Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin General C.Naxçıvanski adına İxtisaslaşdırılmış Hərbi Məktəbdə təntənəli mitinqdə çıxışı - 9 may 1994-cü il


49 il bundan qabaq dünyanın bütün mütərəqqi qüvvələri, sülhsevər dövlətləri bəşəriyyəti böyük bəladan xilas etmiş, İkinci dünya müharibəsini sona çatdırmış və dünyada sülh, əmin-amanlıq yaranmasının əsasını qoymuşlar. Bu müharibədə, böyük qələbənin əldə olunmasında Azərbaycan xalqı da fəal iştirak etmişdir...

22 il əvvəl bu məktəbin əsasının qoyulması Azərbaycan xalqı üçün böyük hadisə olmuş və ötən müddət ərzində məktəb respublikamızın hərbi qüdrətinin möhkəmləndirilməsində çox işlər görmüşdür...

Məni sevindirən budur ki, cəbhə bölgələrində olarkən, zabitlərlə görüşərkən onların bir çoxunun bu məktəbdə təhsil aldığını hiss edirəm, görürəm. Onlar mənə deyəndə ki, biz məktəbimizlə vaxtilə sizinlə görüşmüşük, tövsiyələrinizi eşitmişik, - onda mən özümü daha xoşbəxt hiss edirəm.

Məktəbin 22 illik tarixi Azərbaycan Respublikasının həyatınla şübhəsiz ki, öz görkəmli yerini tutub. Ancaq bu məktəbi yaradarkən də, sonra onun genişlənməsinə, maddi-texniki bazasının möhkəmlənməsinə, zabit və müəllim kollektivinin yaranmasına çalışarkən də biz məhz respublikamızın gələcəyini düşünürdük. Mən Azərbaycanın gələcəyinə qayğı göstərirdim. Məmnunam ki, bu qayğılarımız, düşüncələrimiz yerinə düşüb. İndi, Azərbaycan müstəqillik qazanandan sonra, respublikamız müharibə vəziyyətinə düşəndən sonra bu məktəb bizim üçün daha çox əhəmiyyət kəsb edir.

Siz Azərbaycan Ordusunun gələcək zabitləri, təşkilatçılarısınız. Ona görə də məktəbdə vaxtdan səmərəli istifadə etməli, yaxşı təhsil almalı, hazırlaşmalısınız.

Həm elmdə, bilikdə, həm fiziki hazırlıqda özünüzü elə göstərməlisiniz ki, ali məktəbdə yaxşı oxuyasınız, yaxşı zabit olasınız. Azərbaycan Ordusunda xidmət etməyə layiq olasınız. Bu gün hərbi peşəni mükəmməl öyrənməyin xalqımız, respublikamız üçün əhəmiyyəti xüsusilə böyükdür. Ona görə də siz gənclərə hərbi biliklərin sirlərinə dərindən bələd olmağı, təhsildə, təlimdə uğurlar qazanmağı arzulayıram.

Məktəbin yaranmasında, fəaliyyətində bir neçə nəsil gənclərə təhsil verib ali məktəblərə, orduya göndərilməsində xidmətləri olan müəllim və zabit kollektivinə öz təşəkkürümü bildirirəm. 9 May Qələbə bayramı münasibətilə məktəbin bütün kollektivini təbrik edirəm, sizə təhsildə, təlimdə, şəxsi həyatınızda müvəffəqiyyətlər arzulayıram və əmin olduğumu bildirirəm ki, Azərbaycan Ordusunun gözəl gələcəyi var, bu ordu daha da möhkəmlənəcək, yüksələcək, müstəqil Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü qoruyacaq, respublikanın hərbi qüdrətini yüksəklərə qaldıracaqdır.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər