"Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyasının nümayəndələri ilə görüşdə Heydər Əliyevin çıxışı" (1 iyul 1996-cı il) sənədinə tarixi arayış


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1996-cı il iyulun 1-4-də Almaniyada rəsmi səfərdə olub. Səfər çərçivəsində Heydər Əliyev Almaniya Prezidenti Roman Hersoq, kansler Helmut Kol, xarici işlər naziri Klaus Kinkel, Bundestaqın sədr müavini A. Folmer, siyasi partiyaların nümayəndələri, Bundestaqın Qafqaz parlament qrupu ilə, Alman Sənayeçiləri İttifaqında işgüzar dairələrin nümayəndələri ilə görüşüb (http://www.mfa.gov.az/)

Görüşlərdə Azərbaycanla Almaniya arasında əlaqələr, dünyada gedən proseslər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadilələri aparılıb.

Azərbaycan-Almaniya əlaqələrinin genişlənməsində Almaniyadakı Azərbaycan diasporunun böyük rolu var. Almaniyada 500 min azərbaycanlı yaşayır və onlar müxtəlif təşkilatlarda birləşiblər: "Bakı" Cəmiyyəti, Berlin Azərbaycan-Türk Mədəniyyət Mərkəzi, "Ocaq" Cəmiyyəti, Azərbaycan Türklərinin Mədəniyyət Mərkəzi və s. (www.azerworld.info).

Azərbaycan Cəmiyyətləri Federasiyası 1996-cı ildə Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin əlaqələndirici qurumu kimi fəaliyyət göstərir. Mərkəzi ofisi Berlin şəhərində yerləşir. Bu federasiya Azərbaycanla bağlı bir çox tədbirlərin təşkilatçısı olub və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında əvəzsiz rol oynayır.(http://www.diaspora.gov.az/)

Belə tədbirlərdən biri 2006-cı ildə keçirilib. Tədbir "Azərbaycanın itirilmiş torpaqları" mövzusunda olub. Tədbirdə çıxış edənlər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsini, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında yüzlərlə yaşayış məskəninin, ictimai-mədəni tikililərin, təhsil və səhiyyə müəssisələrinin, tarixi və mədəni abidələrinin, məscidlərin, ziyarətgahların, qəbiristanlıqların erməni vandalizminə məruz qalmasını toplantı iştirakçılarının nəzərinə çatdırıblar. (http://www.trend.az/)

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Almaniyaya səfəri çərçivəsində Azərbaycan Cəmiyyətləri Federasiyasının nümayəndələri ilə görüşüb. Görüşdə Almaniyada yaşayan azərbaycanlıların belə böyük təşkilatda birləşməsini təqdir edən prezident bunun yaxşı hal olduğunu qeyd edib. Azərbaycanın bir çox problemlərinin həlli istiqamətində diasporların böyük iş görməli olduğunu iştirakçıların nəzərinə çatdırıb: "Mən arzu edirəm ki, bu federasiyanız səmərəli işləsin, günü-gündən möhkəmlənsin və öz təsirini başqa ölkələrə də yaysın, göstərsin. Biz də çalışacağıq ki, yaranmış belə federasiyalarla bilavasitə əlaqə saxlayaq və sizə əlimizdən gələn köməyi edək, Azərbaycan həqiqətini dünyaya sizinlə birlikdə bəyan edək".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il fevralın 14-16-da Almaniyaya rəsmi səfəri zamanı Azərbaycan Cəmiyyətləri Federasiyasının üzvləri ilə görüşüb. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində xarici soydaşlarımızın da üzərinə böyük vəzifənin düşdüyünü bildirən prezident dünya azərbaycanlılarının Bakıda keçirilən II qurultayının əhəmiyyətinə toxunub, eyni zamanda həmvətənlərimizin müdafiə olunması, onlara kömək göstərilməsi istiqamətində səylər göstəriləcəyini vurğulayıb. (http://www.azerbaijan.news.az/)

Tarixi arayış 26 dekabr 2007-ci ildə tərtib edilib.