Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin «Vaşinqton Post» qəzetinin redaksiya heyətinin üzvləri ilə görüşdə söhbəti - Vaşinqton, 15 fevral 2000-ci il


Fred Hayat: Cənab prezident, Sizi səmimi-qəlbdən salamlayır və bizimlə görüşdən məmnun olduğumuzu bildirirəm.

Heydər Əliyev: Səmimi sözlərə və ötən ilin aprel ayında NATO-nun 50 illik yubileyində iştirak edərkən "Vaşinqton post"un birinci səhifəsində mənim fotoşəklim ilə birlikdə dərc etdiyiniz məqaləyə görə qəzetin kollektivinə təşəkkürümü bildirirəm.

Terrorizmin, separatizmin xalqlara, ölkələrə böyük zərər gətirdiyini nəzərə çarpdıraraq bildirmək istəyirəm ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulmuş, respublikamızın ərazisinin 20 faizi hələ də işğal altındadır. Bu hərbi münaqişə zamanı Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırım siyasəti aparılıbdır. Yəni Dağlıq Qarabağda yaşayan azərbaycanlılar 1989-1990-cı illərdə öz doğma yerlərindən zorla qovulub, onların evləri yandırılıbdır. Sonra bu müharibə genişlənib və Dağlıq Qarabağın sərhədindən çıxıb, Ermənistan silahlı qüvvələri ətraf əraziləri də işğal ediblər. Bu münaqişənin əsl mahiyyətini ətraflı şərh edərək bildirirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi keçmiş Sovetlər İttifaqı məkanında baş vermiş ilk münaqişədir. O vaxt Sovet İttifaqı hələ mövcud idi və bu münaqişənin qarşısını ala bilərdi. Ancaq bu separatizmin, Azərbaycanın ərazi bütövlüyünün pozulmasının qarşısını almaq üçün bizə heç kim kömək etmədi. 1992-ci ildə Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı Xocalı şəhəri sovet ordusunun 366-cı alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən tamamilə dağıdıldı, əhali qırıldı. Amma heç bir ölkə bəyanat vermədi ki, azərbaycanlılara qarşı nə üçün bu qədər vəhşilik edilir?

Azərbaycan neftini dünya bazarına çıxaran Bakı–Novorossiysk və Bakı–Supsa neft boru kəmərlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri barədə suala cavabında onu deyə bilərəm ki, biz Bakı – Novorossiysk xəttini tikərkən bu marşrutun çətinliklərini Rusiyaya bildirdik. 1997-ci ilin noyabrından həmin kəmər vasitəsilə nefti ixrac etməyə başladıq. Lakin Çeçenistanda vəziyyət gərginləşdikdən sonra bu boru xəttindən istifadə olunmur. Rusiya həmin kəməri Dağıstan ərazisindən keçməklə bərpa etmək istəyir. Əgər bu kəmər bərpa olunsa, biz oradan neftin ixracını da bərpa edəcəyik. Bakı- Supsanın məhz alternativ kəmər olduğunu nəzərə çarpdıraraq bildirmək istəyirəm ki, indi hasil edilən neftin bu kəmər vasitəsilə ixrac olunması mümkündür. Amma gələcək üçün biz Bakı-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi barədə saziş imzalamışıq. Ermənistan–Azərbaycan münaqişəsində Rusiyanın rolu barədə suala cavabında onu bildirirəm ki, dünyada bəzi məsələlərə ikili standartlar tətbiq olunmasından narahatlıq doğulur. Əgər Rusiyanın yardımı olmasaydı, Ermənistan Azərbaycanın bu qədər torpağını işğal edə bilməzdi. 1997-ci ildə Moskvanın rəsmi orqanları aşkar etdilər ki, ondan əvvəlki üç il müddətində Rusiyanın Müdafiə Nazirliyi Ermənistana gizli olaraq pulsuz bir milyard dollar dəyərində silah-sursat və hərbi texnika veribdir. Biz məsələni qaldırdıq, bütün dünyaya səs saldıq. Mən prezident Yeltsinə müraciət etdim. O, bəyan etdi ki, bu məsələnin istintaqla araşdırılması barədə göstəriş verəcəkdir. Rusiyanın Ermənistana silah verməsi barədə Amerikada senator Berd prezident Bill Klintona məktub yazdı. O vaxtdan üç il keçib, amma bu barədə heç bir tədbir görülmədi. Rusiyanın Ermənistana bu gün də hərbi yardım etdiyini və orada onun hərbi bazası olduğunu vurğulayıram. Son altı ayda Rusiya Ermənistanda yeni tipli güclü silahlar yerləşdirmişdir. Ermənistanın ərazisi böyük deyildir, amma orada Rusiyanın böyük həcmdə ordusu vardır. Biz buna etiraz edirik, amma Rusiya cavab verir ki, Ermənistan hərbi müttəfiqimizdir. Rusiyanın, Azərbaycanın və Ermənistanın MDB üzvü olduğunu, ABŞ və Fransa ilə birlikdə Rusiyanın ATƏT-in Minsk qrupuna həmsədrlik etdiyini xatırladıram. Ermənistan–Azərbaycan münaqişəsində Rusiya nəinki neytral mövqe tutmur, əksinə, Ermənistanda silahlarının sayını hər il artırır. Dünya ölkələri isə Rusiyanın bu hərəkətinə o qədər də diqqət yetirmir.

Amerika Konqresinin 1992-ci ildə qəbul etdiyi 907-ci düzəliş barədə suala cavabında onu deyə bilərəm ki, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandıqdan sonra biz ABŞ ilə iqtisadi sahədə geniş əlaqələr qurmuşuq. Hazırda Amerikanın 100-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu şirkətlər ölkəmizin təkcə neft sektoruna təxminən 1,7 milyard dollar sərmayə qoyublar. Amerika şirkətlərini Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsinə geniş cəlb etməyimizdən bir sıra ölkələr narazıdırlar. Amma Konqres müstəqillik qazanmış digər ölkələrə, o cümlədən Ermənistana Amerikanın göstərdiyi yardımdan bizi məhrum edibdir.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində ABŞ-ın rolu və Sizin ilə Robert Koçaryan arasında birbaşa danışıqların gedişi barədə suala cavabında demək istəyirəm ki, mən sabah prezident Bill Klintonla görüşəcəyəm, Amerikaya bu işgüzar səfərim zamanı apardığım bütün danışıqlarda bu məsələ əsas mövzulardan biridir. Hesab edirəm ki, Ermənistan –Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında Amerika hökumətinin imkanları çoxdur. Arzu edirik ki, onlar bu imkanlarından səmərəli istifadə etsinlər.

Fred Hayat: Cənab prezident, biz "Vaşinqton post" qəzetinin redaksiya heyətinin üzvləri Sizi dinləməkdən, bir sıra beynəlxalq, regional məsələlər barədə Sizin fikirlərinizi öyrənməkdən çox məmnun qaldığımızı bildiririk.

Heydər Əliyev: Mən sizinlə görüşümdən çox məmnunam. Azərbaycana gəlin, ölkəmizi öz gözünüzlə görün. Son 4-5 ildə Azərbaycan çox dəyişilibdir. Baxmayaraq ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarından bir milyondan çox vətəndaşımız sürgün olunubdur və onların əksəriyyəti çadırlarda yaşayır, işsizdirlər, ancaq biz demokratik dövlət quruculuğu prosesini, iqtisadi islahatları ardıcıl surətdə həyata keçiririk.

Azərbaycan Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Birliyi və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. İqtisadi islahatların həyata keçirilməsində onlar bizə yardım göstərirlər. Bütün bunların nəticəsində 1996-cı ildən Azərbaycan iqtisadiyyatında tənəzzülə son qoyulub, sabitlik əldə olunub və ölkəmiz hər il sürətlə inkişaf edir.

Respublikamızın bir sıra çətinliklərinə baxmayaraq, 1999-cu ilin iqtisadi yekunlarının göstəricilərinə görə Azərbaycan MDB-nin üzvü olan digər ölkələr içərisində irəlidə gedənlər sırasındadır. Təbiidir ki, özəlləşdirmə, torpaq islahatı və xarici investisiyanın respublikamıza cəlb olunması bütün bu işlərimizin əsasını təşkil edir. Sağ olun.

Tarixi arayış

MEDİA