Аzərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеvin MDB Yəhudi İcmaları Federasiyasının prezidenti, İsrail-Rusiya Kommersiya Ticarət Palatasının prezidenti Lev Levayev başda olmaqla, bir sira yəhudi təşkilatlarının nümayəndə heyəti ilə görüşü - Prеzidеnt sаrаyı, 2 аprеl 2003-cü il


Аzərbаycаn Prеzidеnti Heydər Əliyev qonaqları salamlayaraq dedi ki, bu səfər yəhudi təşkilatlarının nümayəndələrinə ölkəmizlə yaxından tanış olmağa və qarşılıqlı surətdə faydalı əməkdaşlığın yollarını müəyyənləşdirməyə imkan verəcəkdir.

Lev Levayev səmimi qəbula görə Azərbaycan prezidentinə təşəkkür edərək vurğuladı ki, biz buraya gələndə özümüzü evimizdəki kimi hiss etdik. MDB Yəhudi İcmaları Federasiyası hər hansı bir ölkə ilə əməkdaşlıq yaradarkən, bu ölkədə yəhudi icmalarına münasibət amilinə böyük əhəmiyyət verir. Azərbaycanda tam azadlıqdır. Burada yəhudilərə həmişə xeyirxah münasibət göstərilmişdir, müxtəlif dinlərə etiqad edənlərə, müxtəlif millətlərin nümayəndələrinə geniş hüquq və azadlıqlar verilmişdir.

L.Levayev başçılıq etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək bildirdi ki, onun nəzdində 407 icma var, onlardan hər birinə federasiyanın xüsusi elçisi başçılıq edir, 85-dən çox məktəb, 30-dək pulsuz yeməkxana, yetim uşaqlar üçün internatlar, yüzlərlə uşaq bağçası fəaliyyət göstərir. O bu yaxınlarda Bakıda açılmış sinaqoqun tikintisinə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin ianə verməsi faktını məmnunluqla qeyd etdi.

Federasiyanın prezidenti bildirdi ki, yəhudilərin Azərbaycandan köçüb getməməsinə səbəb burada antisemitizmin olmamasıdır. O dedi ki, bu, Azərbaycan prezidentinin apardığı siyasət, Azərbaycan xalqının ənənələri sayəsində mümkün olmuşdur. Lev Levayev buna görə dövlətimizin başçısına təşəkkür etdi və Azərbaycanla qarşılıqlı surətdə faydalı iqtisadi əlaqələr yaradılacağına ümidvar olduğunu söylədi.

Prezident Heydər Əliyev bildirdi ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıbdır. Yəhudilər ölkəmizin ictimai-siyasi həyatında həmişə yaxından iştirak etmişlər. Onların arasında neçə-neçə tanınmış elm, mədəniyyət, səhiyyə xadimləri olmuşdur və bu adamlar Azərbaycan cəmiyyətində böyük hörmətə malik idilər. Son illər təşəkkül tapmış siyasi sabitlik nəticəsində Azərbaycandan köçüb gedən yəhudilərin, eləcə də başqa millətlərin nümayəndələrinin sayı xeyli azalmışdır. Azərbaycanda yəhudilər həmişə rahat və yaxşı yaşaya bilərlər. Mən sizin arxa-dayağınızam.

Dövlətimizin başçısı yaxşı səviyyədə olan Azərbaycan–İsrail münasibətlərindən, ABŞ-da yəhudi icmalarının rəhbərləri ilə keçirdiyi görüşlərindən danışaraq bildirdi ki, Azərbaycanın İsraildə, eləcə də bəzi digər ölkələrdə səfirliklərinin açılmasının ləngidilməsi ancaq maliyyə çətinlikləri ilə bağlıdır.

«Habad Or Avner» yəhudi dini icmasının sədri, ravvin Meyr Bruk Azərbaycan prezidentini qarşıdakı yubileyi münasibətilə təbrik etdi və ona möhkəm cansağlığı və siyasi fəaliyyətində uğurlar arzuladı. O vurğuladı ki, Azərbaycan burada həmişə mövcud olan dini dözümlülük, xalqlar arasındakı dostluq mühitinə görə başqa ölkələrə nümunədir.

Azərbaycan prezidenti Bakıdakı sinaqoqun nəzdində məktəbin açılışı mərasimində iştirak etmək barədə təklifə razılığını verdi. Açılış mərasimi sentyabrın 1-nə – yəhudilərin Yeni ilinin başlanğıcına təyin olunmuşdur.