Azərbaycan Prezidenti Heydər Əliyevin Bakıda Prezident sarayında perspektivli "Atəşgah", "Yanan tava" və "Muğan-Dəniz" strukturlarına dair ARDNŞ ilə neft müqaviləsi imzalamaq üçün ölkəmizə gəlmiş Yaponiya neft şirkətlərinin nümayəndə heyəti ilə söhbətindən - 24 dekabr 1998-ci il


Heydər Əliyev: Ölkələrimiz arasında məsafə olduqca böyükdür. Bununla belə, son vaxtlar Yaponiya ilə Azərbaycan arasında yaranmış dostluq münasibətləri bizi çox yaxınlaşdırmışdır.

Mən bu ilin fevral ayında Yaponiyaya öz rəsmi səfərimi böyük səmimiyyətlə xatırlayıram. O vaxt sizin hamınızla görüşmək, bir çox məsələləri müzakirə etmək imkanım oldu. Mən əlahəzrət imperator Akihito ilə görüşümü böyük səmimiyyətlə xatırlayıram. Yeri gəlmişkən, bu yaxınlarda sizin milli bayramınız oldu, imperatorun doğum gününü necə təntənə ilə qeyd etdiyinizi televiziya ilə gördüm. Mən imperatora da, baş nazirə də təbrik məktubu göndərmişəm. Lakin, bu fürsətdən istifadə edərək, sizi bir daha təbrik edirəm.

Mənim Yaponiya hökuməti ilə, Baş nazir cənab Haşimoto, xarici işlər naziri, hazırda Baş nazir olan cənab Obuti ilə, digər nazirlərlə, Yaponiya hökumətinin üzvləri ilə çox mühüm, məzmunlu görüşlərim, söhbətlərim və danışıqlarım oldu. Başlıcası budur ki, biz Yaponiya ilə Azərbaycan arasında çox mühüm hökumətlərarası sənədlər imzaladıq.

Tokioda keçirdiyim çoxsaylı görüşlər arasında sizinlə olan görüşümü çox yaxşı xatırlayıram. Hələ bu ilin fevral ayında siz mənə Azərbaycan Dövlət Neft Şirkəti ilə iri neft müqaviləsi imzalanması təklifi ilə müraciət etmişdiniz. Mən buna razılıq verdim, indi isə biz onu həyata keçirmək üçün görüşürük.

Biz Yaponiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafını qiymətləndiririk. Yaponiya bizim üçün çox mühüm tərəfdaşa çevrilir. Hesab edirəm ki, Azərbaycan, Xəzər hövzəsi Yaponiya üçün getdikcə böyük maraq doğurur.

Bizimlə sizi böyük Tarixi İpək yolu da bağlayır. Tokioda bu məsələ barəsində söhbətlərimizi xatırlayıram. Hələ bundan xeyli əvvəl cənab Haşimoto Böyük Tarixi İpək yolunun bərpasına dair öz konsepsiyasını irəli sürmüşdü. Bu, nəinki Yaponiyada, həm də dünyada "İpək yoluna dair Haşimoto diplomatiyası" adlandırılmışdır. Biz onu da həyata keçiririk. Bilirsiniz ki, sentyabrda Bakıda Böyük Tarixi İpək yolunun bərpası üzrə Beynəlxalq Konfrans keçirildi. Konfransın işində Yaponiyadan başlamış Böyük Britaniya və İspaniyaya qədər 32 ölkənin nümayəndə heyətləri iştirak etmişdir. Biz çox mühüm sazişlər imzaladıq və indi onların əməli surətdə həyata keçirilməsi ilə məşğuluq. Bütün bunları nəzərə alaraq mən demişəm və bir daha nəzərə çarpdırıram ki, Azərbaycan və Yaponiya bir-biri üçün çox mühüm tərəfdaşlara çevrilirlər.

"Atəşgah", "Yanan tava" və "Muğan-dəniz" yataqlarına dair müqavilənin imzalanması mərasimi sabaha təyin edilmişdir, Siz hamınız gəlmisiniz və sabah biz hamımız bir yerdə olacağıq. Sözü sizə verirəm.

"Capan Petroleum Eksploreyşn Ko LTD" şirkətinin prezidenti Kazuo Vakasuki:

- Zati-aliləri, Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab Heydər Əliyev!

Ən əvvəl, bu günlərdə, işlərinizin lap çox vaxtında imkan tapıb bizi qəbul etdiyinizə görə Sizə dərin təşəkkürümüzü bildirmək istərdik.

Siz bayaq ölkələrimiz arasında böyük məsafə olduğunu dediniz. Lakin məhz Sizin Yaponiyaya rəsmi səfəriniz bu məsafəni aradan qaldırdı və biz bir-birimizə çox yaxın olduq. Bilirəm ki, Siz bu məsafəni təkcə öz imkanlarınız və bacarığınız sayəsində deyil, həm də məhz sırf insani cazibədarlığınız sayəsində aradan qaldırdınız. Mən bir çox gənc yaponlar tanıyıram ki, onlar Sizə ürəkdən heyran olmuşdur.

Onu da qeyd etmək istərdim ki, bu günün və sabahkı günün bizim üçün böyük əhəmiyyəti var, çünki Sizin dəstəyinizlə, Sizin həyanlığınızla bizim üçün gözəl bir gün - müqavilənin imzalanması günü gəlib çatmışdır. İnanırıq ki, sabah Sizinlə imzalayacağımız sənəd münasibətlərimizin, fikir mübadilələrimizin daha da inkişaf, habelə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün zəmin olacaqdır. Zati-aliləri, biz səmimi qəlbdən şadıq ki, məhz Sizin təşəbbüsünüz sayəsində ölkələrimiz arasında məsafə götürülmüşdür, biz bir-birimizə daha yaxın olmuşuq.

Əminəm ki, bizim Yaponiya konsorsiumları ən güclü konsorsiumlardır, çünki burada böyük perspektivlərə malik, hər şeyə qabil olan müəssisələr cəmləşmişdir. Əminik ki, kəşfiyyat işlərimizi uğurla başa çatdıracaq və növbəti mərhələyə keçəcəyik. Biz Sizin ölkənizlə uzunmüddətli münasibətlərə malik olmağı ürəkdən istəyirik.

Nə qədər ki, Sizi, ölkənizi tanımırdıq, həmişə "Azərbaycan" deyirdik, indi isə mən ölkənizin adını - "Azərbaycan" sözünü düzgün tələffüz etməyi öyrənmişəm. Sizin xalqınız da bizim ən çox sevdiyimiz xalqa çevrilir.

Yaponiyada olduğunuz günləri və Sizinlə birlikdə nahar etmək şərəfinə nail olduğumuzu böyük səmimiyyətlə xatırlayıram. Süfrə arxasında iki gənc yapon məmurun - cənab Kiatonun və cənab Tanadenin əyləşdiyini xüsusi səmimiyyətlə xatırlayıram. Siz onların hər ikisini valeh etmişdiniz və onlar dəvətinizi hələ də çox böyük səmimiyyətlə xatırlayırlar. O vaxt Siz onlara demişdiniz ki, "Azərbaycanda olarkən hökmən mənim yanıma gəlin". Hesab edirəm ki, bu, onların Sizin kimi böyük bir insanla görüşməsi üçün olduqca böyük imkan idi.

Artıq yapon zərb məsəlinə çevrilən belə bir Çin atalar sözü var: "Əsgər, yəni yaponca samuray, onu başa düşən adam üçün işləyir". Haqqında burda danışdığımız gənclər üçün bu, elə böyük şərəf, onlar üçün elə mühüm hadisə idi ki, bundan sonra onlar ölkəniz üçün əllərindən gələni əsirgəməməyə çalışırlar. Zənnimcə, onlar bunu ona görə etmirlər ki, bu, onlara faydalıdır, əksinə, bunu Sizə olan məhəbbətlərinə görə edirlər.

Sözümün sonunda Sizi cari ilin oktyabrında keçirilmiş seçkilər zamanı Prezident vəzifəsinə təkrarən seçilməyiniz münasibətilə təbrik etmək istərdim. Bizim ən səmimi təbriklərimizi qəbul edin. Açığını deyim ki, nəinki mən, eləcə də yaponların çox böyük əksəriyyəti həsəd aparır ki, Azərbaycan xalqı belə böyük, ağıllı və görkəmli rəhbərə malikdir.

Əmin olduğumu bir daha bildirmək istəyirəm ki, Azərbaycanla Yaponiya arasında münasibətlər ancaq genişlənəcəkdir. Ümidvaram ki, bu layihə həyata keçirilərkən, - əlbəttə, bu zaman qarşıya bir çox problem və məsələlər çıxacaq, - biz Sizin köməyinizə bel bağlaya bilərik.

Heydər Əliyev: Yaponiyada mənə belə böyük rəğbət bəsləyən adamların olmasını qiymətləndirirəm. Mən buna inanıram. Bütün bunlar onunla bağlıdır ki, biz bir-birimizə daha yaxın olmaq istəyirik.

Ölkəmizin - Azərbaycanın adını belə düzgün tələffüz etməyiniz mənə xüsusilə xoşdur. Bunu xüsusilə vurğulayıram. Aydındır ki, yapon dili bizim üçün çox çətin dildir. Azərbaycan dili və ya indi sizinlə danışdığımız rus dili də yaponlar üçün asan deyildir. Siz bunu deyəndə bilirsinizmi, nəyi xatırladım? Biz keçmişdə Sovetlər İttifaqının tərkibində olmuşuq. Bilirsiniz ki, mən Sovetlər İttifaqının rəhbərlərindən biri idim. Moskvada işləyirdim. Həmin vaxtlar Sovetlər İttifaqının rəhbəri Mixail Qorbaçov idi. Siz onu tanıyırsınız. O, "Azərbaycan" sözünü heç cür normal tələffüz edə bilmirdi. Özü də bu, rusca "Azerbaydjan" kimi deyilir. O isə rusca da "Azerbaydjan" sözünü tələffüz edə bilmirdi. Mən onun səhvini bir neçə dəfə düzəltmişdim. Biz təkbətək söhbət edərkən onu deyirdim ki, yaxşı deyil, siz Sovetlər İttifaqının rəhbərisiniz, Azərbaycan Sovetlər İttifaqının 15 respublikasından biridir, siz isə bu respublikanın adını düzgün deyə bilmirsiniz. O, mənimlə razılaşırdı, amma bir müddətdən sonra "Azərbaycan" sözünü yenidən dilinə gətirdikdə isə bu sözü düzgün tələffüz edə bilmirdi. Əlbəttə, başa düşürdüm ki, bu, onun üçün dillə bağlı çətinlik idi. Halbuki o, bəzən bu və ya digər ingilis sözlərini əda ilə tələffüz edirdi. Mən isə düşünürdüm ki, yaxşı, əgər o, ingilis sözlərini deyə bilirsə, onda nə üçün Azərbaycan sözlərini deyə bilmir.

Bunu xatırlayarkən düşünürəm ki, axı, insanın sözü hansı dildəsə tələffüz etməsi çətin deyildir. Sadəcə, buna həm istək, həm də hörmət gərəkdir. Odur ki, siz bu baxımdan nümunə göstərirsiniz. Bu, onu göstərir ki, siz Azərbaycanda çox yaxşı işləyə bilərsiniz. Xalqa, milli mədəniyyətə, milli dilə, milli adətlərə hörmət həmişə yüksək qiymətləndirilir. Biz, məsələn, şəxsən mən yapon xalqının tarixini, mədəniyyətini, dilini, adət və ənənələrini çox yüksək qiymətləndirirəm. Siz bu baxımdan layiqli nümunə göstərirsiniz. Sağ olun.

Yaponiya Milli Neft Korporasiyasının vitse-prezidenti Akira Handa:

- Zati-aliləri, icazə verin, korporasiyamız adından mən də qəbula görə Sizə dərin təşəkkürümü bildirim. Yenidən Azərbaycan Prezidenti seçilməyinizlə əlaqədar korporasiyamızın rəhbərliyi adından Sizə səmimi təbriklərimizi yetirmək istərdim.

Siz indicə dediniz ki, ölkələrimiz arasında münasibətlər dərinləşir. Lakin mən həm də belə hesab edirəm ki, Sizin Yaponiyaya rəsmi səfəriniz münasibətlərimizi yeni səviyyəyə qaldırdı.

Mənə xüsusilə xoşdur ki, Yaponiyada Sizin ölkənizi nəinki işgüzar adamlar, həm də sadə insanlar, o cümlədən dostlarım, qonşularım, cavanlar və yaşlılar tanıyırlar. Bu gün mən Azərbaycana yola düşərkən və bunu öz tanışlarıma bildirəndə onlar dedilər: Azərbaycan, cənab Prezident Heydər Əliyevin bizə qonaq gəldiyi ölkədir. Belə düşünürəm ki, indi bir çox yaponlar Azərbaycanı nəinki tanıyır, hətta onun haqqında daha çox məlumata malik olmaq istəyirlər.

Yaponiya Neft Korporasiyası belə hesab edir ki, Sizin dəstəyiniz və münasibətiniz sayəsində sabah biz bu çox mühüm sənədi imzalayacağıq. Belə qərara gəldiyinizə görə korporasiyamız Sizə öz dərin ehtiramını bildirir və hesab edir ki, bu, Azərbaycanla Yaponiya arasında münasibətlərin dərinləşməsi üçün böyük zəmindir.

Korporasiyamızın prezidenti bu gün Bakıya gəlməyi çox istəyirdi, lakin bunu edə bilmədi, ona görə ki, indi Yaponiya Parlamentində büdcənin müzakirəsi prosesi gedir. O, məndən xahiş etdi ki, onun səmimi salamını və məktubunu Sizə çatdırım.

Heydər Əliyev: Azərbaycan Parlamenti də büdcəni müzakirə edir. Biz hesab edirik ki, büdcənin müzakirəsini bir qədər gecikdirmişik və bəziləri buna görə bizi tənqid edir. Lakin əgər Yaponiya kimi iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkə büdcəsini bu gün nəzərdən keçirirsə, onda bu gecikmə bizim üçün üzürlüdür.

"İndoneziya Petroleum LTD" şirkətinin baş icraçı direktoru Minoru Naqata:

- Şirkətimizin prezidentinin indi bizimlə burada olmamaqdan təəssüfləndiyini Sizə bildirmək istəyirəm. Onun Sizə çoxlu salamı var.

Yaponiya konsorsiumunun üzvü olan şirkətimiz bu layihənin uğurla həyata keçirilməsi üçün var qüvvə ilə səy göstərməyə hazır olduğunu bildirir. İstərdik ki, bu layihənin uğurla həyata keçirilməsi Azərbaycanla Yaponiya arasında iqtisadi münasibətlərin inkişafına çox böyük töhfə versin. Odur ki, Sizin bundan sonra da dəstəyinizə və köməyinizə ümid bəsləyirik.

"Teykoku Oyl Ko LTD" şirkətinin baş icraçı direktoru Tosio Cimada:

- Bizim şirkətimiz də müqavilənin imzalanması ilə əlaqədar böyük məmnunluq duyduğunu bildirir. Şirkətimizin prezidentinin Sizə çoxlu salamı var və dəstəyinizə dərindən minnətdardır. Yaponiya konsorsiumunun üzvü olan şirkətimiz də işimizin uğurla başa çatması üçün mümkün olan hər şeyi etməyə hazırdır. Köməyinizə, münasibətinizə və bizi dəstəklədiyinizə görə Sizə bir daha öz təşəkkürümüzü bildirmək istəyirik.

"İtoçu Oyl Eksploreyşn Ko LTD" şirkətinin prezidenti Harumiçi Umeda:

- Mən də fürsətdən istifadə edərək Sizə təşəkkürümü bildirmək istərdim. Biz Sizinlə Yaponiyada görüşmüşük və o vaxt Sizin işgüzarlığınız və sağlamlığınız mənə xoş təsir bağışladı. Eyni təəssürat bu gün də var və bu, mənə çox xoşdur.

Şirkətimiz Azərbaycanda digər neft layihələrində də iştirak edir. Lakin indiki layihənin xüsusiyyəti bundadır ki, onda xarici ölkələrdən yalnız Yaponiyanın şirkətləri iştirak edirlər. Bizə bundan sonra da belə münasibət bəsləycəyinizə və yardımçı olacağınıza ümid edirik.

Heydər Əliyev: Bu müqavilə ilə bağlı bundan əvvəl olmuş bəzi məsələlər nizama salındı. Mən onun imzalanması barədə qəti qərar qəbul etdim və sabah saat 14.30 dəqiqədə "Gülüstan" sarayında müqavilənin imzalanması mərasimi keçiriləcəkdir.

Bu müqavilə əvvəlki bütün müqavilələrdən bununla fərqlənir ki, burada iştirakçılar ancaq Yaponiya şirkətləridir. Əvvəlki bütün müqavilələrimizdə müxtəlif ölkələrin şirkətləri iştirak edirlər. Ümidvaram ki, Yaponiya, Yaponiya şirkətləri 50-ci, 60-cı, 70-ci illərdəki kimi yenə də elmi-texniki tərəqqinin çox sürətlə inkişafda olduğunu dünyaya nümayiş etdirərək, burada da işi necə təşkil etmək lazım olduğunu digər şirkətlərə göstərəcəklər.

Bu, Yaponiya şirkətlərinin iştirak etdikləri dördüncü müqavilə olacaqdır. Birinci və ikinci müqavilələrdə "İtoçu", üçüncüdə "Mitsui" iştirak edir, dördüncüdə isə siz hamınız birlikdə iştirak edirsiniz. Bu, çox yaxşıdır. Ona görə də hesab edirəm ki, sizinlə birlikdə gələcəkdə əməkdaşlığı inkişaf etdirib genişləndirə bilərik.

Mən Tokioda olarkən biz Yaponiyanın Azərbaycanda səfirliyinin açılması məsələsini müzakirə etdik. Bu gün mən Yaponiyanın Moskvadakı səfiri ilə görüşəcəyəm. O, eyni zamanda Yaponiyanın Azərbaycanda da səfiri funksiyalarını yerinə yetirir. Ümidvaram ki, tezliklə Yaponiyanın Azərbaycanda səfirliyi açılacaqdır. Bu, sizə də gərəkli olacaqdır.