Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Birliyi Komissiyasının komissarı Hans Van Den Brukla birgə mətbuat konfransında bəyanatı - 4 oktyabr 1995-ci il


Hörmətli xanımlar və cənablar!

Siz - mətbuat nümayəndələri Avropa Birliyinin nümayəndə heyətinin başçısı cənab Hans Van Den Brukla və nümayəndə heyətinin üzvləri ilə danışıqlarımızda iştirak etmisiniz, onların məzmunu ilə tanışsınız. Ona görə də bu barədə geniş məlumat verməyə ehtiyac yoxdur. Mən yalnız onu demək istəyirəm ki, Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlıq sürətlə inkişaf edir. Brüsseldə, Avropa Birliyinin baş qərargahında olarkən mən bu birliyin rəhbərləri cənab Jak Santerlə və cənab Hans Van Den Brukla, habelə başqaları ilə ətraflı söhbətlər aparmışdım. Bundan sonra bizim əməkdaşlığımızda böyük dəyişikliklər əmələ gəlir. Azərbaycanın iqtisadi vəziyyəti ağır olduğuna görə Avropa Birliyi ölkəmizə ərzaqla və digər yardımlarla kömək edir. Bütün sahələrdə bizim əməkdaşlığımız mütəşəkkil surətdə həyata keçir.

Ancaq qeyd etmək istəyirəm ki, əməkdaşlığımızın bundan sonra da inkişaf etməsinə böyük ehtiyac vardır. Bunu nəzərə alaraq mən cənab Van Den Bruku Azərbaycana rəsmi səfərə dəvət etmişəm. O, mənim dəvətimi qəbul edərək böyük bir nümayəndə heyəti ilə respublikamıza gəlib. Hesab edirəm ki, burada apardığımız danışıqlar səmərəli oldu. Nəticədə Azərbaycan ilə Avropa Birliyi arasında yeni memorandumu indicə imzaladıq. Memorandumu Azərbaycan Respublikası tərəfindən baş nazir Fuad Quliyev, Avropa Birliyi tərəfindən isə təşkilatın komissiyasının komissarı cənab Hans Van Den Bruk imzaladı.

Bizim əməkdaşlığımız təkcə bu memorandumla bitmir. Bu, sadəcə olaraq hazırkı vaxta dair olan sənəddir. Biz Avropa Birliyi ilə daha sıx əməkdaşlıq etmək üçün, onun tərəfdaşı olmaq üçün öz təkliflərimizi vermişik. Həmin təkliflər qəbul olunubdur. Bu günlərdə danışıqlar aparmaq üçün biz xüsusi nümayəndə heyətini təyin edəcəyik. Danışıqlar nəticəsində belə razılığa gəlmişik ki, bu nümayəndə heyəti bu ayın sonunda və ya noyabrın əvvəlində Brüsselə gedəcək. Avropa Birliyi ilə tərəfdaşlıq səviyyəsində əməkdaşlıq etmək üçün danışıqlar aparacaqdır. Həmin danışıqlar nəticəsində böyük bir saziş imzalanacaqdır. Biz bunu istəyirik və bu sahədə lazımi işləri görəcəyik. Biz Avropa Birliyi ilə əməkdaşlığın genişləndirilməsinə tərəfdarıq. Hesab edirəm ki, cənab Van Den Brukun Azərbaycana səfəri bu işə müsbət təsirini göstərəcəkdir.

Cənab Van Den Bruk Respublikamızda qaçqınların məskunlaşdığı bölgəyə səfər edib və orada qaçqınlarla görüşüb, Azərbaycanın işğal olunmuş ərazilərindən zorla qovulmuş vətəndaşlarımızın həyat şəraitinin ağırlığını öz gözləri ilə görübdür. Onu müşayiət edən nümayəndə heyəti də həmin yerlərdə olubdur. Bunların hamısı Avropa Birliyində Azərbaycan barəsində daha dəqiq, ətraflı və obyektiv məlumat əldə etmək üçün yaxşı bir vasitədir. Mən buna görə - Azərbaycana gəldiyinə və burada bu işləri gördüyünə görə cənab Van Den Bruka və onunla gələn nümayəndə heyətinə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, cənab Van Den Bruk da öz bəyanatını verəcəkdir.