Azərbaycan Respublikasının Milli Məclisinə - Bakı şəhəri, 2 may 2003-cü il


Bir neçə gündən sonra sülh və insanlıq əleyhinə ən dəhşətli müharibə olan İkinci dünya müharibəsində faşizm üzərində qələbənin ildönümü qeyd ediləcəkdir. İkinci dünya müharibəsi böyük itkilərə, faciə və məhrumiyyətlərə səbəb olsa da, faşizm üzərində qələbə ilə başa çatmış bu qələbə bəşəriyyəti böyük faciələrdən xilas etmiş, dünyanın sonrakı demokratik və azad inkişafına mühüm təsir göstərmişdir.

Bütün mütərəqqi qüvvələrlə birlikdə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə qələbə uğrunda mübarizəyə öz dəyərli töhfələrini vermiş, xalqımızın mərd övladları müharibədə cəsarətlə vuruşmuş, ağır və qanlı döyüşlərdə böyük qəhrəmanlıq nümunələri göstərmişlər. Məhz buna görə də biz bu qələbəni böyük qürur hissi ilə qeyd edirik.

Bəşəriyyətin keçmişinin bizə dəhşətli müharibələrdən xəbər verdiyinə baxmayaraq, inanırıq ki, onun gələcəyi sülhdür. Bu inama sadiq olaraq və bütün insanlara sülh arzulayaraq, İkinci dünya müharibəsində iştirak etmiş Azərbaycan vətəndaşlarına ehtiram, həlak olmuş həmvətənlərimizin xatirəsinə hörmət əlaməti olaraq, humanizm və insanpərvərlik ənənələrini davam etdirərək, ümumbəşəri dəyərlərə və demokratiya ideallarına əsaslanaraq, İkinci dünya müharibəsində faşizm üzərində qələbənin ildönümü münasibətilə amnistiyanın elan edilməsini mümkün hesab edirəm.

Amnistiya aktının layihəsinə əsasən, İkinci dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, habelə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları barəsində amnistiya tətbiq olunaraq, onların cəzadan azad edilməsi, habelə cinayət təqibinə xitamverilməsi nəzərdə tutulur.

Həmçinin 1948–1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırım siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş, 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş, 1990-cı il 20 Yanvar faciəsindən və Xocalı soyqırımında əlil olmuş şəxslərə və şəhid olmuş şəxslərin yaxın qohumlarına, orden və medallarla təltif olunmuş, keçmiş SSRİ dövründə repressiyalara məruz qalaraq sonradan reabilitasiya olunmuş şəxslərə, birinci və ikinci qrup əlillərə, qadınlara, 60 yaşına çatmış kişilərə, cinayət törədərkən 18 yaşına çatmayanlara və bəzi digər şəxslərə də amnistiya şamil ediləcəkdir.

Göstərilənlərdən əlavə, ehtiyatsızlıqdan cinayət törətdiyinə görə beş ildən, qəsdən cinayət törətdiyinə görə üç ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər də cəzadan azad ediləcək, daha artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin isə cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.

Eyni zamanda, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, islah işləri və azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalara məhkum edilmiş şəxslər barəsində də amnistiya tətbiq olunaraq, onların cəzadan azad edilməsi nəzərdə tutulmuşdur.

Bununla belə, cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslər barəsində, xüsusilə təhlükəli residiv yaradan cinayətlər, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və sair hallar nəzərə alınmaqla amnistiya aktının layihəsində bəzi məhdudiyyətlərin müəyyən edilməsi təklif edilir.

Həmçinin nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə uyğun olaraq, 1990-cı il yanvarın 19-20-də sovet qoşunlarının Bakı şəhərinə qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər barəsində amnistiya tətbiq edilmir.

Amnistiya aktı qəbul olunduğu təqdirdə, azadlıqdan məhrum etmə cəzasını çəkən məhkumlardan təqribən 3 min 400 şəxsin cəzaçəkmə müəssisələrindən tam azad edilməsi, 2200 şəxsin isə cəzalarının azaldılması və ya daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum olunmuş 5 min 400 şəxsin cəzalarından azad edilməsi gözlənilir. Həmçinin, təhqiqat, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən ibtidai araşdırma və məhməkə baxışı mərhələsində olan işlər üzrə 2 mindən çox şəxsə amnistiya tətbiq olunması nəzərdə tutulur.Ümumiyyətlə isə, təqribən 14 min şəxsin amnistiya aktının təsiri altına düşməsi ehtimal edilir.

Əminəm ki, bu qərarın qəbul edilməsi nəticəsində minlərlə insan cinayət məsuliyyətindən və cəzalardan azad olunaraq, öz vətəndaşlıq borcunu və vəzifələrini layiqincə yerinə yetirəcək, amnistiyanın elan edilməsi vətəndaşlarımızın Vətənə və xalqa sədaqət, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəkdir.

Hesab edirəm ki, son illərdə qəbul olunmuş altı amnistiya aktının 64 minə yaxın şəxs barəsində tətbiq olunması, o cümlədən 19 minə qədər məhkumun cəzaçəkmə müəssisələrindən azad edilməsi və növbəti amnistiyanın elan olunması, hüququn aliliyinə və ədalətə əsaslanan cinayət hüquq siyasətinin həyata keçirilməsi ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunun dönməzliyinin təsdiqidir. Bütün bunları və cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətini nəzərə alaraq, cinayət məsuliyyətindən və cəzadan azad olunacaq şəxslərin islah olunacaqlarını və cəmiyyətə qovuşacaqlarını arzulayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq, «İkinci dünya müharibəsində faşizm üzərində qələbənin ildönümü münasibətilə amnistiya haqqında» qərar layihəsini müzakirənizə təqdim edirəm.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM