Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiya Xarici İşlər Nazirliyinin Osako şəhərindəki nümayəndəsi səfir cənab Sato tərəfindən Azərbaycan Prezidentinin şərəfinə rəsmi qəbuldakı söhbətindən - 28 fevral 1998-ci il


Hörmətli səfir!

Hörmətli dostlar!

Yaponiyaya - "Gündoğar ölkə"yə səfərim zamanı mənə göstərilən qonaqpərvərlik və diqqətə görə sizə bir daha minnətdarlığımı bildirirəm. Sizin gözəl ölkəniz və orada apardığım danışıqlar məndə böyük təəssürat yaratdı. Mənim Yaponiyaya bu ilk rəsmi səfərim Azərbaycan-Yaponiya əməkdaşlığının durmadan inkişaf etdirilməsində yeni bir mərhələ açır. Ötən vaxt ərzində biz əlahəzrət imperatorla, Baş nazirlə, parlamentin Nümayəndələr və Müşavirlər palatalarının rəhbərləri ilə görüşlər və digər çoxsaylı görüşlər keçirdik, danışıqlar apardıq, dostcasına söhbətlər etdik. Bütün söhbətlər, danışıqlar, dostluq, qarşılıqlı anlaşma, bir-birinə səmimi hisslər şəraitində keçdi. Hesab edirəm ki, biz Azərbaycan-Yaponiya münasibətlərində böyük və səmərəli iş gördük. Yaponiyanın qədim paytaxtı Kioto şəhəri ilə tanışlığımız, onun gözəlliyi və füsunkarlığı bizi məftun etdi. Kiotoda İmperator sarayı ilə, Qızıl məbədlə tanışlıq bizdə böyük təəssürat oyatdı. Bunlar gözəl tarixi-memarlıq abidələridir. Bu abidələr Yaponiyanın necə zəngin tarixə, mədəniyyətə malik olduğunu əyani şəkildə göstərir. Mən bu gün burada tanış ola bildiklərimdən çox razı qaldım. Qonaqpərvərlik üçün çox sağ olun.