Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin cəbhəyanı bölgədə - İmişli, Füzuli, Beyləqan, Şəmkir, Ağcabədi rayonlarındavə Gəncə şəhərində görüşlər zamanı çıxışları - 11-12 dekabr 1993-cü il


Bu gün hamı, ən əvvəl, əli silah tuta bilən kişilər Vətənin müdafiəsinə qalxmalıdırlar. Adını kişi qoyan kəs qaçqın ola bilməz və olmamalıdır, üstəlik buna dözməməlidir ki, düşmən onun doğma torpağını arxayınca tapdalayır, onun xalqının namusuna toxunur. Vətənin müdafiəsi hər bir kəsin müqəddəs borcudur.

C.Naxçıvanski adına ixtisaslaşdırılmış internat məktəbin heç də bütün məzunları Vətənə qayıtmamışlar, halbuki Vətən istiqlaliyyət əldə etdikdən sonra onun başı üstünü dövlətçiliyin itirilməsi təhlükəsi almışdır.

Azərbaycan öz oğullarına - təcrübəli hərbi mütəxəssislərə bu gün həmişəkindən daha çox möhtacdır. Elə mütəxəssislərə ki, həmvətənlərini öz arxasınca aparmağa, düşmənin qarşısında igidliklə durmağa, onu pərən-pərən salıb doğma torpaqdan qovmağa qadirdirlər. Milli Ordunun problemlərinin əksəriyyətinə səbəb son illər bir sıra rəhbər işçilərin öz vəzifələrinə məsuliyyətsiz münasibəti olmuşdur. Bu gün biz hərbi quruculuğa mane olan nöqsanların aradan qaldırılması üçün hər şey edirik. Vaxt gözləmir, onsuz da çox vaxt itirilmişdir.

Lakin nə qədər çətin olsa da, biz özümüzü düşmən üzərində qələbəyə hazırlamalıyıq, hərb işinə mükəmməl yiyələnməliyik. Indi bir addım da geri çəkilmək olmaz. Xalq öz ordusuna inanır. Ordu düşmənə layiqli cavab verməlidir.

* * *

Mən qələbəmizə inanıram. Qələbəni biz birlikdə təmin etməliyik. Bu nurlu günün yaxınlaşmasında ordumuza hər kəs əlindən gələn köməyi göstərməlidir. Mən sizi Azərbaycan tarixinin şanlı döyüş ənənələrini və bir çox nəsillərin qəhrəmanlığını xatırlamağa, hamımız üçün rüsvayçı olan məğlubiyyətçilik əhvalı ilə barışmamağa və təcavüzkara qarşı elliklə mübarizəyə qalxmağa, öz doğma diyarını, dövlətin ərazi bütövlüyünü və müstəqilliyini, lazım gələrsə, həyatını qurban verərək qorumağa çağırıram.

* * *

Müstəqil Azərbaycanın Milli Ordusu ölkə üçün çətin bir zamanda yaralıdır. Çətinliklər əsasən onunla bağlıdır ki, ordu quruculuğu işi onun bölmələrinin erməni təcavüzkarlara qarşı döyüşlərlə iştirakı ilə eyni zamanda həyata keçirilir. İtkilər də var, lakin bu itkilər xalqın iradəsini qırmamışdır. Vətən qeyrəti, onun müqədləs sərhədlərini qorumaq əzmi bu gün arxa cəbhəni ön cəbhə ilə birləşdirmişdir. Bunun sayəsində Azərbaycan ordusu işğal olunmuş əraziləri tezliklə azad edə biləcəkdir.

Eyni zamanda Azərbaycan əvvəlkitək atəşin dayandırılması və münaqişənin dincliklə nizama salınması uğrunda çıxış edir, bunun üçün siyasi və diplomatic səylər göstərir, nüfuzlu beynəlxalq təşkilatların və ölkələrin təsir və imkanlarından istifadə etməyə çalışır. Sülhün başlıca şərti bundan əvvəl işğal olunmuş torpaqların tamamilə azad edilməsidir. Təcavüzkarı cilovlamağa qadir döyüş qabiliyyətli ordu yaradılması sülhə doğru yolla eyni dərəcədə mühüm vəzifədir.

* * *

Səfərdən əsas məqsədim yerlərdə vəziyyətlə tanış olmaq, respublikamız üçün mühüm problemlərin həlli ilə əlaqədar bəzi tədbirlər görməkdir. Ilk növbədə respublikanın müdafiəsi ilə bağlı məsələlər, erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonlardan qaçqın düşmüş vətəndaşlarımızın yaşayışının təmin edilməsi və bir neçə başqa məsələ ilə əlaqədar müzakirə keçirmək niyyətindəyəm.

Məlumdur ki, indi respublikamız özünün ağır, demək olar, faciəli dövrünü yaşayır. Ölkə ağır sosial-iqtisadi böhran içərisindədir. Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində qərpaqlarımızın bir qismi işğal olunmuş, bir milyondan çox vətəndaşımız qaçqın vəziyyətindədir. Belə bir dövrdə daha ciddi, cəpt tədbirlər görmək lazımdır ki, respublika bu ağır vəziyyətdən çıxa bilsin.

İndi əsas vəzifə respublikanın etibarlı müdafiə edilməsi və qaçqın düşmüş vətəndaşlarımızın yaşayışının lazımi səviyyədə təmin olunmasıdır. Bunlar bu günün vəzifələridir. Gələcəkdə isə Respublikamızın işğal edilmiş torpaqları geri qaytarılmalı, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, Azərbaycan dövləti bütün torpaqlarının, bütün sərvətlərinin sahibi olmalıdır. Həmin vəzifələri yerinə yetirmək sizinlə birlikdə bizim öhdəmizə düşmüşdür. Bu baxımdan yerli hakimiyyət orqanlarının rolu çox böyükdür. Həmin vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi onların işindən çox asılıdır. Ona görə də bu səfərə çıxarkən ətraf rayonların rəhbərlərinin dəvət olunmasını məsləhət gördüm. Qeyd etdiyim kimi, yerlərdə vəziyyəti öyrənmək istəyirəm. Əgər operativ məsələlərin həllinə imkan olarsa, bunu da təmin edə bilərik. İcra başçıları öz rayonlarındakı vəziyyət haqqında, xüsusən qaçqınların yerləşdirilməsi və onların yaşayışının təmin edilməsi, orduya səfərbərliyin gəlişi və rayonların orduya köməyi haqqında məlumat versinlər. Bir daha nəzərinizə çatdırıram ki, indi başlıca vəzifəmiz ordunu möhkəmləndirmək, onun müdafiə, döyüş imkanlarını artırmaq və Azərbaycanı erməni təcavüzündən etibarlı şəkildə qorumaq, sonra isə işğal olunmuş torpaqlarımızı geri qaytarmaqdır.

Bildiyiniz kimi, son vaxtlar Ermənistanla Azərbaycan arasında gedən müharibənin dayandırılması üçün bir neçə tədbir görmüş, atəşin kəsilməsinə müəyyən qədər nail olmuşuq, məsələnin sülh danışıqları yolu ilə həllinə üstünlük vermişik. Siyasi tədbirlər, diplomatik tədbirlər çox görülmüş, beynəlxalq təşkilatların - BMT-nin, ATƏM-in, onun Minsk qrupunun imkanlarından faydalı istifadə etməyə çalışmışıq. Lakin bunlar hələlik istənilən nəticəni verməmişdir. Ermənistan rəhbərliyi ilə də danışıqlar aparılmışdır və indi də aparılır. Rusiyanın vasitəçilik imkanlarından da istifadə etməyə çalışmışıq. Hətta Dağlıq Qarabağı idarə edən müəyyən qüvvələrlə də danışıqlar aparılmışdır. Atəşi dayandırmaq üçün sazişlər bağlanmışdır. Lakin bu danışıqlar işğal olunmuş torpaqların sülh yolu ilə geri qaytarılmasını hələ ki, təmin elə bilməmişdir. Buna baxmayaraq, biz gələcəkdə də bu vasitələrdən istifadə edəcəyik. İctimaiyyət, siz bunu bilməlisiniz. Hesab edirik ki, bu vasitələrin imkanları hələ tükənməmişdir və onlardan daha səmərəli istifadə etməyə çalışacağıq.

Ancaq bəzi hallarda atəşkəs barədə razılıq pozulur. Dünən Beyləqan istiqamətində də belə olmuşdur. Ona görə də məsələnin sülh yolu ilə həllinə səy göstərməklə yanaşı, müdafiə imkanlarımızı da gücləndirməliyik. Sizə məlumdur ki, noyabrın 2-də mən Azərbaycan televiziyası və radiosu ilə xalqımıza, respublikanın bütün vətəndaşlarına müraciət etmişəm. Həmin müraciətdən sonra respublikada ciddi dəyişikliklər müşahidə olunur. Lakin bunlar hələ müdafiə imkanlarımızı, ordumuzun döyüş qabiliyyətini lazımi səviyyəyə çatdırmamışdır. Yerli hakimiyyət orqanları bu mühüm məsələnin həllində çox böyük rol oynamalıdırlar. Ona görə də İcra başçılarının çıxışlarında bu məsələyə mütləq toxunulmalı və görülən işlər barədə məlumat verilməlidir. Bir daha nəzərinizə çatdırıram ki, məlumatlar çox qısa, yığcam olmalıdır, çünki vaxtımız məhduddur və hər bir kəs öz iş yerində olmalıdır.