İran İslam İnqilabının 22-ci ildönümü münasibətilə fevralın 9-da "Gülüstan" sarayında Azərbaycan prezidenti Heydər Əliyevin nitqi - 9 fevral 2001


Hörmətli cənab səfir!

İrandan gəlmiş hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Mən sizi, bütün dost, qardaş İran xalqını, İran dövlətini bu böyük bayram - İran İslam İnqilabının 22-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm və İran xalqına sülh, əmin-amanlıq, firavanlıq arzulayıram.

İran ilə Azərbaycan arasındakı əlaqələr xüsusi xarakter daşıyır. Bunun tarixi çox qədimdir. O qədər qədim zamanlara gedib çatır ki, heç bizim alimlər də nə qədər çalışsalar, dəqiqləşdirə bilmirlər. Ancaq bir şey məlumdur ki, biz nəinki bir-birimizlə qonşuyuq, uzun əsrlər bir yerdə olmuşuq, bir yerdə yaşamışıq. Bizim tarixi köklərimiz, eyni dinə mənsub olmağımız, eyni mənəvi dəyərlərə mənsubiyyətimiz - bunlar hamısı bizi həmişə birləşdirib, həmişə dostlaşdırıbdır.

İran böyük ölkədir, qüdrətli ölkədir. Ancaq İslam İnqilabından sonra İranda çox ciddi və əhəmiyyətli dəyişikliklər baş vermiş, İran daha da inkişaf etmişdir. İndi İranda iqtisadiyyat, xalqın rifah halı, elm, mədəniyyət yüksək səviyyəyə qalxmışdır. Biz bunları dost kimi alqışlayırıq və İran xalqına bundan sonra da belə uğurlar arzulayırıq.

Mən çox məmnunam ki, bu gün İran İslam Respublikasının Ərdəbil vilayətinin -ostandarlığının böyük tərkibdə nümayəndə heyəti Azərbaycandadır. Bu nümayəndə heyətinə Ərdəbil ostandarı başçılıq edir. Mən Ərdəbildən gəlmiş qonaqları xüsusi salamlayıram, onlara Azərbaycanda xoş günlər arzulayıram. Bilirəm ki, indiyə qədər bir neçə işgüzar görüşlər keçiriblər və bundan sonra da keçirəcəklər. Bunlar bizim əlaqələrimizin kiçik bir hissəsidir və ölkələrimiz arasındakı həm iqtisadi, həm mədəni, həm elmi, həm də insani əlaqələri daha da inkişaf etdirəcəkdir.

Ərdəbil bizim üçün çox əziz, müqəddəs bir yerdir. Siz buna Mərkəzi Azərbaycan deyirsiniz, yoxsa...

Əhəd Qəzai: Elə adı Ərdəbildir.

Heydər Əliyev: Ərdəbil böyük ostandarlıqdır, böyük bir vilayətdir. Bir də bizim hamımız üçün böyük tarixi şəxsiyyət olan Şah İsmayıl Xətainin vətənidir və onun qəbri Ərdəbildədir. Biz İranın bütün vilayətləri ilə əlaqələr saxlayırıq və saxlamaq arzusundayıq. Xüsusən, təbiidir ki, İran ilə Azərbaycan arasında olan sərhədə yaxın vilayətlərlə. Məsələn, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, yəni Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Gilan - bunlar coğrafi nöqteyi-nəzərdən bizə çox yaxındırlar. İndi yollar açıq olduğuna görə, məsafələr qısa olduğuna görə, ola bilər ki, insan səhər burada çay içsin, günorta getsin Gilanda kabab, axşam da Ərdəbildə plov yesin. İndi bunların hamısı mümkündür. Bu, bizim əldə etdiyimiz böyük nailiyyətdir. İran İslam İnqilabının İran xalqı üçün verdiyi nemətlərdir və eyni zamanda Azərbaycanın dövlət müstəqilliyinin çox bariz göstəriciləridir, nümunələridir.

Biz iftixar hissi keçiririk ki, 1991-ci ilin sonunda Azərbaycan müstəqil dövlət olubdur və Azərbaycan xalqı azad, müstəqil yaşayır. Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi gedir. Demokratiya inkişaf edir. Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedir, dünya iqtisadiyyatı ilə daha da sıx əlaqələr yaratmaq və ondan bəhrələnmək məqsədilə çalışır. Bütün bu istiqamətlərdə də biz müsbət nəticələr əldə etmişik.

Bu yaxınlarda Azərbaycan üçün tarixi hadisə baş veribdir. Azərbaycan Avropa Şurasına daxil olubdur. Bu, Azərbaycanda demokratiyanın, insan haqlarının qorunmasının, Azərbaycanda siyasi, hüquqi, iqtisadi, sosial islahatların uğurla keçirilməsinə verilən böyük qiymətdir.

Hər dövlətin öz hüququ vardır. Azərbaycan bu yolla gedir və bu yolla da gedəcəkdir. Ancaq biz heç vaxt hesab etmirik ki, hansısa dövlət başqa dövlətə yol göstərməlidir. Yaxud da onun hansısa yolla getməsinə öz məsləhətlərini verməlidir. Xalqın azadlığının və müstəqilliyinin ən əsas amillərindən biri odur ki, xalq və xalqın tərəfindən seçilmiş dövlət hansı yolla getməyi, hansı dövləti qurmağı özü müəyyən edir. Nəhayət, biz çox onilliklərdən, əsrlərdən sonra buna nail olmuşuq və öz yolumuzla da gedirik.

Biz eyni zamanda sülh tərəfdarıyıq. Bütün qonşu ölkələrlə xoş münasibət, mehribanlıq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında əlaqələr saxlayırıq və bundan sonra da saxlayacağıq. Biz heç bir dövlətin daxili işinə qarışmırıq və ümumiyyətlə, hansısa bir dövlətin digər dövlətin daxili işinə qarışmasını yolverilməz hesab edirik. Çünki, dediyim kimi, hər bir xalq, hər bir ölkə, hər bir millət öz aqibətini, gələcəyini, dövlət quruluşu formasını özü müəyyən edir. Ancaq eyni zamanda biz hər bir xalqın, hər bir millətin tutduğu yola və müəyyən etdiyi dövlət quruculuğu formasına böyük ehtiramla yanaşırıq. Bu, bizim həm daxili, həm də xarici siyasətimizdə əsas yer tutur.

Azərbaycan indi müstəqil dövlət kimi İran İslam Respublikası ilə dostluq, əməkdaşlıq, qardaşlıq əlaqələrini bu prinsiplər əsasında qurubdur və bundan sonra da bu prinsiplər əsasında quracaqdır. İndi ölkələrimiz arasında insani əlaqələr çox genişlənibdir. Bu da həm keçmişlə, həm də bu günlə bağlıdır. Çünki keçmiş zamanlarda bizim ölkələrimiz arasında sərhəd yox idi. İnsanlar o tərəfə də, bu tərəfə də rahat gedib-gəlirdilər. Ona görə də Azərbaycanda nə qədər insan var ki, onların yaxın qohumlarının əcdadları İranda yaşayıblar, böyüyüblər. Eyni zamanda belələri İranda da çoxdur ki, onların kökləri Azərbaycanda olubdur. Yəni keçmişdə bizim bir yerdə olmağımız bunu müəyyən edibdir.

Bizim insanlar həmişə həsrətdə olublar ki, vaxt gəlsin, sərhədlər, yollar açılsın və bir-birinə, qohum-əqrəbasına qovuşsunlar. İndi bu, mümkündür və son on il içərisində nə qədər belə əlaqələr olubdur. Azərbaycandan nə qədər insanlar gedib öz qohum-əqrəbalarını, əcdadlarını, onların qəbirlərini, müqəddəs yerlərini tapıblar. Eyni zamanda İrandan Azərbaycana gəlib burada tapıblar. Bu, bizim tarixi keçmişimizdir. Ancaq bunu həmişə xatırlamaq lazımdır. Çünki əgər tarixi unutsaq, tarixi qiymətləndirməsək, onun mənfi cəhətlərini də qeyd etməsək, təbiidir ki, bu gün də, gələcəkdə də öz işlərimizi, münasibətlərimizi qura bilmərik.

Bizim xarici siyasətimizdə İran İslam Respublikası ilə əlaqələr xüsusi yer tutur. Ticarət əlaqələri, insani əlaqələr genişdir, elm, mədəniyyət, təhsil sahəsində də çox yaxşı nailiyyətlər vardır. Biz istəyirik ki, bu, daimi olsun, davam etsin, inkişaf etsin. Biz bir-birimizi tez-tez ziyarət edirik. Son 4-5 il içərisində mən iki dəfə Tehranda olmuşam. İndi İran İslam Respublikasının prezidenti hörmətli cənab Xatəminin dəvəti ilə İrana rəsmi səfərə getməliyəm. Sadəcə, onun vaxtını səfirlə müəyyənləşdirə bilmirik. Bunu müəyyənləşdirsək, mən bu ziyarəti yaxın vaxtlarda edəcəyəm.

Biz cənab Xatəmi ilə danışmışıq ki, mənim səfərimdən sonra o da Azərbaycana rəsmi səfər edəcəkdir. Bu, xüsusən ona görə lazımdır ki, İran İslam Respublikasının prezidenti cənab Xatəmi Azərbaycanda olmayıbdır. Mən isə İranda çox olmuşam. Bizim əlaqələrimizi inkişaf etdirmək üçün bunlar hamısı çox lazımdır. Belə görüşlər hər iki tərəfə fayda verir, bəzi məsələlərə aydınlıq gətirir, əlaqələri inkişaf etdirir. Ona görə mən məmnuniyyətlə bu dəvəti qəbul etmişəm və onu həyata keçirəcəyəm.

İran İslam Respublikasının son 22 ildəki nailiyyətləri göz qabağındadır. İran inkişaf edir, xalqın rifahı yaxşılaşır. İranda demokratiya qurulur. Sizdə prezident seçkiləri nə vaxt olacaqdır?

Əhəd Qəzai: Cənab prezident, 5-6 aydan sonra.

Heydər Əliyev: 5-6 aydan sonra. Mən o gün oxudum ki, artıq beş-altı namizəd vardır. Onların içində bir qadın da vardır. Elədir?

Əhəd Qəzai: Bəli.

Heydər Əliyev: Görürsünüz, İranda nə qədər böyük dəyişikliklər vardır. İranda qadın prezidentliyə namizəd olsun - bunu beş il bundan öncə heç təsəvvür etmək mümkün deyildi. Biz bunları görürük, izləyirik və müsbət qiymətləndiririk. Həm İranın, həm də Azərbaycan dövlətinin məqsədi odur ki, bizim xalqların, millətlərimizin arzularını daha da irəliyə aparaq. Bu arzular da ondan ibarətdir ki, ölkələrimiz dost, qardaş, ölkələr olublar, xalqlar olublar və belə də olmalıdırlar. Bundan sonra bu əlaqələr daha da möhkəmlənməli, genişlənməli və inkişaf etməlidir.

Mən bu bayram günü İran xalqına ən xoş arzularımı göndərirəm. İran İslam Cümhuriyyətinin nailiyyətlərinə görə İran xalqını təbrik edirəm. Ümidvaram ki, İran İslam Respublikası tutduğu yol ilə gedərək, bundan sonra daha da inkişaf edəcək, dünya birliyində öz mövqelərini müdafiə edəcək və inkişaf edəcəkdir. Sizi bir daha təbrik edirəm və hamınıza cansağlığı və xoşbəxtlik, dost, qardaş İran xalqına səadət, rifah və sülh arzulayıram.

"Azərbaycan" qəzeti, 10 fevral 2001-ci il.