Nəhayət, mən çox məmnunam ki, sizdə bir müddət bundan öncə prezident seçkiləri keçirildi. Tam demokratik şəkildə keçirildi. Hətta mən oxudum ki, bəzi Qərb ölkələrinin nümayəndələri də seçkilərin demokratik keçirilməsini qeyd ediblər. Sizi bu münasibətlə təbrik edirəm. Mən ağayi Xatəmiyə təbriklərimi göndərmişəm. Sizin vasitənizlə bir də ona təbriklərimi göndərirəm. Gözləyirəm, siz hökumətinizi nə vaxt quracaqsınız, nə vaxt mümkün olacaq, İrana gəlim. Çünki dəvətimiz var. Mən prezident Xatəmini dəvət etmişəm, prezident Xatəmi məni dəvət edibdir. Bəzi səbəblərdən bunu yerinə yetirə bilməyibdir. Amma indi mən hazıram, necə deyərlər, atımı yəhərləmişəm. Mümkün olan kimi gələcəyəm. Çox sağ olun, təşəkkür edirəm.

Həsən Ruhani: Hörmətli cənab prezident, söylədiyiniz çox dəyərli fikirlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Mən bir çox məsələyə qısaca toxunmaq istərdim. İlk növbədə, İranda keçirilən prezident seçkilərinə belə qiymət verdiyinizə, İran xalqının yüksək fəallıqla cənab Xatəmini özünə prezident seçməsi haqqında gözəl fikirlər söylədiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Siz hər zaman İrana gəlmək istəsəniz, İran xalqı da, prezidenti də Sizi böyük hərarətlə qarşılamağa hazırdırlar. Hər iki ölkənin xalqları onu istəyirlər ki, ölkə başçıları tez-tez gediş-gəliş etsinlər, görüşlər keçirsinlər. Biz də bunu istəyirik.

Cənab prezident, Siz ölkənizin xarici siyasətinin əsas prinsiplərinə toxundunuz. Mən də istərdim ki, İranın xarici siyasətinə dair əsas prinsipləri söyləyim. Birincisi, qarşılıqlı hörmət və ehtiramdır. İkincisi, dostcasına qonşuluq münasibətləridir və bir-birinin daxili işlərinə qarışmamaqdır. Cənab prezident Xatəminin siyasəti qonşu ölkələrlə gərginliyi azaltmaq və münasibətləri genişləndirməkdən ibarətdir. Bu siyasəti bütün İran xalqı dəstəkləyir. Əlbəttə, hər ölkənin xalqı özü üçün bir dövlətçilik forması seçir və onu istəyir. Əsas, mühüm amil ondan ibarətdir ki, hər ölkədə xalq özü istədiyi hər hansı bir yolu seçsin. Hər hansı bir ölkədə xalq ümumi rəylə, ümumi səslə hər hansı yolu seçirsə, biz ona hörmət bəsləyirik.

Cənab prezident, Siz elan etdiniz ki, gənc Azərbaycan Respublikası başqa ölkələrlə geniş münasibətlər qurmaq istəyir. Sözsüz ki, bu, sizin təbii haqqınızdır. Ola bilsin ki, sizin münasibət qurduğunuz ölkələrin bəzisinin bizimlə düşmən münasibəti olsun. Biz heç vaxt belə deyə bilmərik və etiraz etmirik ki, bizimlə düşmən olan ölkələrlə sizin əlaqələriniz olmasın.

Əlbəttə, bizim təvəqqemiz bundan ibarətdir, o ölkələrlə ki, siz münasibət qurursunuz, bu, bizim ölkəmizin təhlükəsizliyinə ziyan vurmasın. Biz də belə hesab edirik ki, hər hansı bir ölkə ilə münasibətlərimizdə gərək elə edək ki, sizin ölkənizə təhlükə törəməsin. Amma mən bunu deməliyəm ki, sizinlə bizim münasibətlərimiz xüsusi münasibət formasıdır. Bu, təbiidir. Ona görə ki, sizinlə bizim aramızda çox böyük ilgilər vardır. Biz belə hesab edirik ki, regionda yerləşən ölkələrin təhlükəsizliyinə onlarla münasib əlaqələr çərçivəsində nail ola bilərik.

Azərbaycanın sabitliyi, təhlükəsizliyi, əmin-amanlığı bizim üçün yaddan çıxmaz, əhəmiyyətli bir amildir. Biz arzu edirik ki, Sizin tədbirli siyasətinizlə, həm-çinin ağayi Xatəminin, onun hökumətinin tədbirli siyasəti ilə yaxın gələcək-də münasibətlərimizdə yeni bir səviyyənin şahidi olaq.

Heydər Əliyev: Təşəkkür edirəm.


"Azərbaycan" qəzeti 21 iyul 2001-ci il.