Azərbaycanın Rus İcması İctimai Təşkilatının yaradılmasının 10 illiyi münasibətilə keçirilən toplantının iştirakçılarına - 1 oktyabr 2003-cü il


Hörmətli həmvətənlər!

Sizi - Azərbaycanın Rus İcması İctimai Təşkilatının bütün üzvlərini təşkilatınızın yaradılmasının 10 illiyi münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzularımı yetirirəm.

Rusların Azərbaycanda məskunlaşıb yaşaması tarixi 160 ildən artıq bir dövrü əhatə edir. Bu müddət ərzində onlar heç vaxt milli və dini ayrı-seçkiliyə məruz qalmamış, əksinə, öz etnik adət-ənənələrini, milli özünəməxsusluğunu, dil və mədəniyyətini qoruyub saxlamaqla Azərbaycanın ictimai-siyasi, elmi-mədəni və iqtisadi həyatında yaxından iştirak etmişlər. Müxtəlif tarixi-siyasi səbəblər üzündən taleyini Azərbaycanla bağlamalı olmuş yüz minlərlə rus əhalisi bu gün haqlı olaraq buranı özünün doğma vətəni sayır. Təsadüfi deyil ki, 1988-1989-cu illərdə Ermənistanda azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya siyasəti orada yaşayan ruslardan da yan keçməmiş və minlərlə rus daimi yaşayış yeri kimi məhz Azərbaycanı seçmişdir.

Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasında beynəlxalq normalara uyğun olaraq demokratik hüquqi prinsiplər bərqərar edilmiş, dilindən, dinindən, irqi-etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımıza insan hüquq və azadlıqlarından azad istifadə üçün hüquqi-siyasi şərait təmin olunmuşdur. Respublikamızın digər milli azlıqları kimi, rus əhalisi də bu hüquq və azadlıqlardan geniş yararlanmaqdadır.

Bir sıra MDB ölkələrindən fərqli olaraq Azərbaycanda rus dilinin işlənməsinə və rus dilində təhsilə heç bir məhdudiyyət qoyulmamış, əvvəllər mövcud olmuş tədris müəssisələri bağlanmamışdır. Bu gün ölkəmizdə onlarca rusdilli orta ümumtəhsil məktəbləri, ali məktəblərdə rus bölmələri, Bakı Slavyan Universiteti fəaliyyət göstərir.

Azərbaycanda yaşayan ruslar ölkədə gedən demokratik, hüquqi dövlət quruculuğu prosesində fəal iştirak edir, dövlətin ali icra və qanunvericilik strukturlarında, hüquq-mühafizə sistemində, elmi-mədəni, sosial-iqtisadi və istehsalat sahələrində geniş təmsil olunurlar.

Minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, milliyətcə rus vətəndaşlarımız torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda da əsl vətənpərvərlik nümunələri göstərmişlər. Milli qəhrəmanlarımız Yuri Kovalyov, Yevgeni Karlov, Viktor Seryoqin, Sergey Senyuşkin kimi qeyrətli oğullarımız Azərbaycanın ərazi bütövlüyü üçün öz canlarını fəda etmiş, bir çoxları respublikanın yüksək hərbi mükafatlarına layiq görülmüşlər.

Əziz həmvətənlər!

Azərbaycan Rus İcması İctimai Birliyi respublikanın ən kütləvi təşkilatlarından olmaqla sıralarında 80 min nəfərdən çox insanı birləşdirir. Bu təşkilat fəaliyyət göstərdiyi on il ərzində dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində, azad vətəndaş cəmiyyəti quruculuğunda ictimai fəallığı ilə seçilmiş, Azərbaycan həqiqətlərinin, Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti barədə obyektiv məlumatların Rusiyanın və digər ölkələrin ictimaiyyətinə çatdırılması sahəsində təqdirəlayiq işlər görmüşdür. Əminəm ki, bundan sonra da təşkilatınız Azərbaycan Respublikasının və Rusiyanın xalqları və dövlətləri arasında ictimai-mədəni əlaqələrin, mehriban dostluq və qonşuluq münasibətlərinin daha da yaxınlaşması və inkişafı üçün var gücü ilə çalışacaqdır.

Bu nəcib və xeyirxah yolda hər birinizə cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan qəzeti", 2 oktyabr 2003-cü il

Tarixi arayış