Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT-nin baş katibi Kofi Annan ilə görüşdəki söhbətindən - Tehran, 11 dekabr 1997-ci il


Kofi Annan: Cənab prezident, Sizi səmimiyyətlə salamlayıram, görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşümdən şərəf duyduğumu bildirirəm.

Cənab prezident, Sizin Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfəriniz, cənab Bill Klintonla, ABŞ hökumətinin digər rəsmi vəzifəli şəxsləri ilə keçirdiyiniz görüşlər, apardığınız danışıqlar, imzaladığınız sənədlər Amerika ictimaiyyətində böyük maraq doğurmuşdur.

Heydər Əliyev: Cənab Kofi Annan, mən də Sizi salamlayıram, xoş sözlərə görə Sizə minnətdarlığımı bildirirəm və Sizinlə görüşdən məmnun qaldığımı vurğulayıram və Azərbaycan ilə BMT arasında münasibətlərin hazırkı vəziyyətindən razılıqla bəhs edirəm.

ABŞ-a səfərim zamanı, cənab Kofi Annan, Sizinlə keçirdiyim görüşü, apardığım danışığı yüksək qiymətləndirirəm və İslam Konfransı Təşkilatının VIII zirvə toplantısında BMT Baş katibinin iştirakının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıram.

Ermənistanın Azərbaycana 1988-ci ildən bəri davam edən təcavüzündən söhbət açarkən bu münaqişənin aradan qaldırılması üçün BMT-nin qəbul etdiyi qətnamələri, Təhlükəsizlik Şurasının qərarlarını xatırlatmaq istərdim. Bildirirəm ki, Ermənistan indiyədək bu mühüm sənədlərə etinasızlıq göstərir.

Hörmətli cənab Kofi Annan, Sizə də yaxşı məlum olduğu kimi, ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-cı ilin dekabrında Lissabonda keçirilən zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün əsas prinsiplər qəbul olunmuşdur. Zirvə görüşünün məlum qərarlarından sonra Minsk qrupu çərçivəsində danışıqlar aparılmış, həmsədrlər münaqişənin sülh yolu ilə həllinə dair yeni təkliflər irəli sürmüşlər.

Bildirirəm ki, ölkəmizin ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq qaçqın vəziyyətində, ağır şəraitdə çadırlarda yaşayır. Biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, sərhədlərinin toxunulmazlığının təmin edilməsi, qaçqınların doğma yerlərinə qayıtması və münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün həmişə kompromis mövqedə dayanmışıq. Biz istəyirik ki, bu münaqişə beynəlxalq hüquq normaları əsasında həll edilsin. Azərbaycan münaqişənin ilk mərhələdə həll olunması barədə Minsk qrupu həmsədrlərinin təkliflərini əsas kimi qəbul etmişdir. Birinci mərhələdə Azərbaycanın işğal edilmiş altı rayonunun işğaldan azad edilməsi, ikinci mərhələdə isə Şuşa və Laçın rayonlarının işğaldan azad olunması ilə bərabər, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək muxtariyyət statusu verilməsi nəzərdə tutulur.

Kofi Annan: Bildirirəm ki, ATƏT-in Lissabon zirvə görüşündə qəbul edilmiş prinsiplər Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün yaxşı əsas yaratmışdır. Nəzərə çarpdırıram ki, həmsədrlərin irəli sürdüyü təkliflərə də BMT tərəfdardır. BMT hər bir ölkənin o cümlədən müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır və onun haqq işini dəstəkləyir.

Heydər Əliyev: Cənab Kofi Annan, mən Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Kofi Annan: Dəvət məmnunluqla qəbul olunur.

Oçerklər

Azərbaycan - BMT

Tarixi arayış