Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti Leonid Kuçmanın adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitqi - 24 mart 1997-ci il


Çox hörmətli Leonid Daniloviç!

Hörmətli xanımlar və cənablar!

Sizə Azərbaycan xalqının, Azərbaycan Respublikasının bütün vətəndaşlarının səmimi salamlarını və ən dərin dostluq və hörmət hisslərini yetirirəm.

Ukraynaya rəsmi səfər bizim üçün mühüm hadisədir və mən çox məmnunam ki, bu gün səhərdən böyük və səmərəli iş görə bildik və bu, mühüm dövlətlərarası sənədlərin imzalanması ilə başa çatdı. Bu, Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığı daha da inkişaf etdirmək və genişləndirmək, xalqlarımız arasında dostluğu möhkəmləndirmək üçün böyük imkanlar açır. Bu gün Ukrayna torpağına, Kiyevə gəldiyimiz andan necə mehriban bir şəraitə düşməyimiz isə xalqlarımız arasında sıx dostluq əlaqələrinin, qarşılıqlı anlaşma və əməkdaşlıq olduğunu göstərir. Mən bu qonaqpərvərlik, səmimiyyət üçün, görüşümüzün, səfərimizin və bütün işimizin belə gözəl şəraitdə keçməsi üçün dostum Leonid Daniloviçə ürəkdən təşəkkür etmək istəyirəm. Leonid Daniloviç, dəvətinizə görə Sizə minnətdaram və şadam ki, bu arzumu yerinə yetirə, Sizin dəvətinizdən istifadə edə bildim. Ancaq eyni zamanda bu gün biz hamımız 1995-ci ilin iyulunu, Ukrayna prezidenti hörmətli Leonid Kuçmanın Azərbaycana səfərini, oradakı görüşləri və danışıqları, insanlarımızla söhbətləri və imzalanmış sənədləri böyük səmimiyyətlə xatırlayırıq. O zamandan kifayət qədər vaxt keçmişdir, bəlkə də bunun özü ən yaxşı sübutdur ki, xalqlarımız, ölkələrimiz, dövlətləri arasında yaranmış dostluq və əməkdaşlıq dönməz xarakter daşıyır. Bu dostluq əcdadlarımızın bizə vəsiyyət etdikləri gözəl ənənələrə əsaslanır. Ukrayna və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərin tarixi çox böyükdür və mədəniyyət, elm, incəsənət xadimləri, müxtəlif kollektivlər arasında əməkdaşlıq, dostluq və qarşılıqlı əlaqə nümunələri ilə zəngindir. Bu hazırda başa çatan XX əsrin əvvəllərindən bəri olan dövrə aiddir.

Burada, Ukraynada, Kiyevdə olarkən biz faşizmin darmadağın edilməsinə Ukrayna xalqının verdiyi töhfəni çox böyük minnətdarlıq hissi ilə xatırlayırıq. Mən bu gün naməlum əsgərin məzannı qəhrəmanlıq, igidlik göstərmiş və təkcə Ukraynanı deyil, həm də Qafqazı faşist işğalçılarından müdafiə etmiş insanlara hədsiz minnətdarlıq hissi ilə ziyarət etdim. Bu gün, naməlum əsgərin məzarı önündə dayanarkən xatırladım ki, burada, Ukrayna torpağında ukraynalılarla birlikdə digər xalqların nümayəndələri də, Azərbaycan övladları da cəsarətlə vuruşmuşlar.

Mən xatırladım: Ukrayna ərazisində vuruşmuş, - bunlar isə çoxdur, - azərbaycanlılardan 20 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Kökləri əsrlərin dərinliyinə gedib çıxan, ikinci dünya müharibəsi illərində yaranan və İkinci dünya müharibəsindən sonra möhkəmlənən dostluğumuz elə bir əsasdır ki, o, bugünkü münasibətlərimizi və indinin özündə bəhrələrini verən əməkdaşlığımızı şərtləndirir. Lakin bununla yanaşı indi münasibətlərimiz prinsipcə tamamilə yeni əsasda qurulur. Müstəqil, suveren dövlətlər olan Ukrayna və Azərbaycan bu münasibətləri dəstəkləyirlər. Dövlət müstəqilliyi həm Ukrayna üçün, həm də Azərbaycan üçün tarixi əhəmiyyətə malikdir.

Mən çox razıyam ki, bu başlıca, prinsipial məsələdə Ukrayna və Azərbaycanın, Ukrayna prezidenti Leonid Kuçmanın və Azərbaycan prezidentinin baxışları, mövqeləri tamamilə uyğun gəlir. Bir sistemdən digərinə keçidlə əlaqədar, dövlət müstəqilliyi yolunda ilk addımlar atmağımızla əlaqədar olaraq ölkələrimiz qarşısında çox çətinliklər durur. Lakin buna baxmayaraq mən əminəm ki, biz bu çətinlikləri dəf edəcəyik. Məhz ona görə dəf edəcəyik ki, ölkələrimizin, xalqlarımızın, dövlətlərimizin azad, müstəqil yaşamaq və öz taleyinin sahibi olmaq imkanlarına, qabiliyyətinə inanırıq.

Ukrayna çox böyük Avropa dövlətidir. Ukrayna istər Dünya Birliyinə, istərsə də Avropa birliyinə daha böyük töhfə vermək üçün çox geniş potensial imkanlara malikdir. Azərbaycan Avropa ilə Asiyanın hüdudlarında yerləşir, Avropanın bir hissəsidir, bununla bərabər, coğrafı baxımdan ən ucqar cinahdadır. Ukrayna da, Azərbaycan da son dərəcə böyük coğrafi-siyasi əhəmiyyətə malikdir. Buna görə də xalqlarımızın, ölkələrimizin rifahı naminə dövlətlərimiz arasında əməkdaşlığın olduqca böyük əhəmiyyəti var. Əməkdaşlıq üçün iqtisadi sahədə geniş imkanlar meydana çıxmışdır. Odur ki, indi Ukraynanın və digər Mərkəzi Asiya dövlətlərinin qoşulduqları Transqafqaz magistralının çəkilməsi iqtisadi əlaqələrimizin inkişafı üçün, eyni zamanda Ukrayna ilə Azərbaycan arasında daha sıx qarşılıqlı əlaqələr, daha qısa yol yaradılması üçün də, iqtisadi əməkdaşlıq üçün də, xalqlarımızın daha fəal ünsiyyətdə olması üçün də çox mühüm vasitədir. Bir çox digər imkanlar da mövcuddur. Biz onlardan əməkdaşlığımızın daha bəhrəli, qarşılıqlı surətdə faydalı və uğurlu olması üçün istifadə edə bilərik. Bu gün gördüyümüz iş də, bu gün imzaladığımız sənədlər də bundan ötrü böyük imkanlar verir və geniş yol açır.

Əminəm ki, biz həmin sənədlərdə şərh edilmiş razılaşmaları həyata keçirə biləcəyik. Əminəm ki, biz əməkdaşlığın daha geniş yoluna çıxacağıq. Əminəm ki, Ukrayna və Azərbaycan bu çətinlikləri və ölkələrimizin qarşısında sosial-iqtisadi sahədə duran problemləri aradan qaldıracaqdır. Onlar həll ediləcəkdir, başlıcası budur ki, biz malik olduğumuzu - suverenliyi və dövlət müsteqilliyini qiymətləndiririk.

Azərbaycanda bəzi digər problemlər də var. ATƏT-in üzvləri olan ölkələrimiz - həm Ukrayna, həm də Azərbaycan Avropada sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görürlər. Bununla yanaşı, bildiyiniz kimi, Qafqazda heç də hər şey sakit deyildir. Qafqazda gedən hərbi münaqişələr təkcə Azərbaycanın deyil, bir çox digər ölkələrin də mənafelərinə toxunur. Təbiidir ki, Qafqazda vəəziyyətin qeyri-sabitliyi Avropada sülh, əmin-amanlıq və təhlükəsizlik üçün mənfı amildir. Buna baxmayaraq Ermənistanla hərbi münaqişəyə cəlb olunan biz sülh mövqelərində dururuq. Ermənistan ilə Azərbaycan arasında münaqişənin dincliklə aradan qaldırılması mövqelərində dururuq, halbuki Ermənistanın hələ 1988-ci ildə başlanmış hərbi təcavüzü Azərbaycana olduqca böyük ziyan vurmuşdur. Biz çox adam itirmişik. Biz iqtisadiyyatda çox şey itirmişik. Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələrinin işğalı altındadır. Azərbaycanın bir milyondan artıq sakini, vətəndaşı Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş ərazilərdən didərgin salınmış və çadır şəhərciklərində olduqca ağır şəraitdə yaşayır. Leonid Daniloviç Bakıda olarkən kiçik bir rayona getdi,orada öz doğma ocaqlarından zorla qovulmuş Azərbaycan sakinləri müvəqqəti məskunlaşmışlar. O, bu adamların necə çətin şəraitdə olduqlarını gördü. Dörd-beş ildir ki, insanlar çadırlarda yaşayırlar. Bu, çox ağırdır, hələ onu demirəm ki, onlar özlərinin yaxın adamlarını, doğmalarını itirmişlər, evləri dağıdılmışdır, əcdadlarından qalan və özlərinin yaratdıqları nə vardısa hamısı talan edilmişdir. Lakin bütün bunlara baxmayaraq, biz sülh mövqeyində dayanırıq və bu hərbi münaqişəyə sülh yolu ilə son qoymaq istəyirik. Məhz buna görə də biz hələ 1994-cü ilin mayında Ermənistanla atəşkəs haqqında saziş əldə etmişik. İki il on aydır ki, Ermənistan ilə Azərbaycan arasında döyüşlər getmir, biz atəşkəs şəraitində yaşayırıq. Bununla belə tam sülh də yoxdur.

Mən bayaq dedim, Azərbaycan ərazisinin bir hissəsi işğal altındadır. Lakin bütün bu çətinliklərə, itkilərə, Azərbaycan Respublikasına dəymiş çox böyük zərərə baxmayaraq, bir də təkrar edirəm, biz məsələnin sülh yolu ilə həllinə çalışırıq. Bununla əlaqədar biz ATƏT-in Lissabon Zirvə görüşünün yekunlarına son dərəcə böyük əhəmiyyət veririk. Qrada ATƏT-in üzvü olan ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması prinsiplərini nəzərdə tutan bəyanatı qəbul edilmişdir. Bunlar Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınması, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa yüksək özünüidarə statusu verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə təminat verilməsi prinsipləridir. Biz bu prinsipləri Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün əsas kimi qəbul etmişik. Fürsətdən istifadə edərək, Lissabon Zirvə görüşündə bu prinsipləri dəstəklədiyinə görə və həmin görüş zamanı bir çox məsələlər, o cümlədən də bu məsələ barədə apardığımız söhbətə görə prezident Leonid Daniloviç Kuçmaya təşəkkür etmək istəyirəm.

Mən bu barədə burada sizə, dostlarımıza ona görə danışıram ki, bu, təkcə bizim məsələmiz deyildir. Hər bir dövlətin suverenliyi və ərazi bütövlüyü məsələsi - dünyaya aid məsələdir, bütün dünya birliyinin məsələsidir, Avropada sülh və təhlükəsizliyə aid məsələdir. Bu, beynəlxalq hüquq normalarının başlıca prinsipidir, BMT-nin prinsipidir və ATƏT-in prinsipidir. Ona görə də hər bir ölkənin ərazi bütövlüyünə əməl edilməsinin bizim üçün, o cümlədən Rusiya üçün də, Ukrayna üçün də, o cümlədən bizim qonşularımız olan Gürcüstan və Ermənistan üçün də son dərəcə mühüm əhəmiyyəti var. Ancaq eyni zamanda biz Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycanın sərhədlərinin toxunulmazlığını bərpa etmək istəyirik, bütün qonşu dövlətlərlə sülh şəraitində yaşamaq, regionumuzda, Qafqazda, Avropada, bütün dünyada sülh olmasını istəyirik. Bir də qeyd edirəm, bunların hamısı Azərbaycanın bütün ölkələrlə qarşılıqlı fayda əsasında geniş əməkdaşlıq etməsinin zəruriliyini getdikcə daha çox şərtləndirir. Bu baxımdan biz Ukrayna ilə əlaqələrə, əməkdaşlığa xüsusi əhəmiyyət veririk. Bununla əlaqədar mən son dərəcə şadam ki, bu gün bizim səmərəli görüşlərimiz və söhbətlərimiz oldu, çox mühüm sənədlər imzalaya bildik və burada belə səmimi, dostluq şəraitində sizinlə bir yerdəyik.

Problemlərimizdən danışarkən eyni zamanda onu da bilirik ki, hər bir ölkənin öz problemləri var. Ukraynanın da öz problemləri var. Biz Ukraynanın dövlət suverenliyini və ərazi bütövlüyünü tamamilə dəstəkləyirik və ürəkdən arzulayırıq ki, Ukrayna dövlət müstəqilliyinin bu ölkəyə verdiyi bütün imkanlardan tam istifadə edə bilsin. Biz əminik ki, zəngin sərvətlərə, çox böyük intellektual potensiala malik olan Ukrayna çiçəklənən ölkəyə çevriləcək, bız bunu ürəkdən istəyir, arzu edirik. Şübhəsiz ki, qarşılıqlı fayda götürmək məqsədi daşıyan Azərbaycan-Ukrayna əməkdaşlığı da dost Ukraynanın gələcək inkişafına və tərəqqisinə müəyyən töhfə verəcəkdir.

Mən sizin hamınıza səadət və xoş həyat arzulamaq ıstəyırəm. Ukrayna prezidenti çox hörmətli Leonid Daniloviç Kuçmanın sağlığına, hörmətli dostlar, sizin sağlığınıza, Ukraynanın şərəfinə, Ukrayna-Azərbaycan dostluğunun şərəfinə, əməkdaşlığımızın şərəfinə badə qaldırıram.

Xay jive samostiynaya Ukraina! (Yaşasın Müstəqil Ukrayna!)