Azərbaycan Prezidentinin şərəfinə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər üzrə naziri Daq Hendersonun təşkil etdiyi rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - London, 20 iyul 1998-ci il


Hörmətli cənab nazir!

Hörmətli xanımlar, cənablar və dostlar!

Mən Sizi səmimi qəlbdən salamlayıram və Birləşmiş Krallıqda başlayan rəsmi səfərimdən çox məmnun olduğumu bildirmək istəyirəm.

Birləşmiş Krallıq ilə Azərbaycan arasında yaranmış dostluq əlaqələrinin və əməkdaşlığın tarixi vardır. 1991-ci ildə respublikamız dövlət müstəqilliyini əldə edən kimi Birləşmiş Krallıq Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən biri olmuşdur. 1992-ci ilin mart ayında Birləşmiş Krallıq ilə Azərbaycan arasında diplomatik əlaqələr yaranmışdır. 1993-cü ildə Birləşmiş Krallığın Azərbaycanda səfirliyi açılmış və 1994-cü ilin yanvar ayında respublikamızın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfirliyi açılmışdır.

Azərbaycanın prezidenti kimi, mən 1994-cü ilin fevral ayında Birləşmiş Krallığa ilk dəfə rasmi səfərə gəlmişdim. Həmin səfər zamanı Birləşmiş Krallıq ilə Azərbaycan arasında əlaqələrin yaranması və inkişaf etdirilməsi üçün vacib əhəmiyyət kəsb edən bir çox sənədlər imzalanmışdır. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri ilə mən, Azərbaycan prezidenti Birləşmiş Krallıq ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyanat imzalamışıq. Birləşmiş Krallıq ilə Azərbaycan arasında energetika, turizm, telekommunikasiya və başqa sahələrdə əməkdaşlıq haqqında və iqtisadi məsələlərə aid bir çox digər müqavilələr imzalanmışdır.

Birləşmiş Krallıq ilə Azərbaycan arasında o vaxtdan indiyədək hökumətlərarası 14 müqavilə, saziş, memorandum imzalanmışdır. Bunların bir hissəsi Londonda, bir hissəsi isə Birləşmiş Krallığın xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri zamanı imzalanmışdır. Beləliklə, Birləşmiş Krallıqla Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yetərli hüquqi-normativ sənədlər imzalanmış, baza yaranmışdır.

Mən hesab edirəm ki, bizim əməkdaşlığımız ötən illər bütün sahələrdə uğurlu olmuşdur. Mən dəvəti böyük məmnuniyyətlə qəbul edib bu gün Londonda, Birləşmiş Krallıqla rəsmi səfərə başlamışam.

Mən hesab edirəm ki, bu günlər keçirəcəyimiz görüşlər, imzalayacağımız sənədlər ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsini gələcəkdə daha da yüksəklərə qaldıracaqdır.

Biz əvvəlki sənədləri ölkənizin keçmiş hökuməti ilə imzalamışıq. Birləşmiş Krallığın keçən il yeni hökuməti yaranmışdır. Mən çox məmnunam ki, bizim əlaqələrimiz yeni hökumətlə də davam edir. Yeni hökumət, yeni Baş nazir, nazirlər və hökumətin bütün üzvləri ilə şəxsi əlaqələr yaratmaq da mənim üçün - Azərbaycan prezidenti üçün çox əhəmiyyətlidir.

Birləşmiş Krallığın Baş naziri ilə sabah nəzərdə tutulmuş görüşümü və danışıqlarımı çox əhəmiyyətli hesab edirəm. Şübhəsiz ki, Birləşmiş Krallığın kraliçası ilə mənim görüşümdə tarixi bir hadisə olacaqdır. Nazirlərlə, hökumət üzvləri və şirkət rəhbərləri ilə görüşlərim də Azərbaycan ilə Birləşmiş Krallıq arasında bütün sahələrdə əlaqələrin inkişaf etməsi üçün bizə kömək edəcəkdi.

Hörmətli nazir, mən sizin fikrinizlə tamamilə razıyam ki, Birləşmiş Krallıqla Azərbaycan arasında bütün sahələrdə əlaqələr inkişaf etdirilməlidir. Ancaq siyasi sahədə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi çox əhəmiyyətlidir. Güman edirəm ki, bu günlər bu məsələlərə çox ciddi fikir verəcəyik, fikir mübadiləsi aparacağıq və bu sahələrdə də işlərimizi gələcəkdə yaxşı inkişaf etdirmək üçün imkanlar əldə edəcəyik.

Mən çox məmnunam ki, mənim bir neçə il bundan əvvəl tanış olduğum, yaxın əlaqələr yaratdığım cənab Terri Adamsla cənab Riçardsı burada görürəm. Amma mən yeni dostlarla da tanışlığıma çox məmnunam. Mən, o cümlədən, sizinlə bugünkü görüşümü əhəmiyyətli hesab edirəm. Sizin Azərbaycana gəlmək arzunuzu çox yüksək qiymətləndirirəm. Mən də öz tərəfimdən sizi Azərbaycana dəvət edirəm.

Biz Birləşmiş Krallığın parlamenti ilə Azərbaycan parlamenti arasındakı əlaqələri də inkişaf etdirmək üçün bu günlər əhəmiyyətli addımlar ata biləcəyik. Məni müşayiət edənlərin arasında Azərbaycan parlamentinin üzvləri də vardır. Onların bir neçəsi burada, bu görüşdə iştirak edirlər.

Mən bugünkü görüş üçün sizə təşəkkür edirəm. Güman edirəm ki, bizim bu danışıqlarımız bu günlərdə görəcəyimiz işlər üçün yaxşı bir əsas yaradacaqdır.

Xahiş edirəm, Birləşmiş Krallığın kraliçasının şərəfinə badələrinizi qaldırasınız. Birləşmiş Krallığın hökumətinin, Baş nazirinin, nazirlərin şərəfinə, sizin şərəfinizə və burada iştirak edən dostlarımızın şərəfinə!

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 16-cı cild, səh.303-305