Azərbaycan Prezidenti Heydər Əliyev Zbiqnev Bjezinskini qəbul etmişdir - 21 iyul 1997-ci il


Azərbaycan Prezidenti Heydər Əliyev iyulun 21-də Prezident Sarayında Amerikanın strateji və beynəlxalq araşdırmalar mərkəzinin müşaviri, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Zbiqnev Bjezinskini qəbul etmişdir.

Dövlətimizin başçısı hörmətli qonağın Azərbaycana yenidən gəlməsindən çox məmnun olduğunu bildirərək dedi ki, sizinlə Azərbaycan arasında, sizinlə mənim aramda səmimi dostluq əlaqələri yaranıbdır. Mən bunu çox qiymətləndirirəm və hesab edirəm ki, bu əlaqələrin ABŞ ilə Azərbaycan arasında dövlət, hökumət əlaqələrinin inkişafı üçün çox böyük əhəmiyyəti var.

Cənab Bjezinskinin Azərbaycana bundan əvvəlki səfərlərini böyük məmnuniyyətlə xatırlayan prezident Heydər Əliyev dedi ki, mən sizin tövsiyələrinizi vaxtilə qəbul etmişəm və ölkələrimiz arasında əlaqələrin inkişafında bunların böyük rolu olubdur. Azərbaycan prezidenti özünün Birləşmiş Ştatlara rəsmi səfəri ərəfəsində cənab Bjezinskinin respublikamıza gəlməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı.

Səmimi sözlər üçün təşəkkür edən cənab Bjezinski Bakıya təkrar səfər edib prezident Heydər Əliyev ilə yenidən görüşməyi özü üçün böyük xoşbəxtlik saydığını bildirdi. O dedi ki, bu, mənim Bakıya üçüncü səfərimdir və hər dəfə burada gördüyüm yeniliklərə valeh oluram. Prezident Heydər Əliyevin Vaşinqtona qarşıdakı səfərindən söhbət açan qonaq vurğuladı ki, orada Azərbaycan prezidentini səbirsizliklə gözləyirlər. Cənab Bjezinski dedi: Azərbaycan çox mühüm ölkədir, siz çox görkəmli lidersiniz, Amerikada bunu getdikcə daha dərindən başa düşürlər. Elə buna görə də Azərbaycan-Amerika münasibətlərinin yalnız ikitərəfli deyil, həm də böyük regional, strateji əhəmiyyəti var. Bu baxımdan Azərbaycan prezidentinin Vaşinqtona indiki səfəri daha bir mühüm addımdır.

Prezident Heydər Əliyev ilə əvvəlki görüşlərindən söz açan cənab Bjezinski dedi: Sizinlə söhbətlərimdən çox bəhrələnmişəm. Çünki ABŞ üçün mühüm olan ölkələr haqqında sizin geniş məlumatınız var və yəqin bilirəm ki, prezident Klinton da sizinlə söhbətlərdən bəhrələnəcəkdir. İndiyədək onunla dəfələrlə görüşəsniz də, bundan sonrakı görüşləriniz də böyük əhəmiyyət kəsb edir. Cənab Bjezinski ABŞ konqresinin üzvləri ilə keçiriləcək görüşləri də nəzərdə tutduğunu vurğulayaraq dedi ki, həmin görüşlər ümumən Amerika-Azərbaycan əlaqələri üçün faydalı olacaqdır.

Ölkələrimiz arasında əlaqələrin, xüsusilə iqtisadi əlaqələrin inkişafından razı qaldığını söyləyən prezident Heydər Əliyev bildirdi ki, zəngin enrji ehtiyatlarına malik Xəzər hövzəsində Azərbaycanın keçmişdə də dəyərli işləri olub, indi də xarici investisiyaların, o cümlədən Amerika investisiyalarının, bu regiona gəlməsi məhz Azərbaycanın fəaliyyəti sayəsində mümkün olubdur. Dövlətimizin başçısı dedi ki, 1994-cü ildə ilk neft müqaviləsi imzalananda bəziləri bunu təəccüblə, bəziləri isə şübhə ilə qarşılayırdılar. Amma hələ üç il tamam olmayıb, artıq Xəzərin enerji ehtiyatları, gələcəkdə buradan çıxarılacaq neftin və qazın dünya bazarlarına ixracı üçün boru kəmərlərinin çəkilməsi dünyanın, o cümlədən ABŞ-ın böyük elmi-iqtisadi mərkəzlərində müzakirə olunur. Prezident Heydər Əliyev Xəzərdə ilk dəfə neft hasil edən Azərbaycanın indi onun ehtiyatlarından dünya şirkətləri ilə müştərək istifadənin də əsasını qoymasından məmnun olduğunu bildirdi.

Görüşdə "AMOKO" Şirkətinin nümayəndəsi cənab Kellerin iştirakı ilə əlaqədar olaraq prezident Heydər Əliyev dedi ki, bu şirkətlə əməkdaşlığımızın böyük tarixi var və hesab edirəm ki, bu, ölkələrimiz arasında iqtisadi əlaqələrin yaranmasının başlanğıcı olmuşdur.

Azərbaycan ilə ABŞ arasında siyasi əlaqələrin inkişafını da qənaətbəxş saydığını vurğulayan dövlətimizin başçısı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün ABŞ-ın son illər çox böyük fəaliyyət göstərdiyini xatırlatdı. Qeyd olundu ki, bu ilin əvvəlindən ABŞ-ın Minsk qrupu həmsədrlərindən biri olması onun bu məsələyə münasibətini göstərir. Prezident Heydər Əliyev bu il iyunun 20-də Denverdə ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatını Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolunda yeni addım kimi qiymətləndirdi.

Daha sonra dövlətimizin başçısı iyulun 8-9-da Madriddə səfərdə olarkən ABŞ prezidenti cənab Bill Klinton ilə çox əhəmiyyətli, ümidverici söhbətlər keçirdiyini bildirərək dedi ki, həmin görüş zamanı Amerika prezidentinin münaqişənin həlli ilə bağlı dediyi sözlər məni çox ruhlandırıb və mən bu əhval-ruhiyyə ilə, ümidlərlə ABŞ-a səfərə hazırlaşıram. Bu mərhələdə sizinlə görüşməyim mənim üçün çox əhəmiyyətlidir.

Cənab Bjezinski Amerika-Azərbaycan münasibətləri barədə prezident Heydər Əliyevin fikrinə şərik çıxaraq bu münasibətlərin getdikcə yeni mərhələyə qalxdığını söylədi. O dedi: Bizi bağlayan o qədər cəhətlər var ki, mən siyasi bir nəzəriyyə hazırlamaq istəyirəm. İndi ölkələrimiz arasında münasibətlər yeni keyfiyyət mərhələsinə keçməkdədir və bu, Dağlıq Qarabağ probleminə də birbaşa aiddir. Mən ABŞ-ın yüksək dairələrində bu problemə maraq və onu həll etmək arzusu hiss edirəm. Bu barədə fikrini davam etdirən cənab Bjezinski Minsk qrupu həmsədrlərinin də birgə fikrə gəlməkdə olduqlarını bildirərək əlavə etdi ki, bu baxımdan Azərbaycan prezidentinin Amerikaya səfəri vacibdir. Çünki həmin üçlük ilin sonunda bu sahədə səylərini daha da gücləndirəcəkdir. Tamamilə aydındır ki, keçmişlə müqayisədə onların mövqeyi tam dəyişmişdir.

AzərTAc

"Azərbaycan" qəzeti, 21 iyul 1997-ci il.