Azərbaycan Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfərinə ( 1-4 iyul 1996-cı il) ümumi tarixi arayış (iqtisadi aspekt)


Azərbaycan Prezidenti Heydər Əliyev 1-4 iyul 1996-cı il tarixində Almaniya Federativ Respublikası hökumətinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. Rəsmi səfər zamanı Heydər Əliyev bu ölkənin paytaxtı Bonn, iri işgüzar-maliyyə mərkəzləri olan Köln, Baden-Vürtemberq şəhərlərində olub. Səfər çərçivəsində o, AFR-in yüksək rəsmi və işgüzar dairələrinin nümayəndələri ilə çoxsaylı görüşlər keçirib. Danışıqlarda iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, maliyyə-ticarət münasibətlərinin daha da sürətləndirilməsi məsələləri prioritet təşkil edib. Səfər böyük iqtisadi potensiala malik AFR sərmayədarlarının Azərbaycanda biznes qurmaq imkanlarını stimullaşdırmaq baxımından ölkələr arasında maliyyə-bank münasibətlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edib.

Səfərin ilk günü paytaxt Bonda Azərbaycan Prezidenti Heydər Əliyev AFR-in Prezidenti Roman Hersoq, Kansler Helmut Kol ilə görüşüb, iki ölkə arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsinə dair müzakirələr aparıb. İyulun ikisində o, AFR xarici işlər naziri K.Kinkel, Bundestaqın sədr müavini A.Folmer, Bundestaqın vitse-prezidenti, bu orqanın Almaniya-Qafqaz Parlament qrupunun sədri və qrupun üzvləri ilə görüşüb ikitərəfli münasibətlərin qarşılıqlı maraq doğuran bir çox məsələlərini müzakirə edib. Həmin gün iki ölkə arasında münasibətləri tənzimləyəcək aşağıdakı sənədlər imzalanıb:

1. "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında Sovet Sosialist Respublikaları İttifaqı ilə Almaniya Federativ Respublikası arasında bağlanmış müqavilələrin qüvvədə qalması haqqında Protokol".

2. "Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında Saziş". (Bu saziş Almaniyanın Mərkəzi Bankı olan "Döyçe Bank" ilə Azərbaycanın Milli Bankı və Azərbaycan Beynəlxalq Bankı arasında qarşılıqlı əməkdaşlığı nəzərdə tutan sənəddir.)

3. "Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında tədqiqatlar və mütəxəssislər fondunun yaradılması haqqında Saziş".

(Bu sənədlər 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir.) http://www.mfa.gov.az/

3 iyulda Azərbaycan Prezidenti Heydər Əliyev bu ölkənin iri iqtisadi mərkəzi kimi məşhur olan Köln şəhərinə gəlib. O, burada AFR-in işgüzar dairələrinin nümayəndələri ilə görüşüb. Görüşün təşkilatçısı qismində Almaniya İqtisadiyyatı Şərq Komitəsi və Almaniya Sənaye-Ticarət Palataları Birliyi çıxış edib. Tədbirdə çoxsaylı iri şirkətlərin rəhbərləri, maliyyə-bank sektorunda çalışan iş adamları, Almaniyanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Burada Heydər Əliyev Azərbaycan iqtisadiyyatının potensial imkanları, maddi sərvətlər və beynəlxalq biznes üçün yaradılan şərait haqqında geniş nitq söyləyib, alman iş adamlarını ölkəmizə sərmayə qoymağa çağırıb. Görüşün sonunda o, iştirakçıları maraqlandıran çoxsaylı suallarına cavab verib.

Həmin gün yenidən Bona qayıdan Azərbaycan Prezidenti burada Avropa Yenidənqurma və İnkişaf Bankının vitse-prezidenti, "Simens" şirkətinin vitse-prezidenti ilə görüşüb, danışıqlar aparıb. Həmçinin Prezident Bonda Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyasının nümayəndələri, Almaniya-Azərbaycan forumu idarə heyətinin və rəyasət heyətinin üzvləri, Azərbaycan diasporunun nümayəndələri ilə də görüşüb.

4 iyul 1996-cı ildə Heydər Əliyev məşhur avtomobil istehsalçısı olan "Mersedes-Bentz" şirkətinin Baden-Vürtemberq şəhərində yerləşən istehsal mərkəzinə qəlib. O, avtomobil şirkətinin rəhbərləri ilə görüşdükdən sonra buradakı istehsal prosesi ilə tanış olub. Sonra "Mersedes-Bentz" şirkətinin İdarə Heyəti adından Azərbaycan Prezidentinin şərəfinə ziyafət verilib.

Avropa strukturlarına iqtisadi inteqrasiya siyasətinin tərkib hissəsi kimi xarakterizə olunan bu səfər Azərbaycana xarici investisiya qoyuluşlarının və beynəlxalq kreditlərin cəlb edilməsində mühüm rol oynayıb. Həmin səfərin məntiqi nəticəsi olaraq hazırda Almaniyanın "Simens", "Ferrosstal", "Tissen", "Alkatel", "İnterselekt", "Mersedes Bens" və s. şirkətləri Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər. (http://www.mfa.gov.az/)

Səfər zamanı Azərbaycan-Almaniya münasibətlərini qiymətləndirən Azərbaycan Prezidenti Heydər Əliyev deyib: "Biz Almaniyanı mühüm strateji tərəfdaş hesab edir və bunu əsas götürərək onunla münasibətlərimizi qururuq."

Ümumi tarixi arayış 28 noyabr 2008-ci ildə tərtib edilib.