Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Şahbuz rayonunun Kolanı kənd sakinləri ilə görüşündən – 11 avqust 2002-ci il


Hidayət İsmayılov (kənd ağsaqqalı, əməkdar müəllim): Cənab Prezident, xoş gəlmisiniz! Azərbaycan xalqının böyük oğlu, əzizi, Kolanı camaatının ikiqat əzizi, xoş gəlmisiniz! Siz 35 ildir Azərbaycana rəhbərlik edirsiniz. Bu yaxınlarda Azərbaycan xalqı, sadə zəhmətkeşlərin hamısı bunu xüsusi bayram kimi qeyd etdi. Bizim buna haqqımız var, çünki Siz Azərbaycan xalqını çox çətin bəlalardan qurtarmısınız. Allah Sizə uzun ömür versin. Arzu edirəm ki, neçə belə illər yaşayasınız və bizi bu qara günlərdən qurtarasınız. Qara gün deyəndə, müharibəni nəzərdə tuturam. Gəlişinizin məqsədini televiziyadan bilirik. Bu günlərdə Köçəryan ilə görüşünüz olacaqdır. Bu görüşdə də Sizə uğurlar arzulayırıq. Biz Sizin daxili və xarici siyasətinizi ürəkdən dəstəkləyirik. Doğrudan da bu, sadə vətəndaşların qəlbindən gələn sözdür. Son illər Sizin rəhbərliyiniz altında muxtar respublikanin başçıları bizim kənddə elə işlər görüblər ki, bunlar ağlasığmazdır. Keçən illərdə Sizin tapşırığınız ilə çayın üzərindən iki körpü salınıbdır. Biz Sizi, Sizin işlərinizi ürəkdən bəyənirik. Konstitusiyada olacaq dəyişiklikləri biz maddə-maddə müzakirə etmişik və bəyənmişik. Mən bu fürsətdən istifadə edib, bütün Azərbaycan xalqını referenduma çağırıram. Elə bilirəm ki, Azərbaycanın bir neçə başqa kəndi kimi, Kolanı kəndi də Sizin qəlbinizdə yaşayır. Çox sağ olun.

Heydər Əliyev: Səmimi sözlərə görə, mən sizə də, kənd camaatına da minnətdarlığımı bildirirəm. Mən Şahbuzun rayon mərkəzində çıxışımda yadıma saldım ki, Naxçıvanda Ali Məclisin sədri olarkən Kolanı, bir də Biçənək kəndlərinə gəlmişdim. Çünki biz o vaxt istəyirdik ki, kənd təsərrüfatı islahatlarını öz təşəbbüsümüzlə keçirək, onda hələ qanun yox idi. Amma mən niyə Kolanı ilə Biçənək kəndlərini seçdim. Çünki bunlar kiçik dağ kəndləridir. O vaxt kolxozlar dağılırdı. Mənim yadımdadır, burada neçə adamla danışdım. Kolxoz sədri idi, başqaları idi, mənə dedilər ki, kolxozu dağıtmaq olmaz. Xatirimdədir, birindən soruşdum, axı niyə olmaz? Dedi, mən kolxozda qarovulçu işləyirəm, oradan maaş alıram, kolxoz dağılanda maaşşsız necə yaşayacağam? Mən ona dedim ki, kolxozu biz dağıtmırıq. Biz kəndliyə mal-qaranı, torpağı, hər şeyi verəcəyik. Kəndli özü əkəcək, biçəcək, malqara da saxlayacaq. İndi islahatlar aparılıb, o cümlədən Naxçıvan Muxtar Respublikasında çox uğurlu keçibdir. Sən mənə de görüm, burada nə təhər keçibdir?

Hidayət İsmayılov: Cənab Prezident, burada da uğurla keçibdir. Yəqin ki, Siz buranın vəziyyətini hamıdan yaxşı bilirsiniz. Dağ kəndidir.

Heydər Əliyev: Torpaq azdır.

Hidayət İsmayılov: Bəli, torpaq azdır. Bizimki  maldarlıq, heyvandarlıqdır.

Heydər Əliyev: Mal-qara artıb, yoxsa yox?

Hidayət İsmayılov: Artıbdır. Güzəranımız yaxşılaşıb və günü-gündən yaxşılaşır. Mən özüm riyaziyyatçıyam. Bir söz demək istəyirəm. Məsələn, təbiət elmləri sahəsində ixtiralar edən alimlər adi adamlardan, haradasa, 50–100 il qabağı görə bilirlər. Yəni onun bugünkü ixtirasını biz sadə adamlar yüz ildən sonra başa düşə bilirik. Mən Sizi riyaziyyatçıya bənzədirəm. Yəni bir neçə il bundan əvvəl «Əsrin müqaviləsi» adlanan o böyük müqavilə imzalananda biz heç nə qavramırdıq. Amma indi onun reallığı, ondan gələn gəlir göz qabağındadır, çadır şəhərciklərində ağır şəraitdə yaşayan bacı-qardaşlarımıza qəsəbələr salınır. Bütün bunlar Sizin böyüklüyünüzdür, iqtisadiyyatda əldə etdiyiniz irəliləyişdir.

Heydər Əliyev: Çox gözəl ki, bunları burada bilirsiniz və qiymətləndirirsiniz.

Hidayət İsmayılov: Cənab Prezident, bunları bilməmək olarmı?

Heydər Əliyev: Yaxşı, indi riyaziyyatçı ilə danışdıq. Deyin görüm, sizin mənə nə sözünüz var.

Vaqif  Zülfüqarov(müəllim): Cənab Prezident, çox səmimiyyətlə deyirəm ki, uşaqdan böyüyə kimi, hamı Sizi sevir. Sizin şəxsiyyətinizə hörmət edən, Sizin şəxsiyyətinizlə fəxr edən bu kəndə xoş gəlmisiniz! Mənim dediklərim həm şəxsidir, həm də təşəkkürdür və elə bilirəm hamı bununla razılaşacaqdır. Təxminən bir il bundan əvvəl, 2001-ci il sentyabrın 3-də Siz Azərbaycanın ali məktəblərinə yüksək balla qəbul olunmuş 25 tələbəyə təqaüd təyin etmisiniz. Naxçıvan Muxtar Respublikasından da bu kəndin yetirməsi həmin tələbələrin içərisindədir. Düzünü deyim ki, o vaxt elə sevinmişik, bunu bir Allah bilir. Bütün valideynlər, müəllimlər, tələbə yoldaşları nə qədər dualar edib, ona bir Allah şahiddir. Adətən, uca dağ kəndində yaşayan adamlar həm məsafəcə, həm də mənəviyyatca Ulu Tanrıya daha yaxın olurlar. Ona görə də inşallah, Ulu Tanrı bizim dualarımızı daha tez qəbul edəcək. Hörmətli Prezident, bir az həyəcanlıyam. Çünki artıq mənim arzum həyata keçib və öz təşəkkürümü şəxsən Sizə deməyi böyük xöşbəxtlik bilirəm. Bu barədə Vasif müəllimə də demişəm. Sizə deyim ki, bu gün Sizin qarşınızda durub danışmaq şərəfini az-çox oğlum təmin edibdir. Mən valideyn, müəllim kimi, Sizə söz verirəm ki, yaxın gələcəkdə bu gənc millətlər, xalqlar, dövlətlər içində öz sözünü deyəcəkdir. Çünki bir müəllim kimi, ona başa salmışam. Siz keçən il Strasburqa gedəndə Paris hava limanında azərbaycanlı tələbələrlə görüşdünüz. Orada bir ifadə işlətdiniz, ola bilər bir az dəqiqliyi ilə demirəm. Dediniz ki, Azərbaycan xalqının öz sənətini gözəl bilən, xarici dillərdə danışan, dünya siyasətindən baş çıxardan, bütün ixtisaslardan olan mütəxəssislərə böyük ehtiyacı daha çoxdur.

Heydər Əliyev: Doğrudur.

Vaqif  Zülfüqarov: Mən elə bilirəm ki, dərs dediyimiz şagirdlər, tərbiyə etdiyimiz övladlar Sizin bu sözünüzdən kompas kimi istifadə edəcəklər. Sizə məlumat üçün deyim ki, ona təyin etdiyiniz təqaüdü bir ildir alır və axıra qədər də alacaqdır. Çünki onun başqa yolu yoxdur. Siz ona o cür etibar etmisiniz, xeyir-dua vermisiniz. Hörmətli Prezident, inanın ki, biz onun maddi tərəfini götürmürük, onun gələcək həyatına Sizin verdiyiniz xeyir-dua kimi başa düşürük. Onu heç bir şeylə əvəz etmək olmaz. İnşallah, Sizin etimadınızı doğruldacaqdır. Diqqətinizə görə çox sağ olun.

Heydər Əliyev: Çox sağ ol. Mən sənin bu sözlərindən çox məmnunam. Ona görə yox ki, mənə təşəkkür edirsən. Məsələn, Kolanı kəndi nəinki Naxçıvanın, Azərbaycanın ucqar kəndlərindən biri, kiçik kənddir. Bilirəm ki, burada insanların yaşayışı üçün başqa kəndlərə nisbətən torpaq çatmır. Bax, belə kənddə belə bir gənc böyüyübdür, gəlib imtahanını veribdir, fərqlənibdir və mənim xüsusi təqaüdümü almağa nail olubdur. Bu, ən böyük hadisədir. Yəni bunun mənası nədir? Bunun mənası xalqımızın nə qədər zəkalı, nə qədər ağıllı olmasıdır. Fərqi yoxdur, harada – Bakıda, Gəncədə, Şamaxıda, Naxçıvanda, yaxud da Kolanıda yaşayır. Məni sevindirən budur. Çox sevinirəm, bəlkə də o vaxtlar heç mənim yadımda qalmayıb ki, o, Kolanı kəndindəndir, sənin oğlundur. Amma indi sən bunları mənə danışanda hamısını xatırlayıram və bunun nə qədər qiymətli olduğunu bir daha dərk edirəm, düşünürəm. Ümumiyyətlə, kəndlərdə insanlar çox yüksək mənəviyyatla böyüyürlər. Bu belədir. Təəssüflər olsun ki, indi şəhərlərdə şərait başqa cürdür. Amma kəndlərdə böyüyən gənclər – həm oğlanlar, həm də qızlar, adətən, ali məktəblərə gedəndə çox yüksək bilik göstərirlər və mənəviyyatca da çox yüksək olurlar. Bu, hər halda, reallıqdır. Mən də bunu deyirəm. İstərdim ki, Azərbaycanın hər yerində belə olsun. Ancaq indi hər yerdə belə deyil, fərqlidir. Bu fərqlənənlərdən biri də kənd yerləridir. Yaxşı, kolanılıların nə dərdi var?

Familə Məmmədova (şəhid anası): Cənab Prezident, Kolanıda xəstəxana var, mən orada işləyirəm, insanların qayğısına qalır, onların sağlamlığını qoruyuram. 1993-cü il dekabrın 10-da mənim oğlum Beyləqanda şəhid olubdur. Özü könüllü getmişdi. Vasif müəllimin köməyi sayəsində işlədiyim xəstəxanaya onun adı verilibdir. Vəziyyətimiz yaxşıdır. Əsas odur ki, müharibəni dayandırmısınız, atəşkəs əldə etmisiniz. Mənim böyük oğlum şəhid olubdur. Ondan başqa, iki oğlum da var. Sizin yolunuzda, Vətən yolunda qurban verməyə hazıram. Bu şərtlə ki, qara bulud üstümüzdən götürülsün, analar səksəkəli yatmasınlar. Qarabağ problemi həll olunsun. Bütün qadınlar adından Sizə cansağlığı, uzun ömür arzulayıram. Allah Sizi Azərbaycan xalqının üstündən əskik eləməsin.

Heydər Əliyev: Çox sağ ol, bacı. Çox sağ ol. Allah sənin oğluna rəhmət eləsin. Oğlanlarını da yetişdir. Amma mən çalışacağam ki, müharibə olmasın, sülh olsun. Bizim gənclərimiz yaşasınlar, böyüsünlər. Onlar Azərbaycanın gələcəyi üçün lazımdır. Mən onları qırğına vermək istəmirəm, müharibə etmək istəmirəm. Məsələni sülh yolu ilə mütləq həll edəcəyik. Narahat olmayın. Sən xəstəxananın müdirisən?

Familə Məmmədova: Müdiri yox, qadın-uşaq şöbəsində işləyirəm.

Heydər Əliyev: Doğum şöbəsi də oradadır?

Familə Məmmədova: Bəli, oradadır. Bu xəstəxana altı kəndi əhatə edir.

Heydər Əliyev: Bizim nəslimiz, millət artmalıdır.

Familə Məmmədova: Şükür Allaha, doğulan uşaqların 90 faizi oğlandır.

Heydər Əliyev: Oğlan da yaxşıdır. Qız da yaxşıdır. Fərqi yoxdur. Amma millət artmalıdır.Yaxşı, sağ olun. Bizim müəllim burada dedi ki, siz referenduma çıxarılan bütün düzəlişlərin hamısını öyrənmisiniz və ayın 24-də seçki məntəqələrinə gedəcəksiniz və referendumun keçirilməsi üçün öz münasibətinizi bildirəcəksiniz. Prezidentin təqdim etdiyi layihəyə səs verəcəksiniz. Elədirmi?

Kənd sakinləri: Bəli, doğrudur.

Heydər Əliyev: Sağ olun.

Təqaüdçü Dağbəyi Zamanov prezident Heydər Əliyevə yaxınlaşaraq dedi: Cənab Prezident, mən bütün aqsaqqallar adından deyirəm ki, xalqımızın böyük milli lideri, xilaskarı möhtərəm Heydər Əliyevin gördüyü nəhəng işləri həmişə qiymətləndiririk. Siz Naxçıvana, Kolanı kəndinə daim qayğı göstərirsiniz. Sizin bütün tapşırıqlarınızı Naxçıvanın rəhbərliyi tam yerinə yetirir. Biz onlardan razıyıq. Biz, Sizin unutmadığınız Kolanı camaatı avqustun 24-də keçiriləcək ümumxalq səsverməsinə çıxarılacaq maddələri oxumuşuq, bilirik və yekdilliklə dəstəkləyəcəyik. Biz Sizin televiziyadakı çıxışlarınızı izləyirik. Bunlar bizim üçün böyük məktəbdir. Sizə uzun ömür, cansağlığı arzulayıram.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış