Аzərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеvin Amеrikа Birləşmiş Ştаtlаrının ölkəmizdəki səfiri Rоss Uilsоn ilə görüşü - Prеzidеnt sаrаyı, 22 аprеl 2003-cü il


Hеydər Əliyеv: Хоş gördük sizi. Sоruşursunuz nеcəyəm? Səhhətimin yaxşı olduğunu və özümü əla hiss etdiyimi bildirirəm. Yаdımdаdır, keçən dəfə biz sizinlə İraqdakı vəziyyət və lazımi tədbirlər haqqında danışdıq. Amma vaxt keçir, istəyirəm biləm ki, İraqda vəziyyət necədir, bu barədə nə deyə bilərsiniz. Sonra isə müzakirə edək ki, nə işlər görəcəyik.

Ross Uilson: Səhhətinizin yaxşı olmasınа sevinirəm. İraq məsələsi ilə bağlı söhbətə şərait yaratdığınzа görə Sizə minnətdarlıq edərək bildirim ki, İraq məsələsi Amerika Birləşmiş Ştatları üçün olduqca mühümdür. Bu, ABŞ–Azərbaycan münasibətlərində də çox diqqət cəlb edən mövzudur.

Son bir həftə ərzində İraqdakı vəziyyətin ABŞ-ı tam təmin etdiyini, eyni zamanda bəzi problemlər olduğunu, hərbi hakimiyyətin hələ də qaldığını vurğulayan və bunun tezliklə həllinə ümidvar olduğunu bildirən diplomat söylədi ki, İraqın müharibədən sonrakı bərpası üçün lazımi işlər görüləcəkdir. Yəqin ki, İraqda müvəqqəti hökumət öz işinə başlayacaqdır.

Ölkədə qanun-qayda yavaş-yavaş bərpa olunmaq üzrədir Baxmayaraq ki, bəzi problemlər hələ də qalır, biz əldə olunan tərəqqidən məmnunuq.

İraq türkmanlarının Türkiyədə yerləşən qeyri-hökumət təşkilatına Şimali İraq ərazisinə girməyə icazə verildiyini bildirərək deyim ki, onlar orada əhaliyə humanitar yardım edirlər.

Bu, yalnız Şimali İraq üçün mühüm olan məsələ deyil, həm də Azərbaycan vətəndaşlarını dərindən düşündürən bir məsələdir. Çünki son zamanlar bu barədə mənə çoxlu suallar verilirdi.

Bağdadda elektrik enerjisi təchizatının, gündəlik ehtiyac duyulan bütün xidmətlərin bərpa olunduğunu, xüsusi təyinatlı polis bölmələrinin şəhərdə qayda-qanuna nəzarət etdiyini də söyləmək istəyirəm. Cənab Prezident, Sizinlə son görüşdə bu məsələyə toxunmuşdum, koalisiya ölkələrindən olan qüvvələr İraqda təhlükəsizliyi təmin etmək üçün oraya göndəriləcəkdir.

Onlar həm vətəndaşların, həm də müxtəlif obyektlərin, muzeylərin, qədim tarixi dəyəri olan yerlərin təhlükəsizliyini, ümumiyyətlə, İraq ərazisində ehtiyac duyulan bütün yerlərin mühafizəsini təmin edəcəklər.

Cənab Prezident, Sizin ölkədən olan sülhməramlı qüvvələrin İraqda iştirakının mümkünlüyünü mənə bildirmisiniz. Müdafiə naziri Səfər Əbiyev də bu haqda danışıbdır. Elə bilirəm ki, bu, Azərbaycanın İraqla bağlı məsələdə koalisiyaya göstərəcəyi çox böyük yardımdır. Qərbi, Mərkəzi Avropa ölkələrinin bir çoxu da bu işə razılıq veribdir. Biz keçmiş sovet respublikaları ilə bu barədə danışıqlar aparırıq. Artıq bir neçə müqavilə imzalanıbdır, bunlar İraqın bərpa olunması üçün nəzərdə tutulubdur. Bir neçə müqavilə də müsabiqəyə çıxarılıb, ümid edirik ki, o, açıq və şəffaf keçiriləcək və koalisiya üzvlərindən olan bütün şirkətlər İraqın bərpasında iştirak edə biləcəklər.

İraqın gələcəyi əvvəlkindən daha yaxşı görünür вə bu, birgə səylər, eyni zamanda, Azərbaycanın böyük səyi nəticəsində baş tutacaгdır.

Hеydər Əliyеv: Ətrаflı məlumаtа görə təşəkkür еdirəm. Sizinlə son dəfə görüşəndə mən İraqın bərpasında, müəyyən işlər görülməsində Azərbaycanın imkanları haqqında məlumat verdim və öz təkliflərimizi bildirdik. Hərbi sahədə biz əvvəl nəzərdə tuturduq ki, İraqa bir taqım göndərək. Amma sonra fikirləşdim ki, bu azdır və son dəfə sizinlə görüşəndə mən bildirdim ki, İraqa 150 nəfər hərbçi göndərəcəyik. Müdafiə Nazirliyində bu barədə lazımi hazırlıq aparılır. Hərbi hissələrdən təxminən 180–190 nəfər ayırıbdır. Onların içərisindən ən yaxşılarını, yəni bu işə qabil olanları seçib hazırlayıblar. Müdafiə naziri Səfər Əbiyev mənə dedi ki, o bu barədə sizə məlumat veribdir. Sizin nümayəndəniz də Əbiyevə deyibdir ki, əgər bizim hərbi hissə mayın 12-də İraqa gəlsə, yaxşı olar. Biz buna hazırıq, ancaq Əbiyev bir neçə texniki məsələləri sizin adamlarla həll etməlidir. Ona görə də xahiş edirəm, öz tərəfinizdən buna göstəriş verəsiniz.

Mən də belə fikirdəyəm ki, bir saziş imzalansa, orada bütün şərtlər öz əksini tapsa, bu çox yaxşı olar. Başqa sahələrə, yəni qeyri-hərbi sahələrə aid sizə bir çox təkliflər təqdim etdik.

Hansılar sizi cəlb edirsə, onları da araşdırmaq lazımdır. Əgər bu barədə yaxın vaxtlarda öz fikirlərinizi bizə desəniz, bu çox yaxşı olar.

Ross Uilson: Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrinin əsas qərargahı Florida ştatında yerləşir və son qərar dа orada veriləcəkdir. Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndəsi artıq oradadır, bütün məsələləri müzakirə edirlər. Əsas məqsəd Azərbaycan sülhməramlılarını mayın 11-12-də İraqa çatdırmaqdır.

ABŞ öz mülki şəxslərini İraqa hələ təzəcə göndərməyə başlamışdır. Ona görə də biz qeyri-hərbi məsələlərlə bağlı Azərbaycan tərəfinin təkliflərini ABŞ-a hərbi kanallar vasitəsilə çatdırmağa məcburuq. Bu mənada buna tam nəzarət edə bilmirik. Amma çalışacağıq ki, Sizə mümkün qədər tez cavab verək. Bir razılaşma var, istəyirik ki, onu mümkün qədər tez imzalayaq və bunu tamamlayaq. Elə bilirəm ki, nazir Əbiyev Vaşinqtonda olanda bu məsələni tamamlayacağıq.