Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin beynəlxalq təşkilatların nümayəndələrini qəbul edərkən söhbətindən - 8 yanvar 2001-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, bilirəm ki, siz çox gərgin işləmisiniz. Dünən də, gecə də işləmisiniz. Bilmirəm, istirahət etməyə vaxtınız olub, yoxsa yox, hər halda mən bilirəm ki, siz çox gərgin işləmisiniz. Amma istirahət edə bilmisiniz, ya edə bilməmisiniz - bu, sizin öz işinizdir.

Sizinlə keçən görüşümüzdə çox ətraflı söhbət etdik və belə razılığa gəldik ki, seçkilər qurtarandan sonra bir də görüşəcəyik. Buyurun.

Paula Kokkonen (ATƏT-in Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri, Finlandiya parlamentinin üzvü, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi): Cənab prezident, sağ olun. Gərgin iş cədvəlinizin olmasına, çox mühüm qonaqların səfəri ilə əlaqədar hazırlıq işləri görməyinizə baxmayaraq, vaxt tapıb bizi qəbul etdiyinizə görə bütün nümayəndə heyətlərinin adından sizə təşəkkür edirəm. Mən şadam ki, noyabrın 5-də keçirilmiş seçkilərdən sonrakı görüşümüzlə müqayisədə sizinlə bugünkü görüşə daha xoş ovqatla gəlmişik. Sizinlə keçən dəfəki görüşümüz zamanı söylədik ki, çoxlu işlər görməyinizdən xəbərimiz vardır. Bizdə belə bir ümumi rəy vardır ki, sizin gördüyünüz tədbirlər, işlər dünən öz müsbət nəticəsini göstərdi. Müəyyən çatışmazlıqların olmasına baxmayaraq, dünənki ab-hava, əhval-ruhiyyə nəyabr ayındakından xeyli fərqli idi. Demək olar ki, bütün məntəqələrdə müşahidəçiləri dostcasına, xoş məramla qarşılamışlar. Başqa sözlə desək, yuxarıdan aşağılara verdiyiniz göstərişlər, tapşırıqlar yerli işçilərə yaxşı çatmışdır. Seçkilər barədə fikirlərini və rəylərini sizinlə bölüşmək üçün indi sözü həmkarlarıma vermək istərdim.

Andreas Qross (Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə üzrə xüsusi komitəsinin sədri, İsveçrə parlamentinin üzvü): Cənab prezident, çox sağ olun. Minnətdarıq, bizə belə bir imkan verdiniz ki, seçki ilə əlaqədar mətbuat konfransı vasitəsilə deyil, öz rəyimiz, düşüncələrimiz və gəldiyimiz qənaət barədə birbaşa sizə məlumat verək. Mən üç məqamı xüsusi vurğulamaq istəyirəm.

Birincisi, prezident tərəfindən xoş məramın göstərilməsi və 11 dairədə yenidən seçkilərin keçirilməsi iqtidarın xoş məramından xəbər verirdisə, dünənki seçkilər onu göstərdi ki, Azərbaycanda yaxşı seçkilər keçirmək mümkündür.

Təkrar seçkilərin keçirilməsi üçün prezidentin iradəsinin, prezidentin müdaxiləsinin olmasını ona görə xüsusi vurğulayıram ki, bu Azərbaycanda dövlət təsisatlarına etimadın, inamın güclənməsi istiqamətində çox mühüm addım olmuşdur.

İkincisi, mən şəxsi müşahidələrim nəticəsində özlüyümdə bir daha təsdiq etdim və belə qənaətə gəldim ki, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunması istiqamətində göstərdiyim səylər doğru, düzgün idi və bu işdə yanılmamışdım. Eyni zamanda mən bir daha bu qənaətə gəldim və fikirlərim təsdiqləndi ki, respublikanız Avropa Şurasına tam hüquqlu üzv qəbul edildikdən dərhal sonra, gərək Avropa Şurasının Parlament Assambleyası Azərbaycandakı prosesləri nəzərində saxlamaq üçün tezliklə xüsusi monitorinq qrupu yaratsın.

Cənab prezident, istərdim ki, bizimlə dəfələrlə keçirdiyiniz görüşlər zamanı əməkdaşlıq ruhunu bizlərə necə izah etdinizsə və biz, yəni Avropa Şurasından buraya gəliş şəxslər buna necə birdəfəlik inandıqsa, istərdik ki, gələcəkdə yaranacaq monitorinq qrupu ilə də, AŞ-nin Sizinlə bu müzakirələrimizdə bilavasitə iştirak etməyən digər təmsilçiləri ilə də əməkdaşlıq ruhunun olmasını təmin edəsiniz. O insanlar da Azərbaycanın həqiqətən düzgün yolda olduğunu görsünlər və bu, Avropa Şurası Parlament Asambleyasının həm Sizə, həm də Azərbaycana, onun dövlətinə inamının, etimadının daha da artmasına gətirib çıxarsın.

Mən monitorinq barədə fikir söylədim, amma bir cəhəti də aydınlaşdırmalıyam. Monitorinq deyərkən mən Avropa Şurasından gələcək nümayəndə heyətinin sizlərə nəzarəti həyata keçirməsini nəzərdə tutmuram. Bu, sadəcə, Avropa Şurası ilə Azərbaycan arasında demokratiya yolunda əməkdaşlıq üçün birgə səylərin göstərilməsi olacaqdır.

Cənab prezident, üçüncüsü, mən dünən baş verənləri bir növ sabahkı hadisə ilə uzlaşdıraraq Sizə belə bir sualla müraciət etmək istəyirəm. Rusiyanın prezidenti cənab Putin Sizin ölkənizə səfər edəcəkdir. Siz Dağlıq Qarabağ münaqişəsinin həllində cənab Putinin və Rusiyanın fəal rolunun təmin olunması üçün onlar tərəfindən hansı işlərin görülməsini istəyəcəksiniz? Bu barədə bizə nə deyə bilərsiniz ki, Avropa Şurasının Parlament Assambleyası tərkibində gələcəkdə biz də Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həll edilməsinə təşkilatın üzvü olan ölkələr çərçivəsində öz töhfəmizi verə bilək.

Paula Kokkonen: Cənab prezident, icazənizlə, biz öncə bütün suallarımızı deyək, sonra Siz cavab verəsiniz.

Heydər Əliyev: Buyurun.

Jerar Ştudman (ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru): Cənab prezident, hesab edirəm ki, 11 dairədə seçkilərin yenidən keçirilməsi barədə Sizin verdiyiniz qərar düzgün idi. Bu, bir daha onu göstərdi ki, Sizin Avropa Şurasına üzv olmağa və ATƏT-lə yaxından əməkdaşlığa yönəldilmiş siyasətiniz və bu yolda gördüyünüz tədbirlər doğru imiş. Dünənki seçkilər Azərbaycan ilə daha sıx təmaslarımızı genişləndirmək, demokratiyanın inkişaf etdirilməsi üçün Sizinlə əməkdaşlığımızı genişləndirmək baxımından ruhlandırıcı bir hadisə oldu.

Burada deyildiyi kimi, biz dünən keçirilmiş təkrar seçkilərdə bir sıra irəliləyişlərin olduğunu müşahidə etdik. Bu irəliləyişlər xüsusilə Mərkəzi Seçki Komissiyasının fəaliyyətinə, namizədlərin qeydə alınması, müvafiq şikayətlərə baxılması istiqamətində görülmiş işlərə aiddir. Bu, xarici müşahidəçilərə münasibətdə, seçki məntəqələrində onlara lazımi şərait yaradılması və ümumiyyətlə, seçkilərin keçirilməsində təşkilati məsələlərdə də özünü göstərdi. Şübhəsiz ki, bunların hamısı Sizin tərəfinizdən verilmiş göstərişin açıq-aşkar nəticəsi idi.

Beləliklə, biz belə qənaətə gəlmişik ki, dünən 11 dairədə əldə edilmiş uğurlara, nəticələrə gələcək seçkilər zamanı bütün dairələrdə nail olmaq mümkündür. Seçkilərlə əlaqədar yuxarıdan göstərişlər verilmişdi, amma buna baxmayaraq, bizdə belə məlumatlar var ki, müəyyən məntəqələrdə həmin göstərişlərə əməl edilməmişdir. Bəzi yerli icra orqanlarının və seçki komissiyalarının nümayəndələri özləri təşəbbüs göstərmiş, müəyyən addımlar atmışlar. Halbuki, bilirik ki, Sizin verdiyiniz göstərişlərdə belə hallar yolverilməz hesab edilirdi.

Bizim məlumatımıza görə, belə hallar da var ki, bəzən səslər iki dəfə sayılıb, seçki qutularına əlavə saxta bülletenlər doldurulub, rüşvətxorluq halları olubdur. Seçki komissiyasının üzvləri təzyiqə məruz qalmışlar, yəni müvafiq namizədi dəstəkləmək barədə dairə seçki komissiyasının sədri tərəfindən verilmiş göstərişi yerinə yetirmədiyinə görə komissiya üzvləri işdən, vəzifəsindən azad edilmişlər.

Şübhəsiz ki, sadaladıqlarım əvvəlki seçkilərlə müqayisədə indiki seçkilərin irəliləyiş olduğuna heç cür kölgə salmır. Deyilənləri tam təfərrüatı ilə izləyə bilməmişik. Sadəcə, bu cür ittihamlar olubdur, səslənibdir. Bunların konkret olaraq hansı halları əhatə etdiyini bilmirik. Lakin xahiş edərdik ki, prokurorluq orqanları bunları araşdırıb lazımi tədbirlər görsünlər. Xüsusən, Sumqayıt seçki dairəsində.

Bu çatışmazlıqlar barədə biz Mərkəzi Seçki Komissiyasının sədrinə məlumat vermişik və demişik ki, ona yardımçı olmağa hazırıq. Eyni zamanda Sizin müvafiq işçilərinizə də yardım göstərməyə hazır olduğumuzu bildirirəm. Bir daha təkrar edirəm ki, sadaladığım nöqsanlar seçkilərlə əlaqədar hamımızda yaranmış müsbət fikrə kölgə salmamalıdır. Sağ olun.

Pyetro Erkole (Avropa Şurası Nazirlər Komitəsinin "AQO" monitorinq qrupunun rəhbəri, Avropa Şurasında İtaliyanın səfiri): Cənab prezident, beynəlxalq müşahidəçilərin gəldiyi rəylər ilə tanış olduqdan, o cümlədən xanım Kokkonenin, cənab Qrossun, cənab Ştudmanın söylədiklərindən sonra mən də bir daha əmin oldum və bizim özümüzün də gəldiyimiz qənaət belədir ki, yanvarın 17-də Avropa Şurası Azərbaycanın bu təşkilata qəbul edilməsi üçün müsbət qərar verə bilər. Hesab edirik ki, təkrar seçkilər uzun sürən prosesə, yəni Azərbaycanın Avropa Şurasına qəbul olunması prosesinə öz müsbət töhfəsini vermişdir.

Bizdə olan məlumata görə, Siz yaxın zamanlarda böyük amnistiya keçirməyi planlaşdırırsınız. Hesab edirik ki, bu tədbiri Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ilə əlaqələndirsəniz çox yaxşı olardı. Yanvarın 17-nə qədər bizə, Avropa Şurasına xəbər verilsəydi ki, yaxın zamanlarda belə bir tədbir planlaşdırılır və bu addım Azərbaycanın Avropa Şurasına qəbul olunması şərəfinə atılacaqdır, bu, bizim ümumi işimizə də yardımçı olardı və biz bunu alqışlayardıq.

Gilyermo Martinez Kasan (Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsində Azərbaycan üzrə məruzəçi, İspaniya parlamentinin üzvü): Cənab prezident, əgər xatırlayırsınızsa, Sizinlə axırıncı görüşümüzdə söyləmişdim ki, bu seçkilər nəticəsində müşahidəçilərin gəldiyi qənaət müsbət olarsa, onda Azərbaycan üzrə məruzəçi kimi mən Avropa Şurasının Nazirlər Komitəsinə və Parlament Assambleyasına tövsiyə edəcəyəm ki, ölkənizi AŞ-ya tam hüquqlu üzv kimi qəbul etmək lazımdır. İndi mən belə bir addımı atacağam. Həmçinin tövsiyə edəcəyəm ki, Azərbaycana dərhal monitorinq prosedurları da tətbiq edilsin və biz bu monitorinqi Azərbaycandan Avropa Şurasında təmsil olunacaq hörmətli deputatlarla bərabər həyata keçirəcəyik. Avropa Şurasında olacaq nümayəndə heyətinizin üzvlərindən bəziləri ilə mən iki gün öncə şam süfrəsi arxasında görüşmək şərəfinə nail oldum. Onlardan bəziləri ilə çox yaxından tanış oldum. Xüsusən çox hörmətli bir şair ilə, o, deputat və Müsavat Partiyasının üzvüdür.

Cənab prezident, ümidvar olduğumu bildirmək istəyirəm ki, gələcəkdə Sizin sayənizdə Azərbaycanda parlament seçkiləri və digər seçkilər daha demokratik şəraitdə keçiriləcəkdir. Bu seçkilərdə Azərbaycanın həm iqtidar qüvvələri, həm də müxalifətdə təmsil olunan qüvvələr, siyasi partiyalar tam tərkibdə iştirak edə biləcəklər. Beləliklə, Azərbaycan öz demokratiyası ilə Ümumavropa evimizə, demokratiyamıza öz töhfəsini verəcəkdir. Bütün bunlara nail olmaq üçün biz hər zaman Sizin sərəncamınızdayıq.

Paula Kokkonen: Cənab prezident, Sizə bir daha çox təşəkkür edirik. əgər gələcəkdə ehtiyacınız olarsa, bizim hamımız Sizin xidmətinizdəyik. Fikir verdinizsə, biz bu gün geniş məruzə etmədik.

Heydər Əliyev: İndiyə qədər hamısını etmisiniz. Yəqin ki, gələn dəfəyə qədər yeni mövzular hazırlayacaqsınız.

Hörmətli qonaqlar, dostlar!

Verdiyiniz məlumata görə sizə təşəkkür edirəm. Dünən keçirilən təkrar seçkilər haqqında sizin ümumən müsbət fikrə gəlməyiniz məni sevindirir. Biz bir neçə dəfə görüşərkən demişik ki, demokratiya daim inkişafda, daim hərəkətdə olan bir prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir.

Mən bir neçə dəfə demişəm və yenə də deyirəm ki, bu təkmilləşmə təkamül yolu ilə olmalıdır. Çünki hər bir şeyə tezliklə nail olmaq çətindir. Əgər siz hesab edirsinizsə ki, dünənki seçkilərdə Azərbaycanın hakimiyyət orqanları, Mərkəzi Seçki Komissiyası, yerli seçki orqanları irəliləyiblərsə, bu, təbiidir ki, mənim sözlərimi təsdiq edir.

Mənə dedilər ki, bu seçkilərdə seçicilərin 48 faizi iştirak edibdir. Hesab edirəm ki, bu, böyük göstəricidir. Əgər nəzərə alsanız ki, bu, təkrar seçkilərdir və keçən dəfə mən dediyim kimi, ümumxalq seçkiləri deyil, belə bir rəqəmin olması onu göstərir ki, hər halda seçicilər seçkilərə maraq göstəriblər və etinadsız olmayıblar.

Mən bir neçə dəfə demişəm ki, noyabrın 5-də keçirilən seçkilərdə qüsurlar, səhvlər olmuşdur və bunlar az deyildir. Ona görə də Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsi 11 dairədə seçkilərin ləğv edilməsi haqqında qərar çıxardı. Amma, ümumiyyətlə, mən noyabrın 5-dəki seçkilərə tam mənfi qiymət verilməsi ilə razı deyiləm. Parlamentin əksəriyyəti seçilibdir, parlament işləyir, bir çox partiyaları, qüvvələri təmsil edir. Amma bir də deyirəm, səhvlər, nöqsanlar, təbii ki, olmuşdur. Bu müddətdə siz də bizə çox kömək etdiniz. Biz özümüz də nöqsanlarımızı dərindən təhlil edə bildik. Ona görə də indi siz etiraf edirsiniz ki, irəliləyiş var və bundan sonra da ola bilər. Əsas odur ki, Azərbaycan demokratiya yolu ilə gedir və bundan sonra bu yolla gedə bilər. Bizim gələcəkdə də sizin yardımınıza ehtiyacımız olacaqdır.

Siz dediniz ki, monitorinq yaratmaq istəyirsiniz. Yaradın. Mən elə başa düşürəm ki, Avropa Şurasına girməklə daim monitorinq altında olacağıq. Amma güman edirəm, bir zaman gələr ki, biz də həddi-buluğa çatarıq və monitorinqə ehtiyac olmaz. Çünki ailədə uşaq böyüyənə qədər ata-anası ona çox nəzarət edir. Amma övlad böyüyüb müstəqil yaşayanda, müstəqil işləyəndə valideynlərinin ona nəzarət etməsinə ehtiyac olmur. Mən belə başa düşürəm ki, Avropa Şurası Azərbaycana münasibətdə çox qayğıkeş və diqqətli "valideyn" olacaqdır.

Paula Kokkonen: Cənab prezident, Siz dediklərinizi mən başa düşdüm. Sadəcə, bilmirəm, doğrudan da elə olacaqdır, yoxsa yox. Hətta uzun müddətdən bəri demokratik yaşayan ölkələrdə də biz cənnətdə deyilik.

Heydər Əliyev: Siz cənnətdə yaşamırsınızsa, bizim cənnətə çıxmağımıza, görünür, hələ vaxt var. Biz də çalışacağıq ki, çataq.

Mən sizə bir də təşəkkür edirəm. Siz dediniz ki, Azərbaycan artıq Avropa Şurasına daxil ola bilər. Təbii ki, biz bunu çox böyük hadisə kimi qarşılayırıq və çalışacağıq ki, Avropa Şurası ailəsində əla oxuyan olmasa da, yaxşı oxuyan bir tələbə olaq.

Cənab Qross məndən sabahkı səfər haqqında soruşdu. Təbiidir ki, bu, Rusiya prezidentinin Azərbaycana ilk səfəridir. Mən bu barədə vaxtından əvvəl bir şey demək istəmirəm və deyə də bilmərəm. Ancaq onu deyə bilərəm ki, bizim danışıqlarımızda, söhbətlərimizdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması xüsusi yer tutacaqdır. Cənab Qross soruşdu ki, biz onlardan nə qopara biləcəyik? İndiyə qədər ATƏT-in Minsk qrupundan hələ bir şey qopara bilməmişik. Minsk qrupuna rəhbərlik edən Rusiyadır, Amerika Birləşmiş Ştatlarıdır, Fransadır. Altı ildən artıqdır ki, atəşkəs rejimində yaşayırıq. Sülh danışıqları aparırıq. Sülh yaratmaq istəyirik. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi belə nəticəyə gəlməyə imkan vermir.

Təbiidir ki, mən çalışacağam Rusiya hökumətinin bu sahədə fəaliyyətinin artırılması haqqında öz fikirlərimi ifadə edim. Amma eyni zamanda Avropa Şurası bizim üzərimizə çox böyük vəzifələr qoyduğu kimi, indi biz də Avropa Şurasından bu məsələnin həll olunması üçün təsirli tədbirlər görməsini arzu edirik. Ona görə ümidvar olduğumu bildirmək istəyirəm ki, Avropa Şurası bu sahədə fəaliyyətini dünyaya sübut edə bilər. Münaqişə 12 ildir davam edir. Azərbaycanın torpaqları işğal olunubdur. İşğal olunmuş torpaqlardan bir milyon azərbaycanlı zorla çıxarılıbdır. Bu ədalətsizliyə nəhayət son qoyulmalıdır. Ona görə kim bizə bu barədə kömək etsə, ola bilər ki, biz ona tarix boyu minnətdarlıq edəcəyik. Təsirli bir iş görmüş olsa, o cümlədən də Rusiyaya, Avropa Şurası, yaxud ATƏT bu barədə öz fəaliyyətini gücləndirə bilsə - onlara. Hər şey bu təşkilatlardan və bu ölkələrdən asılıdır.

Mən ümidlə yaşayıram. Hesab edirəm ki, nəhayət, beynəlxalq birlik belə vəziyyətə son qoyulması üçün ciddi tədbirlər görməlidir. Sizə bir daha təşəkkür edirəm. Yenidən Azərbaycana gəlin. Təkcə monitorinq üçün yox, sadəcə, qonaq kimi gəlin və Azərbaycanın reallığını həmişə görün.

Paula Kokkonen: Cənab prezident, mən də Sizə çox təşəkkür edirəm. İcazə verin, mən mətbuat üçün hazırladığımız məlumatın bir nüsxəsini və bizim müşahidəçilərin ilkin rəyini Sizə təqdim edim. Bundan əlavə, bir halda biz mühazirələrdən çox danışdıq, mən Sizə demokratiya barədə bir kitab da bağışlamaq istəyirəm və istərdim ki, növbəti görüşümüzdə bu məsələ barədə fikir mübadiləsi aparaq.

Heydər Əliyev: Mən gərək bunu oxuyam, sonra sizə imtahan verəm?

Paula Kokkonen: Xahiş edirəm. Nə qədər vaxt istəyirsinizsə, onunla məşğul ola bilərsiniz. Sizin üçün test olmaycaqdır. Cənab prezident, bu testin, imtahanın nə zaman keçirilməsi qərarını Siz özünüz verəcəksiniz. Çox sağ olun.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 9 yanvar 2001-ci il.