Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinə - Bakı şəhəri, 24 iyun 2000-ci il


Hörmətli generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar, əsgərlər, matroslar!

Azərbaycan Respublikası Silahli Qüvvələri günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi və xoş arzularımı bildirirəm.

Bu əziz bayram günündə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarmızın əziz xatirəsi qarşısında ehtiramla baş əyir, onlara Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm.

Böyük qürur hissi ilə qeyd edirəm ki, müstəqillik əldə etdiyimiz son doqquz il ərzində ağır sınaqlar qarşısında qalan, olduqca çətin hərbi-siyasi şəraitdə formalaşan Azərbaycan Silahli Qüvvələrinin şəxsi heyətinin hərbi-texniki hazırlığı, döyüş qabiliyyəti yüksəlmiş, dövlətımızın müdafiə qüdrəti artmışdır. Ordumuz müasir texnika və silahlarla təchiz olunmuşdur, onun müasir hərb elminin nailiyyətlərini mənimsəyən peşəkar əsgər və zabitləri yetişmişdır. Azərbaycan əsgəri, ordumuzun bütün sıravi və komanda heyəti bilməlidir ki, Vətənin müdafiəçilərinə, Silahli Qüvvələrə diqqət və qayğı Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm, prioritet istiqamətlərindən biridir. Xalqımızın və ordumuzun birliyi, orduya ümumxalq məhəbbəti onun gücünün sarsılmaz mənbəyidir.

Şəxsi heyətin hərbi, siyasi-ideoloji hazırlığının, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, xalqımıza,  dövlətimizə sədaqət hissinin möhkəmləndirilməsi ordumuzun qarşısında duran ən vacib vəzifələrdən olmalı, bu yöndə müntəzəm iş aparilmalıdır. Xalqımızın hərbi ənənələrini, tarixin sınağından çıxmış qabaqcıl hərbi təcrübəni, müasir döyüş texnikasını və taktikasını dərindən öyrənmək lazımdır.

Azərbaycanın siyasi rəhbərliyi Dağlıq Qarabağ problemi və Ermənistan-Azərbaycan münaqişəsinin sülh və qarşılıqlı güzəst yolu ilə həlli üçün məqsədyönlü fəaliyyət göstərir, bütün mümkün vasitələrdən istifadə edir. Bununla yanaşı, hər bir əsgər və zabit möhkəm bilməlidir ki, ordumuz işğal altında olan torpaqlarmızı

azad etməyə, hər hansı təcavüz aktina layiqli cavab verməyə, Vətən torpaqlarını etibarli şəkildə qorumağa həmişə hazır olmalıdır.

Silahli Qüvvələrin şəxsi heyətinə canSağlığı, ailə səadəti, xoşbəxtlik, Vətənin müdafiəsi, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunması işində uğurlar arzulayıram.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti,

Silahli Qüvvələrin Ali Baş Komandanı 

Tarixi arayış

ORDU QURUCULUĞU