Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 75 illik yubileyi münasibətilə Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşdə çıxışı - 6 may 1998-ci il


Hörmətli səfirlər, hörmətli xanımlar və cənablar!

Bu gün buraya toplaşıb məni təbrik etdiyinizə görə və mənim haqqımda dediyiniz xoş sözlərə görə sizin hamınıza ürəkdən təşəkkür edirəm. Sizin bu gün, mənim anadan olduğum gün ərəfəsində mənimlə görüşmək arzusunda olmağınız və mənə öz təbriklərinizi çatdırmağınız, ölkələrinizin dövlət və hökumət başçılarının adından təbrik sözləri və məktubları çatdırmağınız mənim üçün çox əzizdir.

Sizin bu təşəbbüsünüzü və bugünkü təbrikləriniz, bugünkü görüşümüzü mən Azərbaycan ilə sizin təmsil etdiyiniz ölkələr və beynəlxalq təşkilatlar arasında artıq yaranmış və çox müsbət istiqamətdə inkişaf edən əlaqələrin gözəl təcəssümü kimi qəbul edirəm. Bir insan, bir dövlət başçısı kimi məni bu gün ən çox sevindirən hal ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlətdir, dünya birliyində özünəməxsus, layiqli yer tutubdur. Azərbaycan dünyanın bütün ölkələri ilə diplomatik əlaqələr yaradıbdır, Azərbaycanda bir çox ölkələrin səfirlikləri, nümayəndəlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri mövcuddur və onlar fəaliyyət göstərir. Bu, Azərbaycanın dövlət müstəqilliyinin ən gözəl ifadəsidir.

Mənim 75 yaşım tamam olur. Bu, insan üçün az yaş deyildir. Həyatım da sizə məlumdur və keçdiyim həyat yolunu da yaxşı bilirsiniz. Mən həyatımın bütün mərhələlərini özüm üçün qiymətli hesab edirəm və hesab edirəm ki, mən həyatım boyu öz xalqıma, doğma vətənimə, doğma Azərbaycana xidmət etməyə çalışmışam.

Ancaq çoxillik həyatımın ən əhəmiyyətli hissəsi, həyat yolumun mənim üçün ən şərəfli hissəsi son illərdir - müstəqil Azərbaycana başçılıq etdiyim illərdir. Mən fəxr edirəm ki, Azərbaycan xalqı, nəhayət, öz milli azadlığına nail olubdur. Fəxr edirəm ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlət olaraq dünya birliyinin üzvüdür. Fəxr edirəm ki, Azərbaycan bir müstəqil dövlət kimi ilk addımlarını atarkən, ilk illərini yaşayarkən, dövlət quruculuğu prosesi ağır və çətin bir şəraitdə keçərkən mən Azərbaycan dövlətinə başçılıq edirəm.

Biz Azərbaycanda dövlətimizin siyasətini, iqtisadi-siyasi sahədə strateji yolunu müəyyən etmişik. Bu yol müəyyən olunub və bütün dünyaya elan edilibdir və biz bu yolla əzmlə gedirik. Bu, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurmaq yoludur. Azərbaycanda iqtisadiyyatda ciddi dəyişikliklər etmək, iqtisadi islahatlar həyata keçirmək və bunların vasitəsilə ölkəmizdə bazar iqtisadiyyatını qurmaq, yaratmaq və inkişaf etdirmək yoludur. Azərbaycanda demokratiyanın tam geniş mənada inkişaf etdirilməsi yoludur. Azərbaycanda insan hüquqlarının qorunması və bütün insan azadlıqlarının təmin olunması yoludur.

Azərbaycan müstəqil dövlət olaraq bir ölkə kimi öz ərazisində yaşayan insanların hamısının milliyyətindən, dilindən, dinindən, rəngindən və siyasi dünyabaxışından asılı olmayaraq eyni hüquqa malik olmasını təmin edir. Bizim yolumuz Azərbaycanın dünya iqtisadiyyatına sıx inteqrasiya edilməsi yoludur. Azərbaycan iqtisadiyyatda açıq qapı siyasəti aparır. Azərbaycana xarici sərmayənin gəlməsi üçün bütün imkanlar və lazımi şərait yaradılmışdır. Nəhayət, bizim yolumuz Azərbaycanda dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyub saxlamaq, onu günü-gündən möhkəmləndirmək, dönməz, sarsılmaz, əbədi etməkdən ibarətdir. Azərbaycan dövlətinin, xalqının bu ali məqsədlərini həyata keçirmək üçün mən son illər fədakarcasına çalışmışam və əmin ola bilərsiniz ki, bundan sonra da çalışacağam.

Mən bəyan etdiyim bu prinsiplərin Azərbaycan üçün faydalı olduğuna inanıram və ümumiyyətlə, Azərbaycanın müstəqil dövlət kimi tutduğu yolu düzgün hesab edir və buna inanıram. Mən bütün işləri inanaraq edirəm. İnanmadığım şeyə qətiyyən qatılmıram. Mən inanıram ki, biz bu ali məqsədlərimizə nail olacağıq. İnanıram ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulacaq və ən yüksək standartlar səviyyəsinə çatacaqdır. Bunun üçün biz dünyanın bütün dövlətləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurub-yaratmaq yolu ilə gedirik və artıq bu sahədə bir çox işlər görülmüşdür.

Biz dünyanın bütün ölkələri ilə mehribanlıq, qarşılıqlı anlaşma və dostluq əlaqələri yaratmaq istəyirik. Bu sahədə də çox nailiyyətlər əldə etmişik. Bizi əhatə edən qonşularımızın hamısı ilə dostluq, əməkdaşlıq və mehribanlıq əlaqələri yaratmaq və məhz bu prinsiplər əsasında əməkdaşlıq etmək istəyirik. Hesab edirəm ki, biz buna da nail oluruq.

Bilirsiniz ki, Ermənistanla Azərbaycan arasında atəşin dayandırılması haqqında imzalanmış sazişin 4 ili iki gündən sonra tamam olur. Mən bu gün bir daha bəyan edirəm ki, biz bu atəşkəs sazişinə, atəşkəs rejiminə bundan sonra da riayət edəcəyik. Ermənistan-Azərbaycan münaqişəsinin yalnız və yalnız sülh yolu ilə həll olunmasına tərəfdarıq.

Müstəqil dövlət kimi Azərbaycan öz missiyasını həyata keçirməkdə, şübhəsiz ki, Azərbaycanda bilavasitə təmsil olunan səfirliklərlə, nümayəndəliklərlə, beynəlxalq təşkilatların nümayəndələri ilə sıx əməkdaşlıq edib və bundan sonra da edəcəkdir.

Hörmətli səfirlər, hörmətli xarici ölkələrin nümayəndələri, hörmətli beynəlxalq təşkilatların nümayəndələri, hörmətli xanımlar və cənablar! İndiyə qədər səmərəli əməkdaşlığınıza görə və Azərbaycan Respublikasına, Azərbaycan dövlətinə, xalqına göstərdiyiniz xoş və mehriban münasibətlərə görə sizə təşəkkür edirəm. Ümidvaram ki, biz bundan sonra da səmərəli əməkdaşlıq edəcəyik. Ona görə də sizin hamınıza gələcək işlərinizdə uğurlar arzulayıram. Sizin təmsil etdiyiniz ölkələrə, dövlətlərə, xalqlarınıza, təşkilatlarınıza öz hörmət və ehtiramımı bildirir və salamlarımı, xoş arzularımı çatdırıram.

Bugünkü görüşə görə bir daha təşəkkür edirəm. Hər birinizə cansağlığı, səadət, xoşbəxtlik arzulayıram. Çox sağ olun.

"Azərbaycan" qəzeti, 10 may 1998-ci il

Tarixi arayış