Azərbaycan Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının Türkiyədəki səfiri Məhəmməd Həsən Yəvasani ilə görüşdəki söhbətindən - Antalya, Simena köşkü, 29 may 1999-cu il


Yavasani: Zati-aliləri, çox məmnunam ki, imkan tapıb məni qəbul edirsiniz. Ölkəmizin prezidenti cənab Xatəmi Sizin ürəyinizdə cərrahiyyə əməliyyatı keçirilməsi xəbərini eşitdikdən sonra mənə tapşırıq veribdir ki, Sizi burada ziyarət edim və onun xoş salamlarını Sizə yetirim. Gözləyir ki, mən ona Sizin özünüzü yaxşı hiss etməyiniz və səhhətinizin tam yaxşı olması barədə xəbərlər yetirim. Çox şadam ki, Sizi özünüzü çox yaxşı hiss etdiyiniz vəziyyətdə görürəm.

Cənab prezident, bilirəm ki, bu gün səhər tezdən çalışırsınız, görüşlər keçirirsiniz. Bu, bir daha onu göstərir və məni də şad edir ki, Siz özünüzü çox sağlam hiss edirsiniz. Mən əminəm ki, bizim prezidentimiz Sizin özünüzü gümrah hiss etməyiniz barədə xəbəri eşitdikdə çox şad olacaqdır.

Fürsətdən istifadə edərək, qardaşım səfir Məmməd Əliyevə təşəkkürümü bildirirəm ki, gün ərzində mənə qonaqpərvərlik göstəribdir.

İcazənizlə, İran ilə Azərbaycan arasında ikitərəfli münasibətlər barədə bir neçə kəlmə söyləyim. Bizim xarici işlər naziri cənab Xərrazi 10 gün bundan əvvəl Azərbaycanı ziyarət edərək, EKO-nun üzvü olan ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən görüşündə iştirak edibdir. Cənab Xərrazi Azərbaycanın xarici işlər naziri ilə görüşüb və Baş nazir tərəfindən qəbul edilibdir. O mənə zəng edərək bildiribdir ki, Azərbaycandakı görüşləri çox səmərəli və faydalı olubdur.

Bildiyimə görə, Sizin göstərişiniz və razılığınız ilə Azərbaycan parlamentinin sədri İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin parlament sədrlərinin üç həftədən sonra Tehranda keçiriləcək toplantısında iştirak etmək üçün ölkəmizi ziyarət edəcəkdir.

Ölkələrimiz arasında yaradılmış müştərək komissiya Bakıda görüş keçirməli idi, lakin Siz Azərbaycanda olmadığınıza görə onun vaxtını bir az dəyişdirdik. İnşallah, Siz Azərbaycana qayıdandan sonra nə vaxt göstəriş versəniz, həmin komissiya Bakıda öz işini davam etdirəcəkdir.

Cənab prezident, bizim ölkəyə rəsmi səfər etməyiniz barədə dəvət artıq Sizə göndərilibdir. Ümidvarıq ki, Siz gələn ay İranı ziyarət edəcəksiniz. İranın Azərbaycandakı səfiri Bikdeli də mənimlə əlaqə saxlayaraq Sizi səbirsizliklə gözlədiyini bildiribdir. O dedi ki, İrana səfəriniz barədə yazılı rəsmi dəvəti Siz Bakıya qayıdandan sonra Sizə çatdıracaqdır.

Bütün bunlar onu göstərir ki, iki qardaş müsəlman ölkəsi arasında münasibətlər gündən-günə yaxşılaşır və bu, belə də olmalıdır.

Mənə məlumat veriblər ki, bizim xarici işlər naziri Xərrazi bir dəfə Sizinlə görüş zamanı söyləyibdir ki, Azərbaycan ilə İran dost ölkədir. Siz onun sözünə düzəliş edərək demişsiniz ki, qardaş ölkələrdir. Bu, tamamilə doğrudur - biz qonşuyuq, qardaş ölkələrik, iki müsəlman dövlətiyik.

Mən Sizin səfirinizlə söhbət zamanı da qeyd etdim ki, bizim ölkənin prezidenti Xatəminin həyata keçirdiyi siyasət İranın bütün qoşunları - Azərbaycan, Gürcüstan, ərəb ölkələri və digər qonşularla əlaqələrdə gərginliyin aradan qaldırılmasına yönəldilibdir.

Mən bir ildir ki, Türkiyədə səfir kimi fəaliyyətə başlamışam. Bu bir il ərzində bizim Türkiyə ilə də münasibətlərimiz yaxşılaşmağa doğru gedir. Ümidvarıq ki, Sizin köməyinizlə bu münasibətlər də yaxşılaşa bilər.

Cənab prezident, mən əminəm ki, zati-alilərinizin xəbəri var, - Xatəminin Səudiyyə Ərəbistanına səfəri çox uğurlu olmuşdur. Bir müddət sərin münasibətlərdən sonra bu, yaxşılığa doğru inkişaf edir. Mən əminəm ki, belə xoş münasibətlər Azərbaycan ilə İran, Türkiyə ilə İran və digər qonşu dövlətlər arasında da mövcud ola bilər.

Xatırlayıram ki, Türkiyə Cümhuriyyətinin 75 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərdə görüşümüz zamanı mən sizə farsca müraciət etdim. Siz mənə farsca cavab verdiniz. Siz fars dilində də bəzi sözləri bilirsiniz.

Məni qəbul etdiyinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm. Prezident Xatəminin, İranın lideri Xamneinin Azərbaycanla dostluq və qardaşlıq münasibətlərini inkişaf etdirmək arzularını Sizə yetirirəm.

Heydər Əliyev: Səmimi sözlərə görə Sizə təşəkkürümü bildirirəm.

Mən çox məmnunam ki, İran İslam Cümhuriyyətinin prezidenti cənab Xatəmi mənim səhhətimlə maraqlanır, sizi mənim yanıma göndəribdir və sizin vasitənizlə arzularını, salamını mənə çatdırır. Mən buna görə təşəkkür edirəm. Xahiş edirəm, mənim təşəkkürümü, minnətdarlığımı prezident cənab Xatəmiyə çatdırasınız.

Mənim səhhətim artıq yaxşıdır. Biz həmişə İran ilə Azərbaycan arasında əlaqələrin yaxşı, müsbət olmasına, daim inkişaf etməsinə çalışırıq və bunu istəyirik.

Sizin xarici işlər naziri Xərrazinin EKO-nun üzvü olan ölkələrin xarici işlər Xərrazinin EKO-nun üzvü olan ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən toplantısında iştirak etməsi, Azərbaycanın xarici işlər naziri ilə görüşü və bizim Baş nazirin qəbulunda olması mənə məlumdur. Onların hamısı barədə mənə məlumat veriblər. Mənə verilən məlumatlara görə, danışıqlar çox səmərəli olubdur.

Hesab edirəm, həm İran, həm də Azərbaycan çalışmalıdır ki, əməkdaşlığımızı inkişaf etdirək və buna mane olan halların hamısını aradan qaldıraq. İran ilə Azərbaycan coğrafi nöqteyi-nəzərdən bir-birinə çox yaxın ölkələrdir. Bizim tarixi keçmişimiz, köklərimiz, adət-ənənələrimiz onu göstərir ki, ölkələrimiz, xalqlarımız arasında dostluq əlaqələri olmalıdır. Biz daim çalışırıq ki, İran ilə Azərbaycanın münasibətləri həmişə müsbət istiqamətdə inkişaf etsin. Biz bundan sonra da buna çalışacağıq.

Mən məmnunam ki, siz dediyiniz kimi, İran prezidenti cənab Xatəmi qonşu ölkələrlə münasibətləri daha da yaxşılaşdırmaq, sizin sözlərinizlə demək istəyirəm ki, olan gərginlikləri aradan qaldırmaq məqsədi daşıyır.

Beləliklə, biz hər iki tərəfdən eyni fikirdəyik. Həqiqətən, İran ilə Azərbaycan arasındakı əlaqələr dostluq və qardaşlıq xarakteri daşıyır. Ancaq biz çalışmalıyıq ki, bu əlaqələri daha da genişləndirək, inkişaf etdirək, daha da yüksəklərə qaldıraq. Biz bu fikirdəyik.

Azərbaycan Mili Məclisinin sədri İslam Konfransı Təşkilatını üzvü olan ölkələrin parlament sədrlərinin İranda keçiriləcək toplantısında olacaqdır. Güman edirəm ki, onun orada müəyyən danışıqlar aparmaq imkanı olacaqdır.

Mənim İrana dəvət olunmağım haqqında verdiyiniz məlumata görə də təşəkkür edirəm. Mən prezident cənab Xatəmini Azərbaycana dəvət etmişəm. Cənab Xatəmi də məni dəvət edir. Biz çalışmalıyıq ki, hər iki dəvət yerinə yetirilsin.

İran-Azərbaycan Müştərək Komissiyasının işini də gücləndirmək lazımdır. Mən Azərbaycana dönəndən sonra, şübhəsiz, münasib vaxtda sizin nümayəndə heyəti gəlib danışıqlar apara bilər.

Mən bir daha təşəkkür edirəm. Prezident cənab Xatəmiyə mənim salamımı, hörmət və ehtiramımı çatdırın. Ayəttulah Xamneiyə mənim salamımı, hörmət və ehtiramımı çatdırın.

Bir daha deyirəm, biz öz tərəfimizdən çalışacağıq ki, Azərbaycan ilə İranın əlaqələrini daha da inkişaf etdirək.

Mən bu görüşümüzdən məmnunam. Cənab səfir, sizə öz fəaliyyətinizdə uğurlar arzulayıram.

Yəvasani: Prezident Heydər Əliyevi belə gümrah vəziyyətdə görməkdən bir daha məmnun qaldığımı bildirirəm.

İdi Türkiyədə yeni hökumət qurulub. Biz ümidvarıq ki, İran ilə Türkiyənin münasibətləri daha da yaxşılaşacaqdır.

Cənab prezident, biz ümid edirik ki, bir vaxt Sizin, cənab Xatəminin, cənab Süleyman Dəmirəlin və Baş nazir Ecevitin də birgə görüşünü təşkil edə biləcəyik.

Heydər Əliyev: Bu, çox gözəl olardı. Sağ olun.