Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin yerli televiziya ilə muxtar respublika əhalisinə müraciəti - 22 may 1992-ci il


"Hörmətli bacılar və qardaşlar!

Beş gündür ki, Naxçıvan Muxtar Respublikası müharibə vəziyyətindədir. May ayının 18-də səhər tezdən Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisinə - Sədərək rayonunun ərazisinə hərbi hücum olmuş, hərbi təcavüz başlanmış və beləliklə də beş gün ərzində döyüşlər gedir, Naxçıvan Muxtar Respublikasının əhalisi, Naxçıvan Muxtar Respublikası öz torpağını hərbi təcavüzdən qoruyur.

Bu təcavüz toplardan və başqa silahlardan atəşlərlə başlanmışdır. Biz bu hadisəni görən kimi Naxçıvan Muxtar Respublikasının Ali Məclisində vəziyyəti müzakirə edib dərhal təcili tədbirlər görməklə məşğul olduq, Naxçıvanın müdafiəsini təşkil etmək, torpaqların müdafiəsini təşkil etmək, eyni zamanda atəşin dayandırılması cəhdləri ilə məşğul olduq. Buna görə də biz atəş açılan ilk dəqiqələrdən başlayaraq, şübhəsiz ki, müdafiəni təşkil edərək, atəşə atəşlə cavab verərək, ilk dəqiqələrdən Ermənistan Respublikasının rəhbərləri ilə əlaqəyə girib atəşin saxlanması təkliflərini verdik və bu məsələlərlə ciddi surətdə məşğul olduq. Eyni zamanda biz təhlükənin çox böyük olduğunu hiss edərək, dərk edərək, o sahədə Ermənistanın güclü hərbi qüvvələrinin toplandığını hiss edərək bütün qüvvələrdən istifadə edib, bütün imkanlardan istifadə edib muxtar respublikanın, xüsusən bizim sərhədlərin müdafiəsini təşkil etmək işləri ilə məşğul olduq.

Beş gündür ki, Naxçıvanın bütün qüvvələri - Dövlət Müdafiə Komitəsinin rəhbərliyi altında Daxili İşlər Nazirliyinin əməkdaşları, zabitləri, Xalq Cəbhəsinin könüllü müdafiə dəstələrinin qüvvələri - hamısı toplaşıb Naxçıvanın müdafiəsi ilə məşğuldur. Təəssüf ki, döyüşlər çox qanlı xarakter daşıyır, bizim itkilərimiz olmuş, Sədərək kəndində çox dağıntılar olmuşdur, başqa bir neçə kəndə də Ermənistan ərazisindən top atəşləri açılmışdır, bəzi yerlərdə yaralananlar və kəndlərdə evlərin dağılması vardır. Bu, şübhəsiz ki, Naxçıvan Muxtar Respublikasına hərbi təcavüz kimi qəbul olunmalıdır və biz bunu ilk dəqiqələrdən belə də qiymətləndirmişik, bu mövqedən də hərəkət edərək öz tədbirlərimizi görmüşük.

Bu beş gün ərzində bizim həmvətənlərimizdən, qoçaqcasına döyüşənlərdən tələf olanlar olmuş, 120 nəfərə qədər - hələ bunun miqdarı dəqiqləşdirilir - qəhrəmancasına həlak olmuşdur, itkin düşənlər də var, təxminən 90 nəfərə qədər yaralanmışlar. Ona görə də bu gün imkandan istifadə edib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin adından həlak olan həmvətənlərimizin, Vətən yolunda qəhrəmancasına həlak olan həmvətənlərimizin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah onlara səbr versin deyirəm. Allah cəmi şəhidlərə rəhmət eləsin.

Bizim tədbirlərimiz həm siyasi xarakter daşımış, həm də respublikanın ərazisini müdafiə etmək tədbirlərindən ibarət olmuşdur. Dəfələrlə Ermənistan Respublikasının rəhbərlərinə müraciətimiz may ayının 18-də öz nəticələrini verməmişdir. Ondan sonra da bizim müraciətlərimiz olmuş, təəssüf ki, biz lazımi cavab ala bilməmişik. Ancaq bu hadisə baş verən kimi biz dünya ictimaiyyətinə müraciət etdik, Türkiyəyə müraciət etdik. Türkiyənin baş naziri Süleyman Dəmirəl, Türkiyənin xarici işlər naziri Hikmət Çətin, Türkiyənin baş nazirinin birinci müavini Ərdal İnönü elə o gün - may ayının 18-də Naxçıvanla, mənimlə əlaqə saxladılar, vəziyyəti öyrəndilər və bu hadisəyə öz münasibətlərini bildirdilər, bizə təskinlik verdilər və Türkiyə tərəfindən dərhal lazımi tədbirlər görüldüyünü bizə çatdırdılar. May ayının 18-də Süleyman Dəmirəl Budapeşt şəhərindən telefon etmişdir; Hikmət Çətin Parisdən telefon etmişdir; Ərdal İnönü Ankaradan telefon etmişdir; Həmin gün axşam Türkiyənin baş naziri Süleyman Dəmirəl Ankaraya qayıdan kimi, gecə demək olar ki, saat 23.30-dəqiqədə Ankarada bakanlar qurumunun, yəni Türkiyənin Nazirlər Kabinetinin iclası çağırılmış, böyük bir bəyanat qəbul olunmuş və bu bəyanat da bütün dünyaya elan edilmişdir. Ondan sonrakı günlərdə də - ayın 19-da da, 20-də də bu günə qədər hər gün Türkiyənin rəhbərləri - baş naziri, xarici işlər naziri və başqa rəhbər şəxslər Naxçıvanla əlaqə saxlayırlar, telefonla zəng edirlər, mənimlə danışırlar, məlumat alırlar və böyük siyasi, diplomatik tədbirlər görürlər, Naxçıvana böyük yardım edirlər. Amerikada xəstəxanada olan Türkiyənin prezidenti Turqut Özal da çıxış etmiş, bəyanat vermiş və Türkiyəni Naxçıvana yardım etməyə çağırmışdır.

Bütün bu siyasi tədbirlərin nəticəsində dünya ictimaiyyəti demək olar ki, may ayının 18-də dərhal çox böyük məlumatlar ala bilmiş, kütləvi informasiya orqanları - radio, televiziya, qəzetlər elə o gün Naxçıvana hərbi hücum haqqında böyük məlumatlar yaymışdır və onların hamısı bizə mənəvi yardım olmuş, bizim bu çətin dövrümüzdə şübhəsiz ki, Ermənistan Respublikasının rəhbərliyinə böyük təsir etmək şəraiti yarada bilmişdir.

Eyni zamanda qeyd etdiyim kimi, biz Ermənistanın rəhbərləri ilə də əlaqə saxlamağa çalışmışıq; həm ayın 18-də, həm də ondan sonrakı günlərdə - mayın 19-da, 20-də mən Ermənistanın prezidenti Levon Ter-Petrosyanla telefonla danışmışam, çox ciddi tələblər qoymuşam, təklif etmişəm ki, atəş dayandırılmalıdır və biz bu qanlı hadisəyə təcili olaraq son qoymalıyıq. Düzdür, onlar hər dəfə telefon danışıqlarında özlərində də atəşi dayandırmaq meyli olduğunu, yaxud da qərarı olduğunu bildirmişlər. Ancaq yenə də atəşin dayandırılmasına nail ola bilməmişik. Ermənistanın prezidenti Ter-Petrosyandan əlavə oranın hərbi naziri Vazgen Sarkisyanla, prezidentin müşaviri Aşot Manuçaryanla, başqa rəhbər şəxslərlə də bizim danışıqlarımız olubdur. May ayının 19-da və 20-də sərhəddə Naxçıvan Muxtar Respublikasının və Ermənistanın nümayəndələri görüşmüşlər, atəşi dayandırmaq haqqında danışıqlar aparmışlar, şərtlər qoymuşlar. Təəssüf ki, bunlar öz nəticəsini verməmişdir. May ayının 20-də Levon Ter-Petrosyanla mən telefonla danışarkən o, rəsmi bəyanatının məzmununu mənə çatdırdı. Bu bəyanatda o, göstərir ki, onlar, yəni Ermənistanın rəhbərliyi Naxçıvan ilə Ermənistan arasında olan sərhədlərdə sabitliyi təmin etmək üçün saziş bağlamaq, müqavilə əldə etmək qərarına gəliblər və dərhal danışıqlar aparıb müqavilə imzalamağa hazır olduqlarını bildirirlər. Bu bəyanat mənə çatdırılanda mən Ermənistanın prezidentinə bildirdim ki, biz bu təklifləri əvvəldən də demişik, bu təkliflərlə biz razıyıq, ancaq bunları həyata keçirmək üçün birinci növbədə atəş tezliklə dayandırılmalıdır. Dünən - günün birinci hissəsində atəş əvvəlki günlərə nisbətən bir az sakit olubdur, günün ikinci hissəsində yenə bir qədər şiddətlənib və qeyd etmək lazımdır ki, dünən toplardan açılan atəşlər yenə Ermənistan tərəfindən olmuşdur. Bunu orada olan rus qoşunlarının müşahidəçiləri də qeyd edirlər. Bu gün isə səhərdən hələ ki, müəyyən qədər sakitlik var, ara-sıra xırda atışmalar var, amma sakitlik əldə oluna bilmişdir.

Təəssüf ki, qeyd etdiyim kimi, bütün bax, bu faciəli günlərdə bizim itkilərimiz olmuşdur, Sədərək kəndində çox böyük dağıntılar var, bir neçə başqa kəndlərə də, hətta Şərur rayonunun mərkəzinə də mərmilər düşmüşdür. Bu da bizi, xüsusən o sərhəd kəndlərində yaşayanları və Şərur rayonunun əhalisini narahat etmişdir. Düzdür, narahat olmağa əsas var, eyni zamanda o qədər də panika yaratmaq və yaxud da narahatçılıq etmək, mən hesab edirəm ki, əsaslı deyil. Çünki torpağımızı müdafiə etmək üçün əlimizdən gələn tədbirlər görülür, indiyə qədər görülüb və bundan sonra da görüləcəkdir. Birinci gün hərbi hücum nəticəsində bizim ərazimizdə olan bir neçə təpə Ermənistan tərəfindən alınmışdı - o təpələrdə adətən bizim milis hissələrimizin və Dövlət Müdafiə Komitəsinin dəstəsinin əsgərləri dururdu - sonrakı günlərdə o təpələrin əksəriyyəti alınıbdır, indi bir təpə hələlik alınmayıbdır, biz güman edirik ki, danışıqlar nəticəsində, başqa tədbirlər nəticəsində öz ərazimizin hamısını geri qaytaracağıq və bu atəşi dayandırmağa nail olacağıq, bu müharibəyə də son qoya biləcəyik. Biz ilk gündən belə mövqedə olmuşuq. Ermənistan rəhbərliyinə də, bütün dünya ictimaiyyətinə də bildirmişik ki, biz heç vaxt müharibə tərəfdarı olmamışıq. Son səkkiz aydan artıq bir müddətdə Naxçıvan ilə Ermənistan Respublikası arasındakı sərhədlərdə normal vəziyyət olmuş, sabitlik olmuş və hərbi münaqişələr olmamışdır. Biz bu şəraiti davam etdirmək fikrindəyik. Fəqət mayın 18-də Ermənistan tərəfindən hücum nəticəsində belə bir ciddi hərbi şərait yaranıbdır və bizim yenə də deyirəm, mövqeyimiz ondan ibarətdir ki, buna son qoyub, Naxçıvan Muxtar Respublikasının əhalisinin dinc yaşamasını təmin etmək işi ilə məşğul olaq.

Xüsusi qeyd etməliyəm ki, bütün bu günlərdə Türkiyə hökumətinin ciddi mövqeyi, ciddi bəyanatları və diplomatik siyasi tədbirləri başqa ölkələrə də böyük təsir bağışlamışdır. May ayının 18-də gecə Türkiyənin bakanlar qurumunda qəbul olunmuş bəyanat çox ciddi xarakter daşıyır, orda Ermənistan Respublikasının rəhbərliyi bu təcavüzdə günahlandırılır. Bu bəyanatın çox mühüm cəhəti bir də ondan ibarətdir ki, bu bəyanatda Türkiyə hökumətinin 1921-ci il Qars müqaviləsinə əsasən Naxçıvan Muxtar Respublikası haqqında xüsusi söz sahibi olması, qarant rolunu oynaması məsələsi qeyd olunubdur və bu da bütün dünyaya çatdırılıbdır, bu günlərdə bütün dünya informasiya orqanlarının verilişlərində, məlumatlarında, o cümlədən Moskva televiziyasının və qəzetlərinin materiallarında 1921-ci il Qars müqaviləsi, onun mənası və Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyəti göstərilir. Bununla yanaşı olaraq qeyd etməliyəm ki, bu günlərdə - may ayının 18-dən Naxçıvana xarici müxbirlərin böyük axını olmuşdur. Bu günlərdə ola bilər ki, 50-dən çox xarici müxbir gəlmişdir, bunların çoxu Türkiyədəndir. Ancaq Türkiyədən savayı, başqa dövlətlərdən də - Amerikadan, İngiltərədən, Fransadan, Almaniyadan, İsveçrədən və başqa dövlətlərdən, şübhəsiz ki, Moskvadan, Rusiyadan müxbirlər gəlmiş, bu qəzet müxbirləri, televiziya müxbirləri gündə bir neçə dəfə Ali Məclisdə məlumatlar almışlar. Mən şəxsən gündə bir neçə dəfə onlarla görüşmüşəm, vəziyyət haqqında məlumat vermişəm. Onlar da çox operativ hərəkət edərək, məlumatları bütün dünya informasiya orqanlarına çatdırmış və bunun nəticəsində dünya ictimaiyyətində böyük bir ciddi rəy yaranmışdır, o da bundan ibarətdir ki, Ermənistanın Naxçıvan Muxtar Respublikasına hücumu Ermənistanın Naxçıvan Muxtar Respublikasına qarşı, deməli, Azərbaycana qarşı hərbi təcavüzüdür. Bu fikir artıq hər ölkədə informasiya orqanlarında və dövlət səviyyəsindəki bəyanatlarda qeyd olunub. Düzdür, ermənilər, Ermənistanın rəhbərləri cəhd etmişlər ki, sübuta yetirsinlər: guya hücum onların tərəfindən olmayıbdır, Naxçıvan tərəfindən olubdur, ancaq bu dəfə onların güclü imkanları olmasına baxmayaraq, bu yalan məlumatın yayılmasına nail ola bilməyiblər. Artıq dünya ictimaiyyəti hər yerdə qeyd edir ki, hücum Ermənistan tərəfindən olubdur və bu, Naxçıvana, Azərbaycana Ermənistan tərəfindən hərbi təcavüzdür.

Çox ciddi bəyanatlar başqa böyük dövlətlər tərəfindən də verilibdir. Amerikanın dövlət katibi Beyker tərəfindən, Fransanın xarici işlər naziri tərəfindən verilibdir. İndiyə qədər 57 dövlət rəsmi surətdə Ermənistan Respublikasının Naxçıvana hərbi hücumunu pisləyib və çox ciddi bəyanatlar veribdir, ciddi etirazlar bildiribdir. Bu, şübhəsiz ki, respublikanın çətin, ağır dövründə bizimçün böyük bir köməkdir, böyük bir yardımdır və biz də bu şəraitə nail ola bilmişiksə, bu, bizim siyasi və başqa tədbirlərimizin aparılmasına yardım edir. Mən bu sahədə mətbuat orqanlarının və dövlətlərin rəhbərlərinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm.

Mən çox təəssüf edirəm və bunu ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, bu sırada İranın - bizim qonşumuz, müsəlman dövləti, islam dövləti olan İran İslam Respublikasının mövqeyi ciddi surətdə bildirilməyibdir. Mən bu günlərdə iki üç dəfə İran İslam Respublikasının Bakıdakı səfiri ilə telefonla danışmışam; o, İran hökuməti tərəfindən verilmiş bəyanatlar barədə telefonla mənə qısaca xəbər veribdir, ancaq burada xarici ölkələrdən gəlmiş 50-dən çox müxbirin arasında İrandan bir nəfər də müxbirin olmaması təəssüf doğurur. Bu gün İranın iki nümayəndəsi mənim yanımda olmuş və mən bu narazılığımı onlara bildirmişəm, onlardan xahiş etmişəm ki, televiziya vasitəsilə, yaxud radio vasitəsilə bunu çatdırsınlar. Bu gün televiziya ilə çıxış edərək mən üzümü bizim din qardaşlarımıza, qan qardaşlarımıza - İranda olan müsəlmanlara, bizim bu həmsərhəd vilayətlərdə olan dostlarımıza və İran hökumətinin rəhbərlərinə tutaraq demək istəyirəm ki, bu beş gündə Naxçıvanda, İranın lap yaxınlığında olan müharibəyə bu qədər biganə qalmaq, şübhəsiz ki, çox təəssüf doğurur və təəccübləndirir. Güman edirəm ki, mənim sözlərim İranda olan qan qardaşlarımıza, din qardaşlarımıza çatacaq və onlar da öz sözlərini deyəcəklər".

"Qətiyyətin təntənəsi", Bakı - 1995, səh 300-306.