Suraxanı neft yatağının sənaye üsulu ilə istismarına başlanmasının 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 26 avqust 1994-cü il


Əziz neftçilər, bacılar, qardaşlar!

Hörmətli suraxanılılar!

Suraxanı neft yatağının sənaye üsulu ilə istismarının 90 illik yubileyi münasibətilə sizi, sizin simanızda bütün suraxanılıları, bütün Azərbaycan neftçilərini səmimi qəlbdən təbrik edirəm. Azərbaycan neftçilərinə gələcək işlərində uğurlar, həyatda səadət, xoşbəxtlik arzu edirəm.

90 il bundan əvvəl Azərbaycanın bu müqəddəs torpağında - Suraxanıda, əsrlərdən-əsrlərə Odlar diyarı adlanan və əsrlər boyu bu odları müqəddəs hesab edərək ona itaət olunan bir yerdə ilk dəfə neft fontan vurdu. O gündən indiyədək Suraxanının neft yataqları sənaye üsulu ilə istismar olunur. Suraxanı neft yataqlarının istismarı bu 90 il müddətində xalqımıza, respublikamıza, müstəqil Azərbaycan dövlətinə böyük fayda vermişdir. Azərbaycan sənayesinin, bütün iqtisadiyyatının və sosial həyatının inkişafında Suraxanı neftçilərinin böyük payı, rolu var. Bu bayram günü mən Suraxanı neftçilərinin nəsillərinə və bu gün Suraxanı torpağında yanacaq çıxaran neftçilərə minnətdarlığımı, hörmətimi və məhəbbətimi bildirirəm.

Azərbaycan neft diyarıdır. Azərbaycanın - Bakının, Abşeronun nefti respublikamıza böyük şan-şöhrət gətirmiş, onu bütün dünyada məşhurlaşdırmış, xalqımızın adını yüksəklərə qaldırmışdır. Bu tarixi salnamədə Suraxanı neftçilərinin xüsusi yeri var. Bu gün burada məndən qabaq çıxış edənlər Suraxanı neft yataqlarının istismarı müddətində - 90 il ərzində burada görülən işlər haqqında və xüsusən neft sənayesinin, neftçıxarma, qazçıxarma və neft maşınqayırma sənayesinin inkişafında Suraxanının rolu və yeri haqqında danışdılar. Doğrudan da çox təqdirəlayiq bir tarixdir. Doğrudan da Suraxanı neftçiləri və bütün suraxanılılar Azərbaycanın tarixində özünəməxsus yer tutmuşlar.

Bəli, neft sənayesi, dediyim kimi, Azərbaycanın həyatında böyük rol oynamış, bu gün də böyük rol oynayır. Neftçilərimiz Bakıda həm quruda, həm də dənizdə, respublikamızın başqa məntəqələrində neftçıxarma, neft emalı ilə məşğul olaraq keçmiş Rusiyanın, ondan sonra Sovetlər İttifaqının neft sənayesinin inkişaf etməsinə böyük kömək göstərmişlər. Məlumdur ki, əsrimizin əvvəlində keçmiş Rusiyada ancaq Azərbaycanda, Bakıda neft çıxarılırdı və o, nəinki Rusiyanı, hətta Qərb ölkələrini də, Şərq ölkələrini də təmin edirdi.

Sovet hakimiyyəti yaranandan sonra və Azərbaycan Sovet İttifaqının tərkibində olduğu zaman Azərbaycan neftçiləri bu böyük dövlətin sənayesinin və bütün iqtisadiyyatının inkişafında böyük rol oynamışlar. Azərbaycan neftçiləri Sovet İttifaqının bütün məntəqələrindəki neft yataqlarının həm kəşfində, açılmasında, həm də istismar olunmasında böyük xidmətlər göstərmişlər. Heç də təsadüfi deyil ki, uzun bir tarixi dövrdə Bakı bütün dünyada neft mərkəzi kimi tanınır, Sovetlər İttifaqının, Rusiyanın başqa məntəqələrində açılmış neft yataqları da "ikinci Bakı", "üçüncü Bakı", "dördüncü Bakı" adlandırılırdı. O uzaq ellərdə, diyarlarda indiyə qədər də bizim həmvətənlərimiz - azərbaycanlılar, neftçilərimiz fəaliyyət göstərirlər və xalqımızın şan-şöhrətini bu gün də yüksəklərə qaldırırlar.

45 il bundan öncə, 1949-cu ilin sonunda - noyabr ayında həm Azərbaycan neftinin tarixində, həm də, tam qətiyyətlə demək olar ki, dünya neft sənayesinin tarixində ilk dəfə Azərbaycan neftçiləri dənizdən yanacaq çıxarmağa başlamışlar, neft fontan vurmuşdur. O vaxtdan indiyə qədər - 45 il müddətində Azərbaycanın Xəzər sahəsində neftçıxarma çox geniş yayılmış və bu təcrübə Azərbaycanın dəniz neftçilərini dünya miqyasında tanıtmış, onlar nəinki keçmiş Sovetlər İttifaqını əhatə edən dənizlərdə, uzaq ölkələrdəki dənizlərdə də neftçıxarma ilə məşğul olaraq orada öz təcrübələrini tətbiq etmişlər. Bunlar hamısı Azərbaycan neft sənayesinin, neftçilərimizin böyük, qəhrəmanlıq tarixinin nümunələridir. Xalqımız neftçilərimizə, Azərbaycanın neft mütəxəssislərinə, ustalarına bu xidmətlərinə görə daim minnətdar olacaqdır.

Biz Azərbaycan neftçilərinin əmək fəaliyyəti, qəhrəmanlığı ilə, ağlı, zəkası, iş təcrübəsi, fədakarlığı ilə həmişə fəxr etmişik və müstəqil Azərbaycanın prezidenti kimi mən də Azərbaycan neftçilərinin həm tarixi keçmişi, həm də bugünkü fədakar, qəhrəman əməyi ilə fəxr edirəm.

Azərbaycan neftçiləri bu gün ağır şəraitdə işləyirlər. Keçmişdə olduğu kimi, neft sənayesi bu gün də iqtisadiyyatımızın əsas hissəsidir. Əgər əsrin əvvəlində Azərbaycanda neft sənayesi ilə bağlı yalnız xırda bir maşınqayırma emalatxanası var idisə, indi respublikamız böyük sənaye potensialına malikdir. Azərbaycanda neft əsasında, neft emalı, qaz əsasında kimya sənayesi geniş inkişaf edib və böyük bir kompleks təşkil edir. Neft maşınqayırma sənayesi genişlənib. Bizim çox böyük, nəhəng zavodlarımız var. Bu zavodlar nəinki Azərbaycanın, hətta keçmiş Sovetlər İttifaqının neft-mədən avadanlığına tələbatının 70 faizini təmin etmiş zavodlardır.

Azərbaycanda, sənayenin başqa sahələri xüsusən maşınqayırma, elektrotexnika, radiotexnika, cihazqayırma, elektronika, metallurgiya və digər sahələri də inkişaf edib. Böyük potensialı olan, Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı, emal sənayesi, yüngül sənaye də çox inkişaf edib. Azərbaycanın bugünkü sənaye mənzərəsi çox genişdir, sənaye potensialı çox böyükdür, sənaye sahəsində çalışan alimlərimiz, mühəndislərimiz, mütəxəssislərimiz çox böyük elmi-texniki, intellektual potensial təşkil edir. Biz bunlarla fəxr edirik. Bütün bunlar Azərbaycanın müstəqilliyini möhkəmləndirmək üçün və ölkəmizin bundan sonra daim müstəqil yaşaması üçün böyük əsasdır. Bu bizim milli sərvətimizdir və daim milli sərvətimiz olacaqdır.

Ancaq bu böyük sənaye potensialı içərisində neft sənayesi həmişə görkəmli yer tutmuş və bu gün də görkəmli yer tutur. Azərbaycanda 150 ildən artıqdır ki, sənaye üsulu ilə neft çıxarılır. Lakin Azərbaycan torpağının təkində neft ehtiyatları çox böyükdür - həm quruda, həm dənizdə. Azərbaycanın gələcək nəsilləri də neft sənayesinin inkişafını təmin etməlidir və neft-qazçıxarma sənayesi Azərbaycana daim xidmət edəcəkdir. Bir daha qeyd edirəm ki, müstəqil Azərbaycanın müstəqilliyinin təmin olunmasında, inkişaf etdirilməsində neft sənayesi mühüm yer tutur və gələcəkdə də geniş yer tutacaqdır.

Məlumdur ki, son 5-6 ildə, bəlkə də ondan da əvvəl sənayemizdə inkişaf dayanmışdır. Bəzi proseslər nəticəsində sənayedə, bütün iqtisadiyyatda dağıdıcılıq hərəkətləri neft-qazçıxarma sənayesini də ağır vəziyyətə salmışdır. Bunlar hamısı məlumdur və müvəqqəti xarakter daşıyır. Güman edirəm ki, Azərbaycan neftçiləri, neft sahəsində çalışan alimlər, mühəndislər, texniklər, fəhlələr sahənin bu vəziyyətdən çıxması üçün lazımi tədbirlər görəcəklər. Şübhəsiz ki, biz də bununla ciddi məşğul oluruq və birgə fəaliyyətimiz nəticəsində vəziyyət yaxşılaşacaqdır.

Bildiyiniz kimi, keçmişdə Azərbaycanın neft sənayesi SSRİ neft sənayesinin tərkibində idi. Bəzilərinin yəqin, xəbəri var və siz də bilməlisiniz: son otuz ildə Azərbaycanın qurudakı neft mədənləri Ümumittifaq neft sənayesinin tərkibində dotasiya ilə işləmişdir. Yəni Azərbaycanda quruda neft çıxarmaq üçün o qədər texnika, işçi qüvvəsi tələb olunur ki, çıxarılan neftdən götürülən gəlir sahəyə çəkilən xərcləri ödəmirdi. Elə indi də belədir. Dənizdən çıxarılan neft isə, əksinə, mənfəət vermişdir. Lakin o zaman biz böyük bir dövlətə daxil idik. Neft sənayesi həm texnika ilə, həm də lazım olan bütün başqa şeylərlə təmin edilirdi. Ona görə də bu ağırlıq hiss olunmurdu. Neftçilər həmişəki kimi yaxşı işləyirdilər, neft hasilatının az və ya çoxluğundan asılı olmayaraq, maddi cəhətdən yaxşı təmin edilirdilər.

Bilirsiniz ki, Suraxanıda dərinlik nasosları buraxan zavod var. Bu müəssisə çoxdan yaranmışdır. Yəqin xatirinizdədir ki, 70-ci illərdə həmin zavodun yenidən qurulması və genişləndirilməsi üçün nə qədər vəsait ayrılmışdı. Həmin illərdə Bakının başqa rayonlarındakı neft maşınqayırma zavodlarının da hamısı, tamamilə yenidən quruldu. O zaman bütün bu işlər İttifaq büdcəsindən ayrılan vəsait hesabına görülürdü.

Yaxud neft emalı zavodlarımızı götürək. Siz bilirsiniz, lakin xatirinizə salıram ki, Bakının neftayırma zavodlarında əsrin əvvəlindən qalan qurğular işləyirdi. Köhnəlmiş avadanlıq böyük itkiyə səbəb olur, həm də alınan neft məhsullarının keyfiyyətini aşağı salırdı, eyni zamanda həmin zavodlarda çalışan mütəxəssislərin, fəhlələrin işini ağırlaşdırırdı. O vaxtlar biz İttifaq büdcəsindən külli miqdarda vəsait alaraq neftayırma zavodlarını yenidən qurduq. Köhnə avadanlıq tamamilə söküldü, əvəzində hər birinin illik istehsal gücü 8 milyon ton olan ELOU-AVT-6 qurğuları quraşdırıldı. Yüksək keyfiyyətli neft məhsulları istehsal etmək üçün xaricdən 40 milyon dollara riforminq qurğusu alındı.

Dənizin dərin yerlərindən neft çıxarmaq üçün böyük platformalar - "Şelf-1","Şelf-2","Şelf-3" alınıb gətirildi. Ən nəhayət, dərin dəniz özülləri zavodu tikildi. O zaman mən çox çalışaraq həmin zavodun Bakıda tikilməsinə nail ola bilmişdim. Bu zavodun tikintisi üçün ittifaq fondundan 400 milyon ABŞ dolları miqdarında vəsait xərclənmişdir. Hazırda həmin zavod müəyyən qədər yenidən qurulmalıdır. Lakin indi o, müstəqil, Azərbaycanın müəssisəsidir və təkcə Azərbaycanın sahil sularında deyil, Xəzərin başqa dövlətlərə aid sahələrində də neft çıxarmaqdan ötrü platformalar hazırlaya bilən mühüm sənaye obyektidir. Bütün bunları xatırlatmaqla demək istəyirəm ki, o zaman çıxarılan neftdən İttifaq miqyasında birlikdə istifadə etsək də, neft sənayesi üçün lazım olan vəsait heç bir problemsiz ümumi büdcədən ayrılırdı.

Təəssüf ki, son 5-6 ildə kapital qoyuluşu azalmış, əsas fondlar köhnəlmiş, təmir üçün vəsait olmamışdır. Bu səbəbdən də neft sənayesində böyük çətinliklər yaranmışdır.

İndi Azərbaycan müstəqil dövlətdir. Ona görə də heç vaxt nisgillənməməli və həsrətini çəkməməliyik ki, bu sadaladıqlarımı o zaman İttifaq büdcəsindən ala bilirdik, indi isə belə imkan yoxdur. Xeyr, müstəqilliyimiz, mili azadlığımız bizim üçün hər şeydən qiymətli, hər şeydən üstündür. Bir müstəqil dövlət kimi Azərbaycan öz taleyinin, yeraltı və yerüstü sərvətlərinin sahibidir. Neft-qaz yataqları Azərbaycan xalqının böyük sərvətidir və həm bu gün, həm də uzun bir tarixi dövrdə ona xidmət edəcəkdir.

İndiki keçid dövrünün çətinlikləri heç kimi qorxutmamalıdır. İstiqlaliyyət qazandığımız, müstəqil dövləti inkişaf etdirdiyimiz dövrdə üzləşdiyimiz bu çətinliklər təbiidir və bunlara dözməliyik. Biz bu çətinlikləri aradan qaldıracağıq və Azərbaycanın ümumi iqtisadi potensialı, xüsusən neft sənayesi sahəsindəki potensialı özünü göstərəcək və Azərbaycan xalqının yaşayışına yüksək səviyyədə xidmət edəcəkdir.

Ona görə də indi ümumən Azərbaycanın, o cümlədən neftçilərin sosial-iqtisadi vəziyyətində yaranmış çətinlikləri təbii qəbul etmək və bunlara dözmək lazımdır. Əmin ola bilərsiniz ki, bu çətinliklər müvəqqətidir və Azərbaycan xalqı, neftçilər yaxşı yaşayışa nail ola biləcəklər.

Bir də bilməlisiniz ki, Azərbaycan müharibə şəraitindədir. Müharibəni Azərbaycan başlamamışdır. Azərbaycanın torpaqlarına, onun suverenliyinə, ərazi bütövlüyünə Ermənistan təcavüz etmişdir. Beləliklə də, Azərbaycan müharibəyə cəlb olunmuşdur. Təəssüflər olsun ki, altı il davam edən müharibədə, müəyyən obyektiv və subyektiv səbəblərə görə, torpaqlarımızın bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyondan artıq həmvətənimiz qaçqın vəziyyətinə düşmüşdür. Şübhəsiz ki, bu, Azərbaycanın sosial-iqtisadi vəziyyətinə ağır zərbə vurur. Ona görə də sənayemizdə görüləcək işlərin də bir çoxunu vaxtında həyata keçirmək mümkün olmur, yaxud da sənaye istehsalında əldə edilən vəsaitin bir hissəsi onun inkişafına deyil, respublikanın müdafiəsinə yönəldilir. Bu da təbiidir. Biz Azərbaycanın müstəqilliyini, torpaqlarımızı qorumalı, respublikamızın ərazi bütövlüyünə nail olmalıyıq. Ona görə də müharibənin əzab-əziyyətinə dözməliyik.

Müharibədə bütün Azərbaycan xalqının nümayəndələri, o cümlədən neftçilər fədakarlıqla iştirak edirlər. Neftçilər də şəhidlər vermişlər, onların nümayəndələri arasında da Milli Qəhrəman adına layiq görülənlər var. Neftçilər həm ön cəbhədə, həm də arxa cəbhədə ilk sırada gedirlər. Mən bu gün bütün şəhidlərin, o cümlədən Azərbaycanın torpaqlarını müdafiə edərkən canlarından keçmiş neftçilərin xatirəsini yad edirəm. Şəhidlərin qəhrəmanlığı qəlbimizdə yaşayacaqdır.

Azərbaycan neftçiləri torpaqlarımızın müdafiəsində fəal iştirak edirlər. Milli Ordumuzun hərbi texnikası sizin çıxardığınız neftdən alınan yanacaqla işləyir. Şübhəsiz ki, müharibə böyük çətinliklər yaratmışdır. Burada çıxış edənlər dedilər - 1941-45-ci illər müharibəsi zamanı bütün Azərbaycan xalqı kimi, neftçilərimiz də gecə-gündüz çalışırdılar ki, Vətənin müdafiəsini təmin etsinlər. Faşizm üzərində qələbədə Azərbaycan neftçilərinin əvəzsiz rolu var. O zaman - müharibə dövründə Sovet İttifaqında neft hasilatının 70 faizini Bakı, Azərbaycan neftçiləri verirdi. Qocaman neftçilərin xatirindədir, o vaxt Azərbaycan neftçiləri necə məhrumiyyətlərə dözərək yanacaq çıxarırdılar. Faşist ordusunun Şimali Qafqaza qədər gəlib çıxdığı və dəmir yol xəttinin kəsildiyi bir vaxtda Azərbaycan neftçiləri Xəzər dənizçiləri ilə birlikdə Şimala neft göndərərək cəbhəni yanacaqla təmin edirdilər. O dövrdə vəziyyət indikindən min dəfə çətin idi, camaat yarıac yaşayırdı, adi tələbatlar ödənilmirdi. Ancaq neft quyuları dayanmır, neftçilər işləyirdilər. O vaxt neftçilər böyük sınaqdan keçdilər. O dövr Azərbaycan neftçilərinin tarixində böyük qəhrəmanlıq dövrüdür.

İndi isə biz Vətənimizi, müstəqil Azərbaycanımızı müdafiə edirik. Torpaqlarımızı müdafiə etmək üçün apardığımız müharibə bizdən ötrü daha müqəddəs müharibədir. Ona görə də bu müharibəni aparmaq üçün, Vətənimizi qorumaq, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün Azərbaycanın hər bir namuslu, qeyrətli vətəndaşı öz köməyini əsirgəməməlidir. Cəbhədə vuruşanlar Azərbaycan torpaqlarının keşiyində durmalı, arxa cəbhədəkilər isə neft, qaz çıxarmalı, başqa məhsullar istehsal etməlidirlər ki, Azərbaycan yaşasın, onun ordusu ölkəmizi müdafiə edə bilsin.

Azərbaycanın iqtisadi və sosial həyatında yaranmış çətinliklər, o cümlədən neftçilərin həyatındakı çətinliklər bütün bu amillərlə bağlıdır. Mən istərdim ki, siz bunları nəzərə alasınız və daha yaxşı çalışasınız ki, həm torpaqlarımızı azad edə bilək, müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edə bilək, həm də iqtisadiyyatımızın inkişafına nail olaq. Bundan ötrü imkanlar var, bizim potensialımız böyükdür və ondan istifadə etməliyik.

Biz bu çətinliklərin hamısına dözməliyik. Neft sənayesindəki çətinliklər məlumdur. Əmək haqqının vaxtında verilməməsi, kapital qoyuluşunun azalması, bəzi sahələrdə təmir işlərinin aparılmaması kimi çətinliklər var. Mən bu işlərlə şəxsən məşğul oluram, gələcəkdə də məşğul olacağıq. Mən müvafiq tapşırıqlar vermişəm ki, yaxın bir müddətdə neft sənayesində mənfəətdən vergi tutulmasın və bunun hesabına sahənin maliyyə vəziyyəti bir qədər yaxşılaşdırılsın. Maliyyə sahəsində başqa tədbirlər də görülür və bundan sonra da görüləcəkdir, maddi kömək də edilir. Ancaq bilməlisiniz ki, çətinliklər ümumi çətinliklərdir və bunların hamısına dözməliyik. Mən də sizinlə birlikdə bu çətinliyə dözür və sizinlə bir yerdə bu vəziyyətdən çıxmaq üçün tədbirlər görürəm.

1941-45-ci illər müharibəsini təsadüfən yada salmadım. O dövrdə yaşamış, həmin günləri görmüş adamlar onun necə çətin bir vaxt olduğunu bilirlər. Amma xalqımız o günləri keçib getdi və ondan sonra yaşayış çox yaxşılaşdı. İndiki çətinlikləri də aradan qaldıracağıq.

Bildiyiniz kimi, Bakıya gəlməzdən əvvəl son üç ildə mən Naxçıvanda yaşayırdım. Ermənistan ərazisi ilə əhatə olunan Naxçıvan Azərbaycanın digər ərazilərindən ayrı düşmüşdür. Muxtar respublika üç-dörd ildir ki, blokada şəraitində yaşayır. Azərbaycandan oraya gedən elektrik xətti, qaz kəməri, dəmir yolu xətti Ermənistan ərazisindən keçdiyinə görə kəsilmişdir. Bu vəziyyət indi də davam edir. Deməli, kiçik bir ərazi xeyli vaxtdır ki, ağır vəziyyətdə yaşayır.

Naxçıvanın çox sərt iqlimi var, qışda güclü şaxta olur. Sərt qış günlərini mən orada əhali ilə bir yerdə keçirdim. Bəzən aylarla elektrik işığı olmur və biz lampa işığında işləyirdik. Yanacaq olmadığına görə evlər qızdırılmırdı. Uşaqların şaxtadan donmaması üçün ağacları kəsib yandırırdılar. Belə ağır vəziyyətdə mən xalqla bir yerdə idim və adamlara dəfələrlə dedim: biz bir yerdə yaşayacaq, birlikdə vuruşacaq və bu vəziyyətdən birlikdə çıxacağıq. Donsaq da, ölsək də bir yerdə donacaq, öləcəyik. Ancaq nə qədər ağır olsa da biz buna dözəcək və çətin vəziyyətdən çıxacağıq. Belə də oldu. Bu gün sizə də deyirəm, Azərbaycan prezidenti kimi həm neftçilərə, həm də bütün xalqa müraciət edərək deyirəm ki, bu çətinliklərin səbəbləri məlumdur, lazımi tədbirlər görülür. Ancaq prezident kimi mən sizinlə bir yerdəyəm, sizə güvənirəm, arxalanıram. Əmin ola bilərsiniz ki, bu çətinlikləri aradan qaldırmaq üçün mümkün olan bütün tədbirləri görürəm və bundan sonra da görəcəyəm. Hər bir çətinliyə sizinlə birlikdə dözmüşəm və dözəcəyəm, birlikdə yaşayacaq, bu çətinlikləri birlikdə aradan qaldıracaq, müstəqil Azərbaycan Respublikasının inkişafını təmin edəcəyik.

Neft sənayesinin inkişafını təmin etmək üçün xarici neft şirkətləri ilə danışıqlar aparırıq. Sizə məlumdur ki, bu danışıqlar 1990-cı ildən başlanmışdır. Ötən müddətdə danışıqlar prosesində cürbəcür mərhələlər olmuşdur, bir neçə layihə meydana gəlmişdir. Bildiyiniz kimi, 1993-cü ilin iyununda Azərbaycan ağır vəziyyətə düşmüşdü. Artıq vətəndaş müharibəsi başlanmış, qardaş qanı tökülmüşdü. Xalq, Azərbaycanın mötəbər nümayəndələri məni dəfələrlə Bakıya dəvət etdilər. Düzü, mən o zaman gəlmək istəmirdim, çünki bunun müəyyən səbəbləri var idi. Ancaq Azərbaycanı belə ağır vəziyyətdə gördüyüm halda və nəzərə alaraq ki, vətəndaş müharibəsi başlanmışdır, Azərbaycan parçalanır və ola bilsin ki, tamamilə parçalana bilərdi, - mən şübhəsiz ki, bu vəziyyətə biganə qala bilmədim və dəvətləri qəbul edərək Bakıya gəldim. O vaxtdan xalqın etimadı ilə Azərbaycana rəhbərlik edirəm. Mənim keçmişdə Azərbaycana 14 il rəhbərlik etdiyim məlumdur. Azərbaycanın qarşısında alnım açıq, üzüm ağdır, xidmətlərim də göz qabağındadır. Ancaq məni yenidən buraya gəlməyə xalqın düşdüyü ağır vəziyyət vadar etdi. Mənim bir məqsədim var: xalqı bu vəziyyətdən çıxarmaq. Bundan ötrü həyatımı da qurban verməyə hazıram. Son nəfəsimədək çalışacağam ki, Azərbaycanı bu vəziyyətdən çıxaram.

Bayaq dedim ki, Bakıya gəldikdən sonra bir çox məsələ ilə yanaşı, Qərbin neft şirkətləri ilə aparılan danışıqlarla da maraqlandım. Məlum oldu ki, hazırlanmış layihələr Azərbaycanın mənafeyinə müəyyən qədər zərər vurur. Ona görə də mən bu danışıqları dayandırdım. Sizə deyim ki, bunun özü də çox böyük cəsarət tələb edirdi. Çünki Qərb şirkətləri üç il idi ki, Azərbaycanda fəaliyyət göstərirdilər. Danışıqlar aparılmış, layihələr hazırlanmışdı. Mən danışıqları dayandırarkən mötəbər dairələrin bir çoxundan narazılıq eşitdim. Lakin bunların cavabında dedim: Azərbaycanın neft yataqları xalqımızın ən böyük milli sərvətidir və ondan bu gün də, gələcəkdə də çox ehtiyatla istifadə etmək lazımdır. Düşünmək lazımdır ki, bizim sərvətlərimiz təkcə bugünkü nəsillər üçün deyil, nəvə-nəticələrimiz, gələcək nəsillərimiz üçün də gərəkdir. Ona görə də bu məsələyə səthi yanaşmaq olmaz.

Buna görə də mən məsuliyyəti öz üzərimə götürərək danışıqları, müqavilələrin bağlanmasını dayandırdım. Neft sahəsində çalışan alimləri, mühəndisləri, bir sözlə mütəxəssisləri cəlb etdim - qoy bir daha götür-qoy etsinlər ki, biz hansı şərtlərlə neft müqavilələrinin bağlanmasına gedə bilərik. Şərtlər elə olmalıdır ki, bu gün də on il, iyirmi, otuz, qırx il sonra da Azərbaycanın mənafeyinə zərər gətirməsin. Neft yataqlarından birgə istifadə haqqında hər hansı xarici şirkətlə müqavilə bağlanırsa, şübhəsiz ki, tərəflərin ikisi də bundan mənfəət götürməlidir. Bunsuz heç bir xarici şirkət buraya gəlməz. Rusiya nəhəng bir dövlət olmasına baxmayaraq, o da neft yataqlarının birgə istismarı barədə xarici şirkətlərlə müqavilə bağlamışdır.

Lakin bağlayacağımız müqavilənin şərtləri necə olacaq, yəni Azərbaycan tərəfi nə qədər mənfəət götürəcək, xarici şirkətlərin payı nə qədər olacaq? Azərbaycan bu sərvətin sahibidir və ona görə də müqavilədə maksimum mənfəətini təmin etməlidir. Alimlərimizə, mütəxəssislərimizə də göstəriş vermişdim ki, bax, bu prinsip əsasında işləsinlər. Əlbəttə, bu məsələni müəyyən qədər ləngitdik. Ola bilər, bundan da çox ləngisin, ancaq gərək elə qərar qəbul edilsin ki, həm bu gün, həm də gələcəkdə Azərbaycanın milli mənafeyini təmin etsin. Elə müqavilə ola bilər ki, o beş-altı il üçün sərfəli olsun, lakin beş, on, bəs, iyirmi il bundan sonra üçün necə? Bunu düşünmək lazımdır. Mən heç vaxt yalnız bu günü düşünərək yaşayıb işləməmişəm. 70-ci illərdə o işləri görəndə də mən bu günü düşünürdüm.

Məsələn, Bakının yaşıllaşdırılmasını götürək. O zaman mən belə bir təklif irəli sürmüşdüm: hər bir bakılı iki ağac əkib becərməlidir. Yadınızdadırsa, o vaxtlar Suraxanı rayonunun ərazisində də iməciliklər keçirilirdi. Ağac əkir, yaşıllıqları suvarırdılar. Mən də gəlirdim. İndi həmin ağaclar necə də boy atmışdır! Bu, bizim sərvətimizdir. İndi isə mənə məlumat veriblər ki, Bakının bəzi yerlərində ağacları kəsir, ev, müxtəlif tikililər inşa edirlər. Bakıda, Abşeron şəraitində ağac kəsmək cinayətdir. Sizə məlumdur ki, əsrin əvvəlində Bakıdakı ağacları az qala barmaqla saymaq olardı. Çox böyük zəhmət bahasına Bakıda yaşıllıqlar yaradılmışdır. Əgər zərurət üzündən kim isə bir ağacı kəsirsə, əvəzində gərək onunu əksin.

Bu, bir misaldır və belə misalları çox sadalamaq olar. Demək istəyirəm ki, mən o vaxt da bu günü düşünmüşəm. Bu gün də gələcəyi düşünürəm.

Bax, bu prinsipləri əsas tutaraq mən neft müqavilələrinin çox dərindən təhlil olunmasını təşkil etdim və indi danışıqlar gedir. Danışıqlar qurtardıqdan sonra, əgər nümayəndələrimiz bizim üçün yararlı layihə təqdim edə bilsələr, onu da bütün neftçilərin müzakirəsinə verəcək, ölçüb-biçdikdən sonra həmin layihənin həyata keçirilməsinə qərar verəcəyik.

Şübhə yoxdur ki, həm quruda, həm də dənizdə neftçıxarmanı inkişaf etdirmək üçün biz güclü, yüksək texnika və texnologiyaya malik olan xarici neft şirkətlərinin imkanlarından istifadə etməliyik. Başqa yolumuz yoxdur. Yenə də deyirəm, əgər Azərbaycanın mənafeyini təmin edən sazişə nail ola bilsək, ölkəmizin neft sənayesi çox güclü inkişaf edəcək, neftçilərin yaşayışı yaxşılaşacaq, bütünlüklə Azərbaycanın sənaye potensialı artacaqdır. Bir sözlə, bu, Azərbaycanın bütün iqtisadiyyatına çox böyük müsbət təsir göstərəcəkdir. Ona görə də biz bu məsələlərlə məşğul oluruq və fürsətdən istifadə edərək bu barədə sizə məlumat verirəm.

Bildiyiniz kimi, dənizdə neftin çox hissəsi "Günəşli" yatağından çıxarılır. Lakin indi orada hasilat azalmışdır. Yaxud başqa bir misal, 1982-ci ilin sonunda mən Azərbaycandan gedəndə respublikada hər il 15 milyon ton neft, 15 milyard kubmetr qaz çıxarılırdı. Amma indi cəmi 6 milyard kubmetr qaz çıxarılır. Biz özümüzü qazla təmin edə bilmir, Türkmənistandan mavi yanacaq alırıq. Bundan ötrü isə valyuta verməliyik. Bəs onu haradan alaq? Neft hasilatı sahəsində imkanlarımız çoxdur. Lakin ildə 10 milyon ton neft çıxarılır, bu il hasilat ondan da az olacaqdır. Belə vəziyyətdə sənayemizi necə təmin edə bilərik, valyutanı necə qazanarıq? Ona görə də xarici şirkətlərlə birgə işləməliyik. Lakin elə olmalıdır ki, başlıca sərvətimizdən istifadə edilməsinin bu günü də, gələcəyi də ölkəmizin milli mənafeyinə uyğun olsun. Mən sizi arxayın etmək istəyirəm, rahat ola bilərsiniz, - biz bu işdə səhvə yol verməyəcəyik. Əgər bu müqavilələrin başlanmasına nail olsaq, Azərbaycan neft sənayesinin yeni inkişaf dövrü başlanacaqdır. Mən buna əminəm.

Güman edirəm ki, bu sahədə və başqa sahələrdə görülən işlər yaxın vaxtlarda öz nəticəsini verəcəkdir. Ancaq bu mövzuya yekun vuraraq bir daha demək istəyirəm ki, neft sənayesindəki çətinliklər bizə məlumdur, prezident kimi mən tədbirlər görürəm və bundan sonra da görəcəyəm. Neftçilərdən isə dözümlü olmağı, daha fədakarlıqla işləməyi xahiş edirəm.

Bu gün həzrəti Məhəmməd peyğəmbərin mövludu günüdür. Saat 12-də mən Təzəpir məscidində olmuş, bu bayram münasibətilə çıxış etmişəm. İndi isə sizinlə birlikdə buraya, neftçilərin bayramına gəlmişəm. Orada da demişəm, sizin qarşınızda da deyirəm - çünki siz və sizin simanızda neftçilər Azərbaycanın həyatında həmişə çox böyük rol oynamısınız və bundan sonra da oynayacaqsınız - indi əsas məqsədimiz Azərbaycanı müharibə vəziyyətindən qurtarmaqdır. Bunun üçün isə, şübhəsiz ki, ordumuzu, müdafiə qüdrətimizi möhkəmləndirməliyik.

Bu işləri görürük, bunu bilməlisiniz. Eyni zamanda biz sülh danışıqları aparırıq. Ermənistanla Azərbaycan arasında altı ildən artıq gedən bu müharibə ilə məşğul olan beynəlxalq təşkilatlar da sülh danışıqlarının aparılmasını yüksək qiymətləndirirlər. Hər bir müharibənin sonu olmalıdır. Müharibənin sonu isə sülhdür. Amma sülh ədalətli olmalıdır. Bizim üçün sülh o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalı, respublikamızın suverenliyi, sərhədlərinin toxunulmazlığı təmin olunmalıdır. Biz bu şərtlərlə sülh danışıqları aparırıq.

Üç ay yarımdır ki, atəşkəsə nail olmuşuq. Onu da deyim ki, altı il davam edən müharibə dövründə belə uzunmüddətli atəşkəs olmamışdır. Ermənistan tərəfi də, biz də bu barədə əldə olunmuş sazişə əməl edirik. Mən öz tərəfimizdən deyirəm ki, biz bundan sonra da atəşkəsə əməl edəcəyik. Qarşı tərəfdən də bunu tələb edirəm.

Sülh danışqıları beynəlxalq təşkilatların - BMT Təhlükəsizlik Şurasının, ATƏM-in və onun Minsk qrupunun vasitəçiliyi ilə gedir. Bu işdə böyük dövlətlər, xüsusilə Rusiya çox böyük vasitəçilik fəaliyyəti göstərir. Eyni zamanda Amerika Birləşmiş Ştatları vasitəçilik edir. ATƏM-ə Avropanın 50 dövləti daxildir. Bu təşkilatın Minsk qrupunda onun üzvü olan doqquz dövlət iştirak edir. Həmin dövlətlər regionumuzda müharibənin qurtarmasına, sülhün tam bərqərar olmasına çalışırlar.

Mən vaxtımın, bəlkə də çox hissəsini sülh danışıqları məsələsinə həsr edirəm. Minsk qrupunun sədri Yan Eliasson srağagün Bakıda idi. Mən onunla dörd saat söhbət etmişəm. Sonra o, Ermənistana getmiş və bu gün yenidən Bakıya qayıtmışdır. Bu gün yenə onunla görüşməliyəm. Biz bu sahədə danışıqları davam etdirəcəyik. Əgər Ermənistan tərəfi də bizim şərtləri qəbul etsə və beynəlxalq təşkilatlar həmin şərtlərin həyata keçirilməsini təmin edə bilsə, biz sülh yoluna daha çox üstünlük veririk.

Eyni zamanda biz müdafiə qüvvələrimizi möhkəmləndiririk və torpağımızı müdafiə etməyə hər dəqiqə hazır olmalıyıq. Ona görə də orduda xidmət etmək, orduya kömək göstərmək hər bir vətəndaşımız, o cümlədən neftçilər üçün şərəfli vəzifədir. Arzu edərdim ki, hər biriniz bu şərəfli vəzifənin yerinə yetirilməsinə çalışasınız.

Bir tərəfdən Azərbaycanın müharibə şəraitində olduğu, digər tərəfdən iqtisadi vəziyyətin ağır olduğu, əhalinin bir qisminin çətin dolandığı bir dövrdə, şəhidlər verdiyimiz, yaralılarımızın olduğu bir dövrdə respublikamızın daxilində ictimai-siyasi sabitliyin olması başlıca şərtlərdən biridir. Bildiyiniz kimi, keçən ilin iyununda bu sabitlik pozulmuşdu. Ayrı-ayrı qüvvələr, qruplar öz şəxsi mənafelərini, iddialarını, hakimiyyətə gəlmək üçün mübarizə aparmaq meyllərini əsas tutaraq Azərbaycanı cürbəcür bölgələrə parçalamağa çalışırdılar. Bunun qarşısı alındı.

Ancaq indi də bəzi qüvvələr, qruplar - burada çıxış edənlərdən biri də bunu dedi - yenə də aranı qarışdırmağa cəhd göstərmək istəyirlər, respublikadakı gərgin vəziyyətdən istifadə edərək adamları bir-biri ilə toqquşdurmağa çalışırlar. Beləliklə də onlar bu ağır dövrdə xalq, Vətən, müstəqil dövlət haqqında düşünmək əvəzinə şəxsi hikkələrini, çirkin niyyətlərini həyata keçirməyə cəhd göstərirlər. Ancaq onlar da, Azərbaycanın bütün vətəndaşları, o cümlədən neftçilər də bilməlidirlər ki, biz belə hallara yol verməyəcəyik.

Mən xalqın etimadını bütün sahələrdə doğrultmağa çalışıram və çalışacağam. Bu etimadı doğrultmaq üçün Azərbaycanı müharibə vəziyyətindən çıxarmağa, sosial-iqtisadi böhran şəraitindən qurtarmağa, hər bir vətəndaşın hüquq və azadlığını qorumağa, müstəqil Azərbaycan dövlətinin istiqlaliyyətini, xalqın milli azadlığını müdafiə etməyə və Azərbaycan dövlətinin bir daha əsarət altına düşməsinə yol verməməyə çalışıram və bundan sonra da çalışacağam. Xalqın etimadını doğrultmaq üçün mən Azərbaycanda daxili ictimai-siyasi vəziyyətin sabitliyini qorumağa çalışıram və gələcəkdə də çalışacağam. Əgər kimsə, hansı bir qrupsa bu ali məqsədləri yerinə yetirməyə mane olacaqsa, şübhəsiz ki, onlara qarşı dövlətin müvafiq qanunları tətbiq ediləcəkdir. Heç kəs güman etməsin ki, dövlət qorunmayacaq. Xeyr, dövlət də qorunur, hər bir vətəndaşın hüquqları da qorunur, Azərbaycanın müstəqilliyi də, Prezident kimi mən buna and içmişəm və bunu axıradək yerinə yetirəcəyəm.

Bu sözləri deyərkən mən Azərbaycan xalqının müdrikliyinə, ağlına, zəkasına güvənirəm. Bu sözləri deyərkən əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan xalqı, ölkəmizin bütün vətəndaşları bu vəzifələri yerinə yetirmək üçün daha sıx birləşəcək, bir olacaq və bu yolda, Azərbaycanın müstəqilliyi yolunda qarşıya çıxan maneələri aradan qaldırmaq üçün lazımi tədbirlər görəcəklər. Bu vəzifələrin yerinə yetirilməsində mən bizim qəhrəman, cəsarətli, qürurlu neftçilərimizə də güvənir, ümid bəsləyirəm. Sizə, qəhrəman Azərbaycan neftçilərinə uğurlar, hünər diləyir, hamınıza xoşbəxtlik arzulayıram.

Güman edirəm ki, bu ilin axırında biz dənizdə neftçıxarmanın 45 illik yubileyini də təntənəli şəkildə qeyd edəcəyik. Neftçilər gününün elan olunması barədə burada irəli sürülən təklifi də bəyənirəm və bu barədə lazımi qərar qəbul edərik. Ümumiyyətlə, mən neftçilərə daim məhəbbət və qayğı göstərmişəm və bundan sonra da göstərəcəyəm. Bayram münasibətilə sizi bir daha təbrik edir, hər birinizə, bütün neftçilərə xoşbəxtlik və səadət, ağır və şərəfli işinizdə uğurlar diləyirəm. Sağ olun!