Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanın Tehrandakı səfirliyində görüşü - 19 may 2002-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mayın 19-da ölkəmizin Tehrandakı səfirliyində olmuşdur.

Dövlətimizin başçısını səfirliyin binası qarşısında hərarətlə, gül-çiçəklə qarşıladılar. Prezident Heydər Əliyev səfirliyin əməkdaşları və onların uşaqları ilə mehribanlıqla görüşdü.

Respublikamızın İrandakı səfiri Abbasəli Həsənov buradakı Azərbaycan diplomatlarının fəaliyyəti, son illərdə görülən işlər barədə məlumat verərək dedi ki, cənab Prezident, bütün sahələrdə qonşu ölkə ilə münasibətlərimizi inkişaf etdirmək barədə Sizin tapşırıqlarınızı yerinə yetirməyə çalışırıq. Bunlar səfirliyimizin əməkdaşlarının uşaqlarıdır. Buradakı məktəbdə oxuyurlar.

Heydər Əliyev: Necəsiniz, uşaqlar, məktəbə gedirsiniz? Azərbaycan dilini yaxşı bilirsiniz?

Uşaqlar: Hörmətli Prezidentimiz, yaxşıyıq, çox sağ olun. Məktəbə də gedirik, Azərbaycan dilini də bilirik.

Heydər Əliyev: Daha hansı dili öyrənirsiniz?

Uşaqlar: İngilis, rus, fars, türk dillərini öyrənirik.

Heydər Əliyev: Həm Azərbaycan dilini, həm də türk dilini, başqa dilləri. Görün neçə dil öyrənirsiniz. Adın nədir?

Uşaq: Nəsrəddin.

Heydər Əliyev: Yaxşı addır. Nəsirəddin Tusi bizim böyük alimimiz olubdur. Onu tanıyırsan, onun haqqında oxumusan?

Nəsrəddin: Bəli, tanıyıram, amma oxumamışam.

Heydər Əliyev: Burada Marağa şəhəri var, o orada yaşayıbdır. Sonra onun haqqında oxuyarsan.

Uşaqlar vətənə, Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər:

Çox keçmişəm bu dağlardan,

Durna gözlü bulaqlardan,

Eşitmişəm uzaqlardan

Sakit axan Arazları,

Sınamışam dostu, yarı...

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana.

Hansı səmtə, hansı yana

Hey uçsam da yuvam sənsən,

Elim, günüm, obam sənsən!

Fəqət səndən gen düşəndə,

Ayrılıq məndən düşəndə,

Saçlarıma dən düşəndə

Boğar aylar, illər məni,

Qınamasın ellər məni.

* * *

Heydər baba, sən bizi

azadlığa çatdırdın,

Qəhrəman elimizi

dünyaya tanıtdın.

Ömrün zəfərlə dolu, yolun azadlıq yolu,

Ey xalqımın mərd oğlu,

əziz Heydər babamız.

Hər günümüz xoş keçir

səninlə, Heydər baba,

Yurdumuz çiçək açır

səninlə, Heydər baba.

Sənin kimi ağıllı,

sənin kimi qayğıkeş,

Dağ vüqarlı, mehriban

baba görməmişik biz!

* * *

Heydər baba, Azərbaycan oğlusan,

Ürəyinlə öz xalqına bağlısan,

Dərin zəkan ilə ümman salmısan.

İstərəm həmişə firavan olsun,

Heydər baba, daim üzün ağ olsun,

Şan-şöhrətli igidlərin sağ olsun,

Əyilməyən vüqarın bir dağ olsun.

Heydər baba, xoş günümüz gələcək,

Övladların şadlanacaq, güləcək.

* * *

Sən xalqınla nəfəs aldın,

Neçə kənd və şəhər saldın,

Qartal kimi sən ucaldın,

Heydər baba, yüz il yaşa.

Çətin gündə dayaq oldun,

Gecə-gündüz oyaq oldun,

Bu ellərə mayak oldun,

Heydər baba, yüz il yaşa.

* * *

Uca tut başını, ey ulu Vətən,

Heydər babam tək rəhbərimiz var.

Vətənin işıqlı sabahı üçün,

Yorulmaz, fədakar rəhbərimiz var.

Gecə də, gündüz də düşünərək o,

Aparır xalqını xoş səadətə.

Zəfərlər çalaraq mənfur düşmənə,

Parlaq səhifələr yazır babamız.

* * *

Heydər babamın sözü, kəlamı,

Şah İsmayıl qılıncı tək itidir, iti.

Döyüşdü, vuruşdu idrakla, sözlə,

Zəfər çaldı babam yağı düşmənə.

Dayanıb atəş, kəsilib nalə,

Tökülmür göz yaşı, ucalmır fəryad.

Açılıb çöhrələr, gülür sifətlər,

Son qoyur savaşa babam, nəhayət.

Böyük qüdrətinə baş əyib dağlar,

Sənin unudulmaz xidmətlərin var.

Allah göndəribdir bizə xilaskar,

Sevək əməyini, ey Heydər baba.

* * *

Sən ki varsan, inanırıq sabaha,

Biz səninlə öyünürük bir daha,

Ümidimiz bir sənə, bir Allaha,

Tanrım sənin uca tutsun başını.

Arxayınıq, sən həmişə oyaqsan,

Xalqın sənə, sən xalqına dayaqsan,

Sən işıqsan, sən sönməyən mayaksan,

Yüz illərlə Allah versin yaşını.

Heydər baba, biz vurğunuq bu ada,

Sən ucasan, əvəzin yox dünyada.

Heydər babam, bizimkidir gələcək,

Heydər babam mütləq qalib gələcək.

 

Heydər Əliyev: Çox yaxşıdır. Əgər uşaq bu yaşından şeiri sevirsə, seir deyirsə, bu yaxşıdır. Vətən, ölkə, millət haqqında şeir uşaqları həmişə vətənpərvərlik ruhunda tərbiyə edir, onların qəlbində vətənə sevgini artırır. Həm də şeir dilimizə bağlılığı artırır. Çünki Azərbaycan dilini hamı yaxşı bilməlidir. Mən bunu dəfələrlə demişəm. Amma Azərbaycan dilini yaxşı bilmək üçün uşaq yaşlarından şeir oxumaq lazımdır. Şeir Azərbaycan dilinin mənimsənilməsi üçün ən böyük vasitədir.

Bilirəm, indi bunlar hamısı məktəblərdə rus dilində oxuyurlar. Dediniz ki, burada Rusiya səfirliyində rus məktəbi var. Amma yaxşıdır ki, uşaqlar Azərbaycan dilini belə yaxşı bilirlər. Yaxşıdır ki, şeir oxuyurlar. Əgər bu şeirləri bilirlərsə, yəqin başqa şeirlər də bilirlər. Mən başa düşdüm, əgər başqa şeirlər bilməsəydilər, oxumasaydılar, bu şeirləri belə həvəslə söyləyə bilməzdilər. Çox məmnunam ki, səfirliyin əməkdaşlarının uşaqları Azərbaycan şairlərinin şeirlərini bilirlər, oxuyurlar.

Dilimizi, Azərbaycan dilini nəinki bilmək, dilimizi inkişaf etdirmək lazımdır. Mən bunu hamıya demişəm. Xüsusən xarici ölkələrdə yaşayan, işləyən vətəndaşlarımıza deyirəm.

Çünki təbiidir, onlar yaşadıqları ölkənin dillərini bilməlidirlər, o dildə danışırlar, öz fəaliyyətlərini o dildə göstərirlər.

Amma öz Azərbaycan dilimizi unutmaq olmaz və Azərbaycan dilini daha yaxşı bilmək lazımdır. Mən bunu ona görə deyirəm ki, Azərbaycanda hələ bəzi adamlar Azərbaycan dilini yaxşı bilmirlər, yaxud da övladlarını başqa dilli məktəblərdə oxudaraq, onların Azərbaycan dilini öyrənməsinə o qədər də qayğı göstərmirlər.

Yaxşı, başqa nə sözünüz var?

Abbasəli Həsənov: Hörmətli cənab Prezident, bildirmək istəyirəm ki, biz uşaqlar üçün 1-ci sinifdən 11-ci sinfə qədər Azərbaycan dərsliklərini gətirmişik, kitabxanamızda var. Onlar rus məktəblərində oxuyurlar, amma valideynlər evdə uşaqlara Azərbaycan dilində olan dərslikləri öyrədirlər. Yəni uşaqların Azərbaycan dilini öyrənməsi üçün lazımi işlər görürük.

Heydər Əliyev: Əməkdaşlarınız çoxdur, gərək sizin işinizin nəticəsi də çox olsun.

Abbasəli Həsənov: Cənab Prezident, çalışırıq. Bizə tapşırıqlarınızdan biri bu idi ki, dövlətimizin, xalqımızın adına layiq səfirlik yaradaq. Bu, təkcə səfirliyin zahiri görünüşü yox, daxili fəaliyyətinə də aiddir. Diplomatların peşəkarlığının, səriştəliyinin artırılması istiqamətində də iş aparırıq.

Cənab Prezident, Sizin İrana indiki səfəriniz Azərbaycan–İran münasibətlərində tarixi bir dönüş yaradır və bundan sonra səfirliyimizin görəcəyi işlər daha çox olacaqdır. Sizi bütün kollektivimiz, mütəxəssislərimiz adından əmin edirəm ki, qarşıda duran işləri həyata keçirmək üçün var gücümüzlə çalışacağıq.

Heydər Əliyev: Mənim səfərim İran–Azərbaycan əlaqələrində əlamətdar bir hadisədir. Çünki bizim əlaqələrimizin gələcəyi üçün bu səfər zamanı çox iş görülür və görüləcəkdir.

Bunların hamısı İran–Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi ilə əlaqədardır, İran–Azərbaycan əlaqələrini gərginləşdirən, əlaqələrimizin inkişafına mane olan bəzi halları aradan qaldırmağa həsr olunubdur. Belə hallar var.

Biz bunları inkar etmirik. Biz də inkar etmirik, İran tərəfi də inkar etmir. İran tərəfi də, biz də etiraf edirik ki, belə hallar var və hər iki tərəfə aiddir. Bir tərəfə aid deyildir. Ona görə çox iş görülməlidir və bunun üçün çox imkanlar yaranır.

Çünki mənə belə gəlir ki, bu səfərim İranda böyük həvəslə qarşılanıbdır. Mənə dəfələrlə deyirlər ki, Sizi çox gözlədik.

Demək, Azərbaycan prezidentinin İrana gəlməsini həqiqətən istəyirdilər və istəmişlər. Çox yaxşı, səmərəli danışıqlarımız keçdi. Münasibətlərimiz daha da mehribanlaşır.

Prezident Xatəmi ilə mənim təkbətək görüşüm, nümayəndə heyəti ilə görüşüm – ümumiyyətlə, dünən biz bir neçə saat bir yerdə, bir-birimizlə ünsiyyətdə olmuşuq – mənə belə deməyə əsas verir ki, mənim kimi, Prezident Xatəmi də əməkdaşlığı səmimi olaraq inkişaf etdirmək, genişləndirmək istəyir, bəzi halların aradan qaldırılmasını istəyir. Düşünürəm ki, Azərbaycan–İran əlaqələrində Azərbaycan prezidenti və İran prezidenti bir-birinə çox uyğun tərəfdaşlardır. Bunun da bizim dövlətlərarası əlaqələrimizi inkişaf etdirmək üçün çox böyük əhəmiyyəti vardır. Ona görə bu imkanlardan istifadə etmək lazımdır.

Biz, dövlət başçıları siyasəti müəyyənləşdiririk, onun həyata keçirilməsinin yollarını müəyyənləşdiririk, böyük tədbirləri müəyyənləşdiririk. Amma onları bizim icra orqanları həyata keçirməlidir. Mən və buraya gələn nümayəndə heyətinin üzvləri, Azərbaycanın nazirləri, başqa idarələrin başçıları hərəsi öz sahəsində bunu etməlidir. Siz isə, səfirliyin əməkdaşları gərək hər bir məsələnin həyata keçirilməsində fəal iştirak edəsiniz. Biz sabah 10 müqavilə imzalayacağıq – bunları həyata keçirmək lazımdır. Biz müqavilələri imzaladıq, sonra parlament onları təsdiqlədi, amma əməli iş görülmədi – onda bunların əhəmiyyəti itir. Bunların hər birini həyata keçirmək üçün konkret işlər görmək lazımdır.

Mən Bakıya dönəndən sonra bu barədə tədbirlər planı hazırlamaq üçün göstəriş verəcəyəm. Orada hamısı yazılacaqdır.

Ancaq siz bilirsiniz, hər müqavilədən irəli gələn vəzifələr nədən ibarətdir. Müqavilənin icraçıları bunu bilirlər, edirlər. Siz onlara yardımçı olmalısınız. Siz o məsələlərin irəliyə getməsinə kömək etməlisiniz. Sizin vəzifəniz, borcunuz bundan ibarətdir.

Mən istəyirəm inanam ki, Azərbaycanın İrandakı səfirliyi –belə böyük tərkibdə olan, eyni zamanda diplomatik potensialına görə də lazımi səviyyədə olan səfirliyimiz bundan sonra da İran–Azərbaycan əlaqələrinin inkişafında fəal iştirak edəcəkdir. Mən sizə işlərinizdə uğurlar, hər birinizə cansağlığı arzulayıram.

Sizin uşaqlarınızı gördüm, çox şad oldum. Arzu edirəm ki, onlar yaxşı böyüsünlər, yaxşı oxusunlar, sizə yaxşı övlad olsunlar və Azərbaycanın dəyərli vətəndaşları olsunlar.

Abbasəli Həsənov: Cənab Prezident, çox sağ olun. Kollektivimiz adından Sizi bir daha əmin edirəm ki, qarşımızda qoyduğunuz bütün bu məsələləri layiqincə yerinə yetirəcəyik.

* * *

Sonra dövlətimizin başçısı Heydər Əliyev səfirliyin binasını gəzərək iş şəraiti ilə yaxından tanış oldu.

Heydər Əliyev: Siz divara çox yaxşı şəkillər vurmusunuz.

Bu, yaxşı haldır. Bu da sizin yaxşı zövqünüz olduğunu göstərir. Mən də sizə bir hədiyyə gətirmişəm. Bakının bir hissəsinin görüntüsüdür. Bu sizə həm Bakını daim yadda saxlamağa kömək edəcək, həm də səfirliyə gəlib-gedən adamlar görəcəklər ki, Bakının görüntüsü necədir. Bakı çox gözəl şəhərdir.

Bakını görənlər ona valeh olurlar. Mən şəxsən Bakını çox sevirəm. O cümlədən bütün şəhidlər üçün ucaldılmış və memarlıq sənəti nümunəsi olan abidəni. Bütün şəhər oraya baxır. Ona görə də bunu sizə hədiyyə edirəm.

Abbasəli Həsənov: Möhtərəm cənab Prezident, çox sağ olun. Bu, səfirliyimizin ən əziz, ən dəyərli hədiyyəsi kimi, xüsusi guşədə saxlanılacaq və həmişə doğma vətənimizi, əziz Bakımızı və Sizin qarşımızda qoyduğunuz məsələləri bizə xatırladacaqdır. Çox sağ olun.

* * *

Sonra Azərbaycanın incəsənət ustalarının – respublikamızın əməkdar artistləri Simarə İmanovanın, Mənsum İbrahimovun, tarzən Zamiq Əliyevin, kamança çalan Ədalət Vəzirovun iştirakı ilə konsert oldu.

Prezident Heydər Əliyev konsertdən sonra səfirliyin əməkdaşları, uşaqlar və incəsənət ustaları ilə xatirə şəkli çəkdirdi.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya

Əlavə sənədlər

XARİCİ SİYASƏT