Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Hindistan Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş cənab Dinkar Xulların etimadnaməsini qəbul edərkən söhbətindən - 7 yanvar 2000-ci il


Dinkar Xullar: Zati-aliləri Hindistanın Azərbaycanda səfirliyini təsdiqləyən sənədləri sizə təqdim etmək mənim üçün həm böyük şərəf, həm də başucalığıdır. Mən bu gündən etibarən Hindistanın Azərbaycanda daimi səfiri olacağam.

Cənab prezident, mən Hindistan hökumətinin və xalqının salamlarmı sizə yetirir və Azərbaycan xalqına firavanlıq arzulayıram.

Hindistanla Azərbaycan arasında əlaqələr çox genişdir və bizim əlaqələrimizin böyük tarixi var. Bu tarix Bakının ətrafında yerləşən Atəşgahda öz əksini tapmışdır. Hindistanlılar - həm dindarlar, həm də tacirlər qədim zamanlardan etibarən buraya səfər edirdilər.

Hindistanda mövcud olan Pars icmasının kökü dünyanın bu hissəsindən gəlir.

Son illər ərzində ölkələrimiz arasında əlaqələr həm siyasi, həm iqtisadi, həm də sosial, mədəni baxımdan çox genişlənmişdir. Elə buna görədir ki, Hindistan Azərbaycanda ilk dəfə olaraq daimi səfirlik açmaq qərarına gəlmişdir.

Zati-aliləri, biz XXI əsrin - yeni minilliyin astanasındayıq və bu, bizə geniş imkanlar açır. 1990-cı illərdən etibarən dünyada bir sıra dəyişikliklər baş vermişdir. Bu dəyişikliklər həm siyasi mühitdə özünü göstərir, həm də informasiya inqilabı kimi özünü göstərməkdədir, eyni zamanda dünyanın qloballaşmaya doğru getməkdə olduğunu göstərir.

Hindistan bütün bunların həllində çox fəal iştirak edir və ətrafında olan, eləcə də məsafəcə özündən uzaqda yerləşən ölkələrin hamısı ilə dostluq və əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətindədir.

Hindistan Asiya qitəsində konstruktiv rol oynamaq və Azərbaycanla da sülhə və tərəqqiyə əsaslanan əməkdaşlıq qurmaq əzmindədir.

Zati-aliləri, bu imkandan istifadə edərək sizə, eləcə də dost Azərbaycan xalqına Hindistanın liderlərinin, Hindistan xalqının ən xoş arzularmı yetirir və ölkənizə daimi və hərtərəfli tərəqqi arzulayıram.

Heydər Əliyev: Hörmətli cənab səfir!

Hindistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə sizi təbrik edir və işinizdə uğurlar arzulayıram.

Hindistan dünyanın böyük ölkələrindən biridir. Dünya siyasətində Hindistanın çox görkəmli yeri var və o, Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir.

Siz tamamilə doğru buyurdunuz ki, Hindistanla Azərbaycan arasındakı əlaqələrin böyük tarixi var. Bu tarixi əlaqələrin Azərbaycanda çoxlu izi var və bunları tarixin çox parlaq səhifələri kimi xatırlayırlar.

Hindistan-Azərbaycan əlaqələri, demək olar ki, Hindistan öz dövlət müstəqilliyini əldə edəndən sonra müəyyən qədər genişlənmiş və inkişaf etmişdir. Hindistanın liderlərinin, xüsusən Cəvahirləl Nehrunun Azərbaycana səfəri o vaxt ölkəmizdə tarixi hadisə kimi qəbul olunmuşdu. O illər Hindistanın çox yüksək illəri idi. Hindistan həm müstəqilliyini əldə etmişdi, həm də öz müstəqilliyini dünyaya tanıdır, nümayiş etdirirdi. Tərkibində Azərbaycanın da olduğu Sovetlər İttifaqı da o vaxt Hindistanla çox yaxın dostluq əlaqələri yaratmışdı.

Bu tarixi əlaqələrin bir hissəsini də məhz Azərbaycanla əlaqələr təşkil edirdi. Biz Azərbaycanda Hindistanın inkişafı və həyatı ilə daim maraqlanmışıq. Mən özüm haqqında deyə bilərəm ki, Hindistana 1978-ci ildəki ziyarətimi böyük məmnuniyyətlə xatırlayıram. O vaxt həm Dehlini, həm Tac-Mahalı, Racəstan vilayətini ziyarət etmək məndə çox böyük təəssürat yaratmışdı. Orada hətta fillərin üzərində də oturmuşdum. Çox ekzotik hadisələr idi.

Mən Hindistanın liderləri ilə görüşlərimi də xatırlayıram. Həm İndira Qandi, həm Desai, həm də Raciv Qandi ilə şəxsi görüşlərim olmuşdur.

Mən Moskvada işləyərkən Hindistanın Sovetlər İttifaqındakı səfiri cənab Rao ilə də görüşlərim olmuşdur. Sonra o, Hindistanın baş naziri oldu. Moskvada işlədiyim zaman Sovetlər İttifaqına ziyarətə gəlmiş Hindistanın dövlət və hökumət nümayəndələri ilə də çox görüşmüşəm.

Bunlar hamısı mənim şəxsi təəssüratlarımdır.

Amma eyni zamanda bunları söyləməklə demək istəyirəm ki, Azərbaycan xalqının Hindistana həm marağı, həm də rəğbəti böyük idi. İndi isə Azərbaycan müstəqil dövlət olaraq Hindistanla əlaqələrini daha da genişləndirməyə çalışır. Bu əlaqələrin bütün sahələrdə inkişaf etməsi üçün indi çox böyük imkanlar var və gərək hər iki tərəf bu imkanlardan səmərəli istifadə etsin.

Hindistanın Azərbaycanda səfirliyinin açılmasını və sizin səfir təyin olunmağınızı mən Hindistanın Azərbaycana diqqəti və marağı kimi qiymətləndirirəm. Biz bundan çox razıyıq. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Hindistanın Azərbaycanda səfiri kimi siz müstəqil dövlətlər olan Hindistanla Azərbaycan arasında əlaqələrin daha da inkişaf etməsinə xidmətlərinizi göstərəcəksiniz.

Azərbaycanda Hindistanın səfiri kimi sizə dövlət, hökumət orqanları, ictimai təşkilatlar tərəfindən lazımi kömək göstəriləcək və hər yerdə xoş münasibətin şahidi olacaqsınız. Sizi təbrik edir və böyük uğurlar arzulayıram.

"Azərbaycan" qəzeti, 8 yanvar 2000-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya