Heydər Əliyev: Mənə məlumat verdilər ki, idmançılar mənimlə görüşmək istəyirlər. Mən də həmişə belə təkliflərə çox müsbət münasibət göstərirəm. Ona görə də sizinlə görüşə gəlmişəm. Əgər görüşmək istəmisinizsə, onda sizi dinləyirəm.
Çingiz Hüseynzadə (Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Yüngül Atletika Federasiyasının prezidenti): Möhtərəm cənab prezident! Bu gün Azərbaycan idman ictimaiyyətinin görkəmli nümayəndələrinin zati-alilərinizin hüzuruna toplaşmasının bir səbəbi vardır. Beynəlxalq Olimpiya Komitəsi bəşəriyyət tarixinin yeni əsrinin, yeni minilliyinin başlanması münasibətilə, öz ölkələrində olimpiya hərəkatının inkişafına, olimpiya ideallarının yayılmasına rəvac verən, onu dəstəkləyən dövlət başçılarını təbrik etmək üçün xüsusi orijinal hədiyyə hazırlamışdır. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Xuan Antonio Samarançın Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə ünvanladığı məktubda göstərilir ki, Beynəlxalq Olimpiya Komitəsi 2000-ci il münasibətilə dövlət başçılarına təqdim etmək üçün İncəsənət əsəri yaratmaq qərarına gəlmiş və nəticədə məşhur heykəltəraş Naq Arnoldi bürüncdən "2000-ci ilin olimpiya qapıları" adlı əsər yaratmışdır. Cənab Samaranç Milli Olimpiya Komitəmizin prezidenti cənab İlham Əliyevdən xahiş etmişdir ki, bu nadir incəsənət əsəri Azərbaycanın prezidenti möhtərəm Heydər Əliyevə çox təntənəli şəkildə təqdim olunsun. Bu gün biz məhz bu təntənəli mərasimin iştirakçılarıyıq.
Cənab prezident, icazənizlə, "2000-ci ilin olimpiya qapıları" əsəri və onun müəllifi Naq Arnoldi haqqında qısa məlumatı Sizin diqqətinizə çatdırmaq istəyirəm. 1928-ci ildə İtaliyanın Tisiano şəhərində anadan olmuş heykəltəraş Naq Arnoldi öz bədii təxəyyülünü 1950-ci illərdə Pablo Pikassonun və alman ekspressionist rəssamlarının Milanda təşkil edilmiş sərgilərinin təsiri altında formalaşdırmışdır. 1954-cü ildə təşkil olunmuş ilk fərdi sərgisi istər vətənində, istərsə də kənarda onu incəsənət aləmində cərəyan edən böyük hadisələrin baş qəhrəmanına çevirir. Dünyanın məşhur sənətkarları David Alfaro Siqeyros və Rufino Tamoyo ilə bilavəsitə və canlı təmasda olan, onların yaradıcılığından bəhrələnən Naq Arnoldi 70-ci illərdən başlayaraq heykəltəraşlıq sənətinə üstünlük verir. O, 80-ci illərdə Frankfurt, Florensiya, Roma, Verona, Orvisto və digər şəhərlərdə böyük fərdi sərgilərini təşkil etmişdir. Onun yaratdığı heykəllər İsveçrədə və digər ölkələrdə ucaldılmışdır. Bu gün Sizə təqdim olunacaq "2000-ci ilin olimpiya qapıları" əsəri Lozannada Beynəlxalq Olimpiya Komitəsinin qərargahı önündə ucaldılacaq "böyük qapılar"ın kiçik surətidir. Rəmzi olsa da eyni zamanda gerçək reallığı əks etdirən, yeni nailiyyətlərə və qələbələrə doğru geniş açılmış bu qapılar bütün dünya xalqlarını yeni minilliyin olimpiya oyunlarına dəvət edir, onları 2000-ci ilin astanasından keçməyə çağırır. Gələcəyə açılan bu qapılar Azərbaycan idmançıları, olimpiyaçılar üçün xüsusilə əziz və əlamətdardır. Biz bu astanadan üzüağ, alnıaçıq keçirik.
Son illərdə Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında, bilavasitə onun əməyi və səyləri nəticəsində Azərbaycanda olimpiya hərəkatı geniş inkişaf tapmış, idmançılarımızın gələcgyinə böyük ümidlər yaranmışdır. Azərbaycan idmançılarının, idmansevərlərinin ən böyük sevinci, ən böyük qüruru ondan ibarətdir ki, biz hamımız üçüncü minilliyə açılan "2000-ci ilin qapıları"ndan möhtərəm prezident, cənab Heydər Əliyev, Sizinlə birlikdə keçirik. İcazə verin, Azərbaycanın ən görkəmli idmançıları, olimpiya çempionları Rəfiqə Şabanova və Nazim Hüseynov Beynəlxalq Olimpiya Komitəsinin hədiyyəsini Sizə təqdim etsinlər.
Əbülfəs Qarayev (Gənclər və İdman naziri): Möhtərəm cənab prezident, icazənizlə, Sizə respublikanın yığma komandasının olimpiya oyunlarına hazırlığı haqqında qısa məlumat vermək istəyirəm. Respublikamızın həyatında mühüm və yaddaqalan tədbirlərin keçirilməsi ilə zəngin olan 1999-cu il idman nailiyyətlərimizin də yüksəlməsini, ümumiyyətlə, idmanımızın inkişafını, idman sahəsində digər ölkələrlə əlaqələrin möhkəmlənməsini təcəssüm etdirən dövr kimi də fərqlənmişdir. Məhz ötən il respublikamızda bir sıra çox əhəmiyyətli idman tədbirləri keçirilmiş, bu tədbirlər öz kütləviliyi ilə, eləcə də idmansevərlərin və idman ictimaiyyətinin xüsusi diqqətini və rəğbətini qazanması ilə seçilmişdir. İstər olimpiya oyunları proqramına daxil olan boks üzrə respublikamızda ilk dəfə keçirilən yeniyetmələrin dördüncü Avropa birinciliyi, 18 yaşlılar arasında futbol üzrə Avropa çempionatının seçmə yarışları, master-ralli üzrə dünya kubokunun bir mərhələsi, istərsə da müxtəlif idman növləri üzrə milli yığma komandalarımızın beynəlxalq yarışlardakı çıxışları və qazandıqları uğurlar, möhtərəm prezidentimiz, şəxsən Sizin diqqət və qayğınız, xeyir-duanız sayəsində əldə edilmiş müvəffəqiyyətlərdir. 1999-cu il respublikamızın idman həyatında qarşıdan gələn - XXYII yay olimpiya oyunlarına hazırlığın xüsusi mərhələsi kimi diqqəti cəlb etmişdir. Ötən il keçirilən bütün yarışlar, demək olar ki, olimpiya oyunlarında iştirak etmək, parlaq qələbələr qazanmaq kimi ali məqsədə doğru istiqamətlənmiş, idmançılarımızın peşəkarlığının, ustalığının, ruh yüksəkliyinin artmasında xüsusi rol oynamışdır. 1999-cu ildə qarşımızda duran ən mühüm vəzifə - olimpiya oyunlarına hazırlığın səmərəli, mütəşəkkil aparılması və bununla bağlı bir sıra problemlər həll olunmuşdur. Milli Olimpiya Komitəsi Gənclər və İdman Nazirliyi və digər idman strukturları ilə birlikdə öz qüvvələrini səfərbər edərək olimpiya oyunlarına hazırlıq işini hələ 1997-ci ildə qəbul edilmiş konsepsiyaya uyğun olaraq həyata keçirmişdir. Olimpiya mərhələsində intensiv və keyfiyyətli hazırlığın təmin olunması üçün yüksək ixtisaslı idmançılar hazırlanması sisteminin təkmilləşdirilməsi, idman nailiyyətlərinin proqnozlaşdırılması, idmançı şəxsiyyətinin sosial-psixoloji əsasları, məşq proseslərinin planlaşdırılması, idmançıların sosial və məişət problemləri və digər məsələlər öz həllini tapmışdır. Nazirlər Milli Olimpiya Komitəsi ilə birlikdə olimpiya oyunlarına hazırlığın tərkib hissəsi kimi, yığma komandalarımızın məşqlərinə daim nəzarət yetirmiş, idman nümayəndə heyətlərinin beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında, kubok və qitə yarışlarında iştirakını təmin etmişdir. Olimpiya oyunlarına namizəd idmançıların və yığma komandaların məşqçilərinin fərdi iş planları tərtib edilmiş, Beynəlxalq Olimpiya Komitəsi ilə birlikdə bu idmançıların və onların məşqçilərinin olimpiya dövrünün sonuna qədər xüsusi təqaüdlə təmin edilməsinə nail olunmuşdur.
Təbii ki, görülən hər işin əhəmiyyətini, uğurunu onun nəticəsi ilə ölçmək lazımdır. Mən bu gün tam qətiyyətlə deyə bilərəm ki, nəticələrimiz çox sevindirici, fərəhli olmuş, 1999-cu ildə idmançılarımız tərəfindən respublikamıza 166 medal gətirilmiş, o cümlədən 70 qızıl, 45 gümüş və 21 bürünc medal olimpiya idman növləri üzrə qazanılmışdır. 1999-cu ildə göstərilən digər nəticələr isə bütün idmansevərlərin sevincini ikiqat artırmış, respublikanın idman həyatında əsl canlanmaya səbəb olmuşdur. Belə ki, ötən il keçirilən bəzi yarışların lisenziya xarakterinə malik olduğunu nəzərə alsaq, əldə etdiyimiz nailiyyətlərin həm keyfiyyət, həm də kəmiyyət baxımından çox boyük əhəmiyyət daşıdığını qeyd etməliyik. Ötən il olimpiya oyunlarına hazırlıq dövründə əldə olunan ən yüksək nailiyyət idmançılarımızın müxtəlif miqyaslı beynəlxalq yarışlarda böyük əzmkarlıq və iradə göstərərək 12 olimpiya vəsiqəsi qazanmasıdır. Onlardan üçü boks, üçü sərbəst güləş, üçü ağırlıq qaldırma, biri cüdo, biri güllə atıcılığı, biri isə yüngül atletika üzrədir. Möhtərəm cənab prezident, bu yüksək nailiyyətləri əldə etmiş idmançıların böyük bir qrupu buradadır, Sizinlə görüşə öz arzuları ilə gəliblər ki, Sizə bu barədə məlumat versinlər. Olimpiya oyunlarına hazırlığın sonuncu mərhələsi 2000-ci ildə davam etməkdədir. Belə ki, cüdo, Yunan-Roma güləşi, sərbəst güləşmə və boks üzrə respublikamıza yeni lisenziyalar gətirilməsi məqsədi ilə lisenziya yarışlarında iştirak etmək üçün məqsədyönlü iş aparılır. Diqqətinizə çatdırmaq istərdim ki, ölkəmizə digər 6 vəsiqə beynəlxalq federasiyalarla aparılan danışıqlar əsasında verilmişdir ki, bu idman növlərində də vətənimiz olimpiya oyunlarında təmsil olunmaq hüququ qazanmışdır. Artıq bu il yunan-roma güləşi üzrə perspektivli idmançılarımız İtaliyada, sərbəst güləşçilərimiz Minskdə, cüdo güləşi üzrə idmançılarımız Moskva şəhərində keçirilən beynəlxalq turnirlərdə iştirak edərək reytinq cədvəlinə əsasən müəyyən xallar toplamışlar ki, bu da onların sonrakı yarışlarda yeni lisenziyalar əldə edəcəklərinə zəmin yaratmışdır.
Son olaraq qeyd etmək istərdim ki, Azərbaycanda idmanın inkişafında, dirçəlişində çəkdiyiniz böyük zəhmət, göstərdiyiniz diqqət və qayğı hədər getməmişdir. Azərbaycanı dünyaya tanıdan böyük idmançılar nəsli yetişmiş və yetişməkdədir. Biz inanırıq və ümid edirik ki, müstəqil Azərbaycan Respublikası bütün maneələri dəf edərək idman olimpində öz layiqli yerini tutacaq, idmançılarımız ölkəmizin şərəfini ləyaqətlə qoruyacaqlar.
Möhtərəm cənab prezident, Sizin fərmanınızla bu gün Azərbaycan gəncləri günü kimi qeyd olunur. Məhz bu gün idmançıların buraya gəlməsi rəmzi xarakter daşıyır. Bu gün Azərbaycanın bir çox şəhərlərində, rayonlarında Gənclər günü ilə bağlı silsilə tədbirlər keçirilir. Buraya gəlməmişdən qabaq hamımız gənc rəssamların əsərləri sərgisinin açılışında iştirak etdik. İcazənizlə, mən gənc rəssamların əsərləri sərgisinə həsr olunmuş xüsusi bukleti və 1998-ci ildə müstəqil Azərbaycan Respublikası Gənclərinin II Forumunun materiallarından ibarət yeni çapdan çıxmış kitabı Sizə təqdim edim.
Heydər Əliyev: Bu gün bizim müstəqil Azərbaycanda Gənclər günüdür. Mən bu münasibətlə sizi, bütün Azərbaycan gənclərini təbrik edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, ölkəmizin bugünkü gəncləri, gənc nəsli Azərbaycanın parlaq gələcəyi yolunda öz xidməllərini göstərəcək və Azərbaycanı gələcəkdə inkişaf eldirəcəklər. Bu gün sizinlə, gənclərlə görüşmək mənim üçün də çox fərəhlidir. Çünki gənclər həmişə insana ruh verir, insana çox müsbət təsir bağışlayır. Gənclər cəmiyyətin həmişə sevimlisidir. Uşaqlara, gənclərə sevgi-məhəbbət hər bir insanda var. Hər bir insan öz övladlarını sevir və övladları ilə fəxr edir. Bütün cəmiyyət də öz uşaqlarını, gənclərini sevir və onlarla fəxr edir mən isə Azərbaycanın prezidenti olaraq, Azərbaycanın gənclərinə hədsiz məhəbbət hissi bəsləyirəm. Çünki birinci, mən uşaqları, gəncləri bir insan kimi çox sevirəm, ikincisi də, Azərbaycanın dövlət başçısı kimi, Azərbaycanın bugünkü işləri ilə məşğul olaraq Azərbaycanın gələcəyinə çox əsaslar yaratmağa çalışıram, gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də gənclərə məxsusdur, gənclərin əlində olacaqdır. Biz bu gün hansı gənc nəsli yetişdirə bilsək, Azərbaycanın gələcəyi ondan çox asılı olacaqdır. Əgər bugünkü gənc nəsil Azərbaycan xalqının bütün qayğılarına qalmaq iqtidarına malik olacaqsa, yüksək biliyə, təcrübəyə malik olacaqsa, təbiidir ki, biz Azərbaycanın gələcəyi haqqında narahat olmamalıyıq. Mən hesab edirəm ki, Azərbaycanda bu gün belə gənc nəsil mövcuddur, inkişaf edir, böyüyür və Azərbaycanın gələcəyini bizdən də yaxşı inkişaf etdirməyə qadir olacaqdır. Ona görə də Gənclər günü gənclərin bayramıdır, ancaq bizim hamımızın ümumxalq bayramıdır, mənim bayramımdır və bu gün gənclərin nümayəndələri ilə görüşmək mənim üçün çox əhəmiyyətlidir, mənə çox sevinc gətirir.
İdman əsasən gənclərə məxsus olan bir sahədir. Burada verilən məlumatlar bir də onu təsdiq etdi ki, Azərbaycanın idmanı son illərdə çox sürətlə inkişaf edir. Bu təbiidir ki, bizim aldə etdiyimiz nailiyyətlər içərisinda çox görkəmli yer tutur. Biz çalışırıq ki, müstəqil dövlətimizi möhkəmləndirək, inkişaf etdirək. Biz çalışırıq ki, siyasi, iqtisadi, sosial islahatlar həyata keçirib Azərbaycanı inkişaf etdirək. Biz çalışırıq ki, insanların rifah halını yaxşılaşdıraq. Biz çalışırıq ki, Azərbaycanın böyük problemi olan Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll edək. Bunlar hamısı bizim üçün vəcibdir və bu sahələrdə bizim nailiyyətlərimiz göz qabağındadır. Ancaq bunların içərisində gənclərin nailiyyətləri, o cümlədən bizim idmançıların nailiyyətləri çox görkəmli yer tutur. İdmançıların nailiyyətləri gənclərimizin həm fiziki, həm də mənəvi cəhətdən sağlam olduğunu göstərir. Sizin kimi idmançılar - dünyada Azərbaycanın idmanını nümayiş etdirən, ölkəmizi tanıdan və Azərbaycanda idmanın səviyyəsini dünyaya göstərənlər, təbiidir ki, çox böyük iş görürsünüz. Sizinlə hər dəfə görüşəndə, məlumatlarınızı dinləyəndə mən böyük iftixar hissi keçirirəm. Bizim xalqımız fiziki cəhətdan sağlam xalqdır. Xalqımızın mənəviyyatı da yüksəkdir. Ancaq keçmiş zamanlarda biz idman sahəsində heç vaxt indiki qədər nailiyyətlər əldə etməmişik. Ona görə yox ki, bizim gənclərimiz, idmançılarımız buna qadir olmayıblar. Ona görə ki, birinci növbədə, biz müstəqil olmamışıq və Sovet İttifaqı, SSRİ tərkibində bizim idmançıların özlərini göstərmək və öz fəaliyyətləri nəticəsinda onlara layiq olan yerləri tutmaq imkanları məhdud olubdur. İkinci də ona görə ki, indi müstəqil Azərbaycanda idmana, olimpiya hərəkatına xüsusi diqqət yetirilir və bir də bugünkü nailiyyətlər keçmişdən ona görə artıqdır, yüksəkdir ki, indi hər bir Azərbaycan idmançısında vətənpərvərlik hissi, vətənə məhəbbət, sevgi hissi əvvəlkilərdən, təbiidir ki, yüksəkdir. O vaxt bizim ümumi vətənimiz var idi, biz hamımız o vətənə qarışmışdıq. Amma indi Azərbaycan xalqının öz vətəni var. Azərbaycanda yaşayan vətəndaşların hansı millətə mənsub olmasından asılı olmayaraq öz vətəni var. Öz vətəni olan insan, təbiidir ki, öz vətənini sevərək daha da yüksək nailiyyətlər əldə edə bilər. Düşünürsən ki, bax, buna görə, bu səbəblərə görə və bunların nəticəsində Azərbaycan idmanı indi doğrudan da bizi sevindirən səviyyəyə gəlib çatıbdır.
Hər dəfə sizinlə görüşəndə yeni-yeni məlumatlar verirsiniz. Bu, onu göstərir ki, Azərbaycanda idman dinamik inkişaf edir, bizim idmançılar ardıcıl olaraq öz peşələri ilə məşğuldurlar və təbiidir ki, onlar üçün böyük imkan yaradılır, şərait yaradılır, qayğı göstərilir. Qayğı göstərmək, şəraiti yaratmaq, imkan yaratmaq bizim borcumuzdur. Ancaq bunlardan səmərəli istifadə etmək və öz peşəniz sahəsində yüksək nəticələr əldə etmək sizin vəzifənizdir, bizim borcumuzdur. Düşünürəm, tam əsasla demək olar ki, biz də öz borcumuzu yerinə yetiririk, siz də öz borcunuzu yerinə yetirirsiniz. Ona görə də belə nailiyyətlər və təbiidir ki, onlar üçün böyük imkan yaradılır, şərait yaradılır, qayğı göstərilir. Qayğı göstərmək, şərait yaratmaq, imkan yaratmaq bizim borcumuzdur. Ancaq bunlardan səmərəli istifadə etmək və öz peşəniz sahəsində yüksək nəticələr əldə etmək sizin vəzifənizdir, sizin borcunuzdur. Düşünürəm, tam əsasla demək olar ki, biz də öz borcumuzu yerinə yetiririk, siz də öz borcunuzu yerinə yetirirsiniz. Ona görə də belə nailiyyətlər var. İndi əsas vəzifə 2000-ci ilin olimpiya oyunlarına hazırlıqdır. Bu sahədə siz yaxşı hazırlıq işləri görmüsünüz və müəyyan nailiyyətləriniz vardır. Ancaq hesab edirəm ki, qarşıdakı aylar hazırlığın ən fəal bir dövrü olmalıdır. Siz daha da çox işlər görməlisiniz ki, Sidney dünya olimpiya oyunlarında Azərbaycan öz idman gücünü, öz idman səviyyəsini göstərə bilsin. Sizin verdiyiniz məlumatlar ümid yaradır ki, biz bunun şahidi olacağıq. Ancaq bunun üçün daha da çox çalışmaq lazımdır, arxayınçılığa yol vermək olmaz. Həm Gənclər və İdman Nazirliyi, həm Milli Olimpiya Komitəsi daha da çox işləməlidirlər ki, Azərbaycan dünya olimpiya oyunlarında bu il də özünü göstərə bilsin. Keçmiş olimpiya oyunlarında ölkəmizin iştirak etməsi, sadəcə, Azərbaycanın bir müstəqil dövlət kimi bu oyunlarda təmsil olunmasını göstərirdi və müəyyən nailiyyətlərimiz də vardı. Ancaq indi vaxt keçib, siz böyük bir hazırlıq dövrü yaşamısınız, nailiyyəllər əldə etmisiniz. Ona görə biz sizdən 2000-ci ilin olimpiya oyunlarında çox şey gözləyirik və arzu edirəm ki, siz Azərbaycana böyük qələbələrlə qayıdasınız. Onun üçün də hələ bundan sonra çox işlər görmək lazımdır.
Siz idmançılar gənclərin çox görkəmli nümayəndələrisiniz və öz işinizlə gərək bütün gənclərə nümunə göstərəsiniz, yəni öz nailiyyətlərinizlə nümunə göstərəsiniz. Başqa sahələrdə fəaliyyət göstərən Azərbaycan gənclərinə gərək nümunə olasınız. Xalq, cəmiyyət, vətəndaşlar idmançı gəncləri o biri gənclərdən daha da çox tanıyır. Bu da təbiidir. Çünki idmana hamı maraq göstərir və bu, elə bir sahədir ki, insanlar - həm idman azarkeşləri, həm də sadəcə vətənpərvər insanlar istəyirlər ki, Azərbaycan idmanı daha da yüksəlsin. Ona görə də siz məşhurlarsınız. Nə qədər çox nailiyyət əldə etsəniz, o qədər də məşhur olacaqsınız. Mən arzu edirəm ki, siz bu nailiyyətləri əldə edəsiniz.
Mən sizinlə bugünkü görüşümdən çox məmnunam. Yenə də deyirəm, sizinlə hər dəfə görüş məni ruhlandırır, bəlkə də bir az gəncləşdirir. Sizin hamınıza cansağlığı arzu edirəm. Sizi Gənclər günü munasibətilə bir daha təbrik edirəm. Sizə yeni-yeni qələbələr, böyük uğurlar arzulayıram. Sağ olun.
Zülfiyyə Hüseynova (Cüdo üzrə dünya çempionu, Sidney olimpiya oyunlarına vəsiqə qazanmışdır): Çox hörmətli cənab prezident, biz Sizin fikirlərinizlə tam razıyıq. Həqiqətən də ölkəmizdə idmana qayğı çox yüksəkdir. Biz hamımız Azərbaycan xalqını təmsil edirik. Ola bilər ki, "ağzıgöyçəklər" ağızlarına gələni danışırlar. Amma bütün idmançılar, idmanın içərisində olan insanlar bilirlər ki, siz öz qayğızla Azərbaycan idmanını doğrudan da çox yüksəklərə qaldırırsınız. Siz dediniz ki, biz Sizə ilham veririk. Elə sizin də sözləriniz sözün əsl mənasında bizə ilham verir. Düzdür, böyüklər gənclərlə fəxr etdiyi kimi, gənclər də böyüklərlə fəxr edir. Yəni Siz olmasanız biz də olmarıq. Biz olmasaq da, haradasa, necə deyim...
Heydər Əliyev: Biz olmarıq.
Zülfiyyə Hüseynova: Bəli, doğrudan da çox fərəhli haldır ki, Siz idmançıları çox gözəl başa düşürsünüz. Mən bildiyimə görə, Siz özünüz də gənc yaşlarında idmanla məşğul olmusunuz. Maşallah, indi də gəncsiniz. Bizimlə bir yerdəsiniz, Siz də bizim kimi gəncsiniz. Xalqımızın belə bir məsəli var: "Ot kökü üstə bitər". Doğrudan da, biz çox sevinirik ki, məhz İlham müəllim Milli Olimpiya Komitəsinin prezidentidir. Çünki İlham müəllim idmana gələndən sonra sözün əsl mənəsında idmanda çox böyük inkişaf oldu. Kimini işlə, kimini evlə təmin etdi, problemləri həll edərək idmana diqqət və qayğı göstərdi. Bizim borcumuzdur, bütün Azərbaycan xalqının borcudur ki, həm ölkəmizi, həm də idmançılarımızı tanıtsın. Bu vəzifə idmançıların üzərinə daha çox düşür. Çünki biz Azərbaycanın Dövlət bayrağını qaldırırıq. Hələlik olimpiya oyunlarına lisenziya alan 12 nəfərdir, 6 nəfərə də birbaşa yer verilibdir, gələcəkdə daha 10-15 nəfər lisenziya alacaqdır. Olimpiya oyunlarında iştirak edib vətənə medal ilə qayıtmaq hamımızm borcudur. 1996-cı ildə bizi xeyir-dua ilə yola saldınız. Ümid bəsləyirik ki, 2000-ci ildə bizi yenə də xeyir-duanızla yola salacaqsınız və Sizin köməyinizlə biz, inşallah, vətənə medallarla qayıdacağıq. Sağ olun ki, bizi qəbul etdiniz.
Canpolad Budaqov (Uşu-sando üzrə dünya çempionu): Cənab prezident, mən bu xatirə hədiyyəsini Sizə federasiyamız adından təqdim edirəm. Gürcüstan prezidenti Eduard Şevardnadze çıxışlarının birində demişdi ki, XX əsr liderlər əsridir və Heydər Əliyev XX əsrin lideridir. Möhtərəm prezident, dünya siyasətində Sizə verilən bu böyük qiymət Sizin davamçılarınızda da, Sizə sadiq olan insanlarda da, şəxsən biz idmançılarda da çox böyük inam yaradır. Doğrudan da, liderlər əsrində Sizin rəhbərliyinizlə, Allahın köməyi ilə çalışacağıq ki, yeni-yeni uğurlarımızla, nailiyyətlərimizlə Sizi daha da sevindirək. Federasiyamız adından, öz adımdan və buradakı idmançılar adından Sizə cansağlığı arzu edirəm. Doğrudan da, yalnız Sizin timsalınızda Azərbaycan gözlədiyi uğurlu gələcəyinə çatacaqdır. Bu gün bayram təəssüratlarınızı bizimlə bölüşdüyünüz üçün də Sizə bir daha minnətdarlığımı bildirirəm. Allaha duaçıyıq ki, Sizin başınızdan bir tük də əskik olmasın. Sağ olun, cənab prezident!
Vahid Nəzərov (Ağır Atletika Federasiyasının vitse-prezidenti, bu növ üzrə yığma komandanın baş məşqçisi): Cənab prezident, icazə verin bu xatirə hədiyyəsini Sizə təqdim edim. Biz, ağır atlətlər əminik ki, Sidney olimpiya oyunlarına gedəcəyik və öz uğurlu çıxışımızla Sizi sevindirəcəyik. Sizə uzun ömür, cansağlığı arzulayırıq.
Canpolad Budaqov: Cənab prezident, mən Borçalıdan təzə qayıtmışam. 1948-ci ildə Sizinlə işləmiş Bolnisi rayonunun Faxralı kəndində bir el ağsaqqalı çox xahiş edib ki, bu məktubu Sizə çatdırım. Mən özüm də Borçalıdanam.
Heydər Əliyev: Borçalıda necə yaşayırlar?
Canpolad Budaqov: Cənab prezident, Sizin köməyiniz sayəsində borçalıların yaşayış tərzi bəlkə də Azərbaycandakından yüksək səviyyədədir.
Heydər Əliyev: Mən borçalılar haqqında həmişə düşünmüşəm. Keçmişdə Azərbaycanın rəhbəri olarkən həmişə onlara qayğı göstərmişəm, onların vəziyyəti haqqında Gürcüstanın rəhbərləri ilə daim danışıqlar aparmışam, onlara kömək etmişəm. Mən bu sözü haradasa bir dəfə demişəm. Mən Moskvada vəzifədən kənarlaşdırılandan sonra mənim əleyhimə bəzi yerlərdə cürbəcür nalayiq sözlər yayırdılar. O vaxtlar mənim adımı qadağan etmişdilər. Amma Moskvada Borçalıdan gəlmiş bir adamla görüşdüm. O mənə dedi ki, Borçalıda hansı evə gedirsən - Sizin portretinizi divardan açıblar. Ona görə də mən borçalıları həmişə sevmişəm. Bu, mənim borcum idi. Çünki Gürcüstanda 500 min azərbaycanlı yaşayır. Azərbaycanın o vaxt da rəhbəri olaraq, indi də prezident olaraq bu mənim borcumdur, mən bunu etməliyəm. Ancaq borçalılar bunu qiymətləndirdiklərinə görə və məni o ağır illərdə unutmadıqlarına görə mənim onlara məhəbbətim daha da artır. Bu günlərdə Moskvada prezident Şevardnadze ilə görüşdüm, onunla danışdım. Gürcüstan parlamentinə seçkilərdə keçmişdə də azərbaycanlı deputat seçilmişdi. İndi Gürcüstan parlamentinə 8 nəfər azərbaycanlı seçilibdir. Onların əksəriyyəti də Borçalıdandır. Mən ondan xahiş etmişəm və danışmışıq ki, deputatlıqdan əlavə, Gürcüstanda yaşayan azərbaycanlılardan icra orqanlarında vəzifələrə də daha çox götürsünlər. O da mənə söz vermişdir.
Canpolad Budaqov: Çox sağ olun, cənab prezident.
Möhtərəm prezident, Borçalıda yaşayan əhalinin böyüyündən kiçiyinə qədər hamısı yeri gələndə Sizin uğrunuzda vuruşan bir əsgərə çevrilməyə hazırdır. Sizin siyasətdə atdığınız hər bir addımı çox diqqətlə izləyirik və alqışlayırıq.
Heydər Əliyev: Sağ olun. Hədiyyələrinizə görə minnətdaram. Məni bağışlayın, indi sizə hədiyyəm yoxdur. Amma güman edirəm ki, sizə dediyim bu sözlər və məsləhətlər sizin üçün müəyyən qədər hədiyyə ola bilər. Sağ olun.