Azərbaycan Prezidenti Heydər Əliyevin Avropa Şurasının baş katibi Daniel Tarşisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdəki söhbətindən - Prezident sarayı, 30 avqust 1998-ci il


Heydər Əliyev:  Hörmətli cənab Baş katib, hörmətli qonaqlar. Mən sizi Azərbaycanda salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Avropa Şurası ilə Azərbaycan arasında yaranmış əlaqələr ötən illərdə inkişaf etmişdir. Biz bu əlaqələrin bugünkü vəziyyətini və bu əlaqələri daha da genişləndirmək və möhkəmləndirmək üçün sizin Azərbaycana bu ziyarətinizi yüksək qiymətləndiririk.

Xatirimdədir, son dəfə biz keçən ilin oktyabr ayında Strasburqda görüşmüşdük. Mən Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburq zirvə görüşünü xüsusi qiymətləndirirəm. Mən o zirvə görüşündə digər ölkələrin başçıları kimi, Avropa Şurası qarşısında Azərbaycanın adından söz demək imkanı əldə etmişdim. Bundan əlavə, sizinlə, cənab Tarşis, xanım Fişerlə və Avropa Şurasında rəhbər vəzifələrdə çalışan digər şəxslərlə də çox səmərəli görüşlərimiz olmuşdu. Mən hesab edirəm ki, həmin görüşlərdən indiyədək Avropa Şurasına tam üzv olmaq üçün biz xeyli addımlar atmışıq. Avropa Şurasında qonaq statusu vəziyyətində olmağımızdan razıyıq, ancaq bilirsiniz ki, biz tam üzv olmaq istəyirik. Mən bunu əvvəllər də demişdim, - düşünürəm ki, biz bu imtahan, sınaq dövrünü artıq keçmişik. İmtahanı hansı qiymətlə vermişik, - onu siz deyə bilərsiniz. Amma biz hesab edirik ki, bu imtahanı vermişik. Ona görə də güman edirəm ki, sizinlə bu danışıqlarımızda bu məsələni müzakirə etməyə ehtiyac vardır.

Ümumiyyətlə, Azərbaycan Avropa qitəsinə mənsub olan ölkə kimi Avropanın həyatında fəal iştirak etmək istəyir və bu baxımdan da Avropa Şurasının üzvü olmaq bizim üçün lazımdır.

Bir daha sizi salamlayıram.

Daniel Tarşis:  Cənab prezident, bizi səmimi qarşıladığınıza görə minnətdarlığımı bildirirəm və hər şeydən əvvəl sözü cənab İoanis Kranidiotisə vermək istəyirəm. O, bu görüşdə Yunanıstanın təmsilçisi kimi çıxış edir.

İoanis Kranidiotis (Yunanıstanın xarici işlər üzrə dövlət katibi): Cənab prezident, bizim üçün Azərbaycana gəlmək böyük şərəfdir. Bu gün şəxsən Sizin qonağınız olmaq, Prezident sarayında Sizinlə görüşmək bizim üçün böyük şərəfdir. Bu, Avropa Şurasının Azərbaycana gəlmiş geniş nümayəndə heyətinin tərkib hissəsidir. Gördüyünüz kimi, bu nümayəndə heyətinə Baş katib başçılıq edir və Nazirlər Şurası Yunanıstan tərəfindən təmsil olunmuşdur. Bu, bizim Qafqaz regionuna olan səfərimizdir. Səfər zamanı Avropa Şurasının üzvlüyünə namizəd olan üç ölkədə - Gürcüstan, Azərbaycan və Ermənistanda olacağıq.

Ümid edirəm ki, burada olduğumuz müddətdə Sizin hökumət nümayəndələri ilə, rəsmi şəxslərlə görüşlər keçirəcəyik və Azərbaycan haqqında kifayət qədər doğru məlumat əldə edəcəyik.

Vəzifəmiz bu səfərdən sonra geri qayıtmaq və Azərbaycanın bugünkü vəziyyəti haqqında Avropa Şurasının Parlament Assambleyasına məruzə etməkdir. Biz orada Azərbaycanda müxtəlif sahələrdə əldə olunmuş tərəqqi haqqında öz qiymətimizi verəcəyik və bu barədə məruzə edəcəyik. Ona görə də bu görüşün vacibliyini bir daha qeyd edirəm və ümid edirəm ki, burada olduğumuz müddətdə Sizin hökumət nümayəndələri ilə şəxsən konstruktiv fikir mübadiləsi aparmaq imkanımız olacaqdır.

Cənab prezident, mən qəti inanıram və elə bilirəm ki, Avropa Şurasında da heç kimin buna şübhəsi yoxdur ki, bizim səfərə çıxdığımız bu üç Qafqaz ölkəsi Avropanın bir hissəsidir. Bir halda ki, bu üç ölkə, o cümlədən Azərbaycan Avropanın bir hissəsidir, demək, bizim böyük tarixi köklərimiz, xüsusiyyətlərimiz və eyni tarixi ənənələrimiz, tarixi dəyərlərimiz vardır. Bu baxımdan Avropa Şurası Sizin ölkə ilə - Azərbaycanla bir yerdə işləməyə hazırdır və biz Azərbaycanın Avropa Şurasına bir üzv kimi daxil olması prosesində fəal iştirak etməyə hazır olduğumuzu bildiririk. Bu baxımdan Avropa Şurası Azərbaycana hər cür texniki yardım etməyə hazırdır. Əgər Sizin ehtiyacınız varsa, Avropa Şurası Sizə istənilən məsləhəti verə bilər. Yəni müasirləşməyə, Avropaya daxil olmağa doğru yolunuzun hamar olması üçün biz birlikdə işləməliyik. Böyük məmnuniyyətlə qeyd etməliyəm ki, Azərbaycanda bir sıra sahələrdə artıq müəyyən tərəqqi əldə olunubdur. Mən hər şeydən əvvəl demokratik islahatları nəzərdə tuturam. Məlumdur ki, Avropa Şurası demokratik islahatlara, ölkədə insan hüquqlarının qorunmasına böyük əhəmiyyət verir və bu baxımdan Azərbaycanda artıq bir sıra tərəqqi əldə olunmuşdur. Lakin, əlbəttə, Azərbaycanda hələ atılası addımlar çoxdur. Yenə təkrar etmək istəyirəm ki, Avropa Şurasının katibliyi və Avropa Şurasına daxil olan ölkələrin hamısı Azərbaycana hər cür yardım etməyə hazırdırlar. Cənab prezident, bizə məlumdur ki, Azərbaycan Qafqaz regionunda çox mühüm bir ölkədir. Biz onu da bilirik ki, Azərbaycanın böyük, parlaq gələcəyi vardır. İstərdim ki, Azərbaycanın bu illər ərzində əldə etdiyi tərəqqidə Sizin şəxsi rolunuzu da qeyd edim. Siz Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün, dünyada bu cür rol oynaması üçün böyük işlər görmüsünüz.

Cənab prezident, icazənizlə, mən sözü indi cənab Baş katibə verərdim və elə bilirəm ki, o, Avropa Şurasının Sizin barənizdə olan mövqeyi haqqında daha ətraflı, dolğun məlumat verəcəkdir. Sözümün sonunda qonaqpərvərliyinizə, bizi bu cür qəbul etdiyinizə görə minnətdarlığımı bildirmək istəyirəm və ümid edirəm ki, tezliklə biz Sizi Avropa ailəmizdə görəcəyik.

Heydər Əliyev:  Təşəkkür edirəm. Çox sağ olun.

Daniel Tarşis:  Cənab prezident, icazə verin, mən sözümə davam edim. Avropa Şurasının adından bildirmək istəyirəm ki, Azərbaycanda gedən proseslərdən dərindən razıyam. Yəqin, yaxşı xatırlayırsınız ki, mən son dəfə burada iki il bundan əvvəl olmuşdum. O vaxt Azərbaycanın Avropa Şurasına müraciəti dövrü idi. Çox şadam ki, ötən müddət ərzində Azərbaycanda bütün sahələrdə müəyyən tərəqqi əldə olunubdur. Son zamanlar Azərbaycanın nümayəndələri Avropa Şurasının işində fəal iştirak edirlər. Azərbaycandan Avropa Şurasına gəlib-gedənlərin sayı artmaqdadır. Bunu yalnız Parlament Assambleyasına aid etmirəm, parlamentlərarası işlərdə də Azərbaycanın nümayəndələri çox fəal iştirak edirlər.

Cənab prezident, Avropa Şurasının son sammiti zamanı Sizin çıxışınızı böyük məmnuniyyətlə xatırlayıram. Siz orada Azərbaycanın adından çıxış etdiniz və yəqin, özünüz də hiss etdiniz ki, biz Avropa Şurasında namizəd ölkələrlə tam üzv ölkələr arasında heç bir fərq qoymuruq. Yəni Siz üzvlüyə namizəd ölkənin prezidenti kimi çıxış etdiniz. Bu da Avropa Şurasının namizəd ölkələrə, Azərbaycana olan münasibətinin bir növ ifadəsidir. Yəni biz Azərbaycanı tezliklə öz tərkibimizə qəbul etməyə hazırıq.

Ölkənizin daxilində gedən proseslərdən məmnunluqla danışmaq istəyirəm. Sizin ölkənizdə Avropa standartlarına uyğun olan bir sıra qanunverici aktlar qəbul edilmişdir. Onu da qeyd etmək istəyirəm ki, bu qanunların çoxu Sizin tapşırıqlarınız və tövsiyələriniz əsasında qəbul olunmuşdur. Siz həmin qanunlarda Avropa standartlarına uyğunlaşmağı əsas götürmüsünüz.

Cənab prezident, Sizinlə söhbətlərimiz zamanı biz qaçqınların problemlərinə dair məsələlərə dəfələrlə toxunmuşuq. Bildirmək istəyirəm ki, qaçqınlar problemi Avropa Şurasını həqiqətən dərindən narahat edən bir problemdir. Biz qaçqınların problemlərinin həlli üçün digər beynəlxalq təşkilatlarla birlikdə əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, onları bu işə daha çox cəlb edək. Ölkənizin həyatında növbəti siyasi hadisə prezident seçkiləri olacaqdır. Məlumdur ki, Siz Avropa Şurasının müşahidəçilərini prezident seçkilərində iştirak etmək üçün Azərbaycana dəvət etmisiniz. Bilirsiniz ki, Avropa Şurasının Parlament Assambleyası öz müsbət cavabını vermişdir. Biz bu seçkilərdə böyük məmnuniyyətlə müşahidəçi kimi iştirak edəcəyik. Belə hesab edirəm ki, Azərbaycanda qarşıdakı prezident seçkiləri demokratik dəyərlərə, fikir müxtəlifliyinə, hörmətin rəmzinə çevriləcəkdir.

Avropa Şurasının tərkibindəki təşkilatlardan yalnız birində Azərbaycanın nümayəndəsi yoxdur. Doğrudur, bu o qədər də tanınan bir təşkilat deyildir. O, yerli Seçki Dairələri Şurasıdır və burada ayrı-ayrı regionların nümayəndələri təmsil olunur. Mən istərdim ki, orada da Azərbaycan nümayəndəsi olsun. Buna görə də mənim Sizə bir sualım vardır: Yerlərdə demokratiyanın inkişafı sahəsində hansı müsbət dəyişikliklər əldə olunmuşdur?

Cənab prezident, mən təbrik edirəm ki, Siz ölkənizdə ölüm cəzasını ləğv etmisiniz. Lakin o da məlumdur ki, ölüm cəzasının ləğvi bir çox mühüm şərtlərdən biridir. Yəni bir sıra şərtlər də vardır ki, onlara əməl edilməlidir. Bu, yalnız bir-iki ölkənin problemi deyil, bir çox ölkələrin problemidir. Biz birlikdə çalışacağıq ki, bütün bu şərtlərin hamısına əməl edək. Mən bilirəm ki, biz bu sahədə də Azərbaycanla sıx əməkdaşlıq edəcəyik.

Mən bilirəm ki, Azərbaycanın məqsədi Avropa Şurasının üzvü olmaqdır. Bu, sadəcə olaraq, milli siyasət deyildir. Bu, Avropanın bir hissəsi olmaq arzusundan irəli gəlir. Məlumdur ki, Avropa Şurası ümumi ideyaları həyata keçirmək üçün birgə fəaliyyətə üstünlük verir. Biz Avropa ölkələri ilə birgə fəaliyyət göstərərək problemləri də birgə həll etməyə çalışırıq. Avropa Birliyi qitənin bütün ölkələrini özündə birləşdirir və biz Azərbaycanın Avropa ailəsinə üzv olmaq sahəsində atdığı fəal addımları görəndə özümüzü xoşbəxt hesab edirik.

Heydər Əliyev: Hörmətli cənab nazir!

Hörmətli cənab Baş katib!

Avropa Şurasının Azərbaycana münasibəti haqqında və respublikamızın Avropa Şurasının üzvü olması ilə əlaqədar ölkəmizdə görülən işlər barədə dediyiniz dəyərli sözlərə görə sizə təşəkkür edirəm.

Azərbaycanın Avropa Şurasına tam üzv olmaq səyləri respublikamızın təkcə Avropa qitəsinin ərazisində yerləşməsi ilə əlaqədar deyildir. Biz indiyə qədər də coğrafi nöqteyi-nəzərdən Avropa qitəsində yaşamışıq. İndi, Avropa Şurasında qonaq statusu ilə olduğumuz bir vaxtda bu Şuranın tam üzvlüyünə qəbul edilməyimiz barədə göstərdiyimiz cəhdlər ölkəmizin bütün sahələrini Avropa Şurasının standartlarına uyğunlaşdırmaq məqsədi daşıyır. Siz tamamilə doğru buyurdunuz ki, Avropa Şurasına üzv olan ölkələrin heç biri ideal deyildir. Onu da qeyd etdiniz ki, bu ölkələr bir-birindən öyrənməklə daha da inkişaf edə bilər. Mən sizin bu sözlərinizi bir daha təsdiq edirəm və ona əsaslanaraq deyirəm ki, bəli, biz özümüzü ideal ölkə hesab etmirik. Çünki bizim dövlət müstəqilliyi əldə etməyimizin hələ yeddi ili tamam olmayıbdır. Biz bu dövlət müstəqilliyinin bəlkə də gənclik yox, uşaqlıq dövrünü yaşayırıq. Amma biz çox iti qaçmağa qadir olan bir gəncik. Sürətimiz elədir ki, biz on illik məsafəni bir ilə keçmək istəyirik. Siz buyurdunuz ki, bunun üçün Azərbaycanda artıq xeyli işlər görülübdür.

Avropa Şurasının qəbul və təbliğ etdiyi bəşəri dəyərlərin Azərbaycanda yaranması və inkişaf etməsi bizim əsas məqsədimizdir. Bunların əsasını demokratiya təşkil edir. Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən indiyədək və xüsusən son illərdə respublikamızda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi əzmlə aparılır. Bu, asan proses deyildir. Amma bizim ölkəmizdə bu prosesi mürəkkəbləşdirən amillər də vardır. Siz bunları bilirsiniz. Onlardan birincisi Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində ölkəmizin ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox vətəndaşımızın yerindən-yurdundan zorla qovulması ilə əlaqədar yaranmış problemdir. Ölkəmizin vəziyyətini mürəkkəbləşdirən ikinci cəhət əvvəlki illərdə Azərbaycanda ictimai-siyasi sabitliyin olmaması və cürbəcür cinayətkar qrupların, qanunsuz silahlı dəstələrin hakimiyyət uğrunda mübarizə aparması ilə əlaqədar olmuşdur.

Məlumdur ki, hər bir ölkədə demokratik inkişafı sağlam iqtisadiyyat və insanların rifahının tədricən yüksəlməsi Şəraitində həyata keçirmək mümkündür. Sizə məlumdur ki, biz keçid dövrünü yaşayırıq və ötən illərdə də, indi də bir çox sosial-iqtisadi problemlərlə rastlaşırıq. Başqa amillər də vardır. Ancaq sizə məlumdur ki, biz bu amilləri də aradan götürməyə çalışmışıq və çalışırıq. 1994-cü ilin may ayında biz Ermənistan-Azərbaycan müharibəsində atəşi dayandırmışıq, atəşkəs sazişi imzalamışıq və dörd ildən çoxdur ki, bu sazişə riayət edirik. Biz böyük sülhün əldə olunması üçün bunu mühüm addım nailiyyət hesab edirik. Eyni zamanda, bunu Azərbaycanda demokratik dəyərlərin yaranması, inkişaf etdirilməsi üçün əlverişli şərait hesab edirik.

Bir neçə ildir ki, Azərbaycanda daxili ictimai-siyasi vəziyyət tam sabitləşibdir, insanlar rahat yaşayırlar, cinayətkar qruplar zərərsizləşdiriliblər. Azərbaycanda hər bir insanın hüquqları qorunur, onların azad, sərbəst yaşaması üçün hər cür şərait yaradılıbdır. Biz respublikamızda sosial-iqtisadi sahədə də geniş islahatlar, xüsusən iqtisadi islahatlar həyata keçiririk, onlar da öz müsbət nəticələrini verir.

Bilirsiniz ki, iqtisadiyyatın, xarici ticarətin liberallaşdırılması, özəlləşdirmə proqramının, aqrar, torpaq islahatının həyata keçirilməsi, torpağın şəxsi mülkiyyətə verilməsi - bunlar hamısı iqtisadi islahatların əsasını təşkil edir. Sosial-iqtisadi islahatların həyata keçirilməsi nəticəsində biz son illər iqtisadiyyatda artımı təmin edə bilmişik. Azərbaycanın maliyyə vəziyyətini sağlamlaşdırmışıq və tamamilə sabit etmişik.

Əhalinin rifah halının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirmişik. Sizə məlumdur ki, 1993-1994-cü illərdə və onlardan əvvəlki illərdə də, - amma mən 1993, 1994, 1995-ci illəri götürürəm, - o dövrdə Azərbaycanda iqtisadiyyat inkişaf etmək əvəzinə, tənəzzüldə idi. İqtisadiyyatın tənəzzülü hər il təxminən 15-20 faiz təşkil edirdi, o cümlədən sənaye sahəsində məhsul istehsalı hər il aşağı düşürdü. Biz iqtisadiyyatın tənəzzülünün qarşısını aldıq və 1996-cı ildən artım başlandı. 1997-ci ildə ümumi daxili məhsul 5,8 faiz, 1998-ci ilin ötən aylarında isə təxminən 9 faiz artmışdır. Azərbaycanda inflyasiya 1994-cü ildə 1600 faiz, 1995-ci ildə təxminən 80 faiz idi. 1996-cı ildə biz inflyasiyanı tamamilə aşağı endirdik. 1997-1998-ci illərdə Azərbaycanda inflyasiya demək olar ki, tamamilə yoxdur.

Bilirsiniz ki, biz özümüzü Müstəqil Dövlətlər Birliyinə daxil olan digər ölkələrlə müqayisə edirik. Rusiyada gedən prosesləri siz özünüz yaxşı görürsünüz. Allaha şükürlər olsun ki, Azərbaycanda belə proseslər yoxdur. Hətta Rusiyada gedən həmin proseslər bizə o qədər də təsir edə bilməz. Çünki biz maliyyə vəziyyətimizi sağlamlaşdırmışıq, sabitləşdirmişik və bu sabitliyi də qoruyuruq. İnsanların əmək haqqı son iki-üç ildə xeyli artıbdır. Aqrar islahatların həyata keçirilməsi nəticəsində Azərbaycanda kənd təsərrüfatı istehsalı çox yüksəlibdir. Aparılan özəlləşdirmə iqtisadiyyatı xeyli canlandırıbdır. Bütün bunlar Azərbaycanda demokratiyanı, demokratik dəyərləri inkişaf etdirmək üçün yaxşı şərait yaradır.

Mən sizin dediyiniz sözləri məmnuniyyətlə qəbul etdim. Siz Azərbaycanda ölüm hökmünün ləğv edilməsini qiymətləndirdiniz. Onu da bilməlisiniz ki, Azərbaycan Avropa qitəsindədir, həm Avropa ölkəsidir, həm də Şərq sivilizasiyasının dəyərləri ilə əsrlər boyu yaşamış və inkişaf etmişdir. Azərbaycanda Şərq ilə Qərbin, Avropa ilə Asiyanın dəyərlərinin necə birləşdiyini bəlkə də başqa ölkələrdə müşahidə etmək olmaz. Ona görə də bəzi ölkələrdə şəriət qanunu ilə insanları əhalinin gözü qabağında güllələmək, asmaq halları olduğu halda, Azərbaycanda ölüm hökmünün ləğv edilməsi tarixi bir hadisədir.

Hesab edirəm ki, Azərbaycanda siyasi plüralizmin tamamilə bərqərar olunması üçün çox işlər görülüb və yaxşı nailiyyətlər qazanılıbdır. Çap edilən qəzetlərin sayına görə Azərbaycan Avropa ölkələri arasında rekord yer tutur. İnanıram ki, Yunanıstanda Azərbaycandakı qədər qəzet çıxsın. Güman edirəm, səfiriniz sizə bu barədə dəqiq məlumat verə bilər. Şübhəsiz, mən demək istəmirəm ki, biz Yunanıstandan irəliyə getmişik. Sadəcə, demək istəyirəm ki, biz hər şeyi açmışıq. Uzun illər bağlı olan sahəni açanda o, çox sürətlə irəliyə gedir. Azərbaycan mətbuatında senzura çoxdan götürülmüşdür. Amma "Qlavlit" deyilən bir idarə var idi. Onun mətbuata heç bir təsiri yox idi. Amma həmin idarənin mövcudluğu müxalifət qüvvələrinə Azərbaycanda senzura olduğunu deməyə əsas verirdi. Biz "Qlavlit"i ləğv etdik və onu qəbiristanlıqda basdırdıq. Özü də elə dərin basdırmışıq ki, oradan heç cür çıxa bilməz. Beləliklə, mətbuat, söz, vicdan azadlığı təmin olunubdur.

Şübhəsiz, siz dediyiniz kimi, biz heç bir şeyi ideallaşdırmırıq. Hələ görüləsi işlər çoxdur. Əgər nəsə edilməyibsə, bu o demək deyildir ki, biz onu istəmirik. Sadəcə, buna vaxtımız çatmır.

Yerli idarəetmə haqqında mənə sual verdiniz. Dediniz ki, Avropa Şurasındakı həmin təşkilatda Azərbaycan təmsil olunmayıbdır. Bildirmək istəyirəm ki, respublikamızda 1999-cu ildə yerli idarəetmə orqanlarına seçkilər keçiriləcəkdir. Bu, mənim şəxsi fikrimdir. Mən parlamentə belə bir təklif vermək fikrindəyəm. Güman edirəm ki, Milli Məclis bu barədə müvafiq qərar qəbul edəcəkdir.

Sizin həmin sualınıza cavab olaraq mən onu da bildirmək istəyirəm, - biz çalışarıq ki, Avropa Şurasının həmin bölməsində də Azərbaycan respublikamızda seçkilər keçirilənə qədər təmsil edilsin.

Siz düzgün qeyd etdiniz, mən də belə hesab edirəm ki, Azərbaycanda demokratiya sahəsində ən böyük addımlardan biri qarşıdan gələn prezident seçkiləridir. Güman edirəm, bunu qiymətləndirməlisiniz ki, ötən prezident seçkilərindən indiyə qədər, yəni 1993-cü il oktyabrın 10-dan indiyədək Azərbaycanda beş il müddətinə seçilmiş prezident fəaliyyət göstəribdir. Əvvəlki illərdə, elə bu beş ilin içərisində də daxili sabitlik olmayan bir ölkədə xalq tərəfindən seçilmiş bir prezidentin beş il müddətində fəaliyyət göstərməsi və səlahiyyətinin qurtardığı zaman yeni seçkilərin elan edilməsi tərəfdən Azərbaycanın daxilində ictimai-siyasi sabitliyin mövcud olmasının təzahürüdür, digər tərəfdən isə demokratiya yolunda atılan böyük bir addımdır.

Hesab edirəm, Azərbaycanda prezident seçkilərinin keçirilməsi üçün demokratik şərait yarada bilən qanunlar qəbul olunubdur. İndi həmin qanunlar icra edilir. Biz dərk edirik ki, qanunun icra olunması onun qəbul edilməsindən daha da çətindir. Ümid edirəm ki, Azərbaycanda prezident seçkiləri ilə əlaqədar bütün qanunlar maksimum dərəcədə tətbiq olunacaqdır.

Oktyabrın 11-də Azərbaycanda növbəti prezident seçkilərinin keçirilməsini biz həyatımızda, müstəqil dövlətimizin tarixində demokratiya yolunda ən mühüm bir mərhələ hesab edirik. Seçkilərin azad, sərbəst, ədalətli keçirilməsi bizim ali məqsədimizdir. Çünki yaxşı dərk edirik ki, bununla biz Avropa Şurasına və ümumiyyətlə, dünyanın demokratik ölkələrinə Azərbaycanda demokratiyanın inkişaf etdiyini bir daha nümayiş etdirəcəyik.

Azərbaycanda xeyli siyasi partiya vardır. Bunlardan təxminən 31-32-si qeydiyyata alınıbdır. Bəzi partiyalar isə heç qeydiyyata alınmadan fəaliyyət göstərirlər. Bu partiyalar öz fəaliyyətlərini tamamilə sərbəst həyata keçirirlər və heç kəs onların fəaliyyətini məhdudlaşdırmır. Bu partiyaların və ayrı-ayrı təşəbbüs qruplarının nümayəndələrinin prezidentliyə irəli sürdükləri namizəd qeydiyyata alınmışdır. Güman edirəm ki, indi seçkilərin böyük bir mərhələsi başlanır. Prezidentliyə namizədlər sentyabr ayının 1-dən televiziya və radio vasitəsilə çıxışlar edəcəklər.

Ölkəmizin maliyyə imkanları o qədər də böyük olmasa da, Mərkəzi Seçki Komissiyasının təklifi ilə hökumətimiz çox səxavət göstəribdir və lazım olan vəsait ayrılıbdır.

Beləliklə hesab edirəm ki, Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə keçiriləcəkdir. Buna əmin ola bilərsiniz. Mən bilirəm ki, siz də bunu arzu edirsiniz. Amma biz bunu həddindən artıq istəyirik. Güman edirəm ki, sizin arzularınızın və bizim istəklərimizin hamısı çin olacaqdır. Beləliklə, biz Avropa Şurasına üzv olmaq istiqamətində addım-addım irəliləyirik. Siz isə artıq qapılarınızı açmalısınız və oraya tamamilə girmək üçün bizə icazə verməlisiniz.

Daniel Tarşis: Cənab prezident, bir qədər əvvəl qeyd etdiyim kimi, Avropa Şurasının qapıları Sizin üzünüzə çox geniş açılıbdır və Siz həmin qapıdan demək olar ki, əsas etibarilə içəri adlamısınız. Mən belə hesab edirəm ki, Azərbaycan Avropa Şurasına tezliklə tam üzv kimi qəbul olunacaqdır. Lakin Sizin bildiyiniz kimi, biz gərək parlament üzvlərini inandıra bilək. Avropa Şurasının parlament üzvləri sual verə bilərlər ki, Azərbaycanın millət vəkilləri nə iş görürlər.

Cənab prezident, Siz doğru dediniz ki, hər bir hökumətin çoxlu vəzifələri vardır və bu vəzifələri eyni zamanda yerinə yetirmək mümkün deyildir. Özünüz dediyiniz kimi, ölkənizdə sabitliyin əldə olunması və iqtisadi inkişafın başlanması ilə Siz demokratiya üçün yaxşı təməl qoymusunuz. Bu təməl əsasında həm demokratiyanı inkişaf etdirmək, həm də prezident seçkilərini demokratik şəraitdə keçirmək, parlament demokratiyasına nail olmaq mümkündür. Çox güclü, fəal demokratiya üçün ilkin şərtlər artıq həyata keçirilmişdir. Söhbətimizin əvvəlinə qayıdaraq, bu münasibətlə mən şəxsən Sizi təbrik etmək istəyirəm. Çox sağ olun ki, ölkənizdə Sizin təşəbbüsləriniz əsasında lazımi qanunlar həyata keçirilibdir. Xüsusilə ölüm hökmü ləğv edilmişdir.

Azərbaycanın millət vəkillərinin işi çox vacibdir, onlar Strasburqdakı parlament üzvləri ilə çox sıx əlaqədə işləməli və onları tam inandırmalıdırlar ki, Azərbaycanda gedən hadisələrə düzgün qiymət verə bilsinlər və ümumiyyətlə respublikanızda əldə olunan tərəqqini yüksək qiymətləndirə bilsinlər. Mən hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyasının çoxsaylı nümayəndələrinin Bakıya gəlişi və burada keçirilən görüşlər bütün bunlara bir növ yardımçı olmuşdur. Ümid edirəm ki, payızda Parlament Assambleyasında bu mövzu daha ətraflı müzakirə olunacaq və prezident seçkilərindən sonra bu mövzunun geniş müzakirəsi üçün daha yaxşı imkanlar açılacaqdır. Mən çox məmnun oldum ki, Azərbaycanda prezidentliyə namizədlər üçün eyni şərait yaradılmışdır.

İoanis Kranidiotis: Cənab prezident, mən bildirmək istəyirəm ki, Yunanıstanda da qəzetlərin sayı kifayət qədərdir. Yəqin ki, biz bu sahədə Azərbaycanla rəqabət apara bilərik. Cənab prezident, mən Azərbaycanda qazanılan tərəqqi münasibətilə Sizi təbrik edirəm. Biz çox məmnunuq ki, Azərbaycanda həqiqətən belə tərəqqi vardır, iqtisadi islahatlar sahəsində böyük yol keçilmişdir. Bu da demokratiyanın inkişafı üçün vacib sahələrdən biridir. Prezident seçkilərinin keçirilməsi və yerli hakimiyyətin əldə olunmuş uğurlarda iştirakı çox lazımlı şərtlərdir. Demokratiyanın digər vacib şərtlərindən biri də mətbuat azadlığının olmasıdır. Ümumiyyətlə, demokratiyanın mövcud olması üçün təkcə demokratik təsisatların yaranması yox, onların necə fəaliyyət göstərməsi də çox vacibdir.

Hörmətli prezident, bugünkü görüşə görə Sizə minnətdarlığımı bildirirəm. Elə bilirəm ki, bu görüşdən sonra Avropa şurası Parlament Assambleyasının üzvlərini inandıra biləcəyik ki, Azərbaycanda həqiqətən böyük tərəqqi əldə olunmuşdur. İstəyirəm Sizi həvəsləndirəm ki, tutduğunuz yolu davam etdirəsiniz.

Daniel Tarşis: Cənab prezident, biz deyəsən onu unutduq ki, bizim ölkələrimiz demokratiya üçün 250 ildir ki, çalışırlar.

Heydər Əliyev: Bu, çox gözəl sözdür. 250 ildir çalışırlar, amma hələ də qüsurları vardır. Biz kitablardan demokratiya haqqında ilk bilgiləri yunan alimlərinin və siyasətçilərinin dediyi sözlərdən və yazılardan almışıq. Mən bir məsələni də qeyd etmək istəyirəm ki, bizim əldə etdiyimiz nailiyyətlərdə Avropa Şurasının Azərbaycana göstərdiyi yardımın və bu Şura ilə əməkdaşlığımızın xüsusi əhəmiyyəti olmuşdur. Bu əlaqələrimiz yaranandan və xüsusilə Azərbaycan Avropa Şurasında qonaq statusu, namizədlik statusu alandan sonra respublikamızın nümayəndələrinin Avropa Şurasında keçirdiyi görüşlər və bu Şuranın çoxsaylı nümayəndələrinin Azərbaycana gəlməsi bizi çox zənginləşdirdi, bunlar hamısı gördüyümüz işlərə çox böyük kömək etdi. Mən bu səmərəli əməkdaşlığa, Azərbaycanda demokratiyanın və ümumiyyətlə, respublikamızda Avropa dəyərlərinin inkişafı sahəsində göstərdiyiniz diqqət, qayğı və yardıma görə təşəkkür edirəm.