Çin Xalq Respublikası səfirliyinin yeni binasının açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 7 dekabr 2001-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Çin-Azərbaycan münasibətlərində mühüm hadisə - Çin Xalq Respublikasının Bakıda, Azərbaycanda səfirliyinin yeni binasının tikintisinin başa çatması, təbii olaraq, səfirliyin fəaliyyətinin yeni mərhələsinin başlanması münasibəti ilə sizi ürəkdən təbrik edirəm.

Xatirimdədir ki, bir ildən bir qədər əvvəl cənab Li Penin Azərbaycana rəsmi səfəri zamanı biz onunla bu binanın bünövrəsini qoyduq. O vaxt mən soruşdum ki, onu tikməyə nə qədər vaxt lazımdır. Mənə dedilər ki, tez tikəcəklər, ancaq bilməzdim ki, bu, belə tezliklə baş verəcəkdir. Çin və Azərbaycan inşaatçıları əl-ələ verib, tikintini necə tez və yaxşı keyfiyyətlə aparmaq və belə gözəl bina tikmək nümunəsi göstərdilər.

Mən ona baxdım və sonra necə bir bina olduğu barədə məlumat aldım. O, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi üçün və təbii olaraq, bütövlükdə Çin Xalq Respublikası üçün həqiqətən layiqli binadır.

Bu binanın tikilməsi və onun bugünkü açılış mərasimi daha bir sübutdur ki, Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq münasibətləri və sıx əməkdaşlıq uğurla inkişaf edir və böyük gələcəyə malikdir.

Çin Xalq Respublikası müstəqil Azərbaycanda öz səfirliyini açmaqla, şübhəsiz, belə düşünür ki, onların burada işi və Çin Xalq Respublikası ilə Azərbaycan arasında münasibətlər əbədi olacaqdır, o mənada ki, Azərbaycan müstəqilliyinin 10-cu ildönümünü qeyd edərək bəyan etmişdir ki, Azərbaycanın müstəqilliyi, dövlətçiliyi əbədi olacaqdır.

Bu bina, həqiqətən Çin Xalq Respublikası ilə Azərbaycan arasında dostluğun rəmzidir. Biz bunu qiymətləndirir və hesab edirik ki, bu, bizə dost digər ölkələrin həm səfirlik kimi, həm də başqa nümayəndəliklər kimi Azərbaycanda akkreditə olunmuş nümayəndəlikləri üçün yaxşı nümunə olmalıdır. Əvvəla, bu, hər hansı ölkənin istənilən nümayəndəliyinin işi üçün daha yaxşı şərait yaradır. İndiki halda Çin Xalq Respublikası öz səfirliyinin fəaliyyəti üçün yaxşı şərait yaratmışdır və deməli, öz səfirliyinə böyük əhəmiyyət verir. Bu, həm də o deməkdir ki, Azərbaycan-Çin münasibətlərinə böyük əhəmiyyət verir.

Əminəm ki, səmərəli fəaliyyət üçün belə gözəl imkanlara malik olan Çin səfirliyi, əvvəla, öz vəzifələrini daha uğurla yerinə yetirəcək, ikincisi, - bu isə bizim üçün təbii olaraq çox vacibdir, - Çin Xalq Respublikası ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlərin bundan sonra da inkişaf etdirilməsi və möhkəmləndirilməsi naminə daha fəal işləyəcəkdir.

Bu gün mən bir daha bəyan etmək istəyirəm ki, biz ölkəmizin - Azərbaycanın Çin Xalq Respublikası ilə münasibətlərini öz xarici siyasətimizdə mühüm bir istiqamət kimi qiymətləndiririk və çalışacağıq ki, bu münasibətlər dostluğun daha da möhkəmlənməsi naminə, həm Azərbaycan Respublikasının, həm də Çin Xalq Respublikasının mənafeyi naminə inkişaf etsin və təkmilləşsin.

Xahiş edirəm, mənim salamımı və ən xoş arzularımı cənab Li Penə yetirəsiniz və ona bildirəsiniz ki, onun indi burada olmamasına təəssüflənirəm, çünki bu binanın bünövrəsini biz birlikdə qoymuşuq. Əgər bunun açılışında biz birlikdə iştirak etsəydik, bu, daha yaxşı olardı. Buna baxmayaraq, mən burada onu da təmsil edirəm. Bunu ona yetirin. Mənim salamımı və ən xoş arzularımı, Çin Xalq Respublikasının inkişafında yeni-yeni uğurlar, Çin xalqına əmin-amanlıq və tərəqqi dilədiyimizi Çin Xalq Respublikasının sədri cənab Tszyan Tszeminə yetirin.

Cənab səfir, bu əlamətdar hadisə münasibətilə mən Sizi təbrik edirəm, səfirliyin bütün əməkdaşlarını təbrik edirəm və inanıram ki, binanızın imkanlarından münasibətlərimizin daha da genişlənməsi üçün səmərəli istifadə edəcəksiniz. Məmnunam ki, bu bina bizim gözəl Bakımızın, kiçik olsa da, daha bir guşəsinə yaraşıq verir.

Şəhərimizin bir çox əsrlər boyu təşəkkül tapıb formalaşmış özünəməxsus arxitekturası var. XX əsr ərzində şəhərsalma fəaliyyətinin inkişafı üçün çox işlər görülmüş və Bakı şəhərində çox binalar tikilmişdir.

İndi isə Azərbaycanın müstəqilliyi illərində, böyük iqtisadi və sosial çətinliklərə baxmayaraq, Bakı şəhəri tikilir. Əsasən özəl biznes hesabına, eyni zamanda dövlət vəsaiti hesabına da tikilir. Bunlar yeni binalardır - yaşayış binaları, inzibati binalardır. Təbii ki, onlar özünün yeni arxitektura görkəmi ilə Bakı şəhərini bəzəyir, hərçənd biz hesab edirik ki, şəhər özlüyündə çox gözəldir. Odur ki, hər bir belə tikinti, - əlbəttə, mən xarici və daxili memarlıq baxımından yaxşı olan hər hansı bir binanın tikintisini nəzərdə tuturam, - təbii olaraq, Bakı şəhərinin imkanlarını genişləndirir və ona yaraşıq verir.

Biz bu binanın tikilməsinə sadiq, ona görə ki, səfirlik özü üçün yaxşı şərait yaratmışdır, ancaq bununla yanaşı, Bakı şəhərinin bu guşəsini də abadlaşdırmışdır. Bu, sizin üçün də yaxşıdır, bizim üçün də. Sizi bir daha təbrik edirəm və Sizə burada uğurlu iş, səfirliyin əməkdaşlarına cansağlığı və firavanlıq, Çin xalqına sülh, əmin-amanlıq və gözəl gələcək arzulayıram.

"Azərbaycan" qəzeti, 8 dekabr 2001-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya