"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının Milli Məclisinə müraciəti" (Bakı, 30 iyun 1995-ci il) sənədinə tarixi arayış


1991-ci ildə dövlət suverenliyinin bərpasından sonra Azərbaycan Respublikasında demokratik dövlət quruculuğu və sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyatın formalaşdırılması məqsədilə ictimai-siyasi və sosial-iqtisadi sistemin transformasiyası obyektiv zərurətə çevrildi. Bu dövrdən etibarən hökumət qarşısında duran əsas strateji vəzifələrdən biri də xüsusi mülkiyyətə əsaslanan bazar iqtisadi sisteminə sürətli keçidin təmin edilməsi oldu.

Bazar iqtisadiyyatı əsasında inkişaf edən milli iqtisadiyyatın yenidən qurulması Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsini tələb edirdi. Bu məqsədlə 1992-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Dövlət Əmlak Komitəsi yaradılaraq fəaliyyətə başlayıb. 1993-cü ilin yanvarında isə "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında" qanun qəbul edilib. Bazar iqtisadiyyatı prinsipləri əsasında milli iqtisadiyyatın inkişafını təmin etmək isə birinci növbədə dövlət mülkiyyətinin özəlləşdirilməsinin düzgün, ədalətli və pozitiv dünya təcrübəsinin hərtərəfli öyrənilərək tətbiqindən asılı idi və bu kifayət qədər müddət tələb edirdi. 1993-cü ilin payızında Heydər Əliyev Azərbaycanın prezidenti seçildikdən sonra bu proseslərin sürətləndirilməsinə xidmət edən iqtisadi siyasət yeritməyə başladı.

30 iyun 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev ölkədə özəlləşdirmənin həyata keçirilməsi və bu məsuliyyəti prosesin ədalətli aparılmasının təmin edilməsi ilə əlaqədar ölkənin qanunverici orqanı olan Milli Məclisə məktubla müraciət edib. Həmin müraciət "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı"nın təsdiq olunmasını, eyni zamanda, 1993-cü ilin yanvarın 7-də qəbul edilən və qüvvədə olan "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında" qanunvericiliyə müəyyən dəyişikliklər və əlavələr edilməsini nəzərdə tuturdu.

Özəlləşdirmənin nəzəri-qanunverici bazasının hazırlanmasında ciddi nöqsanların olduğunu nəzərə alan Heydər Əliyev 1995-ci ilin yanvarında özəlləşdirmənin aparılması üçün yaradılan dövlət qurumunun (Dövlət Əmlak Komitəsi) rəhbərliyində dəyişikliklər edib və 3 mart 1995-ci ildə dövlət özəlləşdirilməsi haqqında proqramın hazırlanması üçün xüsusi komissiya yaradıb. 4 ay sonra həmin komissiya öz işini yekunlaşdırıb. Qeyd edək ki, bütün bu proseslərin əsası ölkə ictimaiyyətinin nəzərinə çatdırmaq və şəffaflığın təmin edilməsi məqsədi ilə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyilə 1995-ci ilin martında Bakıda keçirilən hökumətin açıq müşavirəsində qoyulub. Burada ictimaiyyətin nümayəndələrinin də fikir və təklifləri nəzərə alınaraq ölkədə 1995-1998-ci illərdə özəlləşdirmənin aparılması üçün sənədin yaradılması xüsusi komissiyaya tapşırılıb. 1995-ci ilin iyununda hazır olan sənəd əvvəlcə Azərbaycan prezidentinə verilib, onu qənaətbəxş hesab edən dövlət başçısı iyunun 30-da təsdiq edilmək üçün Milli Məclisə göndərib. (http://www.azerbaijan.news.az/)

Bu sənəd Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarını əks etdirir. Dövlət Proqramında mülkiyyətin özəlləşdirilməsi sahələri, istiqamətləri, müddəti, mərhələləri və s. öz əksini tapıb. Mərhələlər üzrə özəlləşdirmə bu cür nəzərdə tutulub: birinci mərhələ: 1996-1998-ci illər; ikinci mərhələ: 1998-2000-ci illər; üçüncü mərhələ: 2000-2001-ci illər; 2001-2005-ci illər dördüncü mərhələ. (http://www.azerbaijan.news.az/)

Qeyd edək ki, adı çəkilən sənəd 1995-ci il iyulun 21-də Milli Məclis tərəfindən bəyənilərək qəbul edilib.

Azərbaycan Prezidenti Heydər Əliyev Milli Məclisə ünvanladığı müraciətində yazıb: "İqtisadi böhrandan əsas çıxış yolu dövlət mülkiyyətinin özəlləşdirilməsindədir, ona görə ki, dövlətin iqtisadi sahədə yeganə inhisarçı olduğu şəraitdə heç bir islahatların aparılması mümkün deyildir." 

Özəlləşdirmə prosesinin indiki mərhələsinin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqdır. Uzunmüddətli perspektivdə isə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələri aid etmək olar.

İqtisadi islahatların dərinləşməsində böyük əhəmiyyət kəsb edən özəlləşdirmə prosesi son beş ildə daha məhsuldar olub. Belə ki, 2003-2007-ci illərdə ümumi dəyəri 73,4 milyon manat olan 11,4 min kiçik müəssisə və obyekt, o cümlədən 223 sənaye, 3 kənd təsərrüfatı, 952 ticarət, 487 məişət xidməti, 293 iaşə müəssisəsi, 217 tikinti təşkilatı, 104 yanacaqdoldurma məntəqəsi, 3,5 min nəqliyyat müəssisəsi və nəqliyyat vasitəsi, 107 kommunal təsərrüfatı obyekti və 5,5 min digər obyekt və avadanlıq özəlləşdirilib.(http://www.azerbaijan.news.az/)
 
Bu müddət ərzində ölkədə 700 min yeni iş yeri açılıb və bunlardan 543 mini daimi xarakter daşıyır. Həmin müddət ərzində ölkədə ÜDM-nin sürətli artım tempi qeydə alınıb ki, bu da orta hesabla 25%-dən artıqdır. Bu artım ölkənin idxal-ixracı potensialının genişlənməsinə, əhalinin pul gəlirlərinin artmasına şərait yaradıb. Qeyd edək ki, 2007-ci ildə əhalinin gəlirləri 40,3%, adambaşına düşən gəlirlər 38,6%, əmək haqqı 42% faiz artım. Həmin ildə Azərbaycanda adambaşına 3168,5 manat və ya 3692,4 ABŞ dolları ÜDM istehsal olunub. (http://www.azstat.az/)

Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2008-ci ildən başlayaraq ölkədə minimum əmək haqqının 75 manata (təqribən 95 ABŞ dolları) qaldırılması haqqında sərəncam imzalayıb. Bu da ölkədə son beş il ərzində minimum əmək haqqının 14 dəfə artması deməkdir. Qeyd edək ki, 2003-cü ildə ölkədə minimum əmək haqqı 5,5 manat olub. (http://www.az.apa.az/)

Tarixi arayış 4 sentyabr 2008-ci ildə tərtib edilib.