Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki - 19 mart 1996-cı il


Əziz həmvətənlərim!

Bu müqəddəs gündə doğma xalqımı Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, Azərbaycanın hər bir vətəndaşına yeni ildə sülh, əmin-amanlıq, uzun ömür və xoşbəxtlik diləyirəm.

Qədim milli və tarixi ənənələrimizlə bağlı olan Novruzun gəlişi həmişə olduğu kimi bu il də bizə yeni ümidlər gətirir, xeyrin şərə qalib gələcəyinə, qəm-qüssənin sevinclə əvəz olunacağına sarsılmaz inam yaradır. Mən bu gün də əminəm ki, iqtisadi çətinliklər məngənəsində çırpınan, düşmənin qara əməlləri ilə qaçqın, didərgin ömrü yaşayan doğma xalqım Novruzun bəxş etdiyi ümidə söykənib qəmə və kədərə qalib gələcək.

Artıq beş ildir ki, biz müqəddəs Novruz bayramını rəsmi dövlət bayramı kimi müstəqil Azərbaycan Respublikasının vətəndaşı olaraq qarşılayırıq. Əsrlər boyu Novruz bizim üçün təbiətin və ana torpağın oyanması, baharın gəlişi olmaqla yanaşı, həm də barış və saf niyyətlər bayramı olmuşdur. Bu əziz gündə xoşbəxt gələcək naminə Azərbaycan xalqına əbədi birlik və vətəndaş həmrəyliyi arzulayıram. Cəsur Azərbaycan əsgərinə bayram təbriki yetirərək arzu edirəm ki, o, müstəqillik qazanmış vətənimizin müdafiəsi, zəbt olunmuş torpaqlarımızın azad edilməsi uğrunda hünər və şücaəti ilə tariximizin yeni şanlı səhifələrini yazsın.

Ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızı salamlayıram, xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaqda bütün azərbaycanlılara daha qətiyyətli və dəyanətli olmağı arzulayır, bu əziz bayram günündə onlara uğurlar diləyirəm.

Bayramınız mübarək olsun!

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər