Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-ın müdafiə naziri Donald Ramsfeld ilə söhbətindən - 15 dekabr 2001-ci il


Heydər Əliyev: Hörmətli cənab nazir!

Hörmətli səfir!

Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmisiniz. Sizin Azərbaycana bu ziyarətiniz bizim üçün əlamətdar hadisədir və Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı əlaqələrin inkişaf etməsinin təzahürüdür.

Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Azərbaycana səfər edibdir. Bu, həm bizim dövlətlərarası əlaqələrimizin inkişaf etməsi üçün mühüm bir hadisədir, həm də təbiidir ki, müdafiə sahəsində əməkdaşlığımız üçün bir addımdır.

Mən bilirəm, bütün dünya bilir ki, indi Amerika Birləşmiş Ştatları, bütün mütərəqqi bəşəriyyət ən dəhşətli təhlükə ilə, beynəlxalq terrorizmlə mübarizəyə qalxıbdır. Azərbaycan həmişə terrorizmin əleyhinə, beynəlxalq terrorizmin əleyhinə və xüsusən, təcavüzkar separatizmdən doğan beynəlxalq terrorizmin əleyhinə olmuşdur. Çünki Azərbaycan bu terrorizmdən uzun illərdir ki, əziyyət çəkir.

Bütün bunlara görə Azərbaycan 11 sentyabr hadisələrini, yəni Amerika Birləşmiş Ştatlarında - Vaşinqtonda və Nyu Yorkda baş vermiş dəhşətli terror hadisələrini çox böyük həyəcan hissi ilə qarşıladı və dərhal beynəlxalq terrorizmə qarşı öz səsini qaldırdı. Biz dərhal bəyan etdik ki, beynəlxalq terrorizmə qarşı mübarizədə Amerika Birləşmiş Ştatları ilə bir alyansdayıq, bir koalisiyadayıq və o vaxtdan indiyə qədər bu barədə sizinlə sıx əməkdaşlıq edirik. Biz hesab edirik ki, bu əməkdaşlığımız uğurludur. Çünki bu sahədə sizə lazım olan tədbirlərinizin Azərbaycan ərazisindən həyata keçirilməsini təmin etmişik. Biz bundan sonra da sizinlə əməkdaşlıq etməyə hazırıq.

Sizi Azərbaycanda görməyimdən bir daha məmnun olduğumu bildirmək istəyirəm. Buyurun, cənab nazir!

Donald Rasfeld: Cənab prezident, çox sağ olun. Çox sağ olun ki, vaxt ayırıb məni və məni müşayiət edən Amerika Birləşmiş Ştatları nümayəndə heyətini qəbul edirsiniz.

Sizin dediyiniz kimi, ölkəniz, hökumətiniz terror hadisələri baş verdikdən dərhal sonra beynəlxalq terrorizmə qarşı mübarizədə bu alyansda iştirak etməyə öz razılığını və hazırlığını bildirdi. Əlbəttə, Amerika Birləşmiş Ştatlarının xalqı, hökuməti bu hadisəni daim yadında saxlayır ki, sizin xalqınız, hökumətiniz bu hadisəyə öz münasibətini dərhal açıqladı və bizimlə birlikdə olmağına hazır olduğunu bildirdi.

Bu regionda olan ölkələrin hamısının sabitliyi və suverenliyi bizim üçün, Amerika Birləşmiş Ştatları üçün və eləcə də regiondakı hər bir ölkə üçün vacibdir. Əlbəttə ki, bizim hamımız mövcud problemlərdən narahatlığımızı ifadə edirik. Bu problemlərə həm narkotik maddələrin tranziti, həm silahların yayılması, həm də qeyri-qanuni mühacirət aiddir.

Bizim səfərimiz çox vaxtında olmuş bir səfərdir. Belə ki, ABŞ Konqresi bu günlərdə 907-ci düzəlişin aradan götürülməsi məsələsinə baxır. Bu düzəliş aradan qaldırıldıqdan sonra Birləşmiş Ştatlar ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlığı artırmaq mümkün olacaqdır. Ümid edirik ki, bizim qanunvericilikdəki dəyişiklik bu həftə baş verəcək və bundan sonra əlaqələrimizdə yeni bir addım atılacaqdır.

Əfqanıstanda və dünyanın başqa yerlərində mövcud olan terrorizmə qarşı mübarizə aparmaqda bizə yardımçı olduğunuza görə Sizə bir daha öz ehtiramımı bildirmək istəyirəm.

Heydər Əliyev: Təşəkkür edirəm.

Narkotik maddələrin daşınması, qanunsuz silah alveri, qanunsuz mühacirət bizi də narahat edən məsələlərdir. Biz bütün bu istiqamətlərdə sizinlə əməkdaşlıq etməyə hazırıq və bu əməkdaşlığı çox vacib hesab edirik.

907-ci düzəlişin aradan götürülməsinə gəldikdə, bu məsələ, Azərbaycanda bir söz var, quyunun lar dibinə düşübdür. Onu oradan sizinlə birlikdə dartırıq çıxarmağa, çıxara bilmirik. Mən düşünürdüm ki, siz buraya gələndə elan edəcəksiniz ki, 907-ci düzəliş artıq yoxdur.

Donald Ramsfeld: Mən də elə ümid edirdim.

Heydər Əliyev: Ancaq yenə də deyirsiniz ki, bu yaxın zamanlarda baxılacaqdır. Biz çox gözləmişik, yenə də gözləyirik. Amma indi elə bir zaman gəlibdir ki, 907-ci düzəlişin götürülməsi təkcə bizim üçün yox, sizin üçün də əhəmiyyətlidir. Onu nə qədər tez götürsəniz, o qədər də yaxşı olar. Hər halda, hər şey sizin əlinizdədir. Biz sadəcə, bunu gözləyəcəyik. Güman edirəm ki, sizin burada bəyan etdiyiniz söz yerinə yetiriləcəkdir. Hər halda, bu sözü Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Azərbaycanın paytaxtı Bakıda, Azərbaycanın prezidenti ilə görüşündə deyibdir. Buradakıların hamısı bunu eşidir.

Donald Ramsfeld: Cənab prezident, bizdə, Amerika Birləşmiş Ştatlarında belə bir söz vardır ki, prezident təklif edir, ondan sonra isə Konqres o məsələyə baxır. Ona görə də bəzi hallarda həqiqətən bizə dözümlü olmaq lazımdır.

Lakin burada ruhlandıran cəhət ondan ibarətdir ki, on günə Milad bayramı başlayacaqdır. Ona görə Konqresin üzvləri, eləcə də Senatın üzvləri çox tələsirlər ki, həmin bayram ərəfəsində öz seçiciləri ilə görüşsünlər və ailələri ilə birlikdə olsunlar. Ona görə də bu, mənə belə bir əsas verir deyim ki, ayın 24-ə qədər bu düzəliş aradan qaldırılacaqdır.

Heydər Əliyev: Yaxşı. Bunu burada yazırıq. Onda siz də, biz də Milad bayramını yaxşı qeyd edəcəyik. Sağ olun.