Naxçıvan MR-in təşkil olunmasının 75 illiyinə həsr edilmiş təntənəli yubiley iclasında Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 12 oktyabr 1999-cu il


Əziz naxçıvanlılar!

Əziz bacılar, qardaşlar, dostlar!

Hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Mən sizi, Naxçıvan Muxtar Respublikasının bütün sakinlərini Naxçıvan Muxtar Respublikasının 75-ci ildönümü, bayram münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın, müstəqil Azərbaycan dövlətinin ayrılmaz hissəsidir, gözəl guşələrindən, diyarlarından biridir. Naxçıvan Muxtar Respublikasının 75-ci ildönümü bayramı bütün Azərbaycan xalqının, vətəndaşlarının, müstəqil Azərbaycan dövlətinin bayramıdır. Mən sizə - naxçıvanlılara bütün Azərbaycan xalqının salamlarını, xoş arzularını, səmimi təbriklərini çatdırıram.

Naxçıvan Muxtar Respublikasının ildönümü ilə əlaqədar mərasimlərə Azərbaycanın paytaxtı Bakıda da çox böyük maraq var. Mənə dedilər ki, həddindən çox insanlar, cürbəcür, müxtəlif təbəqələrə mənsub insanlar bu günlərdə Naxçıvanda olmaq istəyirlər, bu bayramı naxçıvanlılarla bölüşdürmək və bu bayramın iştirakçıları olmaq istəyirlər. Bu, çox gözəl bir hadisədir. Çünki bu, Azərbaycan xalqının yekdilliyini, birliyini, həmrəyliyini bildirir və Azərbaycanın hər bir bölgəsində, ölkəmizin paytaxtında, müstəqil Azərbaycanın həyatında olan hər bir hadisəni hamı ümumxalq bayramı, hadisəsi kimi qəbul edir.

Biz Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycan xalqının böyük dostu, əziz qardaşım Süleyman Dəmirəlin bu bayram münasibətilə təbrik məktubunu böyük məmnuniyyətlə dinlədik. Onu da bildirmək istəyirəm ki, hörmətli prezident Süleyman Dəmirəl bu bayrama gəlməyə hazırlaşırdı. Bir neçə ay bundan öncə bizim onunla bu barədə danışıqlarımız olmuşdu və qərara almışdıq ki, bu bayram münasibətilə Naxçıvana birlikdə gələcəyik. Təəssüflər olsun ki, qardaş Türkiyədə baş vermiş zəlzələ və onun nəticəsində yaranmış faciə Türkiyə prezidentini bir çox xarici səfərlərini saxlamağa məcbur etdi. Çünki indi zəlzələdən zərər çəkmiş yerlərin bərpa edilməsi, insanların yaşaması üçün şərait yaratmağa və başqa işlər görməyə böyük zərurət vardır. Türkiyənin hökuməti, prezidenti bu işlərlə məşğuldurlar. Ancaq onun bu bayrama göndərdiyi təbrik məktubu bizi həddindən çox sevindirdi, coşdurdu və Azərbaycanın böyük dostu Süleyman Dəmirəlin Naxçıvana nə qədər bağlı və Azərbaycana nə qədər böyük məhəbbəti olduğunu göstərdi.

Mən çox məmnunam ki, hörmətli Süleyman Dəmirəli burada Türkiyə hökumətinin yüksək vəzifəli üzvləri - dövlət nazirləri və qonşu vilayətlərin valiləri, böyük nümayəndə heyəti təmsil edir. Mən bütün bunlara görə hörmətli prezident Süleyman Dəmirələ sizin adınızdan, bütün Azərbaycan xalqı adından hörmət və ehtiramımı, dərin təşəkkürümü bildirirəm.

Hörmətli prezident Süleyman Dəmirəl təbrik məktubunda böyük Mustafa Kamal Atatürkün müdrik kəlamlarını bizim yadımıza saldı: "Azərbaycanın sevinci bizim sevincimizdir, Azərbaycanın kədəri bizim kədərimizdir". Bu müdrik sözlər indi bizim xalqlarımızın arasında yaranmış əlaqələrin ən gözəl təzahürüdür. Bu, Türkiyədə də, Azərbaycanda da belə qəbul olunubdur. Ona görə də Türkiyədə baş vermiş zəlzələ, böyük insan tələfatı, faciə Türkiyə xalqına qəm, qüssə, kədər gətirdiyi kimi, Azərbaycan xalqına da qəm, qüssə, kədər gətirdi. Biz bu ağır itkiləri, ağır faciəni bərabər keçirdik və bərabər keçiririk. Təbiidir ki, qardaş türk xalqına, Türkiyəyə yardım etmək üçün Azərbaycan dövləti əlindən gələni etdi və Türkiyəyə yardıma gedənlərin ön sırasında oldu. Xüsusən Azərbaycanın yanğınsöndürənləri İzmit şəhərində bir neçə gün yanan nəhəng neft emalı zavodunun yanğından xilas olmasında böyük xidmətlər göstərdilər.

Mən bu gün bu faciə münasibətilə Türkiyə dövlətinə, hökumətinə, xalqına bir daha başsağlığı verirəm, "keçmiş olsun" deyirəm. Dostlarımızı bir daha əmin etmək istəyirəm ki, biz böyük Mustafa Kamal Atatürkün sözlərinə daim sadiq olacağıq.

Biz hamımız qonşu İran İslam Cümhuriyyətinin nümayəndəsi, Ərdəbil ostandarlığı ostandarının təbrik məktubunu burada böyük hörmət və ehtiramla dinlədik. Bu hadisə də İran-Azərbaycan dostluğunun, qardaşlığının və əməkdaşlığının gözəl təzahürüdür. Bilirsiniz ki, iki gün bundan öncə İran İslam Cümhuriyyətindən çox böyük və mötəbər nümayəndə heyəti Naxçıvana gəlmişdir. Biz onlarla bərabər Naxçıvanda İran İslam Cümhuriyyətinin yardımı ilə tikilmiş böyük məscidin açılış mərasimini keçirdik. Bu gün, bu bayram günündə də İran İslam Cümhuriyyətinin nümayəndəsi bizim aramızdadır, bizimlə bərabərdir. Mən bütün bunlara görə də ürəkdən təşəkkür edirəm.

Azərbaycan bir müstəqil dövlət kimi öz əlaqələrini daim genişləndirir. Bunun da əsas təzahürü Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik missiyaları, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri, diplomatlarıdır. Biz bu sahədə qısa zamanda böyük nailiyyətlər əldə etmişik. Xarici ölkələrin Azərbaycandakı səfirləri ölkəmizin bütün ictimai, mədəni həyatında fəal iştirak edirlər, onların hamısı zəhmət çəkib Naxçıvana gəliblər, bu bayramda iştirak edirlər. Mən bunu səfirlərin təmsil etdikləri ölkələrin Azərbaycan Respublikasına, müstəqil Azərbaycan dövlətinə və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına göstərdikləri qayğı və diqqət kimi qəbul edirəm. Buna görə də bayram mərasimində bizimlə bərabər iştirak edən səfirlərə təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Naxçıvan Muxtar Respublikasının yaranması tarixi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çox geniş, ətraflı, müfəssəl məruzə etdi. Bu salondakılar və düşünürəm ki, bu gün bizi dinləyən Azərbaycan televiziyasının seyrçiləri, bütün Azərbaycan vətəndaşları muxtar respublikanın 75 il ərzində keçdiyi yolla tanış oldular. O illər bir daha yada düşdü, xatırlandı. Bu 75 ildə, tarixcə qısa bir zamanda Naxçıvan diyarında nə qədər böyük işlərin görülməsi bir daha göz qabağına gəldi.

Ancaq Naxçıvanın tarixi təkcə muxtar respublikanın yaranmasından başlanmır. Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir, çox zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, 3500 il tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunlar hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərib, göstərir və gələcəkdə də göstərəcəkdir.

Mən bu barədə öz fikirlərimi bir az sonra sizə çatdıracağam. Ancaq indi isə bir şad hadisəni də sizə bildirmək istəyirəm. Oktyabr ayının 18-də Azərbaycanın dövlət müstəqilliyini elan etmək haqqında, yəni dövlət müstəqilliyini bərpa etmək barədə konstitusiya aktı qəbul olunubdur. Bununla da Azərbaycanın dövlət müstəqilliyinə əsas qoyulubdur. Azərbaycan öz müstəqilliyini dünyaya elan edəndən sonra 8 ildir ki, müstəqil dövlət kimi yaşayır.

Azərbaycanın əhalisi artıq bu gün 8 milyon olubdur. Keçən gecə Bakıda Hacıqasımov adına doğum evində Azərbaycanın yeni övladı dünyaya gəlib, uşaq doğulubdur. Fatma xanım İsmayılovanın və onun həyat yoldaşı Eldəniz Vəliyevin oğlu olubdur. Bu övladın dünyaya gəlməsi ilə Azərbaycan əhalisi artıq 8 milyon olubdur. Fatma xanım və Eldəniz öz oğullarına ad qoyub, onu Heydər çağırırlar. Bu, Azərbaycan üçün böyük bir hadisədir. Biz bu günlərdə dövlət müstəqilliyimizin 8-ci ilini tamamlayırıq. Azərbaycan Respublikasının əhalisi bu günlərdə 8 milyona çatıb, 9 milyona doğru irəliləyəcəkdir.

Təbiidir ki, Azərbaycan Respublikasının əhalisinin 8 milyona çatmasında naxçıvanlıların da xidməti vardır. Bilirəm ki, Naxçıvanda da insanlar həmişə çox övlad istəyirlər və burada çoxuşaqlı ailələr çoxdur. Mən özüm də vaxtilə çoxuşaqlı ailədə doğulmuşam. Ona görə naxçıvanlılar elə əhalinin artırılmasında da bəlkə ön sırada gedirlər.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul etdiyi ilk Konstitusiyası əsasında, Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət Konstitusiyasında Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində dövlət statusu verilibdir. Bu status əvvəl də var idi, sadəcə, elan edilmirdi. Ancaq bizim əvvəl nə qədər böyük nailiyyətlərimiz olubsa da, nə qədər böyük tarixi yol keçmişiksə də, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra baş verən hadisələr hamısından qiymətlidir. Ona görə də bu gün biz Naxçıvan Muxtar Respublikasının bir dövlət kimi 75 illik yubileyini qeyd edirik. Amma bu hadisənin Naxçıvanın və Azərbaycanın keçmiş tarixi ilə də çox üzvi əlaqəsi vardır.

Naxçıvan qədim zamanlardan Azərbaycanın ən mötəbər bölgələrindən biri olubdur. Azərbaycana, o cümlədən Naxçıvana əsrlər boyu dəfələrlə yadellilərin basqını olmuşdur, müharibələr, döyüşlər zamanı insanlar qırılmışdır. Naxçıvan dəfələrlə tamamilə məhv olub külə dönmüş, amma insanlar yenə də bu külün içindən qalxıb Naxçıvanı yaşatmışlar.

Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın dövlətçilik tarixidir. XII əsrdə Naxçıvan Azərbaycanın Atabəylər, Eldəgizlər dövlətinin, o əsrdə Azərbaycanın ən böyük, ən qüdrətli dövlətinin paytaxtı olubdur. Atabəylər dövləti 100 ildən artıq hökm sürmüş və onun paytaxtı azərbaycançılığı qoruyub saxlamışdır.

Azərbaycanın zəngin tarixinin bu günə qədər gəlib çatmış çox parlaq nümunələri vardır. Azərbaycanda aparılan arxeoloji tədqiqatlar bir neçə əsr bundan öncə Azərbaycanın nə qədər zəngin mədəniyyətə malik olduğunu və nə qədər dolğun həyat yaşadığını əyani surətdə göstərir.

Naxçıvan Azərbaycanda Şərq ilə Qərbin arasında, qovuşduğu yerdə həmişə karvan, ticarət yollarının ortasında olubdur. Bu, bir tərəfdən həmişə Naxçıvanı inkişaf etdiribdir, burada həmişə böyük ticarət olubdur. İkinci tərəfdən də Naxçıvana müxtəlif tərəflərdən hücumlar edilib, müharibələr, döyüşlər olubdur. Naxçıvan Çingizxan ordusunun da basqınlarına məruz qalıbdır, döyüşüb, vuruşub, qəhrəmanlıq göstəribdir. Naxçıvan Teymurləngin, Əmir Teymurun qoşunlarının da basqınlarına məruz qalıbdır, vuruşub, döyüşübdür. Naxçıvanın tarixi abidələri, o cümlədən bu günlərə qədər qalmış Əlincə qalası və həmin qalada getmiş döyüşlər Naxçıvanın, Azərbaycan xalqının nə qədər cəsur, qüdrətli, vətənpərvər, vətənini sevən insanlar olduğunu dünyaya nümayiş etdiribdir.

Bunlar hamısı tarixin yazılarıdır. Bunlar hamısı Azərbaycan tarixinin zənginliyini nümayiş etdirən hallardır. Ancaq eyni zamanda deyə bilərəm ki, Azərbaycanın bu gözəl, qədim diyarının tarixi hələ indiyə qədər yaxşı təhlil, tədqiq olunmayıbdır, təbiidir ki, yazılmayıbdır.

Azərbaycanın azərbaycançılığını, Azərbaycan dilini bu gün də sübut edən ən dəyərli əsər "Kitabi-Dədə Qorqud"dur. Biz "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyini qeyd edirik. Azərbaycanın alimləri, ədəbiyyatşünasları, yazıçıları son on illərdə Azərbaycan tarixinin bu hissəsini, məhz azərbaycançılığı, Azərbaycan dilini, yəni bizim milli kökümüzü, dilimizin milli kökünü hamıya nümayiş etdirmək, sübut etmək üçün gözəl əsərlər yaradıblar.

"Kitabi-Dədə Qorqud"un boyları çox elmi əsərlərdə təhlil edilibdir, yazıçı Anarın yaratdığı filmdə geniş kütləyə izah olunubdur. Bir çox alimlərin dəyərli əsərləri vardır. O cümlədən, Naxçıvan Muxtar Respublikasının alimi Səfərəli Babayevin bu günlərdə çapdan çıxmış kitabı çox qiymətlidir. Bu kitab ona görə qiymətlidir ki, "Kitabi-Dədə Qorqud"un boylarının, toponimlərinin hamısını Naxçıvanda tapmaq olar. Naxçıvanda bunu tapıblar, təhlil ediblər, elmi surətdə öyrəniblər və Səfərəli Babayev bu barədə böyük bir kitab yaradıbdır.

Bu, azərbaycançılıq, Azərbaycan dilinin qədimliyi, dilimizin dərin kökləri nöqteyi-nəzərindən nə qədər qiymətlidir! Yenə də deyirəm, bu, Naxçıvanın Azərbaycan tarixində - keçmiş əsrlərdə də, orta əsrlərdə də və sonrakı dövrlərdə də nə qədər böyük rol oynadığını göstərir.

Bilirsiniz, Səfərəli Babayevin bu kitabı, təbiidir ki, onun çoxillik elmi fəaliyyətinin nəticəsidir. Ancaq əgər sovet ideologiyası tərəfindən bizim keçmişimizi məhv etmək, qaralamaq, unutmaq siyasətinin qarşısını vaxtında az-çox almasaydıq və son illərdə, xüsusən 70-ci illərdə bu tariximizi, dilimizi, ədəbiyyatımızı, köklərimizi arayıb-araşdıran, elmi surətdə təhlil edən və dünyaya nümayiş etdirən alimlərimizə, yazıçılarımıza, sənətşünaslarımıza imkan verməsəydik bəlkə bunlar ölüb gedərdi. Çünki "Kitabi-Dədə Qorqud" 1951-ci ildə bir "Düşmən ideologiyası" kimi qadağan edilmişdi. Ondan sonra bir neçə kiçik əsər yaranmışdı. Bəli, "Kitabi-Dədə Qorqud" 1970-ci illərdə yaranmış elmi və bədii əsərlərin səbəbinə yenidən dünyaya gəlib çıxmışdır.

Yəni demək istəyirəm ki, Naxçıvanda da "Kitabi-Dədə Qorqud"un bu qədər böyük izlərinin olması 50 il də, 100 il də bundan öncə məlum idi. Ancaq onları ortaya çıxaran, xalqa tanıdan yox idi. Bir vaxtlar, ümumiyyətlə, keçmiş əsrlərdə bəlkə buna imkan olmayıbdır. Amma bizim xalqımız bir vaxtlar öz milli mənliyini daha da tanıyandan, milli şüuru inkişaf etdirəndən sonra bu işlərə başlayanda onun qarşısı alınıbdır. Yəni Səfərəli Babayevin bu kitabda yığdığı, "Kitabi-Dədə Qorqud"a mənsub olan bu qədər boylar, adlar, toponimlər elə son on illərdə meydana çıxanlar deyildir. Bunlar hamısı "Kitabi-Dədə Qorqud" vaxtından qalıbdır.

Beləliklə, Naxçıvan Azərbaycanın Dədə Qorqud mərkəzlərindən biridir və "Kitabi-Dədə Qorqud"un çox izlərinin Naxçıvanda olması Naxçıvanın Azərbaycanın nə qədər qədim və zəngin diyarı olduğunu bir daha göstərir.

Bilmirəm, təsadüfi olub, yaxud da bu, təsadüfi deyildir, ancaq məlumdur ki, - hər halda mən bunu bilirəm, yəqin çoxları da bilir, - yazıçı Anar "Dədə Qorqud" filmini yaratmağa başlayanda şübhəsiz, çox işlər görmüşdü. Ancaq filmin çəkilişi Naxçıvanda keçirilibdir.

Naxçıvanın qədim tarixi haqqında çox demək olar. Bu gün buna imkan yoxdur. Ancaq Azərbaycanın, millətimizin, Azərbaycan xalqının qədimliyini, dərin köklərini, zəngin mədəniyyətini və ulu babalarımızdan bizə gəlib çatmış irsi daha da dərk etməyin, daha da yaxşı bilməyin, şübhəsiz ki, bugünkü və gələcək nəsillər üçün çox əhəmiyyəti vardır. Bütün Azərbaycanda, o cümlədən Naxçıvanda bu tədqiqatlar aparılmalıdır, bu işlər görülməlidir.

Bu gün burada alimlər iştirak edirlər. Mən "Kitabi-Dədə Qorqud" dastanının yubiley komissiyasının iclasında bunu demişdim və bu gün bir daha deyirəm. Azərbaycan dövləti nə qədər iqtisadi çətinliklər içərisində olsa da, biz bu işlər üçün vəsait əsirgəməyəcəyik.

Biz alimlərimizdən, tədqiqatçılarımızdan, ədəbiyyatşünaslarımızdan, tarixçilərimizdən bax, bu istiqamətdə yeni-yeni əsərlər gözləyirik. Əmin ola bilərsiniz ki, hər bir belə əsər layiqincə qiymətləndiriləcəkdir.

Səfərəli Babayevin kitabını Bakıda mənə təqdim etmişdilər, - təkcə bu deyil, biz "Kitabi-Dədə Qorqud" dastanının yubileyi ilə əlaqədar nəfis şəkildə nəşr olunmuş gözəl kitablar meydana çıxardıq, onları da mənə təqdim ediblər, - mən dünən Naxçıvan Dövlət Universitetində olarkən həmin kitabı bir daha gördüm, ona baxdım və dedim ki, bu kitaba görə Səfərəli Babayev professor elmi dərəcəsini alıb, Azərbaycan prezidenti kimi mən isə ona "Azərbaycanın əməkdar elm xadimi" adı verirəm.

Azərbaycanın bir parçası kimi Naxçıvanda dövlətçilik sonrakı dövrlərdə, orta əsrlərdə də olubdur. Azərbaycanın xanlıqlara bölünən dövründə - hər bir xanlıq Azərbaycan dövlətçiliyinin nümunəsidir, biz bu xanlıqları tarixi nöqteyi-nəzərdən belə qəbul edirik - Naxçıvan xanlığı yaranıbdır. Naxçıvan xanlığı da Atabəylər dövlətçiliyinini davamı kimi özünü göstəribdir. İrəvan xanlığı, Naxçıvan xanlığı, Azərbaycanın başqa bölgələrinin xanlıqları - bu xanlıqlar Azərbaycan dövlətçiliyini təmsil ediblər. Azərbaycanı qoruyub yaşadıblar. Ancaq o dövrlərdə də ayrı-ayrı ölkələr tərəfindən Azərbaycanı, o cümlədən Naxçıvanı ələ keçirmək cəhdləri olmuşdur. Azərbaycan xalqı bunlara da sinə gərmiş, o cümlədən naxçıvanlılar da Naxçıvanı qoruyub saxlamışlar.

Nəhayət, XIX əsrin əvvəlində Naxçıvan Türkmənçay müqayiləsi əsasında Rusiyanın tərkibinə - Azərbaycanın başqa bölgələrindən gec olaraq - keçmişdir. Çünki Azərbaycanın bir hissəsi 1813-cu ildə Gülüstan müqaviləsi ilə Rusiya tərkibinə keçmişdir. Amma Naxçıvan xanlığı 1828-ci ildə Türkmənçay müqaviləsi ilə Rusiyanın tərkibinə keçmişdir. Sonra burada Rusiya hakimiyyəti başlamışdır. Bu dövr məlumdur. Ancaq əvvəlki zamanlarda olduğu kimi, bu dövrdə də Naxçıvanda Azərbaycan xalqı öz milli, mənəvi dəyərlərini qoruyub saxlamışdır.

Ümumiyyətlə, Naxçıvan mütəfəkkirlərlə zəngin olmuşdur. Əgər orta əsrlərdə Azərbaycanın memarlıq sənətinin ən yüksək nümunəsi Əcəmi Naxçıvaninin yaradıcılığı olmuşdursa, XII əsrdə bizim mədəniyyətimizdə, ədəbiyyatımızda ən qiymətli əsərlərin müəllifi, xalqımızın ən qiymətli milli dəyəri Nizami Gəncəvi və onun yaradıcılığı olmuşdur. Həmin dövrdə Azərbaycanın ən yüksək, ən qiymətli memarlıq əsərlərini Naxçıvanda Əcəmi Naxçıvani yaratmışdır. Elə "Möminə Xatun" məqbərəsinə baxanda, onu seyr edəndə insan heyran olur.

800 il bundan öncə burada, Azərbaycanın bu ucqar diyarında, - amma o, ucqar deyildi, o vaxt Azərbaycanın mərkəzlərindən biri idi, - bu qədər gözəl memarlıq əsəri yaradılıbdır. Demək, mədəniyyət, memarlıq, dövlətçilik nə qədər yüksək səviyyədə olub və Atabəylər dövlətinin nə qədər qüdrəti olub, mədəniyyətə nə qədər diqqəti olub ki, bu gözəllikdə "Möminə Xatun" abidəsi yaradılıbdır. Bu, yeganə deyildir. Elə bu torpaqda Əcəmi Naxçıvaninin bir çox gözəl əsərləri var. Əcəmi Naxçıvani memarlıq məktəbi bütün Şərqə yayılmış, bu məktəb Şərq aləmində müxtəlif ölkələrdə öz əksini tapmışdı.

XIX-XX əsrlər dövründə də Naxçıvan həmişə mədəniyyətə, təhsilə çox maraq göstərmiş, mədəniyyəti inkişaf etdirmişdir. Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, milli ruhu yaşatmaq deməkdir. Təsadüfi deyil ki, yüz il bundan öncə Naxçıvanda dünyəvi teatr yaranmışdır. Bunu bu gün, yüz il keçəndən sonra biz yüksək qiymətləndirməliyik. Mirzə Fətəli Axundovun təşəbbüsü ilə 125 il bundan öncə ilk dəfə Azərbaycan dünyəvi teatrı yaranıbdır. O təşəbbüs öz əksini tapıb və ondan bir az sonra Naxçıvanda dünyəvi teatr yaranıbdır.

Naxçıvan çox böyük mütəfəkkirlər diyarı, böyük alimlər, sənətkarlar diyarı olubdur. Əgər yaşadığımız əsrin əvvəlini götürsək, böyük Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının fəxrinə çevrilmiş şəxsiyyətlər, onların əsərləri öz həyat yolunu buradan başlamışlar. Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin çox böyük rolu olmuşdur.

Mən bir neçə ad çəkirəm, amma çoxlarının adını çəkmək olar. Çünki o vaxt Naxçıvan mühiti həqiqətən Şərqlə Qərbin birləşdiyi bir yerdə Şərq ənənələrini özündə yaşadaraq, eyni zamanda dünyəvi həyat tərzi, dünyəvi mədəniyyət sahəsində və Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqda, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Mən bilirəm ki, bizim alimlərimiz Cəlil Məmmədquluzadənin yaradıcılığını həmişə yüksək qiymətləndiriblər. Ancaq açıq danışaq, əgər bir az da dərinə getsək, Cəlil Məmmədquluzadə çoxşaxəli yaradıcılığı ilə, əsərləri, maarifçiliyi ilə, elə o dövrdə "Molla Nəsrəddin" jurnalı ilə və başqa fəaliyyəti ilə təkrarolunmaz bir şəxsiyyətdir. Ümumiyyətlə, ədəbiyyatda, incəsənətdə, elmdə, mədəniyyətdə tarix boyu insanların bir-iki-üç əsrdən sonra bir-birinə bənzərliyi var. Amma mən hesab edirəm ki, Cəlil Məmmədquluzadəyə nə ondan əvvəlki, nə də ondan sonrakı dahi insanlar bənzəyiblər. Onun öz siması var. Onun öz siması da Azərbaycan xalqının inkişafı üçün dəyərli xidmətlər göstərmişdir.

Biz Hüseyn Cavid haqqında burada onun məqbərəsi açılarkən danışdıq, Bakıda da çox danışmışıq. Azərbaycan xalqı Hüseyn Cavidi çox yüksək qiymətləndirir və onun irsi əsrlər boyu yaşayacaqdır. Onun iradəsi, onun milliliyi və yaradıcılığının özünəməxsus xüsusiyyətləri gələcək nəsillər üçün də böyük örnək olacaqdır.

Yenə də deyirəm, Azərbaycanın bir hissəsi kimi Naxçıvan sonralar ərazi nöqteyi-nəzərindən Azərbaycanın böyük hissəsindən ayrı düşmüşdür. Təkcə ona görə yox ki, məsələn, 20-ci illərdə sərhədlər bölünərkən, Zəngəzur diyarı Ermənistana veriləndən sonra Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdü. Amma ondan əvvəl də, Naxçıvanın, məsələn, Azərbaycanın paytaxtı Bakı ilə, yaxud o vaxtlar ümumiyyətlə, Qafqazda mədəniyyət mərkəzlərindən biri olan Tiflislə əlaqəsi çox çətin olubdur. Bakı ilə əlaqə yaratmaq, buradan Bakıya getmək üçün bir neçə gün yol keçmək lazımdır. Dəmir yolu indi son hadisələrlə əlaqədar bağlanıbdır. Ancaq Bakıdan buraya dəmir yolu yalnız 42-ci ildə, İkinci Dünya müharibəsi zamanı çəkilib. O vaxt sovet hökumətinə bu, çox lazım idi, çünki alman faşizmi ilə müharibədə Amerikadan kömək İrandan keçib gəlirdi, buradan dəmir yolu vasitəsilə çox şeyləri daşımaq lazım idi, ona görə də sürətlə, tez dəmir yolu tikdilər.

Mənim xatirimdədir, biz - Naxçıvanda yaşayıb böyüyən insanlar o vaxta qədər Bakıya qatarla üç sutka gedirdik: İrəvana, Tiflisə, orada qatardan düşüb, 12 saat gözləyib başqa bir qatara minmək lazım idi. Üç sutkadan sonra gedib Bakıya çatmaq olurdu.

Yəni bunlar da Azərbaycanın başqa bölgələri ilə Naxçıvanın əlaqəsini məhdudlaşdırıb, amma Naxçıvanda inkişaf dayanmayıbdır. XX əsrin əvvəllərini götürsək, Naxçıvanda təhsil, mədəniyyət çox geniş olmuşdur. Mən xatırlatdım ki, yüz il bundan öncə teatr yaranıbdır. Bəli, bu teatr əsrin əvvəlində Naxçıvanda daim fəaliyyət göstərib və naxçıvanlılar teatra çox böyük maraq göstəriblər.

Yaxud da məktəblər. Burada çox yüksək səviyyəli məktəblər var idi. Bu məktəbləri də yaradanlar vardı. Bəli, Naxçıvanın mütəfəkkir insanları - birinin adını çəkdim - Məhəmməd Tağı Sidqi və başqaları yaradırdılar. Naxçıvan mühiti hətta sovet hakimiyyəti qurulandan sonra da - 20-ci, 30-cu illərdə də davam edirdi. Çox milli hissiyyatlarla dolu olan bir mühit idi. Mən sizə deyə bilərəm ki, o vaxtlar Naxçıvanda insanlar çox yüksək təhsil alırdılar. Naxçıvanda məktəb çox deyildi, amma məktəbdə verilən dərslər və şagirdlərin dərsləri qavraması çox yüksək səviyyədə idi.

Bunu cəsarətlə deyirəm, çünki mən özüm birinci sinifdən orta məktəbi qurtarana qədər burada oxumuşam. Əvvəl orta məktəbdə, sonra iki il pedaqoji texnikumda. 39-cu ildə burada pedaqoji texnikumu qurtarmışam. O dövrdə aldığım təhsil gələcək həyatımın bütün mərhələlərində mənə yardım edibdir. Bəziləri məndən soruşurlar ki, siz, - bağışlayın ki, mən özüm haqqında danışıram, - Azərbaycan dilini nə təhər belə səlis bilirsiniz? Bu sual da təbiidir, çünki bilirlər - o təşkilatlarda ki, mən işləmişəm, onların hamısında rus dili işlənirdi. Bilirlər ki, mən ali məktəbdə rus sektorunda oxumuşam, sonra Leninqradda, Moskvada xüsusi məktəblərdə oxumuşam, onlar da hamısı rus dilində idi. Yəni, demək olar ki, on altı yaşımdan sonra mənim bütün təhsilim, iş fəaliyyətim rus dilində gedibdir. Ona görə də soruşurlar ki, sən Azərbaycan dilini haradan bilirsən? Bu gün sizə səmimi-qəlbdən deyirəm ki, on altı yaşa qədər Naxçıvan məktəbində müəllimlərimin mənə verdiyi dərslər, o cümlədən başqaları ilə bərabər ana dili, ədəbiyyat dərsləri mənim bugünkü dilimin əsasını təşkil edir.

Ona görə mən öz müəllimlərimi həmişə xatırlayıram. Bilirsiniz ki, mən böyük həyat yolu keçmişəm, yaşım da az deyildir. Çox şeylər, çox insanlar görmüşəm, çox böyük şəxsiyyətlər görmüşəm. Yadda qalanları da, qalmayanları da var. Az yadda qalanı var, çox yadda qalanı var. Amma sizə demək istəyirəm ki, ən yadda qalanlar, mənim üçün əziz adamlar Naxçıvandakı müəllimlərimdir. Onların adlarını indiyə qədər xatirimdə saxlayıram. Dil-ədəbiyyat müəllimi Lətif Hüseynzadə, Abbas Əsgərov, Cəlil İsgəndərov vardı, müharibəyə getdi, qayıtmadı, çox gözəl ədəbiyyat dərsi deyirdi.

O vaxt mənə burada rus dilini yaxşı öyrətdilər - Həsən bəy Qazıyev. Mən gənc vaxtlarımdan riyaziyyatı çox sevirdim. Riyaziyyatı, yəni dəqiq elmləri çox sevməyimin də səbəbkarı yenə də müəllimlərim olmuşdur. Çox gözəl bir müəllimimiz vardı - Tofiq Bəktaşi. Gözəl müəllimimiz vardı, həm riyaziyyat, həm fizika dərsi deyirdi - Murad Tutayuq. Çox gözəl botanika, biologiya müəllimimiz vardı - Əsəd Cəfərli. Gözəl müəllimimiz vardı, həm də mən pedaqoji texnikumu bitirərkən oranın direktoru idi - Kazım Talıblı. Çox gözəl müəllim idi. Çox gözəl tarix müəllimimiz var idi - Əli Əliyev. O, yəqin ki, indi buralardadır, yaxud rəhmətə gedibdir. Allah rəhmət eləsin.

Deyirlər Lətif Hüseynzadə yaşayır, çox sağ olsun. Allah onu daha da çox yaşatsın. Rəhmətə gedənlərə Allah rəhmət eləsin, yaxşı kimya müəllimimiz vardı - Əsgər Əhmədov, sonra orduya getdi, hərbçi oldu, böyük xidmətlər göstərdi. Yenə də tarix müəllimimiz vardı - Əbülfəz Həsənov, çox yaxşı müəllim idi.

Vaxtınızı almaq istəmirəm. Bu, mənim üçün əzizdir, bəlkə sizin üçün o qədər də maraqlı deyildir. Mən Naxçıvana gələndə bunlar hamısı yadıma düşür, ona görə də bu sözləri deməsəm mümkün deyildir. Mən sadəcə, özümü saxlaya bilmirəm, gərək bunları deyəm.

Yəni bununla onu demək istəyirəm ki, burada çox güclü məktəblər, güclü müəllimlər var idi. Təsadüfi deyil ki, Azərbaycanda elə bu gün də, on il də, iyirmi il də, otuz il də bundan öncə böyük alimlərin, elmlə məşğul olan insanların - akademiklərin, professorların, universitetlərdə dərs verənlərin, yaxud Elmlər Akademiyasında, elmi-tədqiqat institutlarında çalışanların çoxu öz həyat yollarını Naxçıvandan başlayıblar. Burada mühit də buna şərait yaradıbdır. Ancaq buradakı məktəblər, ümumiyyətlə məktəb mühiti də şərait yaradıbdır.

Naxçıvanın çox gözəllikləri var. Birincisi, onun təbiətidir. Azərbaycanın hər yerində gözəl guşə tapmaq olar. Haraya gedirsən, Azərbaycan gözəl bir yerdir. Amma mən bu gün Naxçıvandayam və Naxçıvan haqqında danışıram. Naxçıvanın təbiətinin gözəlliyi məğrurluq rəmzidir. Bax, ətrafda görünən dağlar, qayalar, çılpaq torpaqlar, - burada yaşıllıq azdır, - bu diyara xüsusi gözəllik verir. Ancaq bu gözəllik, yenə də deyirəm, qəhrəmanlıq, məğrurluq rəmzidir. O məğrur dağlar kimi, insanlar da məğrurdurlar. Mən bu fikri bir dəfə demişəm, bir də təkrar etmək istəyirəm, - Naxçıvanın gözəlliyi kişi gözəlliyidir. Güman edirəm, siz məni düzgün başa düşəcəksiniz. Mən bu sözü izah etməliyəm, ola bilər, sonra başqa cür başa düşərlər.

Ümumiyyətlə, həyatda hamı "gözəl" deyəndə ancaq qadını nəzərdə tutur: qadın gözəlliyi. Tarix böyük bizim ulu babalarımız həmişə gözəl qadınlar haqqında yazıblar. Nizami Gəncəvi də gözəl qadınları vəsf edib - "Leyli və Məcnun"da. Füzuli də, başqası da. Təkcə Azərbaycanda deyil, ümumiyyətlə, bəşəriyyətdə qadın gözəlliyi gözəlliyin rəmzidir. Kişiyə adətən gözəl deməzlər. Bəzən gözəl desən də, bəlkə acığına gələr. Amma kişiyə məxsus da gözəllik var. O gözəllik həmin o dağların gözəlliyidir, burada olan gözəl, ancaq sərt təbiətin, iqlimin gözəlliyidir. Bütün bu təbiət buradakı insanlara müəyyən qədər xüsusiyyətlər verir. Bu xüsusiyyətlərdən isə, - mənə elə gəlir, mən belə düşünürəm, - ən dəyərlisi odur ki, naxçıvanlılar həmişə milli şüurla yaşamışlar. Millilik, azərbaycançılıq, milli şüur Azərbaycanda həmişə yüksək olmuşdur. Mən demək istəmirəm ki, Azərbaycanın harasında yüksək olub, harasında az olubdur, - bu sözlərdən kənaram. Ancaq naxçıvanlılarda milli qürur, milli şüur, milli hisslər, milli mənlik bir tərəfdən bunları bu sərt iqlimdə daim çalışmağa, daim özünü yaşatmağa, eyni zamanda döyüşkən olmağa sövq edibdir. Naxçıvanlılar cəsarətlidirlər, döyüşkəndirlər.

Naxçıvanın tarixindən çox şey demək olar. Ancaq bizim yaxın tarixdən sizə deyə bilərəm: Naxçıvanda milli şüurun, milliliyin nə qədər dərin olması və insanların, demək olar, hamısına xas olması.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı təcavüz etdi. Azərbaycanın böyük bəlaları başlandı. Sovet hakimiyyəti, sovet hökuməti, Moskva hökuməti, Qorbaçov rəhbərliyi Azərbaycana qarşı ədalətsizlik etdi. Dağlıq Qarabağda olan münaqişənin qarşısı alına bilərdi. Ancaq alınmadı və Azərbaycan ağır vəziyyətə düşdü. Azərbaycan xalqının iradəsini, milli oyanış prosesini qırmaq üçün sovet hökuməti, Moskva 90-cı il 20 Yanvar hadisələrini törətdilər. Qoşun yeridi, bir gecədə günahsız insanlar qırıldı, qan töküldü, şəhidlər verildi.

Azərbaycanın rəhbərliyi nəinki fəaliyyətsizlik göstərdi, Azərbaycanın o vaxtkı rəhbərliyi millətinə qarşı satqınlıq elədi. Həmin o yanvar hadisələri ilə əlaqədar dövlət xadimləri yox, Azərbaycanın rəhbərləri yox, Azərbaycan xalqını öz başına toplayan, indi bizim aramızda olan hörmətli şairimiz Bəxtiyar Vahabzadə etiraz səsini ucaltdı. Millət ayağa qalxdı, bu təcavüzə etiraz etdi. Ancaq Azərbaycanın o vaxtkı rəhbərləri bunu yatırtmağa çalışdılar.

Mən Moskvadaydım, bir-iki dəfə televiziya ilə göstərdilər ki, insanlar kütləvi surətdə kommunist partiyasının biletlərini necə tonqala atır, yandırırlar. Amma Azərbaycanın rəhbərliyi bunların qarşısını almaq istəyirdi.

Bəs Naxçıvanda vəziyyət nə təhər idi? Ermənistanın təcavüzü şəraitində buradan, oradan rus qoşunları daxil olurdu. Yanvarın 19-da Naxçıvan Muxtar Respublikasının Ali Soveti yığışdı, iradə göstərdi və Naxçıvan Muxtar Respublikasının SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul etdi. Bu, təsadüfi hal deyildi. Bu, Naxçıvanda milli ruhun, müstəqilliyə bağlılığın, müstəqillik üçün çalışmağın, azad olmağın rəmzi idi. Bax, bütün bunlar hamısı bir daha, bir daha mənə əsas verir deyəm ki, Naxçıvanın xüsusiyyətlərindən biri də burada milli ruhun, milli şüurun, azərbaycançılığın çox yüksək səviyyədə olmasıdır.

Vasif Talıbov burada dedi, ondan sonrakı hadisələrdə də. 90-cı ildə hələ sovet hakimiyyəti möhkəm yerində idi. Azərbaycanın rəhbərləri də yanvar hadisələrindən özləri üçün nəticə çıxarmayaraq, tökülmüş qanların üzərində hakimiyyətə yenidən gələrək, hakimiyyəti ələ keçirərək Azərbaycanı yenə də Moskvanın əlində, SSRİ-nin tərkibində, kommunist partiyasının əlində saxlamaq istəyirdilər.

Amma Naxçıvanda vəziyyət necə idi? Mən o vaxt, 90-cı ildə Moskvada sizə məlum olan təqiblərdən can qurtarmaq üçün çox böyük əziyyətlərdən keçərək Bakıya gəldim. Vətənimə gəldim ki, bəlkə vətənimdə bir az rahat yaşaya biləm, bəlkə bu təqiblər olmasın. Ancaq o vaxt Azərbaycanın o satqın rəhbərləri, Moskvaya yaltaqlıq edən və öz kürsülərindən qorxan rəhbərləri mənə Bakıda yaşamağı qadağan etdilər.

Təsəvvür edin. Burada otuz il müddətində görülən işlər haqqında məlumatlar verildi. Bunlar təkcə burada yox, Azərbaycanın hər yerində məlumdur. Mən buraya gələndə hər dəfə görürəm, - 23-cü ildə burada anadan olmuşam, 30-cu illərdə, 40-cı illərin də bir hissəsini burada yaşamışam, ondan sonra buradan getmişəm, - Naxçıvanda nə vardı, Naxçıvan xanlarının tikdikləri binalardan savayı başqa heç bir bina yox idi. Mənim oxuduğum məktəb, - o bina indi durur, tibb texnikumu adlanır, - vaxtilə kiminsə tərəfindən tikilmiş qızlar gimnaziyası olubdur. Həm dövlət orqanları, həm məktəblər belə binalarda yerləşirdi. Yaxud da, Naxçıvan xanlarının, Cəfərqulu xanın böyük bir binasını götürüb poliklinika etmişdilər. Cəfərqulu xanın indi xalça muzeyi olan böyük sarayını da o vaxt tibb texnikumu etmişdilər, sonra da orada kənd təsərrüfatı texnikumunu yerləşdirdilər.

Yəni bu binalardan savayı başqa bir şey yox idi. Sonrakı illərdə az-çox tikildi. Ancaq məni düzgün başa düşün, fəxr edirəm ki, Azərbaycanın hər yerində olduğu kimi, mən burada da öz əsərlərimiz görürəm. Mənim əsərlərim şer deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, yaşayış evləri, universitet, məktəb binalarıdır, yollardır, körpülərdir, su hövzələri, su kəmərləridir və sair və sair və sairdir.

Mən bu gün fəxr edirəm ki, 1970-ci ildə Bakıda indi bizim müstəqil dövlətimiz üçün çox mötəbər olan bir sarayı - Respublika sarayını yaradandan sonra belə bir sarayı da Naxçıvanda yaratmağa çalışdım. Çalışdım və bu sarayı da mən yaratdım.

Bunları nə üçün deyirəm? Ona görə yox ki, sizə özümü tərifləyim, yaxud özümü təbliğ edim. Buna ehtiyacım yoxdur. Mən bunu ona görə deyirəm ki, bu cür bir Azərbaycan vətəndaşına, Bakını qurub-yaradan Azərbaycan vətəndaşına Bakıda yaşamağa imkan vermədilər. Məni Bakıdan çıxartdılar. Məcbur oldum, - Moskvaya dönə bilmərəm, Bakıda məni hədələyirlər, orada yaşaya bilmərəm, - uçdum gəldim buraya. Burada yaşadım.

Naxçıvanda yaşadığım müddətdə burada olan həmin o milli əhval-ruhiyyəni, milli ruhu gördüm. Bunu mən gördüm. Həqiqət naminə demək lazımdır ki, o vaxt bu sahədə Xalq Cəbhəsinin də rolu böyük idi. Mən heç bir həqiqəti unutmuram. Xalqın hamısı coşmuşdu, hamısı ayağa qalxmışdı. Xalqda olan o dağ - milli ruh qalxmışdı. Ona görə də 90-cı ilin 19 yanvarında SSRİ-dən çıxmaq haqqında qərar qəbul edilmişdi.

Sonrakı dövrdə burada cəsarətli addımlar atıldı. Bəli, 90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni biz bunu küçə və meydanda qaldırmadıq, - orada bu bayraq qaldırılırdı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ kommunist partiyası da var idi, sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından "sovet sosialist" sözləri çıxarılmalıdır. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.

Bakıda fövqəladə vəziyyət davam edirdi, yanvar hadisələrinə qiymət verilmirdi. Ola bilər, düşünəydilər ki, naxçıvanlıların nə işi var - Bakıda fövqəladə vəziyyət var, yoxsa yox, yaxud Bakıda yanvar hadisələri olubdur. Burada, sessiyada qərar qəbul etdik ki, yanvar hadisələrinə siyasi qiymət verilməlidir. Bakıda fövqəladə vəziyyət aradan götürülməlidir. Bir neçə belə siyasi qərar qəbul etdik, Azərbaycan isə indi bizim müstəqil dövlətimizin bayrağı olan bayrağı Naxçıvanda o bayraq qalxandan yalnız bir neçə ay sonra, 91-ci ilin fevral ayında qəbul etməyə məcbur oldu.

Amma yenə də yarımçıq qəbul etdilər. O bayrağı qəbul etdilər. Deputat kimi mən də gəlib salonda oturdum. Gördüm ki, bir yerdə bu bayraqdır, onun da yanında Leninin büstü durur. Bu qədər riyakarlıq ola bilərmi?

Mən çıxış edəndə başqa fikirlərimlə yanaşı, bunu da dedim. Dedim ki, mən anlaya bilmirəm, - burada, bu salonda Azərbaycan Xalq Cümhuriyyətinin milli bayrağı ilə yanaşı, o cümhuriyyətin ideologiyasına zidd olan ideologiyanın banisinin büstü durubdur. Mən bunu anlaya bilmirəm. Doğrudur, yenə də orada məni müdafiə edənlər az oldu, mənim əleyhimə sözlər danışıldı. Amma bunlar hamısı, yenə də deyirəm, Naxçıvanın milli şüuru, milli ruhun nə qədər yüksək olduğunu göstərir.

91-ci ilin mart ayında Azərbaycanda sessiya keçirilirdi ki, Sovet İttifaqı saxlanılsın, ya saxlanılmasın. Biz bunu bilirdik. Hələ ondan üç-dörd ay öncə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qərar qəbul etdik: Azərbaycan referenduma getməməlidir və Sovet İttifaqının saxlanılmasına tərəfdar çıxmamalıdır.

Qərarı Bakıya, Azərbaycanın Ali Sovetinə göndərdik. Ancaq fikir vermədilər, sessiya keçirildi. Deputatların bir qismi, təbii ki, o cümlədən mən də referendum keçirilməsinin əleyhinə çıxdıq. Amma Azərbaycanın o vaxtkı rəhbərləri özlərini, ancaq özlərini saxlamaq üçün Moskvaya xidmət etməli idilər. Kommunistlər 17 martda referendum keçirdilər. Naxçıvan Muxtar Respublikası Azərbaycanın yeganə bölgəsidir ki, SSRİ-nin saxlanılması ilə əlaqədar 17 mart 91-ci ildə keçirilən referendumda iştirak etmədi.

Demək, görürsünüz, burada milli azadlıq, milli istiqlaliyyət ruhu nə qədər güclü idi. Ona görə də Naxçıvanda belə müstəqil qərarlar qəbul edilirdi. Bu qərarların da qəbul edilməsində, şübhəsiz ki, mənim də xidmətim az olmamışdır.

Bu gün Naxçıvan ağır blokada şəraitində yaşayır. Onun ən ağır dövrünü mən naxçıvanlılarla bir yerdə yaşadım - 90-cı ildən 93-cü ilə qədər. Burada fəlakətli bir vəziyyət vardı. İndi çox hörmətli qonaqlar gəliblər. Amma o vaxt Naxçıvana gəlib-gedən yox idi. Yox idi Naxçıvana gəlib-gedən! Bəzən çağırır, xahiş edirdik. Buraya kiçik bir konsert qrupu gələndə sevinirdik. Düzdür, qışda bu salonda soyuqdan oturmaq olmurdu. Hamımız paltoda otururduq. Amma yenə də yığışırdıq. Bir-iki-üç nəfər, bəli, Niyaməddin Musayev o vaxt cəsarət göstərdi, qorxmadı, Naxçıvana gəldi, burada konsert verdi və biz hamımız böyük sevgi, məhəbbətlə onun musiqisinə, mahnılarına qulaq asdıq.

Ağır vəziyyət idi. Elektrik enerjisi kəsilmiş, qaz kəsilmişdi. Bəli, burada deyildi, - mən 70-ci illərdə Azərbaycanın bütün bölgələrini, ən ucqar dağ kəndlərini qazlaşdırdım. O cümlədən, Naxçıvanın ən uzaq dağ kəndlərinə qaz çəkdirdim. Burada qaz kəsildi, elektrik enerjisi kəsildi, yollar bağlandı, dəmir yolu bağlandı. İndi buraya böyük təyyarələrlə uçmaq olar. Ancaq onda burada kiçik bir təyyarə meydanı vardı. YAK-40 təyyarəsi cəmi 22-23 adam götürürdü, o da üç-dörd reys edirdi.

İnsanlar ağır vəziyyətdə yaşayırdı. Naxçıvanın qışı çox şaxtalıdır. Biz gecə dona-dona yatırdıq. Səhər əlimizi yumağa su tapmırdıq. Yaxşı xatirimdədir, məlumat gəldi ki, Şərur rayonunun doğum evində bir qadın uşaq doğub, sonra gedib evə. Uşaq evdə donub, ana donmuş uşağı gətirib doğum evinin baş həkiminin üstünə atıb ki, götürün. Dəhşətli faciədir!

Mən Şərura gedirdim. Vaxtilə yol boyunca gözəl ağaclar əkilmişdi. Qar dizə qədər idi. Gördüm ki, qadınlar əyinlərinə cürbəcür palaz-paltar keçiriblər, ağacları mişarlayır, kəsirlər. Gəldim bunların yanına, dedim ay bacılar, ay qardaşlar, axı, nə edirsiniz? Bu ağaclar sizə lazımdır. Dedilər ki, bilirik, bizə lazımdır, biz bu soyuğa dözürük, amma uşaqlarımız donur. Burada nə qədər uşaq şaxtadan donub öldü. Bax, belə ağır şəraitdə biz yaşadıq. Yaşadıq, amma Naxçıvan əyilmədi. Naxçıvan öz iradəsindən dönmədi. Naxçıvan yaşadı və Naxçıvan bu günlərə çıxdı.

Bilirsiniz, Naxçıvana ögey münasibət Azərbaycanda sovet hakimiyyəti vaxtında demək olar ki, həmişə olubdur. Hətta məlumdur ki, naxçıvanlılar burada çox hay-küy salanda Azərbaycanın bəzi rəhbərləri demişdilər ki, Naxçıvan bizim üçün bir apendisitdir, onu kəsib atmaq lazımdır. Yəni çoxları hazır idilər gəlib Naxçıvanı işğal etsinlər ki, onların canı qurtarsın. Çünki Naxçıvan onlara çox böyük narahatlıqlar verirdi. Belə ögey münasibət çox olubdur.

Ancaq bu da həqiqətdir ki, mən Azərbaycana rəhbərlik etdiyim zaman bu ögey münasibət aradan götürülübdür. Təəssüflər olsun ki, mən gedəndən sonra Naxçıvana bu ögey münasibət yenə də başlandı. Axı belə olmaz! Azərbaycanın hər yeri Azərbaycanın rəhbərləri üçün doğma olmalıdır. Başqa cür olmaz!

Bu gün mənim Naxçıvana münasibətim eyni zaman Yardımlıya, Lənkərana, Qusara, Gəncəyə münasibətim kimidir. Qətiyyən fərqi yoxdur. Amma bura ağır şəraitdə olduğuna görə gərək o illər heç olmasa düşünəydilər ki, gəlib burada insanların yaşayışı ilə maraqlansınlar. Nə gələn, nə gedən, nə də maraqlanan var idi. Heç bir şey yox idi - "ölürsünüz ölün, qalırsınız qalın".

O vaxt bizə kömək edənlər kimlər olubdur? Birinci növbədə Türkiyə Cümhuriyyəti və onun lideri, əziz dostumuz, qardaşımız prezident Süleyman Dəmirəl. Qeyri-adi bir hal idi, - biz qısa bir müddətdə onlarla danışıqlar apardıq, Araz çayı üzərində həmin o həsrət, ümid körpüsünü yaratdıq. Şübhəsiz ki, körpünü Türkiyə hökuməti tikdi, - bizim o vaxt imkanımız yox idi, - amma biz fəhlələrimizlə, başqa imkanlarımızla, texnika və sairə ilə orada iştirak edirdik, kömək göstərirdik. Belə bir körpü tikmək bizim, bir azərbaycanlı kimi şəxsən mənim on illərlə qəlbimdə olan arzu idi, - bizi Türkiyədən ayırıblar, Türkiyə ilə bizim cəmisi 11 kilometr, o da Naxçıvanda, sərhədimiz var, bu sərhəddən Araz çayı keçir, heç bir şey mümkün deyildir, - bu fikir mənim qəlbimdə on illərlə yaşayırdı.

Mən özümü çox xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsində, yaranmasında təşəbbüskar oldum, iştirakçı oldum. Biz dostumuz Süleyman Dəmirəlin və Türkiyə hökumətinin himayəsi, köməyi ilə bunu etdik. Naxçıvan Türkiyəyə açıldı. Bu, bizi xilas etməyə başladı.

Elektrik enerjisi yox idi, haradan alaq? Yenə də Türkiyə köməyimizə gəldi, elektrik xətləri çəkdilər. Xatirimdədir, o elektrik xətlərini çəkən türkiyəli adamlar 40 dərəcə şaxtada dirəklərin üstündə durub əlləri dona-dona bu xətləri çəkirdilər. Çünki bizi xilas etmək lazım idi. Mən onlardan xahiş etdim, elektrik xətti çəkdilər, bizə bir az elektrik enerjisi verdilər.

Körpü açılandan sonra ticarət başlandı. Mən Türkiyəni bir neçə dəfə ziyarət etdim. Qeyri-adi bir hal idi ki, Türkiyənin o vaxtkı baş naziri hörmətli Süleyman Dəmirəl qərar qəbul etdi ki, Naxçıvana 100 milyon dollar dəyərində kredit verilsin və həmin kredit hesabına Naxçıvana ərzaq alınıb gətirilsin.

Bu, bizim üçün xilas idi. Amma Azərbaycanın o vaxtkı rəhbərləri, - onda Azərbaycanda Xalq Cəbhəsi rəhbərlik edirdi, - onların buradakı nümayəndələri bunun əleyhinə çıxdılar. Onlar mənə suallar verirdilər ki, - mən onda Ali Məclisə sədrlik edirdim, bu barədə məlumatlar verirdim, - siz bu kreditləri nə cür qaytaracaqsınız, nə zaman qaytaracaqsınız, bunu Azərbaycanın hesabına qaytaracaqsınız? Dedim, ay qardaş, birincisi, bəs Naxçıvan Azərbaycanın deyilmi? İkincisi, sənin nə dərdinə, sənin niyə qarnın ağrıyır ki, biz bunu nə cür qaytaracağıq?

Mən bilirdim ki, onu kredit adı ilə bizə yardım kimi vermişdilər. Başqa cür ola bilməzdi. Bu, Türkiyənin bizə münasibəti. Azərbaycanın o vaxtkı rəhbərləri o zaman mənim haqqımda orda-burda nə qədər danışıqlar apardılar ki, "Heydər Əliyev bizim dövlətçiliyimizi pozur, Türkiyəyə gedir, oradan özbaşına kredit alır, filan edir". Mənim əleyhimə bu işləri həmin Xalq Cəbhəsinin rəhbərliyi aparırdı.

Mən sonra İrana getdim. Mən oraya getməmişdən qabaq danışıqlar apardıq, İrandan Naxçıvana elektrik xətti çəkdik. O iş də çətin vəziyyətdə oldu. Biz Naxçıvana Türkiyədən, İrandan elektrik xətləri çəkib gətirdik, çətin vəziyyətdən bir az çıxdıq. Amma indi də çətinlik var. Mənim yaşadığım evdə bu gün elektrik işığı iki dəfə sönmüşdü. İndi də vəziyyət belədir. Hazırda bizim Bakıda və yaxud başqa bir yerdə elektrik işığı sönəndə hay-küy salırlar. Mənim yaşadığım evdə bu gün səhər iki dəfə böyük fasilə ilə elektrik işığı sönmüşdü. Amma Naxçıvan belə vəziyyətdə yaşayır.

O vaxt mən İrana getdim. Biz Azərbaycana kömək üçün orada böyük protokollar bağladıq. Mən deyə bilərəm ki, o zaman və ondan sonra da İran İslam Cümhuriyyəti Naxçıvana bir çox vasitələrlə kömək edibdir. O vaxt bizim o ağır vəziyyətimizdə kömək edib, indi də sərhədləri tamam açaraq, Naxçıvan əhalisinin İrana, İran əhalisinin Naxçıvana gediş-gəlişini sadələşdirərək burada insanların ticarət aparması, yaşaması üçün çox gözəl şərait yaradıbdır.

Mən İrana getdim ki, Naxçıvanı xilas etmək üçün bir kömək əldə edim. Mən ora gedən kimi Xalq Cəbhəsi hökumətinin xarici işlər naziri Tofiq Qasımov İrana nota verdi ki, siz, nə bilim, "dövlət qanunlarını pozursunuz, Naxçıvan Muxtar Respublikasının müstəqil xarici siyasət aparmaq səlahiyyəti yoxdur, siz prezidentin təyyarəsini Naxçıvana göndərmisiniz, Heydər Əliyevi Tehrana aparmısınız".

Mən İrana gələndə, ikinci gün o notanı mənə göstərdilər. Soruşdum ki, nə deyirsiniz? Dedilər ki, onlar cəhənnəm olsunlar. Bildirirdilər ki, biz nə etdiyimizi bilirik, Naxçıvanda bizim qardaşlarımız yaşayır. Görürük ki, onlar ağır şəraitdədirlər. Sizi də böyük bir siyasi xadim kimi tanıyırıq. Siz bura müraciət etmisiniz, biz də sizə yardım edirik. Əgər onlar özləri yardım göstərə bilirlərsə etsinlər.

Yəni özləri Naxçıvanı başlı-başına buraxmışdılar. Biz də burada əlimizdən gələni etməyə çalışdığımız zaman onun qarşısını alırdılar. Mütəllibov hakimiyyəti, Xalq Cəbhəsinin hakimiyyəti zamanı da bu, belə idi. Amma sonra Allah nə yerə gətirib çıxardı? Allah o yerə gətirib çıxardı ki, Xalq Cəbhəsinə xalq etimadsızlıq göstərəndə Bakıda Xalq Cəbhəsi hökumətini dağıdanda və Surət Hüseynov öz qoşunları ilə hücum edib onları dar ağacından asmaq haqqında bəyanatlar verəndə onlar yenə də üzlərini Naxçıvana tutdular.

Tarixin həqiqətləri budur. Mən həyat yolumda uzun müddət yüksək vəzifələrdə işləmişəm, amma ağır bir dövrüm də olubdur. Ancaq özümü xoşbəxt hesab edirəm. Mənim ağır dövrümdə Moskvadan qurtara bildim. Bakıda mənə yer vermədilər, nəinki yer vermədilər, məni oradan inzibati surətdə çıxardılar. Naxçıvana gəldim. Naxçıvan məni öz qoynuna aldı, qorudu, saxladı, mən də onları qorudum, mən də onları saxladım.

Xatirimdədir, 1993-cü ilin iyun ayında Azərbaycanda dövlət böhranı və vətəndaş müharibəsi olduğu halda, Bakıdan və Azərbaycanın bir çox digər yerlərindən müraciət etdilər ki, mən Bakıya gəlim. Şübhəsiz ki, mən Bakıya gəlmək istəmirdim və gələ də bilməzdim. Ancaq bununla bərabər, Azərbaycanın o vaxtkı rəhbərliyi, başda Əbülfəz Elçibəy olmaqla, dörd gün - iyunun 5-dən 9-dək - mənimlə danışıqlar apardılar və mənim Bakıya gəlməyimi xahiş etdilər. Yenə də getmək fikrim yox idi. Çünki Naxçıvanın ağır dövrünü yaşamışdım, hesab edirdim ki, ömrümün sonuna qədər də burada yaşayacağam. Ancaq bu qədər tələblər, xahişlər, bu qədər insanlar…

Azərbaycandakı vəziyyətlə tanış olanda gördüm ki, doğrudan da Azərbaycan dağılır. Buradan yola düşəndə həqiqətən belə fikirdə idim ki, mən gedib orada 3-4 gün məsləhətlərimi verərəm, kömək edərəm, bir həftədən sonra yenə də qayıdıb gələrəm.

Mən buradan gedəndə camaat toplaşdı. Ali Məclisin qarşısında ağlaşma başlandı. Qadınlar, kişilər yığışdılar, dedilər ki, bizi qoyub hara gedirsən? Nə deyim, doğrudan da nəyə gedirdim - bilmirəm, hara gedirdim - bilmirəm, başıma nə gələcək - bilmirəm? Heç bir şey bilmirəm. Bilirdim ki, özümü odun içnə atıram. Amma eyni zamanda, fikrim belə idi ki, mən orada müəyyən xidmətimi göstərib öz yerimə qayıdacağam. Ona görə də əlimi qaldırıb dedim ki, iki gündən sonra qayıdıram. Bunlar sevindilər. Getdim, amma qayıda bilmədim.

Xatirimdədir, bir dəfə Bakıda veteranlarla görüşürdük. Naxçıvandan, deyəsən, Böyükdüzdən olan bir qadın - o, bəlkə də indi buradadır.

Yerdən səs: Mən buradayam, adım Zərifədir.

Heydər Əliyev: Zərifə xanım veteranların arasından ayağa duraraq danışdı, axırda mənə dedi ki, Siz niyə bizi aldatdınız? Soruşdum ki, necə aldatdım? Dedi ki, xatirinizdədir, biz Sizi buraxmırdıq. Yığışıb Sizi yola salanda bizə dediniz ki, mən iki günə qayıdacağam. Amma indiyə qədər qayıtmamısınız. Dedim ki, istəyirsən indi qayıdım? Cavab verdi ki, yox, görürəm, burada da lazımsınız.

Mən bu gün, bu bayram günü Naxçıvan əhalisinə, hər bir naxçıvanlıya hədsiz təşəkkürümü bildirirəm ki, o ağır üç ili bir yerdə yaşadıq, bir yerdə çalışdıq. Naxçıvanı erməni təcavüzündən, dağılmaqdan qoruduq. İndi Naxçıvan böyük inkişaf yoluna düşübdür.

Son illər Naxçıvanın həyatında böyük dəyişikliklər əmələ gəlibdir. Baxmayaraq ki, yenə də elektrik enerjisi çatmır, qaz yoxdur, Bakı ilə əlaqədar məhduddur. Bütün bunlara baxmayaraq, Türkiyə ilə, İranla əlaqələr genişdir. Xüsusən naxçıvanlıların öz fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir və Naxçıvanda quruculuq prosesi gedir.

Məni düz başa düşün. Azərbaycanın hər yeri mənim üçün əzizdir. Amma əgər Naxçıvanda belə ağır vəziyyətdə məktəb binası tikilə bilirsə, - buraya daş gətirmək mümkün deyil, burada kərpic zavodu, mişar daşı və başqa şeylər yoxdur, - əgər xəstəxana, universitet binaları tikilirsə, bəs başqa yerdə niyə tikilmir? Demək, bu, təşəbbüsdən, fədakarlıqdan asılıdır.

Naxçıvanda gedən bu işgüzar quruculuq prosesi məni sevindirir. İnsanlar bu gün də çətin, ağır yaşayırlar. Bilirəm ki, ağır yaşayırlar. Amma naxçıvanlıların bir xüsusiyyəti vardır - nə qədər çətin yaşasa da, özünü heç vaxt sındırmaz. Özünü sındırmayıb deyəcək ki, mən yaxşı yaşayıram. Çünki eyş-işrət, bər-bəzək və sairə naxçıvanlılara heç vaxt xas olmayıbdır. Mən bunları heç vaxt görməmişəm.

Belə bir ağır şəraitdə qurmaq, yaratmaq naxçıvanlıların nə qədər fədakar olduğunu bir daha göstərir. Məsələn, Vasif Talıbov dedi, - biz Azərbaycanda ilk dəfə 1992-ci ildə burada torpaq islahatına başladıq. Mən gördüm ki, kolxozlar mal-qaranı onsuz da dağıdır. Kolxoz sədri hər ay hesabat verəndə göstərirdi ki, inək, qoyun və sairə əvvəlkindən azdır. Fikirləşdim ki, əgər beş-altı ay da belə olsa, bunun hamısını yeyib qurtaracaqlar. Nə etmək? Həmin o mal-qaranı kolxozçulara güzəştli qiymətə satmaq lazımdır. Biz də satdıq. Beləliklə, mal-qara özəlləşdi. İndi deyirlər ki, nə qədər artıbdır. Bu qədər nə iribuynuzlu mal, nə də xırdabuynuzlu mal muxtar respublikanın tarixində, hətta mənim Azərbaycana rəhbərlik etdiyim o inkişaf dövründə də Naxçıvanda olmayıbdır.

O ağır illərdə bizim bazar iqtisadiyyatına, islahatlara başlamağımızın nəticəsi budur. Mən Azərbaycanda torpaq islahatı haqqında qanunu keçirmək üçün neçə il əziyyət çəkdim. Nəhayət, 1996-cı ildə biz onu Milli Məclisdən keçirə bildik. Nə qədər müqavimətlər var idi! Amma biz bunu Naxçıvanda qanunsuz-filansız etdik. Yəni Ali Məclisin bu barədə qərarı var idi, biz də bu işi görməyə başladıq, torpağı payladıq.

Naxçıvan Muxtar Respublikasında dağ kəndləri var. Orada yaşayış çətindir, torpaq azdır. O vaxt məhsulun bir hissəsini kolxoz sədri, bir hissəsini hesabdar, bir hissəsini ferma müdiri yeyirdi, polis rəisi gəlirdi ki, mənim də payımı ver. Şübhəsiz ki, raykom katibinə də bir şey vermək lazım idi. Mən bunların hamısını bilirdim. Ona görə də dedim ki, həmin o xırda kəndlərdə torpaqları, mal-qaranı kəndliyə verin. Özününkü olanda o, torpağı yaxşı becərəcək, mal-qaranı bəsləyəcək, məhsul götürəcəkdir. Onun nə kolxoz sədri, nə hesabdarı, nə ferma müdiri olacaqdır, polisin qarşısında da birtəhər dura bilər. İndi bunlar çox gözəl nəticələr veribdir.

Yəni biz Naxçıvanda həm müstəqilliyi əldə etmək, həm Azərbaycanda iqtisadi islahatlar həyata keçirmək, həm respublikamızı bazar iqtisadiyyatı yolu ilə aparmaq, həm də ölkəmizdə hüquqi, demokratik dövlət qurmaq üçün Naxçıvan ilk təşəbbüskarlardandır. Fəxr edirər ki, mən bu təşəbbüslərin iştirakçısı olmuşam. Ona görə də bu baryam günündə mən qəlbimdə olan bu sözləri sizə çatdırmağı özümə borc bildim.

Güman edirəm ki, bəzən mənim şəxsi hissiyyatlarım haqqında sözlərimi də siz düzgün başa düşəcəksiniz. Çünki mən insanam. İnsan insana xas olan hər bir xüsusiyyətə malik olmalıdır. Bax, bu xüsusiyyətlərə görə də mən qəlbimdə olan bu sözləri sizə deyirəm.

Mən naxçıvanlıları, bütün Azərbaycan xalqını bu bayram münasibətilə bir daha təbrik edirəm. Bəyan edirəm ki, Naxçıvan Muxtar Respublikasının muxtariyyət, dövlətçilik statusu daimidir, əbədidir.

Təəssüf ki, indi bəzi siyasətçilər meydana çıxıb, Azərbaycanda bir söz var - "Hələ yumurtasından çıxmamış bir cücə kimi" bəyanatlar verirlər ki, "Azərbaycan unitar dövlətdir, burada muxtariyyət ola bilməz, bu muxtariyyəti ləğv etmək lazımdır". Məni yandıran da budur ki, başa düşürsünüz, bunu edənlər naxçıvanlılardır. Mən həmin o cocuqlara - necə deyərlər, siyasətə qatılmış, amma siyasətin nə olduğunu görməyən, dövlətçiliyin nə olduğunu bilməyən, dövlət, idarə işində bir gün də işləməyərək böyük iddialarla yaşayan adamlara - hamısına cavab verirəm ki, Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və xüsusən Türkiyə Cümhuriyyətinin imzaladığı Qars müqaviləsinin burada böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyuk, əvəzi olmayan bir sənəddir.

Belə ağır şəraitdə Naxçıvanın yaşamasının, inkişaf etməsinin əsas şərtlərindən biri də odur ki, Naxçıvana o vaxt muxtariyyət hüququ veriblər. Bu muxtariyyət hüququ bu çətin vəziyyətdə yaşamaqda, inkişaf etməkdə Naxçıvana böyük şərait yaradıbdır. Amma Naxçıvanın bundan sonra da buna ehtiyacı vardır, müstəqil Azərbaycan dövlətinin içində buna ehtiyacı vardır. Ona görə də biz bunları tamamilə düşünərək, təhlil edərək Azərbaycan Konstitusiyasında yazmışıq, ümumxalq referendumu ilə qəbul etmişik və Naxçıvan Respublikasının Konstitusiyasında da yazmışıq, ümumxalq referendumu ilə qəbul etmişik və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da yazdırmışıq.

Naxçıvanlılara eşq olsun!

Naxçıvan Muxtar Respublikasına eşq olsun!

Naxçıvan xalqına eşq olsun!

Sağ olun.

Tarixi arayış